AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Strateji əməkdaşlığın qlobal əsəri: TANAP

 


 

Araz Aslanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Aaraşdırmalar Mərkəzinin (QAFSAM) Sədri

 

2013-cü ilin yanvar ayında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (Trans Anatolian Pipeline - TANAP) baxımından əhəmiyyətli hadisələr baş verdi. Əvvəlcə bir gün fasilə ilə Türkiyə prezidenti Abdullah Gül və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan TANAP-a dair hökumətlərarası müqavilə rəsmi olaraq qüvvəyə mindi. Daha sonra isə British Petrolium (BP) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında imzalanan çərçivə protokolu ilə BP-nin TANAP-a rəsmi ortaq olduğu açıqlandı.

 

Bu məqalədə TANAP-a dair vacib addımlara, imzalanmış sənədlərə, TANAP-ın xüsusiyyətlərinə, əhəmiyyətinə, həcminə və xərclərinə dair proqnozlara, tərəflərin mövqelərinə, TANAP ilə Nabucco arasındakı əlaqəyə qısaca nəzər salınacaqdır.

 

Çoxları üçün sürpriz olan TANAP ilə bağlı ilk addımlar 2011-ci ilin sonlarında atıldı. Əvvəlcə Azərbaycan-Türkiyə münasibətlərinin gəlib çatdığı mərhələnin ən yüksək göstəricilərindən biri kimi qəbul olunan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İzmirdə keçirilən birinci iclasından sonra iki ölkə arasında mövzuya dair əhəmiyyətli bir müqavilə imzalandı. 25 oktyabr 2011-ci il tarixində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin imzalanmasından bir müddət sonra mövzuya dair detallar da ortaya çıxmağa başladı.[1] ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev 17 Noyabr 2011-ci il tarixində, İstanbulda təşkil olunan 3-cü Qara Dəniz Enerji və İqtisadi Forumundakı çıxışında dinləyicilər və mətbuat üçün maraqlı bir sürpriz etdi: “Azərbaycan və Türkiyə, Anadolunun Şərq sərhədindən başlayıb Qərb sərhəddinə qədər uzanan və burada ilk dəfə adını açıqladığım “Trans-Anadolu Təbii Qaz Boru Kəməri” layihəsinə dair fəaliyyətlərə başlayıb”.[2] Beləcə ARDNŞ-nin prezidenti İzmirdə üstüörtülü şəkildə toxunulan qaz əməkdaşlığının konkret nəticələrindən birinin adını ilk dəfə açıqlamış oldu.

 

Abdullayev İstanbulda keçirilən 3-cü Qara Dəniz Enerji və İqtisadi Forumunda 3-cü Qara Dəniz Enerji və İqtisadi Forumundakı çıxışında planlaşdırılan xəttin həm “iddialı”, həm də “bənzərsiz” oduğunu qeyd edərək Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığını və Azərbaycan ilə Türkiyə arasındakı enerji ittifaqının “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması yoluna əhəmiyyətli bir addım olduğunu da vurğuladı.

 

Burada iki məqam çox əhəmiyyətli idi. Əvvəla, Türkiyə və Azərbaycan bir millətin iki dövləti olsa və ciddi siyasi, hərbi, iqtisadi, mədəni və s. əlaqələrə malik olsalar da, bu layihəyə qədər yalnız bu iki ölkənin təşəbbüsünün nəticəsi olan hansısa böyük layihə reallaşdırılmamışdı. Şübhəsiz ki, qlobal əhəmiyyətə də malik olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti[3], Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru xətti[4] və digər əhəmiyyətli layihələr reallaşdırılmışdı. Amma bu layihələrin reallaşdırılmasında ABŞ başda olmaqla Qərb dövlətlərinin və şirkətlərinin nə qədər əhəmiyyətli rol oynadıqları əksəriyyət üçün aydındır. Tamamilə Azərbaycan və Türkiyə tərəfindən ideya kimi ortaya atılan və sadəcə bu iki ölkənin resursları hesabına gerçəkləşdirilmə imkanı olan ilk qlobal miqyaslı layihə TANAP oldu. Rövnəq Abdullayevin TANAP-ın adını açıqladığı çıxışında mövzunu izah etməyə başlayarkən “bildirmək istəyirəm ki, biz Türk qardaşlarımızla razılığa gələrək yeni tranzit qaz boru kəməri layihəsinin həyata keçirilməsinə başladıq” ifadələrindən istifadə etməsi, yəni sadəcə “Azərbaycan və Türkiyə razılaşaraq” ifadələrindən istifadə etməsi mümkün olduğu halda “biz və qardaşlarımız” deyərək qardaşlıq faktını vurğulaması da bu konteksdə çox əhəmiyyətli idi.

