AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Araz Aslanlı: Azərbaycan Türkiyə - İsrail gərginliyinin müvəqqəti olduğunun fərqindəydi
04.06.2016

Yayım tarixi :1/6/2016 [00:19]

Araz Aslanlı: “Türkiyə-İsrail münasibətlərindəki pisləşmə Azərbaycanı narahat edir, amma müvəqqəti pisləşmə Azərbaycan üçün həyati risk daşımır”

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir.

 

Azərbaycanın yaxın münasibətlərdə olduğu başqa bir dövlət İsraildir. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hətta Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.

 

Bu mənada, bir neçə il qabaq Türkiyə-İsrail münasibətlərinin gərginləşməyə başlaması Azərbaycanı ciddi narahat edirdi. Lakib son illərdə olduqca gərginləşən, bəzi hallarda tamamilə kəsilən Türkiyə-İsrail münasibətləri, yenidən bərpa olunmağa doğru gedir. Bu prosesin fəallaşmasında Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi də əhəmiyyətli rol oynadı.

 

Ankara - Təl-Əviv əlaqələrinin qırılma nöqtəsinə gəldiyi zamanlarda rəsmi Bakı narahatlığını ifadə etmişdi. Çünki qardaş Türkiyə ilə olan bağlılıq bir yana, İsraillə də yüksək səviyyəli əlaqələrimiz var. Bu mənada Azərbaycan tərəf tutmaq deyil, iki tərəfi barışdırmaq, ən azından nisbi neytrallığını saxlamaq xətti seçdi. Və bu xətt də öz bəhrəsini verməyə başlayıb artıq. Yəni Türkiyə-İsrail əlaqələrinin bərpa olunmağa başlaması Azərbaycanın xarici siyasət kursunu haqlı çıxardı.

 

Beləliklə, "Bizim Yol" əməkdaşı bu və digər mövzular ətrafında, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı ilə həmsöhbət olub.

 

- Araz bəy, Rusiya ilə münasibətləri gərginləşən Türkiyə, yenidən üzünü İsrailə tərəf çevirdi. Daha doğrusu, İsraildən gələn əməkdaşlıq təkliflərini müsbət dəyərləndirməyə başladı. Rusiya faktoru bu iki önəmli dövləti köhnə dostluqlarına qaytara bilərmi?  

 

- Ümumiyyətlə, Türkiyə-İsrail münasibətlərində həm ortaq maraqlar, həm də kənar amillər daim əhəmiyyətli rol oynayıb. 1990-cı illərdə də bunu görmək mümkün idi. İsrailin müsəlman dost ölkə axtarışı, Türkiyənin bəzi hərbi-təhlükəsizlik maraqları ilə üst-üstə düşəndə yaxınlaşma olmuşdu. Təbii ki, iqtisadi amillər də var idi. Amma nə vaxt ki, həm Türkiyədə hakim qüvvələrin fərqli ideoloji ritorikası oldu, münasibətlər pisləşdi. Aydındır ki, burada səbəb sadəcə ritorika deyildi.  Həm də Türkiyədə belə şübhələr oldu ki, İsrail hərbi-təhlükəsizlik əməkdaşlığını deyil, Türkiyənin bu istiqamətdə İsraildən asılılığını istəyir. PKK terroru və Türkiyənin ərazi bütövlüyü ilə bağlı İsrailin siyasətinə şübhələr artdı. Türkiyənin Ərəb və ümumən İslam dünyası ilə bağlı fərqli maraqları da ortaya çıxdı. Beləliklə həm dəyişən maraqlar, həm ciddi şübhələr, həm də ideoloji ritorika Türkiyə-İsrail münasibətlərini pisləşdirdi. Bu elə bir dövr idi ki, Türkiyə "qonşularla sıfır problem" siyasəti tətbiq etməyə çalışırdı. Rusiya ilə münasibətləri də yaxşı idi.

 

İndi şərtlər dəyişib. Türkiyə sanki 1990-cı illərin əvvəllərindəki vəziyyətə qayıdır. Suriya, Rusiya və İran ilə münasibətlərində vəziyyət 1990-cı illərin əvvəliylə müqayisədə daha da pisdir. İsrail də müəyyən məsələlərə görə hətta ABŞ-ın tənqidlərinə hədəf olur. Yəni hər iki dövlətin öz aralarında daha az problemə və daha yaxşı münasibətlərə ehtiyacı yaranır. İsrail yeni şəraitdən istifadə edərək münasibətləri yaxşılaşdırmaq üçün Türkiyəyə təkliflər irəli sürür. Türkiyə əvvəlki siyasətini tam tərk etmədən İsrail ilə əməkdaşlığın inkişafı istiqamətində addımlar ataraq buna müsbət cavab verir.

