AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Gezi Parkı Hadisələri və “Model Ölkə” Türkiyə
24.06.2013, Araz ASLANLI, Avropa

 

Araz Aslanlı, QAFSAM-ın Sədri

(Türkiye Türkçesinde http://www.qafsam.org/page/490/az)

“Soyuq Müharibə”nin başa çatması bir çox ölkə kimi Türkiyə üçün də çox sayıda qeyri-müəyyənliklər ortaya çıxardı. Bu qeyri-müəyyənliklər müəyyən qədər Türkiyə daxili siyasəti və iqtisadiyyatı, amma daha çox Türkiyənin xarici siyasəti ilə bağlı idi. “Soyuq Müharibə”nin sabit şərtlərinə uyğunlaşmış xarici siyasətin bundan sonra necə olacağı ilə bağlı suallar ortaya çıxdı. Bəzilərinin fikrincə Türkiyə üçün ciddi imkanlar ortaya çıxmışdı və bundan istifadə edilməli idi. Bəziləri isə risklərin və Türkiyənin problemlərinin çoxluğunu irəli sürərək ehtiyatlı olmağın tərəfdarı idilər. Beləliklə, SSRİ-nin (eləcə də Yuqoslaviyanın) parçalanması Türkiyə üçün yeni nüfuz sahələri ortaya çıxarsa da, bir yandan Türkiyənin bu sahələrlə bağlı siyasəti qeyri-müəyyən idi, digər yandan isə Türkiyənin bu boşluğu doldurmaq imkanları ilə bağlı ölkə daxilində də mübahisələr mövcud idi. Dövlətin müxtəlif qurumlarındakı (xüsusilə Xarici işlər nazirliyindəki) geniş səlahiyyət sahibləri içərisində Nustafa Kamal Atatürkün “Yurdda Sülh, Cihanda Sülh” prinsipini, “mümkün qədər bütün beynəlxalq məsələlərdən uzaq durmaq” və “Türkiyənin başını dərdə soxmamaq” kimi izah edənlərin sayı heç də az deyildi. Digər tərəfdən “Türkiyənin sərhədlərini Edirnədən ya da Iğdırdan qorumaq mümkün deyil” və “fəal xarici siyasət milli təhlükəsizlik baxımından zəruridir” deyənlər də mövcud idi ki, bunlar Türkiyə Xarici işlər nazirliyinin əməkdaşlarından çox siyasətçilər və tədqiqatçılar arasında üstünlük təşkil edirdilər.

   

Bununla bərabər “Soyuq Müharibə”dən dərhal sonra Türkiyənin “model ölkə” olduğuna dair fikirlər də səsləndirilirdi. Türkiyənin və yeni müstəqil olmuş Türk respublikalarının daxilində də tərəfdarı olan bu fikrin əslində ABŞ-ın istəyi olduğu iddia edilirdi. Türkiyənin dünyəvi Türk-Müsəlman dövləti imici ilə yeni sistem axtarışında olan Azərbaycan və Orta Asiya dövlətləri üçün nümunə ola biləcəyi və bunun da regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün imkanları artıracağı qeyd olunurdu. AK Parti (Adalet ve Kalkınma Partisi - Ədalət və İnkişaf Partiyası) iqtidarı ilə birgə buna “mülayim siyasi İslam” amili də əlavə olundu və Türkiyənin daha geniş coğrafiya üçün (təxminən bütün İslam dünyası üçün) model ola biləcəyi qeyd olunmağa başlandı.

 

