AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Böyük Britaniyanın Avropa İttifaqı dilemması

 

Yalçın Məmmədov,  Fransa, Nansi (Nancy) Universitetinin Beynəlxalq Münasibətlər üzrə Doktorantı

 

Böyük Britaniyanın baş naziri Devid Kameron Britaniyanın Avropa İttifaqındakı (Aİ) gələcəyi ilə bağlı iki dəfə tərixə saldığı çıxışını axır ki, yanvarın 23-də səsləndirə bildi. Eyni anda həm avroskeptikləri, həm də avropalı həmkarlarını razı salmağa çalışan baş nazir, Aİ islahatlara başlamadığı təqdirdə Britaniyanın qurumu tərk edəcəyi ilə bağlı müzakirələrə başlayacağı vədini verdi.

 

Sonu görünməyən debat

Böyük Britaniyanin Avropa İttifaqını tərk edəcəyi ilə bağlı debatlar 2012-ci ilin ikinci yarısından başlayaraq daha intensiv xarakter alıb. 1973-cü ildən bəri Aİ üzvü olan Böyük Britaniya bütün bu dövr ərzində Avropa inteqrasiyasının ən passiv siyasi oyunçusu kimi diqqət çəkib və bu davranışı son illərin dünya iqtisadi böhranı ilə daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Avroskeptiklərin Britaniya siyasi mühitində çəkisi böyükdür və onlar sağçı və ya solçu olmağından asılı olmayaraq bütün düşərgələrdə təmsil olunurlar. Keçirlən rəy sorğuları əhalinin yarıdan çoxunun Aİ-na üzvlük məsələsinin referendum yolu ilə həll edilməsinin tərəfdarı olduğunu aşkara çıxarmışlar. Birləşmiş Krallığın Aİ-nın inkişafı və güclənməsindəki pozitiv rolu danılmazdır. Bu ölkə Avropa İttifaqı büdcəsinin net ödəyicisidir[1] və Avropa direktivlərini milli qanunvericiliyə implantasiya etmək üzrə yaxşı göstəricilərə malikdir. Bununla belə, Britaniya təmsilçilərinin saysız hesabsız təşəbbüsləri və opt-out[2]ları vaxtaşırı Avropa quruculuğunu ləngidir. Son aylar isə Birləşmiş Krallıq təmsilçiləri Aİ-dakı məhşur “demokratiya çatışmamazlığı”nı əllərində bayraq ediblər. Son çıxışında Kameron Aİ daxilində rəqabət kasadlığı, çalışma mexanizmindəki pozuntular (avro böhranı) və Avropa quruculuğunun səhv istiqamətdə getməsini xüsusi olaraq vurğulayıb. Şübhəsiz ki, britaniyalıları ən çox qıcıqlandıran məsələlər sırasında əmək vaxtı ilə bağlı direktiv, ədliyyə və polis qaydaları, Avropa Parlamentinin bəzi sessiyalarının Strasburqda keçirilməsi və s. var. Odur ki, Kameron Aİ-nın əsas müqavilələrinə yenidən baxmağı təklif edir. Bu təklifə Avropadan lazımi qarşılıq gəlməsə, o zaman Birləşmiş Krallıq referendum hazırlıqlarına başlayacaq.Böyük Britaniyanın Maliyyə naziri Corc Osborn alman mətbuatına bildirmişdir ki, “Aİ dəyişməlidir ki, biz orda qalaq[3]”.

 

Devid Kameronun son gedişləri isə nəinki adada və qitədə, həm də qitədən kənarda müzakirə olunmağa başlayıb. Bəzi Britaniya siyasətçilərinin Avropadan daha çox üstünlük verdikləri ABŞ belə Birləşmiş Krallığın Aİ-nı tərk etməsinə qəti şəkildə qarşı çıxır, bunu Aİ-nın sonunun başlanğıcı kimi dəyərləndirir. Obama administrasiyasının bu mövqeyini Amerikanın Avropa ilə əlaqələr üzrə dövlət katibi Filip Qordonun 2013-cü ilin yanvar ayında ABŞ-ın Londondakı səfirliyindəki çıxışı da təsdiqləyir: “Avropa İttifaqını bir təşkilat kimi bizə yaxınlaşdıran bağlar daha da daralır. Belə ki, bu təşkilatın dünyadakı çəkisi durmadan artır və biz Böyük Britaniyanın bu Avropa İttifaqında güclü rolunun olmasını istəyirik[4]”. Qordon referendumun mümkün acı nəticələr verə biləcəyi ilə bağlı da xəbərdarlıq edib: “Bir çox halda referendumlar ölkələrin özlərinə qapılmalarına gətirib çıxarır[5]”. Avropanın aparıcı qüvvələrindən olan Almaniya da Maliyyə naziri Volfqanq Şaublenin şəxsində Böyük Britaniyanın Aİ-da qalmasını arzuladığını bildirib və britaniyalıları bu şantajdan əl çəkməyə səsləyib. Almaniyaya Böyük Britaniyanın Avropada qalması həm də ona görə sərf edir ki, bu, ona Fransa ilə birbaşa qarşıdurmalardan qaçmağa kömək edir. Avropa institutlarındakı danışıqlarda Böyük Britaniya fransızların müdaxiləçiliyinə[6] qarşı azad ticarət və rəqabət təklifləri ilə tarazlıq gətirir. Debatlara damğasını vuran isə Avropa Komissiyasının sabiq prezidenti, ardıcıl avropalı Jak Delorun bəyanatı olub. Mətbuata verdiyi müsahibədə Delor təklif edib ki, Birləşmiş Krallıq Aİ-nı tərk etsin və bunun əvəzində onlar arasındakı əlaqələr tərəfdaşlığın yeni forması çərçivəsində inkişaf etdirilsin. “Əgər britaniyalılar Aİ-nın daha dərin inteqrasiyaya aparan tendensiyasına qoşulmaq istəmirlərsə, biz yenə də dost qala bilərik, amma bir başqa formada[7]”, deyə Delor bildirmişdi. Göründüyü kimi, bəzi nüfuzlu avropalılar demaqogiyaya eyni üsulla cavab verməyin yeni yollarını tapıblar.

