AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Türkiyədə terrorun artmasının səbəbləri...
20.12.2016

Araz Aslanlı

 

Qardaş Türkiyə Respublikasında və bu dövlətin ətrafında baş verənlər Azərbaycanda da böyük diqqətlə izlənilir. Xüsusilə 2015-ci ilin ikinci yarısında bu ölkədə terrorçu fəaliyyətlərin artması, 2016-cı ildə isə ölkənin ümumən qeyri-sabitlik mühiti içərisinə daxil olması xeyli dərəcədə üzücüdür. Dekabr ayında ard-arda törədilən partlayışlar və son olaraq (ümid edirəm ki) Rusiya Federasiyasının Türkiyə Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun öldürülməsi vəziyyətin kifayət qədər mürəkkəb olduğuna tərəddüd yeri saxlamır. Bütün bu baş verənlərin səbəbləri və nəticələri barədə fərqli yanaşmalar mövcuddur və bu da çox təbiidir. Çünki Türkiyənin terrorun hədəfinə çevrilməsi yeni deyil. Terrorla mübarizə, terrorun Türkiyə üçün yaratdığı risklər, Türkiyənin terrora verdiyi qurbanlar məsələsi də eyni şəkildə.

 

Bu, həm Türkiyənin geosiyasi mövqeyindən qaynaqlanır, həm də müxtəlif dövrlərdə, müxtəlif istiqamətlərdə izlədiyi siyasətlərindən. Türkiyənin imkanlarını və siyasətini özləri üçün riskli hesab edən qüvvələr, eləcə də Türkiyəni öz maraq dairəsi daxilində tutmağa çalışan qüvvələr daim terrordan vasitə kimi istifadə etməyə çalışıblar. Bu yanaşma hazırda da davam etdirilir. Müxtəlif dövrlərdə bu yanaşmanın vasitəsi ASALA və PKK olub, bunlara DHKP-C, digər “marksist” qruplar da qoşulub. Nisbətən yeni mərhələdə müxtəlif “İslamçı” qrupların (“Hizbullah” və digərləri) rolunu da xatırlatmaq yerində olar. 1970-ci illərin sonlarındakı vətəndaş müharibəsi abu-havasında yaşanan sui-qəsdlər və terror aksiyaları, 1990-cı illərdə yaşanan sui-qəsd xarakterli terror aksiyaları (bəzilərini kimin törətdiyi hələ də müəyyənləşdirilməyib) da ümumilikdə Türkiyənin hədəfi olduğu terrorun bir parçası olub.

 

Son 15-20 ildə Türkiyənin siyasi xəttini dəyişdirmək istəyən aydınlara, eləcə də Türkiyənin hərbi imkanlarını dəyişdirmək istəyən, Türkiyədə elmi yeniliklər etmək istəyən müəyyən şəxslərə qarşı törədilən sui-qəsdlərdə xaraktercə terror aksiyaları sayıla bilər. Suriya və İraqdakı qeyri-sabitlik fonunda bunlara İŞİD (DAEŞ) də əlavə olunub və yəqin ki, bu, heç vaxt tam bitməyəcək. Arzulamasaq da yeni adları, yeni uydurma terminləri eşitməyə hazır olmalıyıq.

 

Hazırda isə vəziyyəti mürəkkəbləşdirən başqa məqamlar da var. Bunlardan biri ümumilikdə terrorun və terrorçuların imkanlarının genişlənməsi (1), digəri region uğurunda mübarizənin şiddətlənməsi və regionun ümumilikdə getdikcə daha da qeyri-sabit olması (2), üçüncüsü isə Türkiyənin daxilində gedən proseslərdir (3). Təbii ki, bura başqa məqamları da əlavə etmək mümkündür. Amma ən azı bu 3 amil Türkiyənin terrorun daha çox hədəfi olmasına və terrorçuların Türkiyədə fəal olmalarına səbəb olur.

 

İlk amil ilə bağlı olaraq Türkiyənin imkanları məhduddur. Terror bütün dünya üçün əvvəlki dövrlərə nisbətən daha dəhşətli təhlükəyə çevrilib. Bunda qloballaşma prosesinin yaratdığı imkanlar da, dövlətlərin xarici siyasətdə terrordan da vasitə kimi istifadə etmələri də ciddi rol oynayır. Müəyyən terrorçu qruplar onların ortaya çıxmasında ən vacib rolu oynayan dövlətlərin təsir dairəsindən çıxa, hətta başqa dövlətlərdən dəstək alaraq onları “yaradan” dövlətin özünə qarşı belə yönələ bilirlər. Ümumilikdə isə terrorun bu qədər dövlət dəstəyinə malik olduğu bir dünyada Türkiyə üçün (eləcə də digər dövlətlər üçün) terror riskinin artması arzuolunan olmasa da təbiidir.

