AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
“İran rəsmiləri özlərində cəsarət tapıb desinlər ki...” – ŞƏRH
21.12.2016

 

 

İran prezidenti Həsən Ruhani bu gün Ermənistana rəsmi səfər edib. Səfər Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə baş tutub. Görüş zamanı ikitərəfli münasibətlərin möhkəmlənməsi və əməkdaşlıq məsələləri müzakirə edilib. Səfər zamanı İran və Ermənistan arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

 

Bu, 2013-cü ildə prezident seçildikdən sonra Həsən Ruhaninin Ermənistana ilk səfəridir. Ermənistandan sonra İran prezidenti Qazaxıstan və Qırğızıstana yollanacaq.

 

H.Ruhaninin  İrəvana səfərini Teleqraf.com-a şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlı bildirib ki, İran-Ermənistan münasibətləri ümumiyyətlə, bizim üçün maraqlı bir mövzudur və biz bütövlükdə cəmiyyət olaraq bunda maraqlı olmaqda haqlıyıq. Onun sözlərinə görə, çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edib, Azərbaycanda soyqırımı törədib və bu gün də işğal faktı və hədə olmaqda davam edir: “Ermənistan hələ müstəqil olmazdan əvvəl də erməni terror təşkilatları Azərbaycanı və digər müsəlman dövlətlərini hədəf götürüb. Ermənistanın və erməni terror təşkilatlarının vurduqları zərərlərdən sadəcə Azərbaycan təsirlənməyib. Yüz il öncə də, 20 il öncə də bundan Azərbaycan və Türkiyə vətəndaşları ilə yanaşı İran vətəndaşları da zərər görüblər. Hətta, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana hücum edərkən də yenə burda – Azərbaycan ərazilərində şəhid olan İran vətəndaşları da var idi. Yəni, Ermənistanın mahiyyəti Azərbaycan, bütövlükdə İslam dünyası, türk dünyası və əslində bütün dünya üçün də aydındır. Bu mahiyyət aydın ikən İranın belə davranması təbii ki, bizim tərəfimizdən qəbul olunmur”.

 

A.Aslanlı qeyd edib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin İran prezidentinin səfəri ilə bağlı açıqladığı rəsmi mövqe ilə razıdır: “Bəli, dövlətlər bir-birinin daxili işlərinə qarışmır, eləcə də bir-birlərinin xarici siyasətlərinə də tam müdaxilə etmirlər. Amma burda bir prizma var: dəyərlər prizması. Məsələ ondadır ki, Azərbaycan özünü rəsmi olaraq ideoloji dövlət elan etməyib. Yəni, rəsmi olaraq biz demirik ki, məsələlərə dini prizmadan, yaxud başqa prizmalardan yanaşırıq. Amma İran rəsmi ideologiya olaraq özünü dinlə bağlayır. Rəsmi ideologiyası İslam dini olan bir dövlətdən bunu gözləməyimiz çox normaldır. Ki, onlar Ermənistanla mümkün qədər münasibət qurmasın, yaxud məhdud münasibət saxlasın, Azərbaycanın ərazilərinin Ermənistanın işğalı altında olmasına daha konkret münasibət bildirsin. Bəzən, biz ümumi münasibətlərin şahidi oluruq, amma bizim arzumuz daha konkret münasibətdir. Bunu da nəzərə alaq ki, Ermənistan rəsmiləri dəfələrlə qeyd ediblər ki, biz Azərbaycan tərəfindən sıxışdırılanda, vəziyyətimiz pis olanda İran bizim üçün nəfəslik rolu oynayıb. Yəni, Ermənistan rəsmiləri bunu demək cəsarəti hiss edirlərsə, İran da bunu Ermənistanla münasibətlərdə əks etdirmək cəsarəti hiss etməlidir”.

 

Azərbaycan-İsrail münasibətləri ilə bağlı İranın tənqidlərinə gəlincə, siyasi şərhçi bildirib ki, İranda bununla bağlı vaxtaşırı müəyyən münasibətlər olur: “Yəni, Azərbaycan-İsrail münasibətlərindən yola çıxaraq tənqidlər yönəltməyə çalışırlar. Halbuki, az öncə qeyd etdiyim kimi xüsusi dini ideoloji öhdəlik götürməmişik və bizim İsraillə münasibətlərimizin mahiyyəti də fərqlidir. Yəni, bizim İsraillə münasibətlərimiz deyək ki, İsrailin hərbi imkanlarının artırılmasına yönəlməyib. Yaxud, İsrailin hansısa işğalçı prosesində onun üçün nəfəslik rolunu oynamır. Amma Ermənistan rəsmiləri özləri qeyd edirlər ki, onların İranla münasibətləri onlar üçün nəfəslik rolu oynayır. Onların daha rahat nəfəs almalarına, daha çox güclənmələrinə imkan verir. Bu mənada İran prezidentinin Ermənistana səfəri ilə bağlı bizim cəmiyyətin bütövlükdə həssaslığı təbiidir. Bu cür səfərlərin tam dayanması mümkün deyil. Mən bir ekspert kimi bunu gözləmirəm. Amma bunu arzulayıram ki, İran rəsmiləri gələcəkdə özlərində cəsarət tapsınlar, həm İrəvanda, həm də Tehranda Ermənistan rəsmiləri ilə keçirdikləri görüşlərdə onlara xatırlatsınlar ki, işğal edilmiş əraziləri tərk etsinlər. Bunu yumşaq və sərt deyəcəklərini onlar özləri qərar verərlər, amma Ermənistan rəsmilərinə hansısa formada xatırlatsınlar ki, siz Azərbaycan torpaqlarını işğal altında saxlayırsınız, ordan çıxın. Həmin ərazilərin bir hissəsi də elə İranla həmsərhəd olan ərazilərdir”.

 

Səxavət HƏMİD

 

Populyar xəbərlər