 

Demaqogiya, yoxsa rasional siyasət ?

 

İttifaqı tərk etmək ideyası britaniyalılar üçün nə qədər cəzbedici görünsə də, bunu əsaslandıran arqumentlər də bir o qədər zəifdir. Fransa Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı, məşhur geopolitik Filip Moro Defarj Britaniyanın Aİ üzvlüyündən çıxmasının mümkünsüzlüyünü iki faktorla izah edir. Birinci faktor coğrafi faktordur: “Britaniyalılar Avropaya yapışıblar, onlar avropalıdırlar və heç bir digər qitəyə birləşə bilməzlər. Heç bir siyasi rəhbər coğrafiyanın rolunu qulaq ardına vura bilməz”. İkinci faktor isə Britaniyanın Aİ ilə qurduğu çoxsaylı iqtisadi və maliyyə əlaqələridir. “Britaniyanın inkişafı Aİ-na bağlıdır. Birləşmiş Krallıq əvvəlkindən fərqli olaraq ticarətini daha uzaq sahillərlə (Avstraliya, CAR və s.) deyil, məhz Aİ ilə edir. Bu qədər bağlı olduğun bir qurumu necə tərk edəsən?”. Defarj onu da əlavə edir ki, Britaniya Aİ-nı tərk edərsə bu, qurum üçün ağır zərbə, Avropa quruculuğunun əksinə gedən parçalanma nişanəsi olacaqdır. “Britaniyalılar, hətta ingilislər belə çıxıb gedərlərsə bu, Avropanın sonu olacaqdır və o, tarixin zibilliyində çürüməyə məhkum olacaqdır[8]”. 

 

Avrozonadakı böhranı aradan qaldırmaq üçün Almaniya və Fransa “daha çox Avropa”ya, başqa sözlə desək, Avropa səviyyəsində daha güclü iqtisadi idarəetmə, büdcə qaydalarının harmonizasiyası, siyasi birliyin gücləndirilməsi, sosial tədbirlərə əlavə təkan verilməsinə can atırlar. Buna nail olmaq üçünsə üzv dövlətlərdən Brüsselə daha böyük səlahiyyətlər verilməsi tələb olunur ki, bu da, bəzi suveren hüquqlardan Aİ-nın xeyrinə imtina etmək deməkdir. Bu tədbirlər avronu xilas etmək üçün vacib və təxirəsalınmaz tədbirlərdir. Bəs Avrozonaya daxil olmayan və gələcəkdə də ona qoşulmağı düşünməyən Böyük Britaniyaya bu, lazımdırmı? Britaniyalılar vergi, sosial siyasət və əmək qanunvericiliyi sahələrində mümkün qədər suveren qalmağa çalışıblar və çalışacaqlar. Funt-sterlinqi Avroya dəyişməkdən isə söhbət belə gedə bilməz. Britaniyalılar bu ideyanı başlanğıcdan rədd etmişdilər və onları buna peşman edəcək çox şey baş verməmişdir. Avrozonanın ÜDM-u yarandığı 1999-cu ildən bəri 20 faiz artmışdırsa, Britaniyada bu rəqəm 28 faizdir[9]. Bununla belə, Avronun güclü qalması onların da marağındadır. Adanın və Avropanın ən böyük maliyyə və biznes mərkəzlərindən olan Sitidə ticarət sövdələşmələrinin əhəmiyyətli hissəsi avro ilə aparılır. Ancaq, yuxarıda göstərilən tədbirlər on yeddi Avrozona üzvünü birləşdirən daha güclü bir qurumun yaranmasına, nəticədə Avropada güc nisbətinin dəyişməsinə gətirib çıxara bilər. Britaniya mühafizəkarlarının tribunası olan Deyli Teleqraf Krallığının burnunun ucunda on yeddilər klubunun, bir super-dövlətin yaranmasından narahatlıqla yazır[10].