 

Digər tərəfdən uzun illərdir gündəmdə olan Avropanın enerji təhlükəsizliyi və bu çərçivədə ortaya atılan “Cənub Qaz Dəhlizi”[5] düşüncəsinin reallaşdırılması istiqamətində, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropalı müttəfiqlərinin bu qədər səylərinə baxmayaraq, ciddi nəticələr əldə edilmirdi. Sadəcə Nabucco layihəsi üçün illərdir aparılan danışıqlara, kampaniyalara və fasiləsiz çoxşaxəli səylərə baxmayaraq, sadəcə cüzi irəliləyişin əldə oluna bildiyini xatırlamaq belə TANAP ilə əlaqədar prosesin böyüklüyünü görmək üçün kifayət edəcəkdir.

 

TANAP ilə bağlı ilk açıqlamaların ardından dünya mediasında mövzunun əhəmiyyətini vurğulayan və eyni zamanda bu prosesin Nabucconun taleyinə necə təsir edəcəyinə dair sualların da yer aldığı materiallar yayımlamağa başladı. TANAP Nabucconun rəqibi yoxsa dəstəkçisi idi? Bəlkə bunların ümumiyyətlə bir-biriylə əlaqəsi yox idi? İlk başda hər üç mövqeni də dəstəkləyən dəyərləndirmələr mövcud olsa da, daha sonra ümumi qənaət belə formalaşdı ki, TANAP Nabucco üçün faydalı bir addımdır. TANAP-ın Azərbaycan və gələcəkdə çox güman ki, ümumiyyətlə Xəzər bölgəsinin təbii qazını Türkiyənin qərb sərhədlərinə daşıması müəyyən mənada Nabucco-nun siyasi, iqtisadi və digər istiqamətləriylə əlaqədar problem yaşayan tərəflərin işini asanlaşdırdığı, artıq daha qısa və daha az riskli (eyni zamanda daha az xərcli) bir Nabucco-nun  inşa edilməsi ehtimalının yüksəldiyi vurğulandı.

 

Növbəti addım kimi, 2011-ci il dekabrın 26-da Ankarada Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında “Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu” imzalanmışdır. Memorandumu Azərbaycan tərəfindən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfindən isə Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalamışlar.[6] İmzalama mərasimindən sonrakı çıxışlarda İzmirdə imzalanmış müqavilələr də xatırladılaraq qeyd olunmuşdur ki, “Trans-Anadolu Təbii Qaz Boru Xətti” layihəsinə dair Memorandumun imzalanması ilə müstəqil boru kəmərinin inşası istiqamətində hazırlıq işlərinə başlanılması və iki ölkə tərəfindən təyin edilən ortaq Konsorsiumun təsis olunması üçün şərait yaranmışdır. Memoranduma əsasən ARDNŞ, Türkiyənin BOTAŞ və Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətləri yaradılan Konsorsiumun ilk tərəfdaşları olmuşlar. Sənəddə o da qeyd olunurdu ki, layihə üzrə aparılacaq işlər prosesində digər beynəlxalq enerji şirkətləri də Konsorsiuma daxil ola biləcəkdir.