 

- Türkiyə-İsrail əlaqələrinin kəsildiyi zamanlarda Azərbaycan narahatlığını ifadə etmişdi. Yəni bir tərəfdə qardaş Türkiyə, digər tərəfdə sıx əlaqələrin, tərəfdaşlığın olduğu İsrail. Ankara - Təl-Əviv münasibətlərinin bərpası Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? 

 

- Uzun müddət Azərbaycan-İsrail münasibətlərinin iki əsas körpüsünü İsraildə yaşayan keçmiş SSRİ yəhudiləri (eləcə də Azərbaycandan gedənlər) və İsrail-Türkiyə münasibətləri təşkil edib. Hazırda Azərbaycan ilə İsrail arasında birbaşa və normal münasibətlər mövcuddur. Bu, Azərbaycan üçün ərazi bütövlüyünün və təhlükəsizliyinin təmini baxımından da vacibdir. Türkiyə-İsrail münasibətlərindəki pisləşmə Azərbaycanı narahat edir, amma müvəqqəti pisləşmə Azərbaycan üçün həyati risk daşımır. Sadəcə olaraq Türkiyə-İsrail münasibətləri münaqişə həddinə yaxınlaşanda (məsələn, "Mavi Marmara" gəmisinə hücum zamanı) Azərbaycan üçün narahatlıq artır. Qalan hallarda Azərbaycan öz xarici siyasətindəki balanslaşdırılmış kurs çərçivəsində prosesləri "yola verə" bilir.    

 

Azərbaycan sadəcə İsrail ilə münasibətlərini (Türkiyənin yaşadığı kimi) əməkdaşlıq kimi deyil, asılılıq yaratma təşəbbüsü kimi görməyə başlayarsa, problem yaşana bilər. Qalan hallarda başqa ölkələrin İsrail ilə münasibətləri Azərbaycan üçün əhəmiyyətli ola bilər, amma həlledici olmayacaqdır. Bu, qardaş ölkə və strateji müttəfiq Türkiyəyə də aiddir. Təbii ki, Azərbaycan üçün Türkiyə ilə bağlı məsələlərə xüsusi yanaşma mövcuddur. Amma çox güman ki, Azərbaycan Türkiyə ilə İsrail arasındakı gərginliyi müvəqqəti xarakterli bir proses kimi dəyərləndirdi və öz körpülərini qorudu. Bunun da həm Azərbaycana, həm İsrailə, həm də Türkiyəyə faydaları oldu.

 

- Rəsmi Bakının dünya yəhudi lobbisi ilə isti münasibətlərinin olduğu da kimsəyə sirr deyil. Sizcə, Türkiyə ilə İsrailin yenidən bir araya gəlməsində Azərbaycanın hansısa rolu ola bilərmi? 

 

- Təbii ki, Azərbaycanın İsrail ilə əməkdaşlığı xüsusi xarakterə malikdir. Amma Türkiyə ilə İsrail arasındakı körpülər də az deyil. Azərbaycan rəsmi səviyyədə Türkiyə-İsrail münasibətlərində pisləşməyə mane olmağa çalışmış və bu istiqamətdə töhfələr də vermişdir. Məsələn, İsrail parlamentində uydurma erməni iddialarıyla bağlı səsvermə prosesində Azərbaycanın rolu əhəmiyyətli olmuş və Ermənistanın arzuladığı qərar qəbul edilməmişdi.

 

Amma Türkiyə-İsrail münasibətləri sadəcə Azərbaycanın sayəsində davam etmir. İki ölkənin birbaşa əməkdaşlığı da var. Eləcə də sizin qeyd etdiyiniz xaricdəki lobbilər də var. Xarici ölkələrdəki, xüsusilə də ABŞ-dakı İsrail və Türkiyə lobbiləri arasında ciddi münasibətlər var. Hərbi-təhlükəsizlik qurumları arasında əməkdaşlıq var və s. Yəni bu məsələlərdə Azərbaycanın rolu müsbətdir, amma həyati dərəcədə deyil.