 

İkinci amil (regional qeyri-sabitlik) ilə bağlı hər şey Türkiyədən asılı deyil və insafən Türkiyə regionda sabitliyin mümkün qədər tez bərpa olunması üçün çalışan az sayıdakı dövlətlərdəndir. Amma bu da mütləq qeyd olunmalıdır ki, regiondakı “dəyişiklik ssenarilərində” Türkiyə də müəyyən bir mərhələdə öz üstünə “rol” götürməyə çalışmışdı. Hazırda rəsmi olaraq ifadə etməsə də o “rol”dan imtina etdiyi anlaşılır və bu, çox doğru qərardır. Terrorun artmasında bu, “bitməyən dəyişiklik” prosesi də vacib rol oynamışdır.

 

Türkiyə baxımından son illərdə daxildə gedən proseslərin əsasən üzücü xarakterli olması isə xüsusi vurğulanmalıdır. Dövlətə nəzarət uğurundakı proseslərin nə ilə nəticələndiyini əksəriyyət müşahidə edə bilir. Dövlətin əsas strukturlarında, xüsusilə təhlükəsizlik strukturlarında ciddi kadr dəyişiklikləri intensiv xarakter alıb və bu da terrorla mübarizə baxımından riskləri artırır. Təbii ki, son 15 iyul hərbi çevriliş təşəbbüsünün öncəsində, eləcə də 15-16 iyulda və sonrakı mərhələdə baş verənlərin miqyasını görürük. Türkiyə böyük bir təhlükə ilə qarşı-qarşıyadır. Xaricdən dəstəklənən bu daxili təhlükəni aradan qaldırmağa çalışır. Bu prosesin yarım saxlanılması da gözlənilmir. Amma bu təhlükə ilə mübarizənin terrorla mübarizə baxımından yaratdığı risklər də göz önündədir.

 

Regionda xüsusilə Suriya və İraqda mürəkkəb proseslər gedir. Türkiyənin bunlara laqeyd qalması mümkün deyil. Bunu həm daxili ictimai rəy (daxili ictimaiyyətin əksəriyyəti), həm də Türkiyənin təhlükəsizlik maraqları tələb edir. Amma Türkiyənin Suriya və İraqdakı fəallığı da riskləri artırır. Türkiyə illərdir İraqda sabitlik yaranmasını gözləyir, amma bu sabitlik yaranmır. Əksinə İraqdakı qeyri-sabitlik Türkiyə üçün təhlükəsizlik risklərinin daim artmasına səbəb olur. Bu azmış kimi Suriyadakı proseslər də getdikcə daha acınacaqlı hal alır. Bu da Türkiyə üçün həm humanitar  və maddi yükün artmasına, həm də təhlükəsizlik risklərinin artmasına səbəb olur. Öz növbəsində Türkiyə bütün bunlarla bağlı qabaqlayıcı tədbirlər ya da cavab tədbirləri görmək istədiyi zaman öz daxilindəki terrorçu hücumların sayı və miqyası artır.

 

Elə bir vəziyyət yaranıb ki, bir şəxs və ya kiçik bir qrup da radikal proseslərə yönəlib kiçik ya da qısa müddətli hadisələr törədə bilər. Amma aydındır ki, uzun müddətli və geniş miqyaslı terrorçu fəaliyyətlərin olması üçün hansısa dövlətin dəstəyi zəruridir. Bir daha terrora dövlət dəstəyi məsələsinə qayıdacaq olsaq, Türkiyəyə qarşı terrorun bu qədər geniş yayılması, terrorçuların bu qədər geniş imkanlara malik olmaları əsasən ondan qaynaqlanır ki, terror təşkilatlarına müxtəlif dövlətlər tərəfindən ciddi dəstək verilir. Bu cür dəstəklərin konkret məhkəmə qərarları ilə sübut olunduğuna xüsusilə 1990-cı illərdə bir neçə dəfə şahid olmuşduq.

 

Təəssüf ki, son proseslərdə iştirakla bağlı konkret dövlətlərin adını çəkmək üçün əlimizdə kifayət qədər əsas yoxdur. Amma bütün hallarda İstanbuldakı və Ankaradakı son terror hadisələrində də xarici kəşfiyyatların rolunu istisna etmək reallıqdan uzaq olardı.

 

Son terror aksiyaları təkxarakterli deyil, mənbəyi və hədəfləri də vahid deyil.Ümumilikdə isə həm Türkiyə dövləti, həm konkret olaraq mövcud hökumət, həm Türkiyənin təhlükəsizlik qurumları (ordu, polis, kəşfiyyat), həm də Türkiyənin müxtəlif istiqamətdəki siyasətləri hədəfə götürülüb (bu barədə geniş fikirlər daha sonra təqdim ediləcək). Amma ümid edirik ki, Türkiyə dövləti daxili resurslarından və xarici əlaqələrindən maksimum dərəcədə düzgün istifadə edəcək və bütün bu problemlərin öhdəsindən gələcək.

 

Populyar xəbərlər