Bəs Türkiyə buna nə qədər hazır və layiq idi? Doğurdan da, “Soyuq Müharibə”dən sonrakı mənzərədə Türkiyə müasir, insan hüquqlarına və azadlıqlara ən çox hörmət edən, ən demokratik “Müsəlman dövlət” (bu ifadə şərtidir və əhalisinin çoxu özünü Müsəlman adlandıran ölkələr nəzərdə tutulur) idi. Təbii ki, qüsurları da yox deyildi. Əvvəla, Türk demokratiyasının (daha doğrusu respublikanın-cümhuriyyətin) quruluş mərhələsi müəyyən təzadlara malik idi: işğalçılara qarşı müharibə (Kurtuluş Savaşı) və rejim dəyişikliyi (xilafətdən respublikaya keçiş) təxminən eyni vaxtlarda getdiyi üçün əslində respublika ümumxalq hərəkatının nəticəsi kimi yox, tək liderin (Mustafa Kamal Atatürkün və cüzi tərəfdarlarının) istəyi nəticəsində formalaşdırılmışdı. Yəni, yerləşdiyi regionda müsbət mənada fərq yaradan, cəmiyyətini irəliyə aparan və digərləri üçün (hətta şimal qərbindəki bəzi dövlətlər üçün də) model sayıla biləcək sistem əslində hamının (ya da çoxluğun) istəyi ilə qurulmamışdı. Respublikanın quruluşunun ilk illərində tək adam idarəetməsi, Anadolu ilə bağlı planları tam reallaşmayan İngiltərə və Fransa tərəfindən dəstəklənən bəzi etnik və dini təmayüllü hərəkatların sərt metodlarla qarşısının alınması cəmiyyətdəki bəzi qruplarda sistemdən kənarda qalmaq hissi (və eyni zamanda revanş üçün fürsət gözləmək psixologiyası) yaratmışdı.

 

Digər tərəfdən Türk ictimai-siyasi həyatında çox ciddi hərbi çevriliş (“darbe”) abu-havası mövcud idi. 1992-ci ildə Türkiyəyə ilk dəfə gedərkən ən çox diqqətimizi çəkən məqamlardan biri də məhz “darbe” ehtimalı, qorxusu və arzusu ilə yaşayanların cəminin əhalinin əksəriyyətini təşkil etməsi idi. Bu, Türk demokratiyasına kölgə düşürürdü. Eyni zamanda bu amil, çoxpartiyalı siyasi həyata keçildikdən sonra demokrasik sistemin işləyişində dəfələrlə (1960 və 1980-ci illərdə hərbi çevriliş, 1971 və 1997-ci ildə çevriliş təşəbbüsü ilə hakimiyyət dəyişikliyinin təmini) fasilələr yaratmışdı.

 

Yeri gəlmişkən Türkiyədə demokratiyanın minimum prinsiplərinin daim gözlənməsi, yəni cüzi istisnalar yaşansa da müəyyən olunmuş vaxtlarda, ədalətli və azad seçkilərin keçirilməsi, hakimiyyətin seçkilər yolu ilə dəyişməsi bu ölkənin model ölkə kimi mövqeyini gücləndirirdi. Digər tərəfdən parlament üsul idarəsindən qaynaqlanan çoxpartiyalı hökumətlərin formalaşması, hökumətlərin tez-tez dəyişməsi və seçkilərin də çox vaxt rəsmi olaraq nəzərdə tutulduğundan daha tez keçirilməsi siyasi qeyri-sabitlik görüntüsünün yaranmasına səbəb olurdu. Bir digər mənfi məqam cəmiyyətdə bəzən artan və 1970-ci illərin ikinci yarısında da olduğu kimi az qala vətəndaş müharibəsi hədinə çatan ideoloji qütbləşmə idi. Ancaq 1990-cı illərdə artıq bu məqam kifayət qədər arxa plana keçdiyindən əsas problem siyasi qeyri-sabitlik idi.

 

Türkiyə digər “Müsəlman dövlətlər” və bəzi cənub-şərqi Avropa ölkələri ilə müqayisədə xeyli irəlidə olsa da insan hüquq və azadlıqları ilə bağlı vəziyyət Qərb standartlarından geridə idi. Bura fərdi azadlıqlarla bağlı məsələlər də daxil idi, milli azlıq hüquqlarına ya da dini azadlıqlara dair məsələlər də... Azadlıqların “milli maraqlar” naminə məhdudlaşdırılmasına etiraz nadirən də olsa hətta “xəyanət” kimi qəbul edilirdi.

