AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti
21.01.2013

 

 

 

 

Xəqani Quliyev (Strasburq Universitetinin beynəlxalq hüquq üzrə doktorantı)

 

            Azərbaycan Respublikasının 2011-ci ilin 24 oktyabrında 17 raundluq səsvermədən sonra BMT Baş Assambleyası tərəfindən BMT Təhlükəsizlik Şurasına iki il müddətinə (2012-2013) üzv seçilməsi heç şübhəsiz ki, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir. Başa vurduğumuz 2012-ci il Azərbaycanın 1 yanvar 2012-ci ildə başlayan üzvlük müddətinin artıq yarısının arxada qalması ilə əlamətdar oldu və bu münasibət ilə Azərbaycanın Təhlükəsizlik Şurasındakı bir illik fəaliyyətinə ilkin qiymət verilə bilər. Azərbaycanın bu bir illik müddətdəki fəaliyyətini nəzərdən keçirərkən həmin dövrün iki mühüm məsələ ilə səciyyəvi olduğu qənaətinə gələ bilərik: Azərbaycanın 2012-ci ildə Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul edilməsi prosesindəki mövqeyi və Azərbaycanın Təhlükəsizlik Şurasına 2012-ci ilin may ayındakı sədrliyi və bu sədrliyi dövründəki fəaliyyəti.

 

Azərbaycanın Təhlükəsizlik Şurası tərəfindən qətnamələrin qəbul edilməsindəki mövqeyi

 

            BMT Təhlükəsizlik Şurası 2012-ci ildə gündəliyinə salınmış müxtəlif məsələlər ilə əlaqədar 53 qətnamə qəbul etmişdir. Bu qətnamələrin qəbul edilməsində Təhlükəsizlik Şurası üzvlərinin səsvermədəki mövqelərinə nəzər salsaq artıq uzun müddətdir Təhlükəsizlik Şurasında təşəkkül tapmış bir ənənənin, yəni qətnamələrin yekdilliklə qəbul olunmasının, 2012-ci ildə də davam etdiyini görə bilərik[1]. Məhz elə buna görə də, keçən il qəbul edilmiş 53 qətnamənin heç birində qətnaməyə qarşı verilmiş bir səs belə qeydə alınmamışdır. Ancaq ilk baxışda çox sadə görünən bu vəziyyət bizi yanıtmamalı və Təhlükəsizlik Şurası üzvləri arasında bütün məsələlər barədə yekdil bir fikirin olduğu qənaətinə gətirməməlidir.

Bununla əlaqədar ilk növbədə onu qeyd etmək lazımdır ki, Suriya ilə bağlı iki qətnamə layihəsi məhz 2012-ci ildə Çin və Rusiyanın veto hüquqlarından istifadə etməsi nəticəsində qəbul edilməmişdir[2]. Azərbaycanın bu qətnamə layihələrinin qəbul edilməsi üçün səs verdiyini qeyd edərək, onu da xatırlatmaq lazımdır ki, Təhlükəsizlik Şurasındakı Azərbaycan nümayəndəsi 4 fevral 2012-ci ildəki müzakirələrdə Azərbaycanın qətnamə layihəsinin lehinə səs verməsinin səbəblərini izah edirdi. Bununla əlaqədar o, Azərbaycanın Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllinə dair təşəbbüsünü dəstəklədiyini, problemin sülh yolu ilə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması çərçivəsində həllinin vacib olduğunu, eyni zamanda qətnamə layihəsinin Suriyaya qarşı BMT Nizamnaməsinin 42-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini, yəni gücdən istifadəni, nəzərdə tutmadığına görə Azərbaycanın qətnamənin lehinə səs verdiyini bildirirdi[3]. Azərbaycanın Suriyada sülhün bərqərar olunması üçün beynəlxalq təşəbbüsləri dəstəkləməsi və eyni zamanda bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olması mövcud geopolitik şəraitə uyğun yanaşmadır. Bu ehtiyatlı mövqe Azərbaycana bir yandan münaqişə tərəflərinə bərabər məsafədə qalmaq, digər yandan isə Suriyada gələcəkdə baş verə biləcək hər hansısa bir siyasi rejim dəyişikliyi halında belə bu ölkə ilə diplomatik münasibətləri qorumaq imkanı verir.

