AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
26.11.2018, Araz ASLANLI, Avropa

Araz Aslanlı

Giriş

Son günlərdə ən çox müzakirə edilən mövzulardan biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gedən proseslər və Azərbaycanın bu quruma üzvlüyü məsələsidir.  Əslində son illərdə mütəmadi olaraq Rusiya-Azərbaycan münasibətlərində və Rusiyanın Qarabağ probleminə yanaşmasında ciddi dəyişikliklərin olduğu, bu çərçivədə Rusiyanın lider rolu oynadığı regional təşkilatlarda Azərbaycanın da fəal iştirakçı olacağı iddia edilir. Amma xüsusilə Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynlinin 2018-ci ilin avqust ayında səsləndirdiyi fikirlər və KTMT-nin 8 noyabr 2018-ci il tarixdə keçirilən sammitində alınan müəyyən qərarlar (konsensus qaydasının ləğvi, müşahidəçi statusunun yaradılması) Azərbaycan-KTMT münasibətlərinə dair müzakirələrin daha da canlanmasına səbəb olmuşdur.  

Bəs Azərbaycanın KTMT-yə münasibətini formalaşdıran əsas amillər nələrdir və ölkəmizin bu quruma üzv olması nə qədər realdır?

Əvvəla qeyd edək ki, KTMT-nin əsasən Rusiyanın nəzarətində Qərbə qarşı bir ittifaq olduğu, əsas məqsədin Rusiyanın keçmiş Sovet məkanında hərbi mövqeyinin qorunması və imkanlarının artırılması, eləcə də NATO-nun regiondakı imkanlarının məhdudlaşdırılması olduğu aydındır. Amma KTMT eyni zamanda digər üzv dövlətlər üçün Rusiyanın çətiri altında Rusiya xaricindəki istiqamətlərdən (eləcə də ölkə daxilindən) gələcək təhlükələrə qarşı qorunmaq imkanıdır.

Münasibətlərə təsir edən əsas amillər

Azərbaycanın KTMT ilə münasibətlərinə təsir edən əsas amilləri belə sıralamaq mümkündür: 

1. Bu günə qədərki Rusiya-Azərbaycan münasibətləri 

2. Azərbaycanın xarici siyasətinin öncəlikləri (prioritetləri)

3. Regional və qlobal güc balansı

4. Azərbaycanın konkret olaraq KTMT-yə münasibəti

5. KTMT ilə münasibətlərin konkret olaraq Azərbaycanın digər tərəflərlə (dövlətlər və beynəlxalq təşkilatlarla) münasibətlərinə təsiri (bu məqalədə üzərində durulmayacaqdır)