 

Model ölkə olmaq üçün zəruri olan istiqamətlər arasında yer alan iqtisadiyyat baxımından da  vəziyyət də bir yandan müsbət, digər yandan isə qeyri-sabit idi. Türkiyə liberal iqtisadi modeli ilə digər sahələrdə olduğu kimi iqtisadiyyatı ilə də xeyli müsbət imicə malik idi. Xüsusi ilə Turqut Özalın liderliyində həyata keçirilən və bəzən qanun pozuntuları və korrupsiya ilə də müşaiyət olunan iqtisadi sıçrayış Türkiyənin kənd təsərrüfatı ölkəsindən sənaye və turizm ölkəsinə çevrilməsində əhəmiyyətli rol oynamışdı. Ancaq sərmayə (kapital) problemi, Beynəlxalq Valyuta Fondu başda olmaqla maliyyə mərkəzlərindən asılılıq və qeyri-sabitlik Türk iqtisadiyatının ciddi əskiklikləri arasındaydı. Təsadüfi deyildir ki, 1990-cı illər Türkiyədə inflyasiyanın çox yüksək olduğu illər kimi yadda qalmışdı. 1991-ci, 1994-cü və 2001-ci ildəki iqtisadi böhranlar sosial iqtisadi vəziyyəti gərginləşdirməklə bərabər bir yandan Türkiyənin model ölkə olmaq mövqeyinə, digər yandan isə xarici siyasətdə manevr qabiliyyətinə mənfi təsir edirdi.

 

Silahlanma imkanlarına görə bəzi “Müsəlman dövlət”lər Türkiyədən irəlidə olsalar da Türkiyə hərbi gücü və hərbi sistemi baxımından da İslam və Türk dünyası üçün nümunə təşkil edə biləcək mövqeyə malik idi. Soyuq müharibədən sonra qlobal təsir gücünə malik tək təhlükəsizlik ittifaqı kimi qalan NATO-nun üzvü olması da Türkiyə üçün bir üstünlük idi. Amma hərbi sənayesinin arzu edilən səviyyədə olmaması, hərbi texnologiya idxalatında xüsusilə ABŞ və İsraildən həddindən artıq dərəcədə asılılıq Türkiyə üçün mənfi məqamlar kimi qiymətləndirilirdi.  

 

Türkiyənin model ölkə kimi mövqeyini gücləndirən amillərdən biri də bu ölkədə dinə münasibət, dinin cəmiyyətdə və siyasi həyatda oynadığı rola dair müsbət düşüncə idi. Müxtəlif dini qrupların (məzhəb, təriqət və icmalar) mövcud olduğu bu ölkədə əsasən Türkiyə Müsəlmanlarının digər ölkələrlə müqayisədə daha çox mühakimə etməyi xoşladığı, daha çox dəyərlərə və haqqa önəm verdiyi, dini dəyərlərini maraqlara qurban vermədiyi, heç bir fərq qoymadan dünyanın hər yerindəki Müsəlmanların dərdlərinə şərik olmağa çalışdığı və s. qəbul olunurdu. Dini baxımdan mənfi məqamlar kimi bir yandan əksəriyyət və eləcə də xaricilər tərəfindən “radikal” olaraq qəbul edilən icmaların mövcudluğu (hansı ki, bunların bəziləri digər qrupların varlığını belə qəbul etmirdilər və öz həyat tərzlərini zorla hamıya qəbul etdirmək istəyirdilər), digər yandan isə hicablılara qoyulan qadağalar (eləcə də ali təhsil müəssisələrində təhsil almalarına məhdudiyyətlər, seçilmiş hicablı millət vəkilinin parlamentin işində iştirakına məhdudiyyət və s.) diqqət çəkirdi.

  

Türkiyənin model ölkə kimi mövqeyini gücləndirən ən vacib istiqamətlərdən biri Türk mediasının vəziyyəti idi. Digərləri ilə müqayisədə media ən uğurlu (sırf ideoloji xəttə malik olan kütləvi informasiya vasitələri mövcud olsa da) sahə idi. Operativlik, azad olmaq və obyektivlik baxımından Türk mediası nəinki Müsəlman və Türk dünyası üçün, eləcə də uzaq şərqən ən qərbə qədər dünyanın bir çox digər ölkəsi üçün nümunə ola biləcək səviyyədə idi. Mediadakı nüfuzlu jurnalistlərin (köşə yazarlarının) qəzetlərin sahibi olan iş adamlarının və hökumətin (eləcə də müəyyən mərhələlərdə ordunun) gücü qarşısında müstəqilliyini daim qoruya bilməsi medianın nüfuzunu artırıdı. Digər tərəfdən koalisiya hökumətləri qurulduğu və bu hökumətlərin də ömrü uzunmüddətli olmadığı üçün iqtidar təzyiqlərinin ömrü də uzun olmur, bu da medianın müstəqilliyini qoruması üçün əlavə imkan yaradırdı.   