 

- Yeri gəlmişkən, Rusiya-Türkiyə gərginliyinin ilk mərhələsində Bakı öz vasitəçiliyini təklif etdi. Bu iki böyük dövləti barışdırmaq niyyətini ortaya qoydu. Nədən bir nəticə olmadı? 

 

- Rusiya-Türkiyə gərginliyinin aradan qaldırılması istiqamətində Azərbaycanın verə biləcəyi töhfə Türkiyə-İsrail münasibətləri ilə müqayisədə daha çoxdur. Təsadüfi deyildir ki, Azərbaycan bu barədə rəsmi mövqe də nümayiş etdirdi. Bu həm Azərbaycanın maraqlarına uyğun idi, həm də regionda gərginliyin azaldılmasına, müəyyən problemlərin həllinə töhfə verə bilərdi. 

 

 

 

“Xarici siyasətdə Azərbaycan hələ ki, çətin olanı bacarır”

 

Yayım tarixi : 1/6/2016 [22:44]

 

Araz Aslanlı: “Artıq rəsmi Bakı maksimum ehtiyatlılığa daha yüksək keyfiyyət və daha operativliyi əlavə etməyə başlamalıdır”

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Rusiya və digər mövzular ətrafında, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlının"Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

 

- Yeri gəlmişkən, Rusiya-Türkiyə gərginliyinin ilk mərhələsində Bakı öz vasitəçiliyini təklif etdi. Bu iki böyük dövləti barışdırmaq niyyətini ortaya qoydu. Nədən bir nəticə olmadı? 

 

- Rusiya-Türkiyə gərginliyinin aradan qaldırılması istiqamətində Azərbaycanın verə biləcəyi töhfə Türkiyə-İsrail münasibətləri ilə müqayisədə daha çoxdur. Təsadüfi deyildir ki, Azərbaycan bu barədə rəsmi mövqe də nümayiş etdirdi. Bu həm Azərbaycanın maraqlarına uyğun idi, həm də regionda gərginliyin azaldılmasına, müəyyən problemlərin həllinə töhfə verə bilərdi. 

 

Bu təklifə açıq rəsmi reaksiya gəlmədi. Amma ola bilsin ki, Türkiyə ilə Rusiya arasındakı gərginliyin aradan qaldırılması istiqamətində kiçik də olsa hansısa addımlar varsa, burada Azərbaycanın da rolu olsun. Rusiyanın buna açıq rəsmi cavab verməyəcəyini isə təxmin etmək olardı. Çünki əksər hallarda Rusiya özünü "qeyri-məhdud qüdrətin sahibi" kimi aparır və Azərbaycanın belə bir dövlətin probleminin həllinə cəlb olunmasını, ən azı Rusiyadakı indiki xarici siyasət kursunun sahibləri arzulamazdılar. Digər tərəfdən Rusiya gərginliyin müəyyən qədər davam etməsini və Türkiyənin geri addım atmasını arzulayır. Gərginliyin "vaxtından əvvəl" yumşalması bu mənada da onlar üçün arzuolunan deyildi. 

 

- Ümumiyyətlə, bu gün regionda gedən həssas və hətta təhlükəli proseslər Azərbaycanı necə davranmağa vadar edir?

 

- Azərbaycan hələ ki, çətin olanı bacarır. Yəni çoxlarının gözləntisinin əksinə olaraq balanslaşdırılmış xarici siyasət kursunu davam etdirə bilir. Bu xətti son Türkiyə-Rusiya gərginliyi və aprelin əvvəlində cəbhə xəttində baş verənlər fonunda da davam etdirmək doğrudan da çətin idi. Amma Azərbaycan bunu bacardı. Xarici siyasətdə ardıcıllıq əhəmiyyətlidir və Azərbaycan xarici siyasətində bunu əsasən müşahidə etmək mümkündür. 

 

Aydındır ki, problemlərimiz də var. Daxili və xarici siyasətlə bağlı, sosial, iqtisadi və s. istiqamətdə, eləcə də diplomatiyamızın keyfiyyətinin artırılması istiqamətində həllini gözləyən problemlər var. Maksimum ehtiyatlılıqla və hələ ki, mümkün qədər az itki ilə proseslər idarə olunur. Amma bu, daimi uğurun təminatçısı deyil. Artıq Azərbaycan maksimum ehtiyatlılığa daha yüksək keyfiyyət və daha operativliyi əlavə etməyə başlamalıdır. Problemlərin həlli istiqamətində daha ciddi addımlar atılmalıdır.

