AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Nazim Cəfərsoy: Pilotu “vurun” əmri Türkiyədən verilməyib
05.07.2016

“Pilotu “vurun” əmri Türkiyədən verilməyib” -MÜSAHİBƏ

 

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimi, politoloq Nazim Cəfərsoy günün aktual məsələləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

 

-    Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasını necə qiymətləndirirsiniz?

-    İki ölkənin münasibətlərinin normallaşması həm ikitərəfli Türkiyə-Rusiya əlaqələrinin gələcəyi, həm də Azərbaycan və türk dünyası üçün çox müsbət bir tendensiya yaratdı. Hətta qarşıdakı günlərdə həm ikitərəfli, həm də regional münasibətlərdə itirilən 7 ayın aşılması üçün müxtəlif sürətli həmlələr olacağını düşünürəm. Məktub yazılan günün səhərisi iki ölkənin prezidentləri telefonla danışdılar, ardınca da ticarət əlaqələrinin inkişaf etdirilməsi, turizmlə bağlı qadağanın aradan qaldırılması və sair məsələlərlə bağlı dalbadal açıqlamalar gəlməyə başladı. Hətta regional məsələlərdə ciddi əməkdaşlıq kontekstləri gündəmə gələcək. Yəni Suriya ilə bağlı başda İŞİD olmaqla çox ciddi əməkdaşlıq prinsiplərini görə bilərik.

 

Təyyarə böhranı iki ölkə münasibətlərinin dibə enməyi idi. Türkiyə və Rusiya 6-7 ay ərzində bu böhranı çözməyi bacardı. Bu cür böyük böhranın çözülməsi üçün 6-7 ay qısa bir müddət idi. Rusiya və Türkiyə kimi böyük dövlətlərin, regional güclərin, böyük iddiaları olan dövlətlərin bu cür ağır prosesi qısa müddətdə aşmaları, əslində, münasibətlərdə bir-birlərinə nə qədər möhtac olduqlarının, ehtiyac duyduqlarının fərqində olduqlarını göstərdi. Məsələyə bir də o konteksdə baxmaq lazımdır. Önümüzdəki dönəmdə rus-türk münasibətlərində çox sürətli bir yaxınlaşmanın işarələrini görəcəyik. Bu həm siyasi, həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik kontekstində olacaq. Məsələn, təhlükəsizlik kontekstində Suriyada İŞİD-lə ortaq mübarizə aktual məsələlərdən biri kimi özünü göstərə bilər.

 

Burada maraqlı məqam ondan ibarətdir ki, iki böhran – Türkiyə-İsrail və Türkiyə-Rusiya böhranı eyni gündə həllini tapdı. Mən həmişə deyirdim ki, Türkiyə-Rusiya böhranı qısa müddətli sürəcək. Türk diplomatiyası çox ağllı hərəkət etdi. Yəni, ortada bir üzr istəmə, üzrxahlıq etmə var. Amma bu “bağışlayın” demək çox ağıllı bir diplomatik gedişlə oldu. Yəni, üzrü pilotun ailəsindən istədilər. Ancaq məktubu Putinə yazdılar. Bəziləri deyir ki, üzr istəmə olmayıb. Üzr istəmə olub. Yəqin ki, təzminat və cəzalandırma da olacaq. Ancaq Türkiyə iki doğru həmlə etdi. Ağıllı həmlənin biri odur ki, rusiyalı pilotun ailəsindən üzr istəməyi İsrailin Türkiyədən üzr istədiyi vaxta saldılar. Mənim təxminim odur ki, bunun həmin tarixdə olmasını, yəni iki hadisə arasındakı paralelliyi Türkiyə tərəfi qurub. Bu, Türkiyə tərəfinin diplomatik manevri olub.

 

Yəni, İsrailə deyiblər ki, tamam, siz bizdən üzr istəyirsiz, filan tarixdə bunu həll edək, ruslara da deyiblər ki, biz sizdən üzr istəyəcəyik. Bu, həm Türkiyənin xarici siyasət imici ilə bağlı, həm də üzr istəmənin Türkiyə daxilində hakimiyyət üçün yarada biləcəyi imici tarazladı. Yəni, onlar indi deyəcəklər ki, “hə, nə olsun, biz Rusiyadan üzr istədik, İsrail də bizdən üzr istədi”. Yəni, bu iki hadisənin üst-üstə düşməsi təsadüfi deyil, Türkiyənin təşəbbüsü ilə planlanmış bir işdir.


-    Məktub hansı dildə yazılıb?
-    Türkiyə diplomatiyasındakı ümumi təcrübə belədir; məktub türkcə yazılır, amma qeyri-rəsmi tərcüməsi də əlavə olunur. Görünür, məktubu ruscaya tərcümə edən adam çox peşəkar adam olmayıb. Məsələn, “izvinite” sözü gündəlik danışıqda işlənən sözdür. Diplomatik çərçivədə onu rusca əvəz edəcək başqa sözlər var. Yəni, “izvinite” sözü tam diplomatik jarqona uyğun gəlmir. Bir diplomat başqa bir diplomata birbaşa “bağışlayın” deməz.


