AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Cənubi Qafqazda Müharibə və Sülh Senariləri

 

Müharibə Təhlükəsi

 

2012-ci il iyunun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlər bir daha Cənubi Qafqazda müharibə senarilərini gündəmə gətirdi. Müharibəylə bağlı narahatlıqların artması isə istər-istəməz status-kvonun təhlükəliliyi barədə açıqlamaların səslənməsinə və bölgədəki problemlərin dinc yolla həlliylə bağlı yolların (modellərin) də ortaya atılmasına səbəb oldu.

 

Əvvəlcə çox qısaca cəbhə xəttində baş verənlər barədə. Əslində Azərbaycan və Ermənistan cəmiyyətləri atəşkəsin pozulmasına xeyli dərəcədə alışıq olsalar da iyunun əvvəlində Ermənistan-Azərbaycan cəbhə xəttində son yaşananlar bir anda müharibə senarilərinin yenidən gündəmə gəlməsinə səbəb oldu. Əvvəlcə atəşkəs pozuntularının sıxlaşmasına dair xəbərlərin sayı artdı. Dərhal sonra isə yaşananların əslində atəşkəs pozuntusundan daha çox döyüş xarakteri daşıdığı və iki tərəfin də ciddi itkilər verdiyinə dair xəbərlər yayıldı.

 

Azərbaycan və Ermənistan tərəflərinin istər münaqişənin yenidən başlama səbəbləri, istərsə də öz itkiləri və qarşı tərəfin itkiləri barədəki açıqlamaları təbii olaraq (?) örtüşmədi. Tərəflər yenə bir-birlərini atəşkəsi pozmaqla günahlandırdı. Daha ciddi döyüşlərin getdiyi 4 iyunu 5 iyun tarixinə bağlayan gecəyə dair Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttinin Qazax bölgəsində Ermənistan ordusunun hücumunun önləndiyini və Azərbaycan Silahlı Qüvvələrinin 5 şəhid verdiyini açıqladı. Nazirliyin açıqlamasına görə atəşkəs pozuntusu bununla da məhdudlaşmadı. Ermənistan ordusu cəbhənin Goranboy, Füzuli, Xocavənd, Cəbrayıl, Ağdam hissələrində də Azərbaycan Silahlı Qüvvələrinin qarşı mövqelərinə atəş açdı.

 

Ermənistan tərəfi də öz növbəsində Azərbaycanı davamlı olaraq atəşkəs rejimini pozmaqla, snayperlərlə Ermənistan ordusuna atəş açmaqla və hətta cəbhə xəttinin irəlisinə keçməyə cəhd göstərməkdə günahlandırdı. Hətta Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan tərəfinin hücum edərək onların əsgərlərini öldürdüyünü, Ermənistanın gərginliyin artmasını istəyən tərəf olmadığını, lakin Azərbaycanın hücumlarına da sərt cavab verəcəklərini iddia etdi. Azərbaycanın buna reaksiyası gecikmədi. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Polkovnik Eldar Sabiroğlu verdiyi açıqlamada həm Serj Sarkisyanın iddialarını cavabladı, həm də Sarkisyana sərt ittihamlar yönəltdi. Sabiroğlu ilk açıqlamasında Serj Sarkisyanın bəyanatını öz hərbi müvəffəqiyyətsizlikləri ört-basdır etmə və Ermənistan xalqının etirazlarını azaltmaq cəhdinin bir nəticəsi kimi qiymətləndirdi.

 

Sabiroğlu digər bir açıqlamasında isə Sarkisyan rejiminin bir yandan daxili və xarici siyasətdəki uğursuzluqlarını ört-basdır etmək üçün cəbhədə təxribatlara əl atdığını, digər tərəfdən isə həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığını ifadə etdi. Burada daxili və xarici siyasətdəki uğursuzluqlar deyərkən daha çox nəzərdə tutulan Ermənistanda yaşanan ictimai, siyasi və iqtisadi çətinliklər, xüsusilə NATO-nun Çikago Zirvəsinin Yekun Bəyannaməsində və Avropa Parlamentinin qərarında Qarabağ problemi ilə bağlı olaraq Azərbaycanın ərazi bütövlüyünün vurğulanması idi.

