AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
İRAN-ABŞ MÜNASİBƏTLƏRİ

 

 
Dr. Nazim Cəfərsoy
 
İran-ABŞ münasibətləri mövzusu hazırda beynəlxalq sistemin ən mühüm və aktual məsələlərindən birinə çevrilib. Məsələnin bu qədər əhəmiyyət qazanması problemin tərəfləri, coğrafiyası və mövzusu ilə birbaşa əlaqəlidir.
 
Əvvəla, problemin tərəfləri beynəlxalq sistem baxımından mühüm aktyorlar sayılmaqdadır. Məsələnin tərəflərindən birinin beynəlxalq sistemin fögəldövləti ABŞ-ın olması problemin önəmini açıqca ortaya qoymaqda və qlobal xarakterini təmin etməkdədir. Elə  problemin digər tərəfi İranın da ənənəvi bölgə gücü statusuna malik olması və ABŞ-la münasibətləri rəsmi Vaşinqtonun qlobal hegemonyasına qarşı çıxmaq ritorikası çərçivəsində davam etdirməsi problemə beynəlxalq sistemin gələcəyi baxımından xüsusi önəm qazandırmaqdadır.
 
İkincisi, Iran-ABŞ münasibətlərindəki böhranın  müxtəlif cəbhələri olsa da, əsasən Yaxın Şərq bölgəsində cərəyan etməkdədir. Yaxın  Şərqin geo-siyasi, geo-iqtisadi və geo-mədəni baxımdan beynəlxalq sistemin əsas aktyorlarının mübarizə bölgələrinin ən mühümlərindən olması məsələnin önəmini gücləndirməkdə və mürəkkəbliyini artırmaqdadır. Bu cəhətdən Iran-ABŞ münasibətlərini hər iki ölkənin Rusiya, Çin, AB, Hindistan və Yaponiya kimi qlobal  oyunçularının, ya da Türkiyə, İsrail, Səudiyyə Ərəbistan və bənzəri bölgə ölkələrinin strateji hesablarından müstəqil düşünmək mümkün deyil.
 
Üçüncüsü, problemin mövzusu bir neçə baxımdan İran-ABŞ münasibətlərinin əhəmiyyətini ortaya qoymaqdadır. Bu problem hər şeydən əvvəl, alternativ iki dünya görüşünün demokratiya, insan hüquqları və dünyəvi dövlət konseptini təməl dəyər kimi mənimsədiyini bəyan edən ABŞ ilə totalitar, qapalı və dini təmələ dayanan İran arasında mübarizədir. Bu mübarizədə ABŞ-ın “azad dünyanı” arxasına alaraq İrandakı rejimi yıxma cəhdlərinə İranın anti-imperyalist ritorika, islam dünyası amili və nüvə silahı əldə etmə cəhdi ilə cavab verməsi məsələnin çərçivəsini genişlətməkdədir.
 
Əslində bu çərçivədə bügün dərin böhran içində olan ABŞ-Iran münasibətləri tarixi də daha çox böhranlarla yadda qalıb. Belə ki, ABŞ-ın beynəlxalq münasibətlər sistemin ən mühüm iki aktyorundan birinə çevrildiyi ikinci dünya müharibəsi ilə bərabər İran mövzusu Amerikan xarici siyasətinin mühüm mövzularından biri olub. İran ikinci dünya müharibəsi sırasında ABŞ üçün antifaşist koalisiyanın görüş yerlərindən biri, müharibədən sonra SSRİ ilə soyuq müharibənin başladığı yer, 1950-ci illərdə ABŞ-a qarşı çıxan Baş nazir Müsəddiqin ABŞ dəstəkli çevrilişlə hakimiyyərdən göndərildiyi ölkə, Şah dövründə isə sadiq müttəfiq kimi xatırlanmaqdadır. 1979-cu ildəki inqilabdan sonra sistematik böhran burulğanına düşən İran-ABŞ münasibətlərinin son 30 illik tarixində ən çox xatırlananlar isə 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinin İranlı tələbələr tərəfindən işğal edilərək 63 Amerikalının 444 gün girov saxlanılması,[1] 1985-86-cı illərdə  tarixə “İrangeyt” adı ilə düşən ABŞ-ın İrana silah satması,[2]1988-ci ildə ABŞ-ın Körfəzdə İrana məxsus bir mülki təyyarəni vuraraq 290 şəxsin ölümünə səbəb olması,[3] 1990-cı illərdə İrana müxtəlif embarqoların tətbiqi,[4] 2000-ci illərdə isə İran nüvə proqramı və son olaraq ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsinin aktuallaşmasıdır. 
 