-    Olayın baş verməsində günahkar olanların cəzalandırılması necə baş verəcək?
-    Bilirsiniz, pilotu konkret “vurun” əmri Türkiyədən verilməyib. Hətta Türkiyədən “vurmayın” əmri gedib. Əlaqədar qurumlar vurulan kimi görüblər ki, vuruldu, pilot da düşür. Amma ora Suriyadır. Qayda-qanun, ierarxiya yoxdur, əvəzində qarmaqarışıqlıq, türklərin kontrol edə bildikləri və edə bilmədikləri var. Belə bir məqamda psixoloji amili də nəzərə alaraq düşünün; sizi davamlı olaraq bombalayan bir pilot düşür əlinizə. Neyləyərsiz?! Pilot düşən kimi bəzi qruplar onu yaxalayıb. Burda bəzi qruplar var ki, Türkiyənin dialoqu var, elə qruplar da var ki, Türkiyənin dialoqu yoxdur, sözünü eşitmirlər, ya da Türkiyəni heç saymırlar. Türkiyə bağlantı qurub, “vurmayın” deyənədək birini vururlar.

 

Vuranlar da Türkiyənin bağlantısı olmayanlardır. Amma digər pilotu vurmağa qoymurlar. Hətta, mənim səhih mənbələrdən əldə etdiyim məlumata görə, ikinci pilotu Türkiyəni eşidən qruplar tutub. Türkiyə tərəfi pilotun buraxılmasını təmin edib və ruslara da təhvil almaları üçün şərait yaradılıb. Yəni, rusların əməliyyat keçirib sağ qalan ikinci pilotu götürmələri olmayıb. Türkiyə dərhal bağlantı yaradıb və deyib ki, birini qurtara bilmədik, ikincini buraxırıq, filan yerdən götürün. Onlar da gedib təhvil alıblar. Pilotun ölümündə şübhəli bilinən şəxslə bağlı ziddiyyətli fikirlər gəlir. Bəzən belə fikirlər səsləndirilir ki, öldürən o adam deyil. Amma özü dedi ki, mən vurmuşam. O niyə elə dedi, mən bilmirəm. Həqiqətən, vurduğu üçünmü, yoxsa özünü qəhrəman kimi göstərmək istədiyi üçün elə dedi?! Bu hissə mənim üçün aydın deyil.


-    Təzminat məsələsi nə cür həll olunacaq?

-    Ümumiyyətlə üç cür təzminat ödəmək variantı var. Pilotun ailəsinə, vurulan təyyarəyə görə və üçüncüsü də hər ikisinə görə təzminat verilə bilər. Ola bilsin ki, pilotun ailəsinə təzminat verilsin. Bəlkə də, pilotun ailəsindən üzr istənildiyi üçün təyyarənin pulunu ödəsinlər. Mənim şəxsi fikrimi soruşsanız, bu təzminatlardan biri olacaq. Üzrü pilotun ailəsindən istədikləri üçün təzminatı təyyarəyə görə verə bilərlər. Əgər pilotun ailəsinə təzminat ödəniləcəksə, bu məbləğ “Mavi Mərmərə” standartları ilə uzlaşdırıla bilər. Bu, prinsipial məsələ deyil. Məncə müəyyən bir kriteriya müəyyənləşdirib həmin kriteriya üzrə dəyərləndirmə aparacaqlar.


-    Münasibətlərin yaxınlaşması prosesinə başladıqdan dərhal sonra İstanbulda terror aktının baş verməsi təsadüfdürmü?

-    Doğrusu, mən birbaşa əlaqə görmürəm. Terrorun, əslində, Türkiyənin getdikcə İŞİD-ə yönəlik tonunu gücləndirməsi ilə yaxından əlaqəli olduğunu düşünürəm. Son dövrlərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayır ki, İraq və Suriyada İŞİD-in filan mövqelərini bombaladıq. Əvvəllər belə xəbərlər həftədə, ayda bir dəfə verilirdi, indi isə hər gün verilir. Bu da Türkiyənin İŞİD-ə yönəlik mücadiləsini sərtləşdirməsinin göstəricisidir. İŞİD də buna cavab verir. Bu hadisə Türkiyənin İŞİD-lə mübarizəsinə terror təşkilatının dolayısıyla verdiyi cavabdır. Bu mənada İstanbulda baş verən terror aktı Brüsseldə, Parisdə törədilən terror aktından fərqlənmir. Bu hadisənin Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxınlaşdığı dövrə düşməsi bir qədər təsadüf kimidir. Çünki türk-rus münasibətlərinin nə vaxt normallaşacağı ilə bağlı geniş ictimaiyyətə açıq məlumat verilmirdi. Ruslarla türklərin əməkdaşlıq formatlarından biri, bəlkə də, İŞİD-lə mübarizə ola bilər. Bu iki dövlət Suriyada İŞİD mərkəzli əməkdaşlıq konktekstinə gedə bilərlər. Hətta, önümüzdəki dönəmdə ruslar Əsəd rejimi ilə Türkiyənin arasında vasitəçilik də edə bilərlər. Düzdür, bu bir az zamana ehtiyacı olan məsələdir. Amma mümkündür və gündəmə gələ bilər.