 

İyunun 7-də bu dəfə Azərbaycan Silahlı Qüvvələri Baş qərargahı cəbhədə gərginləşən vəziyyətlə bağlı  bəyanat verib. Bəyanatda qeyd olunub ki, Azərbaycan ordusu öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə qadirdir: “Cəmi 10 gün kifayət edər ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad edərək İran və Ermənistanla dövlət sərhədlərinə qədər gedib çıxsın. Bizi bu addımdan saxlayan yalnız bir səbəb var ki, o da artıq insan qanı tökülməsi və qurbanlar verilməməsidir.”

 

Həmin günlərdə Erməni mətbuatında da əvvəlcə Ermənistan ordusunun 3, daha sonra isə 10-a yaxın itki verdiyinə bağlı xəbərlər yer alıb. Ermənistanın itkinlərinin çox daha yüksək olduğu və Ermənistan rəhbərliyinin itkilərin gizlədilməsiylə bağlı göstəriş verdiyinə dair iddialar həm Ermənistan, həm də Azərbaycan mətbuatında yayınlanıb.

 

Döyüşlər bir neçə gün davam edib. Türkiyə, Rusiya, ABŞ, Fransa, ATƏT və NATO rəsmiləri münaqişənin alovlanmasından narahatlıq duyduqlarını bildiriblər və tərəfləri atəşkəsə əməl etməyə çağırıblar.

 

Yuxarıda da qeyd edildiyi kimi, əslində atəşkəsin işə yarayıb yaramadığına dair fikirlər birmənalı deyil. Amma bir yandan bu dəfə döyüşlərin uzun sürməsi və şiddətli keçməsi, digər yandan ABŞ-ın Xarici İşlər Naziri (dövlət katibi) Hillari Klintonun bölgəyə səfəri zamanı (Klintonun Ermənistana səfəriylə eyni gündə başlaması və bölgəyə səfəri boyunca davam etməsi) və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 18 iyun tarixində Parisdə keçirəcəkləri görüşdən əvvəl baş verməsi məsələnin həm hər iki ölkədə əsas mövzu kimi gündəmdə qalmasına, həm də dünya mediasında ciddi bir şəkildə müzakirə olunmasına səbəb oldu. Ortada kifayət qədər çox senari var idi: artıq müharibənin başlamış olmasından, döyüşlərin Klintonun bölgəyə səfərinə Rusiyanın (bəzilərinə görə isə hətta İranın) hədiyyəsi kimi dəyərləndirilməsinə qədər.

 

Azərbaycan ilə Ermənistan arasındakı problemin xarakterini bilənlər və atəşkəs rejiminin tarixçəsinə bələd olanlar üçün müharibənin yenidən başladığına və davam edəcəyinə dair iddiaların elə də əhəmiyyət daşımadığı aydın idi. Amma Klintonun bölgəyə səfərinə Rusiyanın, ya da İranın hədiyyəsi kifayət qədər ciddi iddia kimi səslənirdi. Təbii ki, Rusiya-ABŞ rəqabətinin bölgəyə yansımaları sadəcə Qarabağ problemiylə məhdudlaşmır. Digər tərəfdən isə Qarabağ probleminin ortaya çıxmasından bu günə qədərki mərhələdə Rusiyanın “hər xarici müdaxiləyə” (Qarabağ probleminin həlli prosesində digər güclərin ciddi rol almaq cəhdinə) ciddi təxribat ilə cavab verdiyi də yaxşı məlumdur. Bu istiqamətdə Rusiyanın istifadə edə biləcəyi vasitənin adı da heç kim üçün sirr deyil.