1979-dan bu yana isə İran bölgədə ABŞ üçün ən büyük təhlükələrdən biri, “şər oxunun bir parçası”, “quldur dövlət” və ya “nüvə silahına malik olmaq istəyən rəqib/düşmən” kimi xarakterizə edilməkdədir. Bu anlayış çərçivəsində keçən dövr ərzində prezident Cimmi Karterdən Barak Obamaya gədər bütün ABŞ rəhbərliyinin İrana dair əsas strateji hədəfi bu ölkəni siyasi sistemini dəyişdirmək istiqamətində siyasət formalaşdırmaq olub.[5]
 
“İslam inqilabı”ndan sonra İran da ideoloji planda ABŞ-ı “böyük şeytan” kimi görməkdə, strateji baxımdan onun dünyada və xüsusiylə də Yaxın Şərqdə hakimiyyət qurma siyasətinə açıqca və həm də radikal şəkildə qarşı çıxmaqdadır. İranın bu qarşı çıxışının əsasında eyni zamanda ABŞ əleyhdarlığı mənasına gələn anti-imperialist ritorika dayanır.[6] İslam inqilabından sonra gündəmə gələn və SSRİ-nin parçalanması ilə daha da güclənən  bu anlayış  “inqilab ixracı” prinsipi ilə birlikdə İran kimliyinin əsas parçasını təşkil etmiş və özünü müdafiə instinktinin əsas mexanizmasına çevrilmişdir.[7] İran büyük təhlükə hesab etdiyi ABŞ-ın öz müttəfiqləri ilə birlikdə Orta Şərq bölgəsində üstünlük qurma axtarışında olduğunu, regionu öz strateji nəzarətinə almağa və təbii ehtiyatlarını ələ keçirməyə çalışdığını düşünməkdədir. İranın dini lideri Ayətullah Əli Xameneyi, İranın missiyasının “bu hegemonik və qarətçi sistemə qarşı vuruşmaq, İslam dünyasını və umumilikdə tiranlar tərəfindən  incidilən insanları xilas etmək şəklində” xarakterizə etməkdədir.[8] İran bu anlayışla bölgədə üstünlük qurmağa və bu çərçivədə statust baxımından revizyonist (dəyişiklik tərəfdarı) davranmağa çalışmaqdadır.[9] Bölgə kontekstində bu missiya özünü Qərbin təzyiqinə müqavimət göstərmək, başda Fələstin olmaq üzrə bölgədəki müqavimət güclərinə dəstək vermək şəklində göstərməktədir.
 
İran ideoloji və strateji planda təhdit kimi qiymətləndirdiyi ABŞ-la münasibətlərdəki problemlərin həlli üçün 1979-dan bu yana müxtəlif yanaşmalardan istifadə etdi. Prezident Bəni Sadr dövründə İranın ABŞ-la münasibətlərinin normalaşma cəhdi İslamcı qanadın  hakimiyyəti ələ keçirməsi ilə paralel olaraq  İran xarici siyasətində anti amerikancı yanaşma əsas xəttə çevrildi. 1989-da prezidenti Rəfsancani ilə başlayıb 1997-də Xatəmi ilə davam edən Qərblə və bu çərçivədə ABŞ-la normallaşma kursunun İran rejiminin təhlükəsizliyi təminat altına almaq baxımından uğursuzluğa düşar olması, Əhmədinejadla 2005-ci ildən radikal xətti yenidən hakimiyyətə gətirdi.
 
İranla ABŞ  arasındakı münasibətləri dört əsas mövzu çərçivəsində qiymətləndirmək mümkündür. İki ölkə arasındakı əlaqələrin inkişafına təsir göstərən bu amillər, İran rejiminin xarakteri, bölgədəki geo-siyasi mübarizə, enerji, nüvə proqramı şəklində xarakterizə edilə bilər. Bunlardan nüvə proqramı məsələsini bütün cəhətləri ilə növbəti yazılarda qiymətləndiricəyik. Hələlik isə iki ölkə münasibətlərində ilk üç məqamı təhlil edirik. 
 
İran-ABŞ münasibətlərinin ilk mühüm istiqaməti İran siyasi sisteminin xarakteridir. İran siyasi sisteminin xarakteri ABŞ üçün bir neçə baxımdan problem yaradır. Əvvəla, İran rejiminin xarakteri ölkə içində və bölgədə  Amerika əleydarlığının əsas mənbələrindən biridir. İranın bu əlehdarlığı öz xarici siyasətində “inqilab ixracı” və beynəlxalq sistemin terrorist kimi xarakterizə etdiyi strukturları dəstəkləmək şəklində ortaya qoymaqdadır. 1990-cı illərdə Avropadakı rejim əleyhdarlarına qarşı terror aksiyaları təşkil edən İran, Hamas, Hizbullah, İraqlı militanlara dəstək verməsi, hətta Taliban və Əl-Qaidə ilə münasibətləri olduğuna dair iddialar ABŞ-da xüsusi narahatçılıq doğurmaqdadır.[1] Əhmədinejadın prezidentliyi dövründə İran bu qruplara dəstəyini daha da gücləndirmiş və bu çərçivədə 2006-cı ilin yayındakı İsrail-Hizbullah müharibəsində Hizbullaha büyük miqdarda silah və maddi dəstək vermişdir.[2]    
 