 

2002-ci ildə, yəni AK Parti hakimiyyətə gəlmədən az öncə iqtisadi və qeyri-sabitlik artmış, 1990-cı illərin nüfuzlu siyasi partiyaları olan Ana Vətən Partiyası (ANAP) və Demokratik Sol Partiya (DSP) ciddi nüfuz böhranı yaşayır, Doğru Yol Partiyası (DYP) və Milliyətçi Hareket Partiyası (MHP) isə əvvəlki mövqelərindən xeyli uzaqlaşmışdılar. Nəcməddin Erbakanın liderliyindəki siyasi xəttin son partiyası olan Fazilet Partiyasının Anayasa Məhkəməsinin qərarı ilə 2001-ci ildə bağlanmasından sonra bu partiyadakı “yenilikçi qanad”ın iştirakı ilə Recep Tayyip Erdoğan liderliyində qurulan AK Parti bu fürsəti yaxşı dəyərləndirdi və 3 noyabr 2002-ci ildəki parlament seçkilərində 34,63% səs toplayaraq qələbə çaldı. DYP və MHP-nin bu seçkilərdəki uğursuzluqları fonunda parlamentdə AK Parti ilə birgə sadəcə Cumhuriyet Halk Partisi (CHP) təmsil oluna bildi. Növbəti proseslərdə siyasətini uğurlu quran AK Parti o tarixdən etibarən Türkiyədə keçirilən bütün seçkilərdə (yerli orqanlara keçirilən seçkilər və referendum da daxil olmaqla) qələbə çalaraq üstünlüyünü möhkəmləndirdi.

 

AK Partinin hakimiyyəti illərində Türkiyənin model ölkə imici uzun müddət boyunca daim güclənmə xəttinə malik oldu. Hüquqi islahatlar, iştirakçılığın artması, hərbi çevriliş vərdişinə qarşı müqavimət və demokratiyanın fasiləsizliyinin təmini istiqamətində, eləcə də milli və dini çoxsəsliliklə bağlı ciddi addımlar atıldı. Türkiyə “yumuşaq güc” kimi qəbul olunan media, kino və s. sahələrdə də xeyli irəliyə getdi (ədalət naminə qeyd etmək lazımdır ki, bu yüksəliş AK Parti hakimiyyətindən öncə başlamışdı və AK Parti hakimiyyəti illərindəki yüksəliş də birbaşa bu partiya ilə bağlı deyildi). PKK terroru ilə bağlı “çözüm süreci” (“həll prosesi”) kimi adlandırılan proses də bütün tənqidlərə və risklərə (hətta Türkiyəni bölünməyə götürəcəyinə dair iddialara) rəğmən yaxın xaricdə Türkiyənin bu problemin də öhdəsindən gələrək daha da güclənəcəyinə dair düşüncə formalaşdırdı.

 

Son 10 ildə Türkiyə iqtisadiyyatı da müqayisəli olaraq xeyli uğurlu yol keçdi. Hakimiyyətin şişirdiyi müsbət, müxaliflərinin şişirdiyi mənfi istiqamətli rəqəmləri bir kənara qoyaraq, Türkiyənin ən azı iqtisadi sabitliyi təmin etdiyini, qlobal iqtisadi böhranların yaşandığı mərhələləri belə minimum zərərlə keçdiyini qeyd etmək mümkündür. Sadəcə son günlərdə bu istiqamətdə müəyyən problemlər yaşanmağa başlayıb ki, bu da xeyli dərəcədə qlobal proseslərlə bağlıdır.