 

Bu mərhələdə layihənin xərcləri və boru xəttinin həcminə dair açıqlamalar da verilirdi. Müxtəlif açıqlamalarda TANAP-ın xərcinin 6-7 milyard dollara çata biləcəyi qeyd olunur, həcmiylə bağlı olaraq isə çox vaxt illik 16 milyard m3 (nəzərə alaq ki, 2011-ci il oktyabrın 25-də imzalanan hökumətlərarası müqavilə “Şahdəniz-2” layihəsi çərçivəsində əldə ediləcək təbii qazın 6 milyard m3-lik hissəsinin Türkiyəyə satışına, 10 milyard m3-lik hissəsinin də Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına dair ilkin razılaşmanı nəzərdə tuturdu), bəzən də illik 24 milyard m3 rəqəmi gündəmə gətirilirdi. 2012-ci ilin yanvar ayının ortalarında isə xəttin həcminin illik 30 milyard m3-ə qədər artacağı, bunun da Nabucco üçün düşünülən həcmə (31 m3)  yaxın olduğu belə iddia edildi.[7]

 

TANAP ilə bağlı məlumatların mərhələli olaraq açıqlanmasında, rəqəmlərin da mərhələli olaraq yüksəldilməsində Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursundan qaynaqlanan Rusiyanı tam və sərt şəkildə qarşıya almamaq taktikasının də əhəmiyyətli rolunun ola biləcəyi düşünülür. Çox güman ki, Avropa Birliyi (AB) rəsmilərinin ilk başlardakı ehtiyatlı açıqlamaları və TANAP ilə bağlı müsbət mesajlarını sadəcə müəyyən addımlar atıldıqca (nəticələr əldə olunduqca) vermələri də həm bu səbəbdən, həm də AB-nin özünün də Nabucco prosesindən “ağızının yanmış olmasından” qaynaqlanırdı.

 

Nəhayət  26 İyun 2012-ci il tarixində İstanbuldakı Dolmabahçe Başbakanlık Çalışma Ofisində TANAP-la bağlı ən yüksək səviyyəli sənədlər imzalanmışdır.[8] Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar. Müqaviləni, şahid kimi, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da imzaladılar. Daha sonra BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzaladılar. Son olaraq isə Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti (The Trans Anatolian Gas Pipeline Company B.V.)arasında “Ev sahibi hökuməti müqaviləsi”ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzaladılar.[9] Beləcə TANAP-la bağlı yeni bir mərhələyə keçilmiş oldu.

 

İmzalanma mərasimindən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açıqlamalarında və jurnalistlərin suallarına verdikləri cavablarda ikitərəfli münasibətlərə, qarşılıqlı sərmayə qoyuluşlarına, xüsusilə Azərbaycanın Türkiyənin enerji sektoruna qoyduğu iri həcmli sərmayələr vurğulandı.[10] Ərdoğan, Azərbaycandan alınan təbii qazın həcminin 50 milyard m3-ə çıxarılmasının planlaşdırıldığını da açıqladı.

 

7 Noyabr 2012-ci il tarixində Rövnəq Abdullayev, ARDNŞ ilə BORAŞ və TPAO şirkətləri arasında imzalanan pay bölgüsü müqaviləsi ilə “TANAP Co.” şirkətinin qurulduğunu və Türkiyədə rəsmi olaraq fəaliyyətə başladığını elan etdi.[11]

 

Hüquqi prosesin son mərhələlərini isə yazımızın başında da qeyd etdiyimiz kimi TANAP-la bağlı hökumətlərarası razılaşmanın və əlavəsinin təsdiqini qanunların prezidentlər tərəfindən imzalaması təşkil etmişdir. Rəsmi adı ilə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında qanun  Azərbaycan parlamenti tərəfindən 20 noyabr 2012-ci il tarixində[12], “Türkiye Cumhuriyeti Hükümeti ile Azerbaycan Cumhuriyeti Hükümeti Arasında Trans Anadolu Doğal Gaz Boru Hattı Sistemine İlişkin Hükümetlerarası Anlaşma ile Eki Türkiye Cumhuriyeti Hükümeti ve The Trans Anatolian Gas Pipeline Company B.V. Arasında Trans-Anadolu Doğal Gaz Boru Hattı Sistemi Hakkında Ev Sahibi Hükümet Anlaşmasının Onaylanmasının Uygun Bulunduğuna Dair Kanun” isə Türkiyə parlamenti tərəfindən 2 yanvar 2013-cü il tarixində[13] qəbul edilmişdi. Türkiyə prezidenti Abdullah Gülün 16 yanvar 2013-cü il[14] (Türkiyədəki hüquqi proseduraya görə qanun yanvarın 17-də “Resmi Gazete”-də dərc olunaraq qüvvəyə minmişdir[15]), Azərbaycan prezidenti İlham Əliyevin isə 17 Yanvar 2013-cü il[16] tarixində öz ölkə parlamentlərinin qəbul etdiyi qanunları imzalamışdır.

