AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Araz Aslanlı: \"Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ən uğurlu formatlardan biridir\"
15.12.2015, Qafqaz

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək. Bu barədə qonşu ölkənin Xarici İşlər naziri Giorgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər: "Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-logistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq".

 

Görüşü şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, "Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, analitik Araz Aslanlı bildirib ki, SSRİ-nin dağılmasından sonra geniş mənada Qafqaz və Qara dəniz regionunda əməkdaşlıqla bağlı müxtəlif formatlar olub. Onun sözlərinə görə, bunlardan bəziləri təşkilati formaya malik olub: "Məsələn, GUAM, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və sair. Bir də xüsusi olaraq strukturlaşmayan ikitərəfli, üçtərəfli formatda əməkdaşlıq modelləri var. Əgər biz 1990-cı illərin əvvəllərindən bu günüdək olan dövrə nəzər salsaq görərik ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı istər təşkilati, istərsə də qeyri-təşkilati formatların böyük əksəriyyətindən uğurludur. Hətta mən deyərdim, geniş mənada regionda ən uğurlu əməkdaşlıq formatı Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığıdır. Bu əməkdaşlıq formatı nəticəsində beynəlxalq əhəmiyyətli enerji, infrastruktur, nəqliyyat layihələri reallaşdırılıb. Bu formatda prezidentlər, xarici və daxili işlər nazirləri, müxtəlif işçi qruplar arasında görüşlər keçirilib. Hətta, bir müddət bu formatın xarakterini xeyli dərəcədə təhlükəsizlik əməkdaşlığına çevirməklə bağlı da düşüncə var idi. Türkiyə həm NATO çərçivəsində, həm də NATO-dan kənarda Gürcüstana və Azərbaycana bu məqsədlə yardımlar da edirdi. Əməkdaşlıq baxımından baxanda bu gün də bu formatın beynəlxalq təşkilatlarda uğurlu, əlverişli format olduğunu görürük".

 

Bununla belə, A.Aslanlı qeyd edib ki, bu əməkdaşlıq formatı ilə bağlı iki xırda məsələ var: "Bunlardan birincisi, müəyyən dövrlərdə Gürcüstanın hansısa kənar məsələlərə görə, bəzən maliyyə, bəzən də ekoloji tələblər irəli sürərək üçtərəfli formatda reallaşdırılan layihələrə mane olmağa çalışmasıdır. Əslində, buna mane olmaq demək düzgün olmaz. Sanki əlavə qazanc əlavə etməyə çalışıb. Biz bunu Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Qars dəmiryolu layihələri zamanı da gördük".

 

Müsahibimiz qeyd edib ki, bundan əlavə Gürcüstanda son dövrlərdə, xüsusilə Mixail Saakaşvilidən sonrakı mərhələdə rəsmi Tiflisin atdığı addımlarda müəyyən məqamlar diqqət çəkir: "Müəyyən məqamlarda Gürcüstan hakimiyyəti ya Azərbaycanın mövqeyini düzgün qiymətləndirmir, yaxud da Rusiya, İran, bəzən də Ermənistanla bağlı real olmayan gözləntilər içərisinə girir. Yəni, rəsmi Tiflis real olmayan gözləntilərdən yola çıxaraq özünü bir qədər rahat hiss etməyə çalşır. Bununla bağlı müəyyən suallar və cüzi də olsa, narahatlıqlar var ki, rəsmi Tiflis əslində faydalı olan və Gürcüstan üçün də effektiv olan formatdan niyə kənara çıxmaq barədə düşünür?! Halbuki, Rusiya ilə Gürcüstan arasındakı problemləri köklü şəkildə həll edəcək heç bir addım atılmayıb. Enerji və digər sahələr üzrə İran-Ermənistan-Gürcüstan xətti ilə bağlı hansısa real addımın atılma ehtimalı yoxdur. Gürcüstan sanki bununla Azərbaycana, yaxud Türkiyəyə alternativlərin olduğunu göstərməyə çalışır. Amma biz bu variantların alternativ olmadığını bilirik. Yəni, bu, ciddi siyasətdə uğurlu bir gediş deyil. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını ən uğurlu formatlardan biri hesab edirəm və düşünürəm ki, bu format hələ uzun müddət davam edəcək". 

 

http://teleqraf.com/news/80229 

Populyar xəbərlər