 

AK Parti hakimiyyəti dövründə Türkiyə xarici siyasətdə xeyli fəallaşdı. Xüsusilə Əhməd Davutoğlunun Xarici işlər naziri olduğu dövrdə mübahisəli “sıfır problemli xarici siyasət”anlayışına rəğmənmüxtəlif istiqamətlərdə uğur qazanıldı. İnsan mərkəzli, liberal ritorikaya malik olan, ədalət vurğusunu ön plana çıxaran xətt dünyada simpatiya qazandı. Baş nazir Erdoğan və digər ölkə rəsmiləri Fələstin problemi və Qarabağ problemi başda olmaqla İslam dünyasının vacib məsələlərini sadəcə ikitərəfli görüşlərdə deyil, beynəlxalq təşkilatların tədbirlərində də gündəmə gətirdilər. Türkiyə xüsusilə Balkan regionunda və Yaxın Şərqdə öz üstünə əhəmiyyətli missiyalar götürməyə başladı. Klassik Qərb bloku ölkəsi imicindən Davutoğlunun ifadəsi ilə desək, “mərkəz ölkə” mövqeyinə keçməyə başladı. Türkiyə daimi üzvü olmağı strateji hədəf kimi müəyyənləşdirdiyi BMT-nn Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və növbəti mərhələ üçün yenidən iddialıdır.  Şübhəsiz Türkiyə “hamı ilə dost olmağa çalışmağın” xarici siyasət baxımından məntiqsizliyinin risklərini də yaşadı. Amma Suriya böhranına qədər Türkiyənin regional və qlobal nüfuzunun artması ümumi qəbul olunan məqamdır.

 

Beləliklə, son 10 ildə Türkiyə daxili siyasəti, hüquqi islahatları, iqtisadiyyatı və qlobal iddiaları ilə Türk və İslam dünyası üçün model ölkə mövqeyini xeyli gücləndirdi. Ancaq Türkiyənin mövqeyinin bu qədər güclənməsini istəməyənlər təbii ki, fürsət gözləyirdilər və Türkiyə özü bir mənada onların “dəyirmanına su tökməyə” başladı. Əvvəla, bu 10 ildə hər il getdikcə artan suallar da mövcud idi. “Gezi parkı” hadisələri bu gedişat baxımından müəyyən mənada qırılma nöqtəsi sayıla bilər. Məsələ isə sadəcə son hadisələrdə etirazçılara qarşı həddindən artıq güc tətbiq edilməsi deyil.

 

Ak Parti hərbi çevriliş təşəbbüslərinə müqavimət göstərərək, hətta çevrilişlə bağlı düşünənləri belə “zərərsizləşdirərək” demokratik sistemin fasiləsizliyini təmin etdi. Amma belə bir görüntü var ki, AK Parti sadəcə demokratik sistemin deyil, iqtidarının da fasiləsizliyini təmin etməyə çalışır. Hətta hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirən hərbçilər belə iqtidarı qısa müddət sonra seçkilər yolu formalaşdırılmış hökumətlərə təhvil veriblər. Amma bəzilərinə görə hazırda Türkiyədə iki dünya müharibəsi arasında (qurtuluş savaşından sonra və cümhuriyyətin quruluşu zamanı) mövcud olan tək partiyalı sistemin xarakterinə uyğun bəzi addımlar atılmağa başlanıb. İqtidarın əleyhinə olanlar barədə məhkəmələr keçirilmədən insanların 5-6 il kimi uzun müddət həbsdə saxlanılması (hansı ki, onların içində haqqında iddia qaldırıldığı zaman xaricdə olduğu halda ölkəyə qayıdıb gələn və qaçmaq ehtimalı çox zəif olanlar da var) və iqtidara yaxın olanlar haqqındakı ciddi iddiaların hüquq mexanizmini hərəkətə keçirməməsi (“Deniz Feneri” işində olduğu kimi) isə cəmiyyətdə etiraza səbəb olduğu kimi xaricdə də Türkiyənin imicinə mənfi təsir edir.

 

AK Parti hakimiyyəti illərində güclənən iqtisadiyyata paralel olaraq hərbi sənayenin inkişafı ilə bağlı da ciddi addımlar atıldı. Quru, dəniz və hava qüvvələrinin özünü hərbi texnologiya ilə təmini istiqamətində nəticələr əldə edildi. Ordunun peşəkarlaşması ilə bağlı planlar hərbi manevr qabiliyyəti baxımından müsbət məqam kimi diqqət çəksə də, ordu rəhbərliyinin (sadəcə keçmiş Baş Qərargah Rəisi də daxil olmaqla istefada olanların yox, vəzifəsini icra edən çox sayıda zabitin də) həbs edilmələri Türk ordusunun hərbi imkanlarını məhdudlaşdıran məqam kimi qiymətləndirilir. 