 

Qeyd etmək lazımdır ki, hər şeydən öncə bu hərəkətliliyin arxasında Kameronun 2015, hətta 2020-ci ildə yenidən baş nazir seçilmək arzuları durur. Qısa perspektivdə Britaniya əhalisinin avroskeptik qismini və suverençi deputatları öz tərəfinə çəkmək üçün bundan asan vasitə ola bilməz. Bu gediş özlüyündə kifayət qədər risklidir. Aİ qaydalarına əsasən müqavilələrin (o cümlədən də üzvlük müqavilələrinin) yenidən müzakirəsi uzun və yorucu bir prosedurdur. Kameron referendumun 2015-ci il seçkilərindən sonrakı legislatura zamanı keçirilməsini istəyir. Onu da unutmaq olmaz ki, Edinburq müqaviləsinə əsasən 2014-cü ilin payızında Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalıb qalmayacağına aydınlıq gətirəcək referendum keçiriləcək. Bu referenduma həm də müstəqil olacağı təqdirdə Şotlandiyanın Aİ-na üzvlüyü ilə bağlı sual da daxil edilib. Avroskeptiklərin arqumentlərini gücləndirən maliyyə böhranı da əvvəlki qədər təlatümlü deyil və referendumadək nəzarət altına düşəcəyi mümkündür. Bütün bunlar referendum gününün siyasi mənzərəsinin bu günün siyasi mənzərəsindən nə qədər fərqli ola biləcəyi ehtimalının göstəriciləridir. Bundan əlavə, referendum ideyası reallığa çevrilsə də, çevrilməsə də biznes mühitində qərarsızlıq Britaniya iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu səbəbdəndir ki, şirkət rəhbərləri avroskeptik ritorikaya qarşı dözümsüzdürlər. Aİ Birləşmiş Krallığın əsas ticarət partnyorudur. Britaniya ixracının 50 faizi məhz Aİ-nın payına düşür.

 

Birləşmiş Krallığı böyük Avropada maraqlandıran əsas və bəlkə də yeganə şey vahid bazardır. Bunu Kameron da öz çıxışında təsdiq edir: “Avropa İttifaqının özəyini avro deyil, böyük bazar təşkil etməlidir”. Unutmaq olmaz ki, Maastrix müqaviləsilə yekunlaşan vahid bazar ideyasının müəllifi məhz britaniyalılardır. Odur ki, mühafizəkar deputatlar Norveç və İsvəçrənin misalında vahid Avropa bazarına çıxış imkanı verən sadə assossiasiya müqavilələri imzalamağı və digər müştərək siyasətlərdən çıxmağı təklif edirlər. Bu müqavilələr nə qədər cəlbedici görünsə belə, çox böyük çatışmayan cəhətə malikdirlər. Norveç və İsveçrə vahid bazarın qaydaları özlərinə tətbiq etsələr də, onların tərtib olunmasında iştirak etmirlər. Bunun isə suverençi məntiqinə nə qədər uyğun olduğu suallar doğurur. Aİ-nın ABŞ, Yaponiya, Sinqapur və Kanada ilə azad ticarət müqavilələri müzakirə etdiyini nəzərə alsaq, Böyük Britaniyanın 500 milyonluq bir bazardan asanlıqla imtina etməyəcəyini ehtimal etmək olar.

 

            Sonda bu nəticəyə gəlinir ki, Böyük Britaniya onu itirməkdən qorxan Aİ-dan yeni güzəştlər qoparmaq üçün ənənəvi oyununu oynayır. Avropa inteqrasiyasının son dalğası suverenliyin dayaq simvolları olan vergi və büdcəyə istiqamətlənib. Suverenliklərinə həddən artıq bağlı olan Britaniyalılar isə kövrək tarazlığı qoruyub saxlamaq üçün effektivliyini isbat etmiş köhnə metodlara əl atırlar. 



[1]Büdcəyə verdiyi büdcədən aldığından daha çoxdur

[2]Mane olmamaq şərtilə iştirak etməmə

[3]Almaniyanın «Die Welt» qəzetinə müsahibəsi, 11 yanvar  2013

[4]“Britain should stay in European Union, says Obama administration”, The Guardian, 10 yanvar 2013

[5]İbid.

[6]Dövlətin ölkə iqtisadiyyatına nizamlayıcı müdaxiləsi

[7]Almaniyanın «Handelsblatt» qəzetinə müsahibəsi, 28.12.12

[8]Si les Anglais sortent de l'UE, l’Europe sera vouée à sombrer dans les poubelles de l’Histoire, Filip Moro Defarj ilə müsahibə, http://www.atlantico.fr/, 04.11.2011

[9]Repères : Grande-Bretagne/UE, La Libération, 17.01. 2013

[10]Cameron to support plans for eurozone super-state, The Telegraph, 12.12.2012

 

Populyar xəbərlər