 

- Balanslı siyasətin faydasından və düzgün xarici siyasət kursundan danışdınız. Azərbaycanın balanslı siyasəti və heç bir bloka qoşulmama prinsipi qabaqlar tənqid edilsə də, artıq hətta Qərb və Rusiya analitikləri tərəfindən də təqdir olunur. Buna misal olaraq, Gürcüstan və Ukraynanın birmənalı Qərbə seçim etmələri və ərazilərinin itirilməsini, yaxud birmənalı Rusiyaya meyl edən Suriyanın bu gün başına gələnləri göstərmək olar. Necə düşünürsünüz, balanslaşdırılmış siyasi kurs Azərbaycana nə qazandırıb indiyədək? 

 

- Azərbaycan müstəqilliyinin ilk dövründə xarici siyasətlə bağlı axtarışlar mərhələsini yaşadı. Bu, bir qədər də təbii idi. Çünki söhbət sadəcə xarici siyasət kursunun müəyyənləşdirilməsindən getmirdi. Azərbaycan bir yandan müstəqilliyini möhkəmləndirməyə, digər yandan ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzün qarşısını almağa çalışırdı. Dövlətçilik baxımından siyasi təcrübə əskikliyi də var idi. Belə bir vaxtda xarici siyasət kursu ilə bağlı qeyri-müəyyənliklər, ya da radikal açıqlamalar arzuolunan olmasa da, təbii idi.

 

Amma bir mərhələdən sonra (1993-cü ilin sonundan etibarən) Heydər Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi və hazırda da uğurla davam etdirilir. Bu kursun uğurla aparılması üçün Azərbaycanda digər dövlətlərə adi hərbi bazaların olmaması çox əhəmiyyətli idi. Bu baxımdan Əbülfəz Elçibəy hakimiyyəti vaxtında başlanan və İlham Əliyevin prezidentliyi dövründə başa çatdırılan Rus ordusunun və ümumiyyətlə hərbi varlığının Azərbaycandan tam çıxarılması prosesi çox əhəmiyyətli olmuşdur. 

 

Bəziləri düşünür ki, dünyadakı güc mərkəzlərindən birinə yaxın olaraq siyasət formalaşdırmaq daha doğru olar. Bu, bəlkə başqa regionda mümkün ola bilər. Amma bizim regionda bu cür siyasətlər bəzi siyasi liderlər üçün uğur gətirsə də, ölkələr üçün fəlakətlərə səbəb olduğu bir neçə dəfə görünmüşdür. Böyük güclərin arasında, eləcə də öz dövlət maraqlarınız ilə böyük güclərin maraqları arasında balansı qorumağa çalışmaq çətin prosesdir. Amma nə yaxşı ki, bu çətin prosesi Azərbaycan hələ ki, uğurla apara bilir.- Amma, ən böyük problemimiz həllini tapmayıb - Dağlıq Qarabağ münaqişəsi...

 

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi, ya da qısa adıyla Qarabağ problemi Cənubi Qafqaz və ümumilikdə dünya üçün risk mənbəyidir. Bu, münaqişənin ilk mərhələsində tam belə qiymətləndirilmirdi. Amma 2008-ci ilin avqust hadisələri, Ukraynada baş verənlər, Türkiyə-Rusiya gərginliyi Qarabağ probleminin alovlanmasının yarada biləcəyi təhlükənin miqyasını aydın göstərir.

 

Hazırkı vəziyyəti ilə də bu problem Cənubi Qafqazın rifah, sülh və əməkdaşlıq regionu olmasına imkan vermir. Bu problem Cənubi Qafqazda bütün dövlətləri əhatə edən daha rentabelli beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasına imkan vermir. Bu problem Cənubi Qafqazda resursların dincməqsədli istifadəsinə imkan vermir. Bu problem Cənubi Qafqaza beynəlxalq sərmayənin cəlb olunmasının qarşısındakı maneələrdən birinə çevrilib və s. Bu mənada, artıq münaqişənin həllinin böyük dövlətlərin də marağında olduğunu düşünürəm.

 

P.S.

"Dördgünlük müharibə" kimi tarixə düşən 2-5 aprel 2016-cı il hadisələri Qarabağ cəbhəsində yeni mənzərə meydana gətirdi. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə - dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. 

 

2 aprel 2015-ci ildə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu.

 

Nəhayət, aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.

 

 

Mənbə: http://www.bizimyol.info/news/78869.html

Populyar xəbərlər