Bu bir illik müddətdə Azərbaycan heç də Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin lehinə səs verməmişdir. Hətta, Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 3 qətnaməyə səs vermədiyinə görə Azərbaycanın 2012-ci ildə ən çox səsverməyən Təhlükəsizlik Şurası üzvü olması çox maraqlıdır. Azərbaycanın səs vermədiyi bu üç qətnamənin ikisi regional münaqişələrə, Kipr (S/RES/2058 (2012))[4] və Sudandakı (S/RES/2063 (2012))[5] vəziyyətə dairdirsə, üçüncü qətnamə daha qlobal bir məsələ, uşaqlar və silahlı  münaqişələr (S/RES/2068 (2012))[6] məsələsi ilə bağlıdır.

Kiprdəki vəziyyəti özündə əks etdirən və Azərbaycan və Pakistan istisna olmaqla bütün digər Təhlükəsizlik Şurası üzvlərinin yekdil səsi ilə qəbul olunan S/RES/2058 saylı qətnaməyə Azərbaycanın səs verməməsi heç şübhəsiz ki, Türkiyə ilə strateji müttəfiqliyi və Kipr Türkləri ilə mədəni və etnik yaxınlığı konteksində izah edilməlidir. Azərbaycan nümayəndəsi Azərbaycanın həmin qətnaməyə səs verməməsinin səbəblərini izah edərkən qətnamənin BMT Baş Katibinin «BMT-nin Kiprdəki əməliyyatı»adlı məruzəsini[7] tam olaraq özündə əks etdirmədiyini, xüsusilə də qətnamənin Kipr problemi ilə bağlı nəticə əldə edilə biləcək bir proses üzərində razılığa gəlinməsinin vacibliyini lazımınca qeyd etmədiyini irəli sürürdü[8]. Bununla yanaşı Azərbaycan Kipr probleminin hər iki tərəf üçün məqbul və BMT mexanizmi çərçivəsində həllinə inandığını və BMT-nin Kiprdəki sülhməramlı missiyasının mövcud şəraitə uyğun fəaliyyət göstərməli olduğunu qeyd edirdi. Azərbaycanın Kipr problemi ilə əlaqədar digər Təhlükəsizlik Şurası üzvlərindən fərqlənən bu mövqeyi təbii və başa düşüləndirsə, Sudan haqqında qətnaməyə tək başına səs verməməsi daha çox suallar doğura bilər.

Sudanın Darfur bölgəsindəki ümumi vəziyyəti analiz edən S/RES/2063 saylı qətnamə həmin bölgədə fəaliyyət göstərən BMT və Afrika Birliyi Təşkilatının ortaq əməliyyatının, yəni UNAMID-in mandatının 31 iyul 2013-cü ilə qədər uzadılmasını nəzərdə tuturdu. Azərbaycan bu qətnaməyə səs verməməsini qətnamənin yerli vəziyyəti özündə tam olaraq əks etdirməməsi və eyni zamanda qətnamə layihəsinin hazırlanmasına dair müzakirələrin kifayət qədər açıq və şəffaf olmaması ilə əlaqələndirirdi[9]. Bununla belə, Azərbaycan UNAMID-in Darfurdakı fəaliyyətini dəstəklədiyini və bu fəaliyyətin mülki şəxslərin qorunması, eləcə də regionda sülh və təhlükəsizliyin yaxşılaşdırılmasına töhfə verdiyini qeyd edirdi. Beynəlxalq ictimai fikirin Darfurdakı vəziyyət ilə əlaqədar çox həssas olmasına və eyni zamanda Sudan prezidenti Ömər Əl Bəşirin həbs edilməsi haqqında Beynəlxalq Cinayət Məhkəməsinin 4 mart 2009 və 12 iyul 2010-cu il tarixli qərarlarının[10] çıxarılmasına baxmayaraq, Azərbaycanın Sudanı bu məsələdə müdafiə etməsinin əsas səbəbi heç şübhəsiz ki, Sudanın Ermənistanı işğalçı dövlət kimi tanıması və Qarabağ münaqişəsində Azərbaycanı müdafiə etməsidir. Azərbaycan və Sudan arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxın əməkdaşlıq əlaqələrinin olmasını da unutmaq olmaz.