  1. Bu günə qədərki Rusiya-Azərbaycan münasibətləri: Bu günə qədərki Rusiya-Azərbaycan münasibətləri  iki tərəf üçün vacib psixoloji məqamı təşil edir. Burada həm Çar Rusiyası dövrü, həm bolşevik Rusiya dövrü, həm SSRİ dövrü, həm də 1991-ci ildən sonrakı ilk illər yaddaşlarda əsasən problemli illər kimi qalmışdır. Həm Rusiya, həm də Azərbaycan üçün xüsusilə 1991-ci ilə qədərki mərhələ şimal qonşumuzun imperial iddialarını çağrışdırır. Bu mənada Rusiyanın liderlik etdiyi strukturlarda iştirak bərabərhüquqluluqdan daha çox məcburiyyət görüntüsü yaradır. Amma 1991-ci ildən sonrakı mərhələdə beynəlxalq mçünasibətlər sisteminin imkan verdiyi ölçüdə normal dövlətlərarası münasibətlərə dair nümunələrin də az olmadığı mərhələdir. Bu isə Azərbaycanın KTMT ilə münasibətlərinə dair müsbət amil kimi çıxış edir.
  2. Azərbaycanın xarici siyasətinin öncəlikləri: Azərbaycanın bütün mövzularda ən çox diqqət etdiyi məqamlar ilk növbədə müstəqilliyin, milli təhlükəsizliyin və ərazi bütövlüyünün maksimum dərəcədə qorunmasıdır. Şübhəsiz ki, mütləq müstəqillik və mütləq təhlükəsizlik anlayışları yoxdur; bunlarla müqayisədə ərazi bütövlüyü məsələsinin sərhədləri daha konkret görünür. Amma Azərbaycan haqlı olaraq müxtəlif regional və qlobal təşkilatlarla münasibətlərdə, bu cür qurumlara üzvlük kimi məsələlərdə, eləcə də konkret olaraq KTMT-yə üzvlük məsələsində müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasına maksimum töhfəni əsas götürür. KTMT-nin bu çərçivədə verə biləcəyi töhfələrə dair mövqelər isə xeyli ziddiyyətlidir. 
  3. Regional və qlobal güc balansı: SSRİ-nin dağılmasından sonra Rusiya Feredasiyası qlobal mübarizənin qütbü olmaq mövqeyini itirmiş, amma öz regionunda hələ də ən təsirli dövlət mövqeyini qoruyub saxlayır. Rusiya üçün bu mənada ən ağır mərhələ olan 1990-cı illərdə belə bu ölkənin rəqibləri arzularını minimum səviyyədə reallaşdırmaq imkanına malik olmuşdur. 2000-ci illərdə isə Rusiya hətta digər dövlətlərin birgə səylərinə qarşı belə təkbaşına nəticələr əldə edə bilmişdir (Gürcüstan və Ukrayna nümunəsində). Son illərdə Rusiya qlobal güc mövqeyini geri qazanmaq yolunda ciddi uğurlar əldə etmişdir. Suriya böhranından ABŞ-dakı prezident seçkilərinə qədər bir çox məsələdə Rusiyanın istəyidiyini əldə etdiyi iddia bir çoxları tərəfindən qəbul olunur. Bu amil Rusiyamərkəzli təşkilatlara qoşulması üçün Azərbaycan üzərindəki təzyiqləri artırır, amma müstəqilliyini qorumaq istəyən Azərbaycanı, KTMT-yə qoşularaq onu (KTMT-ni) daha da güçlü etməkdən çəkindirir.
  4. Azərbaycanın konkret olaraq KTMT-yə münasibəti: SSRİ-nin dağılma prosesindən bu günə qədərki mərhələdə Azərbaycanın Rusiyanın liderlik etdiyi təşkilatlara münasibəti birmənalı olmamışdır. 1991-ci ildə SSRİ-nin dağılmasına və Azərbaycanın müstəqilliyinə qarşı olan siyasi qüvvələr Azərbaycanın MDB-yə qoşulmasını müdafiə etmiş, mütləq və sürətli müstəqillik tərəfdarları isə buna tam qarşı çıxmışdır. Məsələn, prezident Ayaz Mütəllibov MDB-yə qoşulmaq istəyini açıqca ortaya qoyduğu zaman Azərbaycan Respublikası Ali Soveti Milli Şurası (qanunverici orqan) 20 dekabr 1991-ci ildə qəbul etdiyi qərarda “Azərbaycan Respublikasının indiki vəziyyətdə Müstəqil Dövlətlər Birliyinə qoşulmasının məqsədəuyğun sayılmadığını” qeyd etmişdir. Əbülfəz Elçibəyin prezidenliyi dövründə MDB-yə üzv olmaqdan birmənalı imtina edilmişdir. Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildikdən və prezidentin səlahiyyətlərini icra etməyə başladıqdan sonra Azərbaycanın MDB-yə (eləcə də KTM-yə) üzvlük prosesi, bu dəfə başqa mahiyyətdə olmaq şərtiylə, başlamışdır. Heydər Əliyev Azərbaycanın MDB-yə üzv olduğu və KTM-yə (sonradan KTMT-yə çevrildi) qoşulduğu 1993-cü ilin sentyabr ayındakı çıxışlarında tarixi əlaqələri və o günün ehtiyaclarını nəzərə alaraq Azərbaycanın MDB-yə üzvlüyünün zəruri olduğunu, amma müstəqilliyin mütləq olduğunu, müstəqillik yolunun Azərbaycan üçün geri dönülməz bir yol olduğunu, nə keçmiş SSRİ-nin, nə də kommunist ideologiyanın geri gəlməsinin mümkün olmadığını qeyd etmişdir. Hətta 1996-cı ildə Rusiyada keçmiş SSRİ-nin bərpası ilə bağlı fəallıq artdığı və RF Dövlət Duması bununla bağlı xüsusi sənəd qəbul etdiyi zaman Azərbaycan bu cür səylərin artmasına cavab olaraq MDB-dən çıxa biləcəyini rəsmi olaraq açıqlamışdır. 

