AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Ermənistan Paşinyanla hara qədər gedə bilər?
01.11.2018

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 

Dekabr ayının əvvəlində Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bəs bu qərara necə gəlindi, Ermənistan bu seçkilərə necə hazırlaşır və bu ölkəni hansı proseslər gözləyir?

 

Paşinyan amilinin ortaya çıxması

 

2008-ci ildən etibarən Ermənistanda hakimiyyətin ən ali zirvəsində qərar tutan Prezident Serj Sərkisyan, konstitusiyanı dəyişərək yarı-prezidentlik üsul idarəsindən parlament üsul idarəsinə keçməyi, özünü baş nazir seçdirməyi və beləliklə (çox güman ki,) ömrünün sonuna qədər hakimiyyətdə qalmağı planlaşdırırdı. Əslində bu istiqamətdə bir sıra ciddi addımlar da atmışdı. Konstitusiya islahatı barədə referendum keçirərək istədiyi nəticəni əldə etmişdi. Moskvadan “sözə baxan” Karen Karapetyanı gətirərək baş nazir də təyin etmişdi. Karapetyanı bu vəzifədən azad edib onun yerənə gəlmək problem deyildi. Yəni, bütün strateji addımları atmışdı.

2018-ci il mart ayında Serj Sərkisyanın prezidentlik müddəti bitirdi. O, iki dəfə prezident seçildiyindən üçüncü dəfə seçilə bilməzdi. Yeni Konstitusiyaya görə prezidenti artıq xalq deyil, parlament seçirdi. Konstitusiyaya görə Prezidentin simvolik səlahiyyətləri olacaqdı, siyasi həyata müdaxiləsi demək olar ki, sıfıra endirilmişdi. İlk başda hər şey arzu edildiyi kimi getdi. Serj Sərkisyan prezidentlik müddəti bitdikdən sonra baş nazir Karapetyanı istefaya göndərib 17 apreldə onun yerinə özünü seçdirdi.

Sərkisyan hələ baş nazir seçilmədən parlamentdə təmsil olunan ELK (Çıxış) Blokunun lideri Nikol Paşinyan isə xalqı Sərkisyan rejiminə qarşı ayağa qaldıraraq etiraz və mitinqlərə başladı. Mitinqin ilk günləri daha əvvəl keçirilən mitinqlərdən heç nə ilə fərqlənmirdi. Sərkisyan baş nazir kreslosunda yerini möhkəmləndirmədən Paşinyan ilə canlı yayımda debata çıxmağa razılıq verdi. Sərkisyan 30 ildir siyasətdə olsa da Paşinyan ilə debatda dərsini yaxşı öyrənməyən tələbənin imtahanda “gah nala, gah mıxa vurmasına” bənzər ifadələr işlədərək və hərəkətlər edərək istefa edəcəyini bildirdi, daha sonra 23 apreldə istefa verdi. Beləcə, Sarkisyan illərdir gəlməyi planladığı baş nazir postunda cəmi yeddi gün qala bildi.

Paşinyan hərəkatı qalib gəldi və Ermənistanın siyasi tarixində bir dövr qapandı, yeni bir dövr başladı. Paşinyan dövrü olduqca təlatümlü başladı, onun ilk hədəfi baş nazir seçilməkdi. Parlament Paşinyanın baş nazir postuna namizədliyini ilk iclasda təsdiq etmədi. Mövqeləri olduqca zəifləyən Ermənistan Respublika Partiyası əks hücuma keçməyə təşəbbüs göstərdi, amma Paşinyan tərəfdarları qarşısında mövqelərini qoruya bilmədi və 8 mayda keçirilən ikinci iclasda parlament Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etdi. Bununla da Ermənistanda hakmiyyət uğrunda siyasi mübarizənin birinci mərhələsi tamamlandı.

 

“İnqilab”ın ikinci mərhələsi

Paşinyan özünü baş nazir seçdirdikdən sonra mövqeyini xeyli gücləndirdi və xalqın siyasi dəstəyini almaq üçün müxtəlif vədlər verdi. İlk olaraq hakimiyyətdə təmsil olunan oliqarx dövlət adamları və generalitet üzərində təzyiq mexanizmini işə saldı. 2008-ci ildə Serj Sərkisyanın prezident seçilməsinə etiraz məqsədiylə mitinqə çıxanlara qarşı ordudan istifadə edilməsinə icazə verən və rəsmi məlumatlara görə 10, qeyri-rəsmi məlumatlara görə 25 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə sabiq prezident Robert Köçəryanın üzərinə yürüdü. Köçəryan istintaqa çağırıldı, bir neçə gün sonra isə həbs edildi. Təxminən bir həftəlik həbs həyatı yaşayan Köçəryan daha sonra sərbəst buraxıldı, amma istintaq hələ də davam edir.

Paşinyan hökumətini çətin vəziyyətə salan bir hadisə Dövlər Təhlükəsizlik Xidməti və İstintaq Xidməti rəhbərlərinin telefon danışıqlarının internetdə yayılması oldu. Dövlətin ən ciddi iki qurumunun rəhbərlərinin Köçəryanın və digərlərinin həbs edilməsi prosseslərində yaşananları, Paşinyanın Köçəryanın həbs edilməsindəki israrlı mövqeyini və digər mövzuları müzakirə etməsi ictimaiyyətə məlum oldu.