 

Əlavə edək ki, bu son qərarlar AB tərəfindən də məmnuniyyətlə qarşılanmış və AB bu məmnuniyətini yazılı bəyanat verərək nümayiş etdirmişdir. Avropa Komissiyasının enerji üzrə komissarı Gunther Oettinger, yazılı bəyanatında “Cənub dəhlizinin həyata keçməsi istiqamətində əhəmiyyətli addımların atılmasından məmnuniyyət duyuram. Həm Türkiyə, həm də Azərbaycan TANAP layihəsini təsdiqlədi, beləcə artıq Azərbaycan qazının Avropa Birliyinə çatmasını təmin edəcək infrastrukturu qurmaq mümkün hala gəldi” deyə qeyd etmişdir.[17]

 

2013-cü ilin yanvar ayında Türk mediasına açıqlama verən ARDNŞ-in (SOCAR) Türkiyədəki şirkətinin rəhbəri Kenan Yavuz TANAP layihəsinin keçəcəyi xətdə nəzərdə tutulmayan dəyişikliklər baş verdiyi üçün tikinti xərclərinin təxminən 3 milyard dollar artacağını və beləliklə başlanğıcda 7 milyard dollar olaraq hesablanmış xərcin 10 milyard dollara yüksələcəyini bildirdi.

 

TANAP-ın rəsmi saytında verilən məlumatlara görə, ilk mərhələnin 2018-ci ildə tamamlanması gözlənilir. İlk mərhələdəki illik 16 milyard m3-lik təbii qazın 6 milyard m3-lik hissəsi Türkiyəyə göndəriləcək, 10 milyard m3-lik hissə isə TANAP ilə Avropaya Bolqarıstan və ya Yunanıstan sərhəddində təhvil veriləcək. Giriş nöqtəsi Türkiyə-Gürcüstan sərhəddindəki Türkgözü sərhəd məntəqəsi  olan 56 düyümlük xəttin, Avropaya çıxış nöqtələri Yunanıstan və ya Bolqarıstan sərhəddləri, Türkiyə içi çıxış nöqtələri isə Eskişehir və Trakya bölgəsi olacaq. TANAP üçün nəzərdə tutulan dörd mərhələnin ilki 2018-ci ildə ilk qazın axmasıyla reallaşacaq. 2020-ci ildə illik 16 milyard m3 olacaq həcmin, 2023-cü ildə 23 milyard m3-ə, 2026-cı ildə isə illik 31 milyard m3 səviyyəsinə çatdırılması planlaşdırılır.

 

TANAP üçün yaradılan konsorsiyumda ARDNŞ, BOTAŞ və TPAO ilk tərəfdaşlar olaraq iştirak edir. TANAP-da, Türkiyənin payı (BOTAŞ + TPAO) 20% təşkil edir. Başlanğıcda TANAP-ın 80%-i ARDNŞ-yə aid idi. Lakin, TANAP ilk gündəmə gəldiyi gündən etibarən böyük enerji şirkətlərinin layihəyə maraq göstərdikləri bildirilirdi. Daha sonra isə ARDNŞ-in ona aid olan hissələrin 51%-ni öz əlində saxlayaraq (yeri gəlmişkən Milli Məclis sədrinin müavini və parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri V. Ələsgərov Milli  Məclisin  20  noyabr  2012-ci  il tarixli iclasında   qeyd etmişdi ki, “sazişdə nəzərdə tutulubdur ki, Azərbaycan tərəfini təmsil edən Dövlət Neft Şirkətinin bu layihədə iştirak payı səhmdarların ümumi kapitalının 51 faizindən az ola bilməz”[18]), 29%-lik hissəsini Şahdəniz konsorsiumu içindəki ortaqları olan BP, Statoil və Total şirkətlərinə təklif etdiyi iddia edildi. Hətta əldə olunan razılığa görə, BP və Statoil şirkətlərinin layihədən 12%, Total şirkətinin isə 5%-lik hissə alacaqları da bildirildi.