 

Digər yandan, İran həm Ermənistan ilə münasibətlərinin yaxşılaşması fonunda bu ölkədə təsir imkanlarını artırır, həm də bu ölkənin Azərbaycan ilə münasibətləri daimi pisləşən xəttə malikdir. İran Azərbaycanın xüsusilə ABŞ və İsrail ilə münasibətlərindən qıcıqlanır və Azərbaycanın lehinə ola biləcək hər prosesə qısqanclıqla yanaşdığı kimi mane olmağa da çalışır. İran və Rusiya bölgədəki ən vacib təsir imkanı kimi gördükləri Qarabağ probleminin həll olunmadan qalmasını da ən çox arzulayanlardandırlar. Qeyd olunan səbəblərə görə Klintonun səfəri ərəfəsində  və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirəcəkləri görüşdən öncə Rusiya və İran tərəfindən bu cür bir təxribata əl atılması mümkün variant kimi görünür. Həm də əlavə edək ki, əvvəllcədən Parisdəki görüşdə tərəflərə sülhlə bağlı yeni sənəd təqdim olunacağına dair məlumat mətbuatda da yer almışdı. Ancaq cəbhədə vəziyyətin kəskinləşməsindən sonra bu baş vermədi. Ən azı Parisdəki müzakirələrdən sonra verilən rəsmi açıqlamalar bu istiqamətdəydi...

 

 

Sülh Axtarışları

 

İyunun sonlarında isə Bakıda Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) birgə təşkilatçılığı ilə “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən xarici qonaqlar İtaliyanın Trento Universitetinin Hüquq Fakultəsinin Müqayisəli Konstitusiya Hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin Sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtalyanın Bolonya Unversitetinin Siyasi Elm şöbəsinin köməkçi professoru doktor Lorenzo Zambernardi, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa Hüququ üzrə Araşdırmalar Məktəbinin Tədqiqatçısı Elisabetta Pulice və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze Cənubi Tirol muxtariyyət modeli haqqında və ümumiyyətlə beynəlxalq hüquqda milli azlıqlar haqqında fikirlərini bölüşdülər. Cəbhədə baş verənlər fonunda Bakıda Qarabağ problemi üçün model axtarışı həm də simvolik məna daşıyırdı. Çünkü Azərbaycan tərəfi problemin dinc yolla həlli üçün bütün modellərə müraciət edəcəyini, amma bu baş verməsə öz ərazilərini hərbi yolla azad etmək hüququnu da özündə saxladığını bildirmişdi. Bu mənada Avropadakı bir təcrübənin öyrənilməsi maraqlı idi.

 

Eyni zamanda başqa təcrübələrdən faydalanılması xoş bir məqsəd olmaqla yanaşı, hər bir problemin özünəməxsusluğu amili də mütləq nəzərə alınmalıdır. Burada Cənubi Tirol probleminin tarixini izah edərək oxucuları yormaq düşüncəsindən uzağam. Amma Cənubi Tirol probleminin həll modeli, əslində daha çox XX əsrin əvvəllərində yaşananlardan sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) qurulması ilə paralellik təşkil edir. DQMV-dəki Ermənilər də XX əsrin əvvələrindəki proseslər nəticəsində qurulan müxtariyyət çərçivəsində əhəmiyyətli hüquqlara sahib olmuşdular və praktikada vəziyyətləri çox daha yaxşı idi. Məsələn, 1980-ci illərdə Ermənistan torpaqlarını genişlendirmə strategiyasını ilk tətbiq etməyə başladıqda Azərbaycan içərisindəki Erməni əhalinin iqtisadi şərtlərinin yaxşı olmadığı tezisini irəli sürmüşdü. Bunun üzərinə Moskvadan Azərbaycana göndərilən xüsusi komissiya DQMV-də və Azərbaycan daxilində apardığı araşdırmalar nəticəsində bölgə Ermənilərinin bütün iqtisadi və sosial göstəricilər üzrə Azərbaycanın geri qalan əhalisindən daha yaxşı yaşadığını müəyyən etmişdi. Xatırladaq ki, həmin vaxt keçmiş SSRİ-nin lideri (Sov İKP MK-nın Baş Katibi) Mixail Qorbaçovun İqtisadiyyat Üzə Müşaviri məhz erməni mənşəli və DQMV-nin Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini açıq müdafiə edən ilk Sovet rəsmisi olan Abel Aqambekyan idi.