Azərbaycanın səs vermədiyi üçüncü qətnamə, yəni S/RES/2068 saylı qətnamə isə qlobal bir problemə, uşaqlar və silahlı  münaqişələr mövzusuna həsr edilmişdi. Bu qətnamə hərbi münaqişələr zamanı uşaqların öldürülməsi, onlara qarşı zorakılıq hallarının baş verməsi, uşaqların hərbi münaqişələrə əsgər olaraq cəlb edilməsi və bu fəaliyyətlə məşğul olan şəxlərin və hərbi birləşmələrin dövlətlər tərəfindən cinayət məsuliyyətinə cəlb edilməməsini qəti surətdə pisləyir və dövlətlərə bu sahədə beynəlxalq hüquqi öhdəliklərini xatırladaraq onlardan belə hüquq pozuntularına qarşı təcili tədbirlər görmələrini tələb edirdi. Belə bir qətnamənin Beynəlxalq Cinayət Məhkəməsinin 15 yaşından aşağı uşaqları əsgər olaraq silahlı qüvvələrə cəlb etdiyinə görə Tomas Lubanqanı azadlıqdan məhrum etmə cəzasına məhkum edən 14 mart 2012-ci il tarixli qərarından[11] bir neçə ay sonra qəbul olunması xüsusi ilə qeyd edilməlidir. Bəs belə bir halda nə üçün Azərbaycan bu qətnaməyə səs verməmişdir?

Bununla əlaqədar hər şeydən öncə onu qeyd etmək lazımdır ki, bu qətnaməyə yalnız Azərbaycan deyil, Rusiya, Çin və Pakistan da müxtəlif səbəblərdən səs verməmişdir. Belə ki, Çin və Pakistanın bu qətnaməyə səs verməməsinin əsas səbəbi BMT Baş Katibinin «Uşaqlar və silahlı münaqişələr»adlı məruzəsində Pakistandakı vəziyyətin silahlı münaqişə formasında təqdim edilməsi və ümumiyyətlə məruzədə silahlı münaqişə termininin daha geniş mənada istifadə edilərək bəzi daxili münaqişələri də əhatə etməsi idisə, Azərbaycanın bu qətnaməyə səs verməməsi tamami ilə digər məsələlər ilə əlaqədar idi. Bunun əsas səbəbi qətnamənin və BMT Baş Katibinin bu məsələyə dair məruzəsinin diqqəti əsasən birbaşa olaraq silahlı münaqişələrə əsgər olaraq cəlb olunan və bu münaqişələr zamanı öldürülən və ya zorakılığa məruza qalan uşaqlara yönəldərək silahlı münaqişələrdən başqa formada əziyyət çəkən uşaqlardan bəhs etməməsi idi. Məhz elə buna görə də, Azərbaycan BMT Baş Katibinin məsələ üzrə xüsusi nümayəndəsini silahlı münaqişələr nəticəsində məcburi köçkün düşmüş uşaqların vəziyyətinə daha çox diqqət ayırmağa çağırırdı[12]. Uşaqlar və silahlı münaqişələr məsələsinin belə geniş bir formada qoyulması və silahlı münaqişələr nəticəsində məcburi köçkün düşmüş uşaqların vəziyyətinin də BMT Baş Katibinin məsələ üzrə xüsusi nümayəndəsinin mandatına daxil edilməsi şübhəsiz ki, bu problemə daha düzgün və ədalətli bir yanaşma olardı. Belə geniş yanaşma eyni zamanda Azərbaycana Dağlıq Qarabağ və ətraf bölgələrin işğalından əziyyət çəkən məcburi köçkün uşaqların vəziyyətini BMT səviyyəsində diqqət mərkəzində saxlamağa və bu məsələni beynəlxalq hüquqi müstəviyə çıxarmağa imkan verərdi. Təəssüf ki, indiki mərhələdə Azərbaycan buna nail ola bilməmiş və problemə belə geniş yanaşma BMT Baş Katibinin xüsusi nümayəndəsinin mandatına daxil edilməmişdir.