-    Sizcə, Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada təsiri olacaqmı?

-    Mən iki ölkənin əməkdaşlığının Qarabağ məsələsində irəliləyişə müsbət təsiri ola biləcəyini düşünürəm. Hətta, daha aktivləşmə gündəmə gələ bilər. Yəni, Rusiya və Türkiyə önümüzdəki dönəmdə Qarabağ məsələsinin həlli ilə bağlı daha dərin əməkdaşlıq içərisinə girə bilər. Bunu bir ehtimal olaraq görürəm. Rusiya-Türkiyə münasibətlərinin rəqabətlilikdən əməkdaşlığa gedilməsi həm ümumi konyuktura, həm Azərbaycanın xarici siyasəti, həm də regiondakı problemlərin həlli baxımından bizim üçün daha geniş fürsətlər yaradır. Türkiyə tərəfi problemin beynəlxalq hüquq, Azərbaycanın milli maraqlarına uyğun həllini daha çox istəyir. Qərb problemin həllini istəyir, amma “Azərbaycanla Ermənistan razılığa gəlsin” tendensiyasından çıxış edir. Rusiya tərəfi uzun müddət idi, ümumiyyətlə, problemin həllində maraqlı deyildi.

 

-     İndi marağındadır?

-    Fikirləşirəm ki, Rusiya tərəfi bu problemin həll olunmasının marağındadır. Ancaq Rusiya başa düşür ki, bu problem həll olsa, bundan ən çox zərər çəkən ölkə özü olacaq. Çünki problem həll olsa, Rusiyanın Cənubi Qafqaz regionunda, xüsusən, bu iki ölkədəki təsir imkanları zəifləyəcək. Bu iki ölkənin də üzünü Qərbə tutması, özünə fərqli müttəfiqlər axtarması prosesi sürətlənəcək. Bu da Rusiyanın bölgədəki təsir imkanlarının azalması deməkdir. Əvvəllər ruslar problemin həllini istəmirdilər.

 

Deyirdilər ki, nəyə görə bu problem həll etməliyik ki?! İndi isə Rusiyanın Qafqaz siyasəti rasionallaq qazanmağa başlayıb. Artıq Rusiya Qarabağ məsələsində bir model fikirləşib. Ruslar bu gün “biz problemi həll edirik, amma həll etməklə yanaşı hər iki tərəfi bizim inteqrasiya modelləri içərisində əməkdaşlığa dəvət edirik” deyirlər. Bunu Ermənistan üçün etdilər. Ruslar Ermənstandan istədiklərini aldılar. İndi bunu Azərbaycana təklif edirlər. Mənim qəti bilgim yoxdur, amma mətbuatda gedən açıqlamalardan belə başa düşürəm ki, ruslar Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi xarakterli əməkdaşlıqlar təklif edirlər. Azərbaycan əməkdaşlığın siyasi və iqtisadi hissəsinə məncə müəyyən mənada razıdır, ancaq hərbi hissəsinə etiraz edir.

 

Görünür, ruslar hərbi əməkdaşlıq məsələsində israr, bizimkilər isə etiraz etdiyi üçün Qarabağ məsələsi müəyyən bir nöqtəyə gəlib dayanıb. Ruslar bizdən arzu etdikləri güzəştləri tam ala bilmirlər. Ona görə də bu müzakirələr ağır gedir. “Aprel müharibəsi” zamanı rus-türk münasibətləri gərgin olmasaydı, bu, bizim xeyrimizə daha çox işləyəcəkdi. Türkiyə proseslərə yetərincə müdaxilə edə bilmədi. Bəlkə, Türkiyə ilə Rusiya arasında daha ciddi dialoq olacaqdı, bəlkə də “dördlük” formatı gündəmə gələrdi. Düşünürəm ki, önümüzdəki dönəmdə rus-türk münasibətlərinin yaxşılaşması Qarabağ məsələsinə də müsbət təsir göstərəcək. Amma bu irəliləyişin, müsbət təsirin hansı istiqamətdə olacağını indidən demək çətindir.

 

Səxavət HƏMİD

 
Tarix: 01 İyul - 15:15
http://teleqraf.com/news/102122 
Populyar xəbərlər