Hakimiyyətə gəlmədən öncə demokratiya və insan hüquqlarının carçısı olan Paşinyanın, baş nazir postuna sahib olduqdan sonra nəyin bahasına olursa olsun Köçəryanın həbs edilməsində israr etdiyini bilmək daha sonrakı günlərdə erməni ictimai-siyasi həyatında mənzərənin necə olacağını təxmin etməyə imkan verir.

Paşinyanın ən böyük problemi mövcud parlament üzərində nəzarətinin olmamasıydı. Parlamentdə çoxluq təşkil edən Ermənistan Respublika Partiyasından ayrılmalar olsa da, hələ də dağılmamışdı və əks hücumlar etmək üçün potensialı vardı. Buna görə də Paşinyan üçün həyati məsələ növbədənkənar parlament seçkilərinin keçirilməsiydi. İlk günlərdə növbədənkənar parlament seçkilərinin ən qısa zamanda keçiriləcəyi vəd edilsə də, daha sonra 2019-cu ilin yazında keçiriləcəyi bildirildi. Daha sonra isə ümumiyyətlə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarix haqqında fikir bildirən olmadı.

Bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb parlamentin iş reqlamentinin dəyişdirilməsi haqqında qanuna dəyişikliklər qəbul etməsi oldu. Bu dəyişikliklə Paşinyanın növbədənkənar parlament seçkilərini keçirməsi və baş nazir postuna seçilməsi daha da çətinləşirdi.

Paşinyan dərhal xalqı parlament ətrafına toplanmağa çağırdı və parlamentdə təmsil olunan siyasi partiya liderləri ilə görüşdü. Paşinyan növbədənkənar parlament seçkilərinin il sonuna qədər (dekabrın 10-da) keçiriləcəyini bildirdi (daha sonra bu mövqe dekabrın 9 kimi dəyişdi). Paşinyan parlamentdə təmsil edilən Daşnaqsutyun və Çiçəklənən Ermənistan partiyalarının nümayəndələrinə yeni qurduğu hökumətdə yer vermişdi, yəni koalisyon hökumət qurmuşdu. Parlamentiniş reqlamentinin dəyişdirilməsi haqqında qanuna dəyişikliklər qəbul etməsindən dərhal sonra Paşinyan bu partiyaların hökumətdə təmsil edilən nümayəndələrini istefaya göndərdi.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün parlamentin buraxılması lazımdır. Paşinyan 16 oktyabrda istefa etdi. 24 oktyabrda Paşinyan yenidən baş nazır postuna namizəd oldu. Parlament Paşinyanın namizədliyini təsdiq etmədi. Paşinyan 1 noyabr 2018-ci ildə ikinci dəfə də baş nazir postuna namizədliyini irəli sürdü və parlament bu dəfə də onu baş nazir seçmədi. Paşinyanın istədiyi bu idi. Ermənistan parlamenti artıq buraxılmış sayılır. Bundan sonra növbədənkənar parlament seçkiləri keçiriləcəkdir. Paşinyan bu seçkilərdə parlamenti öz istədiyi şəkildə formalaşdırmağa və hakimiyyətini daha da möhkəmləndirməyə çalışacaq.

Paşinyan çətin də olsa parlamentin buraxılması məsələsində hüquqi yolu seçdi. Beləcə onun qarşısındakı ən böyük əngəl ortadan qalxdı. Ermənistan Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Daşnaqsutyun Partiyası son illərdəki ən zəif dövrlərini yaşayırlar. Bu səbəbdən Paşinyan növbədənkənar parlament seçkilərinə geniş xalq kütləsinin dəstəyi ilə gedəcəyini düşünür.

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixə qədər Ermənistanın daxili ictimai-siyasi həyatında ciddi bir qırılma nöqtəsi yaşanmasa, Paşinyanın bu seçkilərdə qələbə çalma ehtimalı çox yüksəkdir. Bəzi erməni təhlilçilər seçkilərə qədərki dövrdə silahlı üsyan ola biləcəyini iddia etsələr də bunun həyata keçmə ehtimalı olduqca zəifdir.

Paşinyan hələlik ölkənin tək hakimi mövqeyindədir. Qurduğu hökumət peşəkar siyasətçilərdən olmasa da, hələlik ciddi bir problem yaşanmayıb. Növbədənkənar parlament seçkilərinin keçirilməsindən sonra onun icra strukturları ilə yanaşı qanunverici hakimiyyət üzərində nəzarəti tam olaraq təmin etmə ehtimalı yüksəkdir.

Paşinyan yeni parlament tərəfindən baş nazir postuna təyin edildikdən sonra ölkənin daxili və xarici siyasətində bəzi dəyişikliklərə gedə bilər. Bu dəyişikliklərin Ermənistan dövlətinin mənafeyənən qorunmasından daha çox, Paşinyanın siyasi ambisiya və mənafeyinin qorunması yönündə olma ehtimalı var.

Beləliklə, Ermənistan tarixinin ən vacib prosesləri növbədənkənar parlament seçkilərindən sonra və 2019-cu ilin ilk aylarından etibarən yaşana bilər.

Populyar xəbərlər