 

İqtidar partiyasının liderlərinin əksəriyyətinin ritorikası da nümunə olmaq istəyən demokratik ölkənin yox, avtoritar sistemə malik ölkə rəsmilərinin ritorikasına oxşamağa başlayıb. Məsələn, dövlət qulluqçularını liderin, hökumətin ya da partiyanın adamı kimi görülür və o şəkildə xitab edilir; iqtidar mənsubları ölkədəki problemlərlə bağlı səlahiyyət sahibləri kimi məsuliyyəti öz üstlərinə götürmək əvəzinə mütəmadi olaraq müxalifəti gühanlandırırlar, bununla təzad təşkil edəcək şəkildə də daim müxalifətin zəif olmasından şikayət edirlər və s.

 

Türkiyədə çoxpartiyaslı siyasi həyata keçildikdən sonra adətən daxili siyasi proseslərdə tərəf olmayan dövlət qulluqçularının (məmurların - hansı ki, təyinatları özünəməxsus qaydalarla həyata keçirilir və hökumətin yox dövlətin məmuru statusuna malikdirlər) “hökumətin adamı” kimi hərəkət etməyə başlamaları, öz səlahiyyətlərindən hakim partiyanın xeyrinə istifadə etmələri, hətta bunun seçki proseslərində də müşahidə olunması da Türkiyənin “model ölkə” imicinə zərər verir.

 

Hakim partiya cəmiyyət üçün xeyli faydalı addımını, həyatın hər sahəsinə avtoritarcasına müdaxilə görüntüsü və geniş kütlələrin mövqeyini nəzərə almaq ehtiyacı hiss etməmək ritorikası ilə kölgədə qoymağa başlayıb. “İçki qanunu”, Avropa ilə Asiyanı birləşdirəcək 3-cü körpünün adı və nəhayət Topçu kazarmasının yenidən tikilməsi (hansı ki, Gezi parkı hadisələrinin başlama səbəbi kimi qeyd olunur) məsələsində rəsmilərin açıqlamaları, eləcə də teleserialların mövzuları və ailələrin neçə uşaqlı olmalarına dair açıqlamalar bunu açıqca göstərirdi.

 

Xüsusilə son hadisələr fonunda qabarıq şəkildə ortaya çıxan başqa bir məqam da Türk mediasının düşdüyü vəziyyət idi. Son illərdə həbsxanalardakı jurnalistlərin sayının artması (səbəbləri barədə iqtidar və müxalifət fərqli fikirdə olsalar da), hakim partiyanın liderlərinin media ilə bağlı ritorikası (məsələn, Baş Nazir Erdoğan dəfələrlə jurnalistləri bir başa hədəfə götürən açıqlamalar verib. Bir neçə dəfə isə media orqanının sahiblərini jurnalistin yazdığı yazıya görə təndiq edib və hətta köşə yazarlarını işdən çıxarmağa çağırıb: “Ben buradan o medya patronuna 'yazıklar olsun' diyorum. Bu adamları köşe yazarı olarak nasıl tutuyorsunuz?” və yaxud da “Şimdi bir patron ki kendi yazarlarıyla baş edemiyor. Böyle bir şeyi vatandaşın kabullenmesi mümkün mü?” şəklində ifadələr işlədib) hətta hökumətə yaxın media orqanlarında belə tənqid edilib. Təzyiqlər nəticəsində NTV, Milliyet, Hürriyet kimi nüfuzlu media orqanlarında işləyən bəzi araşdırmaçı jurnalistlər işlərindən uzaqlaşdırılıblar. Son hadisələrdə isə Türk mediasının (xüsusilə televiziyaların) uzun müddət etirazlarla bağlı məlumatları  yaymaması ya da obyektivlikdən uzaq şəkildə yayması cəmiyyətdə mediaya etirazları artırdı, media orqanlarının ofisləri qarşısında etiraz mitinqləri təşkil edildi.

