AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Türkiyə-Rusiya yaxınlaşması taktiki yoxsa strateji xarakterə malikdir?
19.11.2018, Araz ASLANLI

Noyabrın 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Səfər çərçivəsində İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında mətbuata qapalı təkbətək görüş keçirilib. Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələri, Suriyadakı məsələləri və regional prosesləri müzakirə etdikləri ehtimal olunur. Liderlər eyni zamanda “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər.

 

Türkiyə-Rusiya münasibətlərindəki son proseslərlə bağlı fərqli yanaşmalar mövcuddur. Kimiləri münasibətləri mütləq müttəfiqlik səviyyəsinə qaldırır, kimiləri isə iki ölkənin tarixi düşmən olduqlarını və fərqli hərbi blokları təmsil etdiklərini, buan görə də tezliklə bir-birlərindən uzaqlaşacaqlarını iddia edir.

 

Türkiyə-Rusiya münasibətləri kifayət qədər mürəkkəb xarakterə malikdir. İki ölkə tarixdə uzun müharibələr etsələr də, ən kritik məqamlarda bir-birlərinə yaxınlaşdıqlarına dair ciddi nümunələr də mövcuddur. Hətta “soyuq müharibə”nin ən alovlu məqamlarında belə (xüsusilə də “Jonson məktubu” hadisəsindən sonra) Türkiyə-SSRİ ilə yaxınlaşa bilmişdi.

 

Son dövrlərdə hər iki ölkə Qərb ilə, xüsusilə də ABŞ ilə problemlər yaşasalar da Türkiyə ilə Rusiyanı yaxınlaşdıran sadəcə bu amil deyildir. Bu dəfə iki ölkəni ortaq risklər və ortaq maraqlar yaxınlaşdırır. Amma təbii ki, maraq toqquşması olan sahələr də az deyil. Amma ikitərəfli münasibətlərdə maraqlı başqa bir məqam da var. Belə ki, Türkiyə-Rusiya münasibətlərindəki son prosesləri Türkiyə-Azərbaycan münasibətləri ilə qismən müqayisə etmək olar (təbii ki, Türkiyə-Rusiya münasibətləri Azərbaycan-Türkiyə münasibətləriylə eyni xarakterə və  imkanlara malik deyil, bu baxımdan müqayisəmiz də nisbidir).

 

Türkiyə Azərbaycan ilə münasibətlərini dərinləşdirərkən 2008-2009-cu illərdə protokollar böhranı ("Türkiyə-Ermənistan protokolları" ilə əlaqədar olaraq Türkiyə ilə Azərbaycan arasında müəyyən gərginlik) baş vermişdi. Daha sonra 2010-cu ildə iki ölkə arasında strateji əməkdaşlığa dair saziş imzalandı, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası formalaşdırıldı və münasibətlər daha da dərin xarakter aldı.

 

Türkiyə Rusiya ilə münasibətləri dərinləşdirməyə çalışarkən Suriya böhranı fonunda bu iki ölkə arasında əvvəlcə anlaşmazlıqlar çıxdı. Sonra isə iki ölkə münasibətləri qopmaq nöğqtəsinə qədər gəldi. Amma çox keçmədən tərəflər "dil tapdılar" və münasibətləri dərinləşdirməyə başladılar. Türkiyə-Rusiya münasibətlərində turistlər və pomidorlar daha çox gündəmdə qalsa da, iki ölkə hərbi, siyasi, iqtisadi, xüsusilə də enerji (nüvə enerjisi və təbii qaz başda olmaqla) əməkdaşlıq edirlər. Bunlar göstərir ki, iki tərəfin münasibətlərə yanaşması taktikidən strateji xarakterə doğru dəyişir. Münasibətlərin tam strateji xarakter daşıması üçün isə mövcud xəttin daha uzun müddət davam etməsi lazımdır.