 

Amma buna baxmayaraq Ermənistan əvvəlcə DQMV-ni özünə birləşdirməklə bağlı qərar qəbul etdi, sonra isə Azərbaycana hücum edərək bölgəni və ətrafını işğal etdi, bir milyona yaxın Azərbaycanlını da qaçqın vəziyyətinə saldı. İllərdir həm özü, həm qaçqın vəziyyətinə saldığı Azərbaycanlılar, həm torpaqlarını işğal etdiyi Azərbaycan, həm də işğal altında saxladığı bölgədə yaşayan Erməni mənşəli Azərbaycan vətəndaşları bu işğaldan əziyyət çəkir. Hərçənd Ermənistan daha sonra taktikasını dəyişərək əslində torpaqlarını genişləndirmək niyyətində olmadığını, problemin də, müharibənin də Azərbaycan ilə bölgə Erməniləri arasında yaşandığını iddia etdi, amma buna heç kimi inandıra bilmədi. BMT Təhlükəsizlik Şurasının 4 qərarında da, BMT Baş Assambleyasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qərarlarında da problemin Azərbaycan ilə Ermənistan arasında olduğu və işğal nüansı açıqca vurğulanır.

 

Problemin həllini çətinləşdirən ən əhəmiyyətli amillərdən biri də Ermənistanın mütəmadi olaraq “işğal edilmiş ərazilərin əvəzində status” tezisini irəli sürməsidir. Ermənistan rəsmiləri dəfələrlə Azərbaycan ərazilərini işğal etdiklərini, bunların bir qismini geri qaytararaq əvəzində geri qalanına Azərbaycan tərəfindən “müstəqil dövlət statusu” tanınmasını istədiklərini ifadə etməkdən çəkinməmişlər. Maraqlıdır ki, bəzən vasitəçi dövlətlər də bu, sanki normal bir istəkmiş kimi davranmış və Azərbaycanı bu istiqamətdə danışıqlara dəvət etmişlər. Beynəlxalq hüquq baxımından skandal sayıla biləcək bu cür addımlar, təəssüf ki, hələ də davam etməkdədir. Təbii ki, Erməni əhalinin hüquqlarının həyata keçirilməsinə təminat verilməsi lazımdır. Lakin nə bunun, nə də digər tələblərin işğal siyasətinə haqq qazandırmasından söhbət belə gedə bilməz. İşğal həllin bir parçası olaraq görülə bilməz, çünkü o problemin özüdür.

 

Digər tərəfdən, Azərbaycan rəsmiləri dəfələrlə Erməni mənşəli vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminat altına alınacağını ifadə etməkdədirlər. Azərbaycan daha əvvəl Tatarıstan modelini gündəmə gətirdi. Dəfələrlə, Ermənilərə dünyadakı ən yüksək səviyyəli muxtariyyət tanıya biləcəyini və bunun beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməsinə təminat verilməsi üçün lazımlı öhdəlikləri boynuna götürməyə hazır olduğunu ifadə etdi. Lakin Ermənistan buna yanaşmadı. Mövcud anlayış və Rusiyanın bölgəyə mövcud baxışı çərçivəsində yanaşması da çox gözlənilmir.

 

Azərbaycanın bir tərəfdən israrla işğal mövzusunu ön plana çıxarması və işğalın qeyd-şərtsiz və dərhal sona çatdırılması üçün səylərini, digər tərəfdən də Erməni azlığa beynəlxalq hüquqda nəzərdə tutulan bütün hüquq və azadlıqların ən üst səviyyədə təmin edilməsi mövzusundakı qərarlı mövqeyini davam etdirməsi vacibdir. Bunun ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən də tam dəstəklənməsi bölgənin gələcəyi baxımından çox əhəmiyyətlidir. Unudulmamalıdır ki, işğala haqq qazandıran mövqelər, işğalçını mükafatlandıran addım, münasibət və siyasətlər gələcəkdə bölgədəki güc tarazlığı dəyişdiyində yeni hücumları və yeni işğalları təşviq edə bilər. Bu qeyd olunanlar vacib bir prinsip kimi qəbul olunduğu təqdirdə istər Cənubi Tirol, istər digər bir model Qarabağ münaqişəsinin həlli və ümumi olaraq Qafqazdakı sülh və sabitlik mühiti baxımından daha faydalı olacaq. Əks halda xüsusi olaraq Qarabağ problemini də, ümumi olaraq Cənubi Qafqazı da daha böyük risklər gözləyə bilər.

Populyar xəbərlər