 

Bunlardan BP-nin TANAP-a artıq rəsmi qaydada ortaq olduğu 23 yanvar 2013-cü il tarixində BP-nin Şahdəniz üzrə sədr müavini Aleksandr Cook tərəfindən açıqlandı. Cook, BP-nin icraçı direktoru Bob Dadlinin (Bob Dudley) 18 dekabr 2012-ci il tarixli Azərbaycan səfəri vaxtı TANAP-dan 12%-lik hissənin alınmasına dair çərçivə protokolunun imzalandığını bildirdi.[19]

 

Yekun fikir kimi, TANAP-ın təməlində əslində stratejik müttəfiqlik və qardaşlıq ruhunun yatdığını qeyd etmək mümkündür. Amma şübhəsiz ki, belə bir layihə ilə bağlı sənəd imzalanmasının və tez bir zamanda da layihənin reallaşdırılmağa başlanmasının ən əhəmiyyətli səbəbi Türkiyə və Azərbaycanın getdikcə güclənmələri, siyasi güclərini və iqtisadi imkanlarını artırmaları və özünə inam hissini yüksəltmələridir. Bundan sadəcə 10-15 il əvvəl bu cür layihələr üçün iqtisadi, siyasi və digər istiqamətlərdə xarici dəstəyə həddindən artıq ehtiyac duyan Azərbaycan və Türkiyə artıq özləri layihə ortaya qoya və reallaşdırmağa başlaya bilirlər (şübhəsiz ki, burada məqsəd xarici amili bütövlükdə kənara qoymaq deyil; Türkiyə və Azərbaycanın artan geosiyasi çəkilərinə diqqət çəkməkdir).

 

Bu layihə eyniylə BTC, BTƏ və Bakı-Tbilisi Qars layihələrində olduğu kimi Türkiyənin qlobal enerji oyununda əlini gücləndirəcək, bu da ümumi mənada Türkiyənin təhlükəsizliyinə ciddi töhfə verəcəkdir. TANAP ilə Türkiyə öz enerji asılılığını da əhəmiyyətli dərəcədə azaldacaq, ona həm bahalı həm də “naz” ilə təbii qaz satan Rusiya və İrana asılılıqdan müəyyən dərəcədə xilas olacaq, həmçinin mənbə müxtəlifliyini təmin edərək enerji təhlükəsizliyinə töhfə verəcəkdir.

 

Azərbaycan TANAP vəsiləsilə qlobal bazarlara çıxmaq üçün yeni bir imkana qovuşacaq və bir bağ ilə daha Türkiyəyə (oradan da Qərbə) bağlanacaqdır. Bu layihə ilə ümumi olaraq Xəzər regionunun təbii qazının (və Özbəkistan prezidenti İslam Kərimovun son Azərbaycan səfəri zamanı ortaya qoyduğu tələbləri də nəzər alsaq ümumən Orta Asiya təbii qazının) Qərb bazarlarına çıxarılması üçün əlavə fürsət yaranmış ola bilər (şübhəsiz ki, burada Transxəzər layihəsi ilə bağlı problemin həlli ya da alternativ yolların tapılması da zəruridir).

 



[1]Qeyd edək ki, həmin günlərdə yayılan rəsmi məlumatlarda bu müqavilənin adı bir qədər fərqli, daha qısa şəkildə qeyd olunmuşdu. Təbii olaraq yerli və xarici bütün kütləvi informasiya vasitələri də bu qısa addan istifadə etmişdilər. Bax: “Azərbaycan-Türkiyə sənədləri imzalanmışdır”, 25 oktyabr 2011, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı http://www.president.az/articles/3391 ; “PREZİDENTİN TÜRKİYƏ SƏFƏRİ: 14 SƏNƏD İMZALANIB”, 2011-10-26, Mediaforum, http://www.mediaforum.az/az/2011/10/26/PREZ%C4%B0DENT%C4%B0N-T%C3%9CRK%C4%B0Y%C6%8F-S%C6%8FF%C6%8FR%C4%B0-14-S%C6%8FN%C6%8FD-%C4%B0MZALANIB-092703637c00.html#.UQaIVh26dbI ; “Şahdeniz'de gaz imzası”, 26.10.2011, Sabah qəzeti (Türkiyə), http://www.sabah.com.tr/Ekonomi/2011/10/26/sahdenizde-gaz-imzasi ; “Turkey, Azerbaijan sign Shah Deniz gas accord”, Oct 25, 2011,http://in.reuters.com/article/2011/10/25/turkey-azerbaijan-gas-idINI7E7LI00F20111025

