AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiya Federasiyasının Xəzərdən Suriyaya hərbi zərbələr endirməsi qüsurlu və riskli davranışdır
02.12.2015

 

Araz Aslanlı

 

Son günlərin aktual mövzularından biri də Rusiya Federasiyasının Xəzər dənizindən Suriyaya hərbi zərbələr endirməsidir. Bununla bağlı müxtəlif versiyalar, ehtimallar irəli sürülür. “Rusiya Federasiyasının bu hərəkəti Suriyadakı proseslərə necə təsir edəcək” sualının cavabı mürəkkəb olsa da Rusiya Federasiyasının Xəzər dənizindən Suriyaya hərbi zərbələr endirməkdə israr etməsinin qüsurlu davranış olduğu şübhə doğurmur. Şübhəsiz ki, Rusiya Federasiyası bununla ilk növbədə Xəzəryanı dövlətlərə və bu dövlətlərə xoş münasibətlərə malik olan digər güclərə “imperial mesajlar” verməyə çalışır. Çünkü Rusiya Federasiyasının Suriyadakı hərbi əməliyyatları bu ölkədəki hərbi bazalarından və Aralıq dənizindəki hərbi gəmilərindən həyata keçirmək imkanına malikdir. Amma xüsusi olaraq Xəzər dənizindən də həyata keçirməyə çalışır və bu mövqeyində də israr edir.

 

Rusiyanın bu addımının hüquqi tərəfinə gəldikdə, bunu mütləq şəkildə qadağan edən xüsusi bir sənəd yoxdur. Bu ümumən Xəzərin hüquqi statusuna dair yekun sənədin mövcud olmamasından qaynaqlanır. Amma ortada bəzi sənədlər və indiyə qədər açıqca ortaya qoyulmuş mövqelər var.

1. Əvvəla Rusiya və İran müzakirələrin əksəriyyətində deyiblər ki, Xəzərin hərbi məqsədlər üçün istifadəsinə qarşıyıq. Hətta bəzən açıq, bəzən də üstüörtülü şəkildə Azərbaycan və Qazaxıstanı tənqid ediblər (bəzən də üstüörtülü şəkildə hədələyiblər) ki, guya bu ölkələr Xəzərdən hərbi məqsədlər üçün istifadə etməyə çalışır. Rusiyanın indiki addımı bu mövqeyə ziddir.

 

2. 2010-cu ildə Bakıda keçirilən Xəzər Sammiti zamanı Xəzəryanı ölkələr arasında Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bu sazişin Giriş hissəsində belə qeyd edilmişdir ki, “Bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan regional təhlükəsizlik və sabitliyə, Xəzər dənizinin müstəsna olaraq sülh məqsədi ilə istifadə olunmasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə töhfə verilməsinə hazırlıqlarını ifadə” edirlər, eləcə də “Xəzər dənizini sülh, sabitlik, dostluq və mehriban qonşuluq dənizi elan” edirlər. Rusiyanın hərəkəti bu sazişin ruhuna açıqda ziddir.

 

29 sentyabr 2014-cü il tarixdəki Həştərxandaki Xəzər Sammitində qəbul olunan birgə bəyannamədə də qeyd edilib ki, Xəzər sülh dənizi olsun, sadəcə dinc məsədlər üçün istifadə olunsun. Bu son birgə bəyannaməyə də ziddir.

 

SSRİ-nin dağılmasından sonra ortaya çıxan yeni durumla bağlı bir sənədin imzalanmaması və açıqca müddəaların olmaması kimi məqamlardan yola çıxaraq kimlərsə deyə bilər ki, Rusiyanı mütləq şəkildə rəsmi olaraq günahlandırmaq üçün hüquqi baza yoxdur. Amma yuxarıda qeyd olunan məqamlar Rusiyanın ən yumşaq ifadə ilə xoş niyyətli olmadığını, ümumi prinsiplərə və özünün də imzaladığı dövlətlərarası sənədlərə zidd davrandığını göstərir.

Bundan əlavə bir məqamı da qeyd etmək olar ki,

3. Hətta Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişin giriş hissəsində və Həştərxan Sammitindəki birgə bəyannamədə həmin məqamlar olmasaydı belə;

4. Hətta Rusiya əvvəllər Xəzərin hərbi məqsədlər üçün istifadəsinə qarşı çıxmasaydı belə

 yenə də bu ölkənin son addımı qəbuledilməzdir.

Çünkü Rusiya bu addımı ilə Xəzər regionunu başqa bir regiondakı münaqişənin bir parçası edir. Terrorun və müharibənin hədəfi halına gətirir. Sabah terrorçu qruplar Rusiyaya Xəzərdə cavab addımı atmaq istəsələr necə olacaq? Bəs deyirdilər ki, Xəzər sülh dənizi olsun.

Xüsusilə də nəzərə alındıqda ki, Rusiya Xəzərdən endirdiyi zərbələri Suriyanın özündən və Aralıq dənizindəki gəmilərindən endirə bilər, Rusiyanın hərəkətinin nə dərəcədə qüsurlu və riskli olduğu aydın görünür. Yəni, Rusiya Xəzərdən zərbə endirmək məsələsində xoşniyyətli deyil və sadəcə özü üçün yox, Xəzər regionu üçün risklər yaradan bir siyasət izləyir.

 

Populyar xəbərlər