AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
"Avropa ordusu" mümkündürmü?
21.11.2018

Yalçın Məmmədov – Azad Brüssel Universiteti (Université Libre de Bruxelles)

 

Avropa ordusu haqda ən yüksək tribunalardan səslənən fikirlər son günlər polemika mövzusu olsa da, ideyanın özü Avropa İttifaqından da yaşlıdır. 1950-ci illərdə Avropa İttifaqı ilə yanaşı ciddi “Avropa Müdafiə Birliyi”nin yaradılması cəhdləri olsa da, nəticədə uğursuz olmuşdur. Fransa və Almaniya arasında imzalanmış 1963-cü il Elisey müqaviləsi “müştərək silahlanmanın hazırlanması”nı nəzərdə tuturdu. Ancaq bu layihə də kağız üzərində qalası oldu. NATO-nun mövcudluğu da əlavə bir hərbi ittifaqın yaradılması fikrini prioritetlər siyahısından çıxardı.

Əslində isə Avropa liderlərinin bir çoxu praktiki və ideoloji səbəblərdən ABŞ-dan asılılığı azaltmağın zəruriliyini anlayırlar. Yaxın Şərqdəki qanlı münaqişələr və onların fonunda ABŞ ilə fikir ayrılıqları bu tendensiyanı daha da möhkəmləndirdi. Avropapərəst Emmanuel Makron hakimiyyətə gələr-gəlməz “Avropa Ordusu” ideyasını təşviq etməyə girişdi. Son günlər səsləndirdiyi fikirlərə ABŞ rəhbərliyinin mənfi reaksiyasından sonra Makron terminologiyaya düzəliş edərək, Berlinə rəsmi səfəri zamanı “Avropa müdafiəsi” terminindən istifadə etdi. Lakin heç kimə sirr deyil ki, söhbət uzun müddətli perspektivdə Aİ-nin strateji, maliyyə və əməliyyat qabiliyyətli müdafiəsini qurmaqdan gedir. Fransa prezidenti “bir çox böyük güclərin Avropalıları oyundan çıxarmağa çalışdığı”nı əsas gətirərək onları “suverenlik aləti yaratmağa” çağırır.

Çox güman ki, Avropa ordusu, Makronun təsəvvüründə konkret bir ideyadır. Ancaq, bunun hamı üçün belə olduğunu demək mümkün deyildir. Təsadüfi deyil ki, vaxtaşırı gündəliyə gələn bu məsələ sürətlə də gündəlikdən çıxır. Buna səbəb kimi Avropa İttifaqının iki əsas nəhəngi – Fransa və Almaniyanın məsələdə ortaq məxrəcə gələ bilməməsi göstərilir. Almanlar Fransanın Avropanın müdafiəsinə rəhbərlik etməsi ehtimalından ehtiyatlanır, bütün tərəflərin bərabər səviyyədə təmsil olunduğu bir ittifaq istəyirlər. Digər məsələ isə Avropalıların fərqli strateji prioritetləridir. Məsələn, əgər Fransa strateji maraqlarını cənubda, Afrika qitəsi, o cümlədən Məğribdə görürsə, Almaniya üçün bu istiqamət Şərqi Avropadır.

Əsas suallardan biri, bu “ordu”nun hansı prinsip və hansı komandanlıq altında fəaliyyət göstərəcəyidir. Bununla da, milli institutların nəzarətindən çıxacaq bu “ordu”nun legitimliyi məsələsi ortaya çıxır. Bundan əlavə, bu “ordu”nu kimin maliyyələşdirəcəyi sualı da hamını düşündürür. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələri orta hesabla müdafiəyə ÜDM-nin yalnız 1.3 faizini xərcləyirlər. Bununla da, Makronun ifadəsiylə desək, “NATO-nu tamamlayacaq bir ordu”nun hansı imkanlarla yaradılacağı suallar doğurur.  

Avropanın özünümüdafiə qabiliyyətinin artırılması digər böyük güclərin də planlarına daxil deyil. ABŞ rəhbərliyi bunu özünə və NATO-ya qarşı bir təşəbbüs kimi qiymətləndirir. NATO-nun zəifləməsi ilə nəticələnəcək bir təşəbbüsün Rusiya tərəfindən müsbət qarşılanacağı gözlənilsə də, Makronun cəhdlərinin kremlyönlü mediada istehza mövzusuna çevrilməsi bunun heç də belə olduğuna dəlalət etmir.

Bütün bu çətinliklərlə yanaşı, “Avropa Ordusu” ideyasının xeyrinə işləyən məqamlar da yox deyildir. ABŞ-ın başına avropalılarla eyni dəyərləri paylaşmayan bir komandanın keçməsi köhnə qitəni öz taleyi ilə bağlı yenidən düşünməyə vadar edir. Bundan əlavə, “Breksit” bu ideyanın həyata keçməsi üçün əlavə bir imkandır. Bir tərəfdən, Böyük Britaniyanın ittifaqdan çıxması möhkəm müdafiə qabiliyyətli bir tərəfdaşın itirlməsi anlamına gəlirsə, digər tərəfdən də daim avroskeptik yanaşması ilə seçilən britaniyalıların yoxluğu daha ambisiaylı layihələrin gerçəkləşməsini asanlaşdırır.

Bundan başqa, Avropa İttifaqı müqaviləsinin (Lissabon müqaviləsi) 42.7-ci maddəsi müdafiə birliyinin təməlini qoymuşdur. Bu maddəyə əsasən üzv dövlətlərdən biri hərbi təcavüzə məruz qaldıqda, digər üzv dövlətlər ona yardım göstərməlidir. Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti də artıq mövcuddur və bu siyasət çərçivəsində birgə hərbi əməliyyatlar keçirilib və keçirilməkdədir.

Beləliklə, Makronun Avropa ordusu ideyasının arxasında siyasi avanturizm deyil, reallıqların diktəsindən doğan praqmatizm durur. Bunun həyata keçməsi isə vaxt və ümumi siyasi iradə tələb edir.

Populyar xəbərlər