 

İqtidar ritorikasında demokratiyanın “sadəcə səsvermə prosesindən ibarət hesab edilməyə başlanması” ya da demokratiyanın “sanki sadəcə çoxluğun mütləq hakimiyyəti” imiş kimi  izah edilməyə çalışılması da bu sahədəki müasir anlayışlara uyğun gəlmədiyi kimi Türkiyənin imicinə də zərər verir.

 

Bir tənqid də Türkiyəki “mülayim dindar” kütlənin digər bəzi “Müsəlman dövlət”lərdə olduğu kimi həddindən artıq hakimiyyət ehtirasına sahib olmağa başlaması və iqtisadi maraqlarının aludəçisinə çevrilməsidir. Bu vəziyyətlə bağlı narahatlıq Baş nazirin müavini Bülent Arınç tərəfindən səsləndirilsə (“Biz kimiz, ne yapıyoruz, nasıl yapıyoruz, yapmadıklarımız var mı, mevki makam peşinde miyiz, birilerinin bizi sarsması lazım. Birilerinin yüzümüze bakarak, ‘Yanlış yapıyorsun, Rabbimizin bize gösterdiği budur’ demesi lazım. Bize kalırsa biz bundan uzağız. Ahiret, hesap günü var ve mutlaka hesaba çekileceğiz”) də Türkiyədəki geniş bir təbəqənin 1990-cı illərdəki “haqq”, “ədalət” və “axirətdə hesab vermə qorxusu” ilə bağlı şüarlarını çoxdan unutmuş olduqları görünür. 

 

Və nəhayət “Gezi parkı hadisələri”ndə təhlükəsizlik qüvvələrinin vətəndaşlara sərt müdaxilələri ilə bağlı yayılan görüntülər Türkiyənin imicinə kölgə düşürən ən ciddi amillərdən biri oldu. Bu görüntülərin bir qisminin saxta olması, etirazların bəzən hüquqi müstəvidən kənara çıxması, bəzi radikal qrupların polisə qarşı güc tətbiq etməsi və polisi təhrik etməsi (ki, bunlar illərdir baş verir və adətən polis onlara qarşı güc tətbiq edir), polisin yorğun və yuxusuz olduğuna dair açıqlamalar əsas məqamı dəyişdirməyə kifayət etmədi: Rəsmi və bəzi mülki geyimli polislər vətəndaşlara qarşı hüquqa zidd şəkildə zor tətbiq etmişdilər və telekommunikasiya imkanlarının indiki səviyyəsində iqtidardan çəkinən Türk mediasının bu barədə obyektiv məlumat yaymaması “Türkiyənin imicini qorumaq” üçün kifayət etməmişdi.

 

Digər tərəfdən, əvvəlcə prezident Abdullah Gülün, daha sonra Baş nazirin müavini Bülent Arıncın və daha sonra Baş nazir Erdoğanın etirazçıları təmsil edən müxtəlif heyətləri qəbul etməsi, danışqlar aparılması və bəzi səhvlərə görə üzr istənilməsi müsbət məqamlar kimi diqqət çəkdi. Bundan əlavə Türkiyənin maraqlı kütləvi etiraz formalarıyla müəyyən dərəcədə yenə nümunə ola biləcəyi də qeyd olunur. Amma ümumən Gezi parkı hadisələri Türkiyəni imicinə mənfi təsir etdi.  

 

Beləliklə, “Soyuq müharibə”dən sonra “model ölkə” kimi göstərilən Türkiyə AK Partinin hakimiyyəti illərində bu mövqeyini daha da gücləndirdi. Amma son illərdə yol verilən səhvlər və bir mənada da bu səhvlərinin cəmindən qaynaqlanan partlayış kimi də qiymətləndirilən “Gezi parkı hadisələri” Türkiyənin imicinə ciddi zərər verdi. Gələcək illər üçün istər iqtisadiyyatda, istərsə də regional və qlobal məsələlərdə iddialı olan Türkiyənin imiclə bağlı hansı istiqamətə gedəcəyi yenə də əhəmyyətli dərəcədə AK Partinin və xüsusilə onun lideri Erdoğanın verəcəyi qərarlardan asılı olacaq.

 

Populyar xəbərlər