 

[2]“6 milyar dolarlık Trans Anadolu boru hattı Nabucco'ya rakip olacak, Akşam qəzeti (Türkiyə), 18 Noyabr 2011-ci il, http://www.aksam.com.tr/6-milyar-dolarlik-trans-anadolu-boru-hatti-nabuccoya-rakip-olacak--79612h.html

[3]Geniş məlumat üçün bax: “Baku-Tbilisi-Ceyhan Pipeline”, http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9006669&contentId=7015093; “Baku-Tbilisi-Ceyhan Pipeline Project”, http://www.azbtc.com/profile.html#333; “Kronoloji”, http://www.btc.com.tr/

[4]“Geniş məlumat üçün bax: “Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri”, http://new.socar.az/socar/az/activities/transportation/baku-tbilisi-erzurum-gas-pipeline; “South Caucasus Pipeline”, http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9006670&contentId=7015095;

[5]“Europe's southern gas corridor: The great pipeline race”, http://www.euractiv.com/energy/europes-southern-gas-corridor-gr-linksdossier-498558 ; Nicolò Sartori, “The European Commission’s Policy Towards the Southern Gas Corridor: Between National Interestsand Economic Fundamentals”, http://www.iai.it/pdf/DocIAI/iaiwp1201.pdf

[6]  “TransAnadolu Təbii Qaz Boru Xətti Memorandumu imzalanmışdır”, 26 dekabr 2011, http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/2011/12/26;  “Turkey, Azerbaijan sign agreement for new gas pipeline”, 26 December 2011, http://www.todayszaman.com/news-266756-.html ; “ENERJİ, SU KAYNAKLARI ve ÇEVRE HABER BÜLTENİ”, s. 2, http://www.mfa.gov.tr/data/Kutuphane/Yayinlar/EnerjiSuveCevreBulteni09.pdf;  “Turkey, Azerbaijan sign pipeline deal”, Dec. 28, 2011, http://www.upi.com/Business_News/Energy-Resources/2011/12/28/Turkey-Azerbaijan-sign-pipeline-deal/UPI-47091325071740/

[7]“Trans Anadolu Doğalgaz Boru Hattı'nın kapasitesi 30 milyar metreküpe çıkıyor”, Akşam qəzeti (Türkiyə), 21 yanvar 2012-ci il.

[8]“İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur, 26 iyun 2012, http://www.president.az/articles/5266

[9]“İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur, 26 iyun 2012, http://www.president.az/articles/5266

[10]“İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər”, 26 iyun 2012, http://www.president.az/articles/5270

[11]“TANAP Co. şirketi resmen faaliyete başladı”, 07.11.2012, http://www.1news.com.tr/azerbaycan/ekonomi/20121107030438286.html

[12]Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Sazişin təsdiq edilməsi haqqında, http://www.meclis.gov.az/?/az/law/371

[16]http://president.az/articles/7082; “President Ilham Aliyev ratifies Azerbaijani-Turkish agreement on TANAP project”, 18 January 2013, http://en.apa.az/news__president_ilham_aliyev_ratifies_azerbai_186221.html

[17]“Commissioner Oettinger welcomes ratification of TANAP gas pipeline agreement”, http://europa.eu/rapid/press-release_MEMO-13-16_en.htm

[18]“2012-ci il 20 noyabr tarixli iclasın stenoqramı”, http://www.meclis.gov.az/?/az/stenoqram/317

Populyar xəbərlər