 

Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasıdakı fəaliyyəti həm də bu mötəbər orqana sədrliyi ilə əlamətdar olmuşdur.

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi

 

Azərbaycanın Təhlükəsizlik Şurasına 2012-ci ilin may ayını əhatə edən sədrliyi aktiv diplomatik fəaliyyət və bir çox qətnamələrin qəbul edilməsi ilə müşahidə olunmuşdur. Bu dövrdə Təhlükəsizlik Şurası Sudan və Qvineya Bissaudakı vəziyyət haqqında 3 qətnamə qəbul etmişdir. Həmin dövrdə Təhlükəsizlik Şurasının fəaliyyəti bu qətnamələrin qəbulu ilə məhdudlaşmamış, Kosovo, Bosniya və Herseqovina, Fələstin kimi digər problemlərə dair də müzakirələr aparılmışdır.

Azərbaycanın sədrliyin ən əlamətdar hadisəsi isə 4 may 2012-ci ildə Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyə terror aktlarından irəli gələn təhdidlər mövzusunda BMT Baş Katibibin iştirakı ilə xüsusi iclasın keçirilməsi idi. Azərbaycanın sədrliyi dövründə beynəlxalq terrorizmə qarşı mübarizənin əhəmiyyətini vurğulayan iclasın keçirilməsi və bu iclasa Azərbaycan prezidentinin şəxsən sədrlik etməsi məsələyə Azərbaycanın verdiyi önəmi göstərirdi. Bu iclasda Almaniya və Toqonun xarici işlər nazirləri səviyyəsində, Mərakeş və Kolumbiyanın isə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunduqları da qeyd edilməlidir. İclasdakı çıxışında beynəlxalq terrorizmə qarşı mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayan Azərbaycan prezidenti fürsətdən istifadə edərək Ermənistanın Azərbaycana qarşı dəfələrlə terror aktları təşkil etdiyini və bu cür terror təhdidlərinin Ermənistanın rəsmi nümayəndələri tərəfindən daimi olaraq səsləndirildiyini qeyd etmişdir[13]. İclasın sonunda Azərbaycanın hazırladığı Təhlükəsizlik Şurası sədrinin bu məsələ ilə əlaqədar bəyanatı verilmişdir.

Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasındakı bu bir illik fəaliyyəti dövründə öz mövqeyini beynəlxalq hüquqa əsaslandırması və maraqlarına toxunan məsələrdə çoxluğun əksinə olsa belə öz mövqeyini ardıcıl olaraq müdafiə etməsi təqdirəlayiqdir. Beynəlxalq hüquqa əsaslanan mövqe Azərbaycan kimi kiçik ölkələrin öz maraqlarını beynəlxalq arenada müdafiə etməsi, o cümlədən legitimlik və etibar qazanması üçün ən uyğun vasitədir. Ancaq öz mövqeyini müdafiə edərkən Azərbaycan beynəlxalq ictimai rəyin qınaq obyektinə çevrilmə riskinin həmişə mövcud olduğunu utunmamalıdır. Xüsusilə də, Sudanın Darfur bölgəsindəki vəziyyət kimi beynəlxalq ictimai rəyin diqqət mərkəzində olan məsələlərə dair öz mövqeyini ifadə edərkən Azərbaycan daha ehtiyatlı davranmalı, hətta müdafiə etdiyi mövqe haqlı olsa belə, təkbaşına Sudanın müdafiəçisi kimi görünməməlidir. Əks təqdirdə Azərbaycanın tutduğu mövqe gələcəkdə ölkənin beynəlxalq imicinə zərbə vurmaq üçün bəhanə olaraq istifadə edilə bilər. Azərbaycan torpaqlarının işğalı məsələsinin Təhlükəsizlik Şurasının gündəliyinə salınması məsələsinə gəlincə, Azərbaycanın Təhlükəsizlik Şurasına üzvlüyünün bu məsələnin Təhlükəsizlik Şurasında müzakirəsinə səbəb olacağını düşünmək sadəlövhlük olardı. Təsadüfi deyil ki, Azərbaycanın bütün cəhdlərinə baxmayaraq bu məsələ 2012-ci ildə Təhlükəsizlik Şurasında müzakirə olunmamışdır və heç bir şey bizə 2013-cü ildə belə bir müzakirənin olacağını deməyə əsas vermir. İstənilən halda Azərbaycanın Təhlükəsizlik Şurasındakı bu bir illik fəaliyyətindən əldə etdiyi təcrübənin onun 2013-cü ildə daha uğurlu fəaliyyət göstərməsinə kömək edəcəyinə ümid bəsləmək olar.    

 

 



[1]Qətnamələrin yekdilliklə qəbul edilməsi ənənəsi 2011-ci ildə də özünü göstərmişdir. Belə ki, həmin ildə qəbul edilmiş 67 qətnamədən heç birinə qarşı « əleyhinə » səsi verilməmişdir və yalnız üç qətnamənin qəbulunda bəzi ölkələr səsvermədə iştirak etməmişdir. Bununla əlaqədar ətraflı bax : P. Tavernier, L’année des Nations Unies 2011 – problèmes juridiques, Annuaire français de droit international, 2011, vol. 57, s. 336.

[2]« Yaxın Şərqdə vəziyyət – Suriya » adlanan hər iki qətnamə layihəsi (S/2012/77 və S/2012/538) müvafiq olaraq 4 fevral 2012-ci və 19 iyul 2012-ci ildə səsverməyə qoyulmuşdur. Bu qətnamə layihələrinin mətni üçün bax: www.un.org/fr/documents/sc_vetos.shtml   

[3]Azərbaycan nümayəndəsinin 4 fevral 2012-ci tarixli çıxışının tam mətni üçün bax: www.daccess-dds-ny.un.org/doc/UNDOC/PRO/N12/223/56/PDF/N1222356.pdf?OpenElement

[7]Bu məruzənin tam mətni üçün bax: www.un.org/ga/search/view_doc.asp?symbol=S/2012/507

[8]Azərbaycan nümayəndəsinin 19 iyul 2012-ci tarixində keçirilmiş səsverməyə dair izahatı üçün bax: www.un.int/azerbaijan/pdf/sec_council_stat/Explanation%20of%20vote%2019.07.12.pdf

[9]Azərbaycan nümayəndəsinin 31 iyul 2012-ci tarixində keçirilmiş səsverməyə dair izahatı üçün bax : www.un.int/azerbaijan/pdf/sec_council_stat/Explanation%20of%20vote%20on%20UNAMID%2031.07.12.pdf

[11]Beynəlxalq Cinayət Məhkəməsi, Prokuror Tomas Lubanqaya qarşı, 14 mart 2012, bax: www.icc-cpi.int/iccdocs/doc/doc1379838.pdf

[12]Azərbaycan nümayəndəsinin 19 sentyabr 2012-ci tarixində keçirilmiş müzakirələrdəki çıxışları üçün bax:www.un.org/french/documents/view_doc.asp?symbol=S/PV.6838&TYPE=&referer=http://www.un.org/fr/sc/meetings/records/2012.shtml&Lang=E