İran-ABŞ münasibətlərinin ikinci mühüm istiqaməti bölgədəki geo-siyasi mübarizədədir. ABŞ İranı “genişləndirilmiş Orta Şərqdə” potansial strateji rəqibi hesab edərkən, İran rəsmi Vaşinqtonu ən mühüm təhdit kimi qəbul etməkdədir.[3]İran üçün xüsusən narahatçılıq yaradan proses birinci Körfəz müharibəsi ilə bölgədə ABŞ-ın siyasi və hərbi təsirinin güclənməyə başlamasıdr. 11 Sentyabrdan sonra Əfqanıstan və İraq müdaxilələri ilə zirvəyə yüksələn bu narahatçılıq qarşısında İran bölgədə daha fəal siyasi kurs tətbiq etməyə çalışmaqdadır. Bu fəallıq özünü Şiə coğrafiyası amili ilə yanaşı, Körfəz ölkələri ilə Suriyə və Türkiyə kimi qonşularla sıx münasibətlər quraraq davam etdirmək şəklində göstərməkdədir. 11 Sentyabrdan sonra ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsi ilə İranın iki düşməni - Taliban və Səddam Hüseyini ortadan qaldırması isə rəsmi Tehranın bölgədəki gücünün artmasına xidmət etmişdir.[4]
 
ABŞ isə İranın bölgədəki gücü və fəallığından başta Əfqanıstan və İraq  məsələləri olmaq üzrə ciddi narahatçılıq keçirməkdədir. İranın Əfqanıstan və İraqa müdaxiləsi sırasında tərəfsiz  mövqe ortaya qoymasına və hətta bu ölkələrdə sabitliyin təmini üçün ABŞ-la əməkdaşlıq etməsinə baxmayaraq, bu ölkə rəsmi Vasinqton üçün güvənilməz aktyor olaraq qalmaqdadır.[5] İranın Əfqanıstanda və İraqdakı Amerikan əleyhdarı aktyorlarla fəal  əməkdaşlığı isə ABŞ-ın  bu narahatçılığına əsas təşkil etməkdədir.         
 
ABŞ-Iran münasibətlərinin bölgə bazındakı bir digər mühüm istiqaməti İsrail amilidir.[6] ABŞ öz bölgə siyasətinin ən mühüm hədəflərindən olan İsrailin təhlükəsizliyi için İranı bölgədəki ən mühüm təhdit kimi qiymətləndirməkdədir. İranın Israili “kiçik şeytan” kimi  xarakterizə etməsi  və Əhmədinejadın bu ölkənin yer üzündən silinməsinin vacibliyini elan etməsi ABŞ-ın bu narahatçılığını daha da gücləndirməkdədir.
İran-ABŞ münasibətlərində enerji amili hər iki aktyorun bu sahədəki mühüm rolu ilə yaxından əlaqəlidir. İranın geo-iqtisadi gücünün əsasını enerjinin təşkil etdiyini nəzərə alaraq  burada ABŞ-ın rolunu İran kontekstində qiymətləndirəcəyik. Dünyanın ən mühüm siyasi və iqtisadi gücü və eyni zamanda ən böyük enerji istehlakçısı olan ABŞ-ın global hegemoniya mübarizəsində dünyadakı karbohidrat mənbələrinə nəzarətə xüsusi önəm verməkdədir. ABŞ İranla münasibətlərdə rəsmi Tehranın enerji sahəsindəki imkan və fəaliyyətlərini məhdüdlaşdırmağa və təsir gücünü zəiflətməyə çalışır.
 
Bu çərçivədə ABŞ-ın İrana qarşı tətbiq etdiyi siyasətinin üç əsas istiqaməti var. Əvvəla, rəsmi Vaşinqtonun İrana tətbiq etdiyi embarqoların əsasını bu ölkənin enerji sektoruna qoyulan Xəzər bölgəsindəki enerji mənbələrinin paylaşımı və  tranzit keçişinin təmini prosesində rolunu azaltmağı hədəfləməkdədir.
ABŞ-ın bu çərçivədəki cəhdlərinin ən uğurlu nəticəsi  İranı “Əsrin müqaviləsi”  prosesi və Bakı-Ceyhan kəmərində hər hansı şəkildə iştirakına mane olmaqla ortaya çıxmışdır. Bənzər cəhdin “Nabukko” lahiyəsində tətbiq edilməsi cəhdləri isə davam edir. Ancaq ABŞ-ın  İranı enerji baxımından zəiflətmə cəhdi bu ölkənin Çin, Rusiya, Hindistan və Yaponiya kimi global aktyorlar və Türkiyə, Ermənistan və Azərbaycan kimi bölgə aktyorları ilə bu çərçivədə qurduğu münasibətlər nəticəsində lazımi uğuru  qazana bilməməkdədir. 
 
________________________________________
 
[1] Lionel Beehner, “Timeline: U.S.-Iran Contacts”, 9 Mart 2007 www.cfr.org/publication/12806/timeline.hotmail 19 Avqust 2010   
[2] Bu barədə baxınız: Abraham D. Sofaer, “Iran-Contra: Ethical Conduct and Public Policy”,http://www.houstonlawreview.org/archive/downloads/40-4_pdf/Sofaerc5g2.pdf,, ss.1- 
[3] Sam Sasan Shoamanesh, “History Brief: Timeline Of Us-Iran Relations Until the Obama Administration”,http://web.mit.edu/mitir/2009/online/us-iran-2.pdf  , s.4.
[4] Bu barədə baxınız Kenneth Katzman, Iran Sanctions, CRS Report for Congress, Congressional Research Service, 3 Avqust 2010, http://www.fas.org/sgp/crs/mideast/RS20871.pdf ( 7 Sentybar 2010) 
[5] ABŞ-ın İran siyasətinin dönüşümünə dair geniş məlumat üçün baxın: Kenneth Katzman, Iran: U.S. Concerns and Policy Responses, CRS Report for Kongresmen, 23 Iyul 2010;  George Tzogopoulos, The Evolution of US and EU Foreign Policy towards Iran with Emphasis on the Period After 11 September 2001, Centre International de Formation Européenne, Nice, May 2004; Mahmood Sariolghalam? “Undestanding Iran: Getting Past Sterotypes and Mythology”, The Washington Quarterly, Cild 26, Say 4,  Payız 2003, xüsusiylə ss.70-73; Abbas Milani, “Obama’s Existential Challenge to Ahmadinejad”,  The Washington Quarterly, Cild 32, Say 2,  Aprel 2009, ss.63-78, Arif Kəskin, “Kolay Çözülməyən Düğüm: ABD-Iran ilişkisi”, http://www.turksam.org/tr/yazilar.php?kat1=1&yazi=162 
[6] Shahram Chubin, “Iran’s Power in Context”, Survival, Cild 51, Sayı 1,  Fevral-Mart 2009, s. 166.  
[7] Chubin, “Iran’s Power in Context”, s.166.
[8] Chubin, “Iran’s Power in Context”, s.166.
[9] Richard Haass, “The New Middle East”, Foreign Affairs, Cild 85, Sayı 6, Noyabr-Dekabr 2006, s.6. 
[10] Casey L. Addis (redaktor), Iran: Regonal Perpektives and U.S. Policy,  CRS Report for Congress, Congressional Research Service, 13 Yanvar 2010, http://www.fas.org/sgp/crs/mideast/R40849.pdf  (06 Sentyabr 2010) s.3; Barbara Slavin, Mullahs, Money and Militias: How Iran Exerts Its Influence in the Middle East, USIP Special Report 206, Iyun 2008, http://www.usip.org/files/resources/sr206.pdf  (7 Sentyabr 2010)  
[11] Graham Fuller, “The Hizboullah-Iran Connection: Model for Sunni Resistance”,  The Washington Quarterly, Cild 30, Say 1,  Qış 2006-7, s.143.
[12] Chubin, “Iran’s Power in Context”, s.165.
[13] Dalia Dassa Kaye və Frederic Wehrey, “Containing Iran?: Avoiding a Two-Dimensional Strategy in a Four-Dimensional Region”, The Washington Quarterly, Cild 32, Say 3,  Iyul 2009, s.39.
[14] Mohammed Javad Zarif, “Tackling the Iran-U.S. Crisis: The Need for a Paradigim Shift”, Journal of International Affairs, Cild 60, Sayı 2, Bahar/Yay 2007, s.74-75.   İranın İraq və Əfqanistan siyasətinə dair daha  geniş məlumat üçün baxınız: Kayhan Barzegar, “Iran’s Foreign Policy in Post-invasion Iraq”,  Middle East Policy, Cild 15, Sayı 4, Kış 2008, ss.47-58; Kenneth Katzman, Iran: U.S. Concerns and Policy Responses, CRS Report for Congress, Congressional Research Service, 6 Yanvar 2010, http://fpc.state.gov/documents/organization/135893.pdf ( 7 Sentybar 2010), ss.18-27.   
[15] James A. Bill, “The Politics of Hegemony: The United States and Iran”,  Middle East Policy, Cild 8, Sayı 3, Sentyabr 2001, s.95      
 
Populyar xəbərlər