Azərbaycan KTM-yə qoşulduqdan sonrakı mərhələdə həmin müqavilənin digər iştirakçısı olan Ermənistanın işğalçılıq siyasətindən və bu dövlətə qarşı KTM çərçivəsindəki münasibətdən narazı qalmışdır. Bu narazılıq da mütəmadi olaraq nümayiş etdirilmişdir. Bir qədər sonra, KTMT-nin prinsipləri, məramı və şərtləri Azərbaycan qane etmədiyindən, Azərbaycan bu təşkilatla əməkdaşlıqdan imtina etmiş (sazişin müddətini uzatmamış), 1999-cu ildən isə qurumda müşahidəçi qismində iştirakını da dayandırmışdır. Azərbaycan Qarabağ problemindəki mövqeyinə görə atəşkəs dövründə MDB qoşunlarının sülhməramlı kimi Azərbaycan ərazilərinə gəlmələrinə razılıq verməmiş, eləcə də 1999-cu ilin dekabrında Bakıda səfərdə olan MDB-nin Baş katibi Yuri Yarovun Qarabağ probleminin həlli prosesinə MDB-nin xüsusi vasitəçi kimi qoşulması təklifini rədd etmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bir neçə dəfə  ölkəmizin işğalçı Ermənistanla müdafiə xarakterli bir təşkilatda ola blməyəcəyini, bu barədə danışmağın tez olduğunu qeyd etmişdir.

Son proseslər və yekun

Göründüyü kimi KTMT-nin formalaşmağa başladığı mərhələ ilə hazırkı regional və qlobal şərtlər arasında müəyyən fərqlər mövcuddur. Keçmiş SSRİ-dən ayrılan respublikaların əksəriyyəti müasir beynəlxalq münasibətlər sisteminin şərtləri və konkret olarak o ölkənin imkanları daxilində müstəqilliklərini möhkəmləndirmiş, müxtəlif digər istiqamətlərdə inteqrasiya etmiş, Rusiya ilə bu respublikalar arasında, tam olmasa və bəzən ciddi problem yaşansa da, ən azı prinsip olaraq bərabərhüquqlu münasibətlər formalaşdırılmış, SSRİ-nin bərpa olunması ideyası (təhlükəsi) aktuallığını xeyli itirmişdir. 1991-ci ildən fərqli olaraq MDB-yə və KTMT-yə üzv olmağın geri dönüşü olmayan yol olmadığı Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukrayna təcrübəsində, üvz olmağın problemləri tam həll etmədiyi Azərbaycan, Gürcüstan və Ukrayna təcrübəsində, üzv olduğu halda daha böyük problemlərlə yaşamağın mümkünlüyü isə Gürcüstan və Ukrayna təcrübəsində görülmüşdür. Digər tərəfdən keçən müddət ərzində Rusiyanın “ötən günlərini qaytarmaq” arzusu, konkret olaraq Cənubi Qafqaza və regiondakı münaqişələrə yanaşması çox az dəyişmişdir. Dolayısıyla Azərbaycan üçün KTMT-yə üzvlüyün SSRİ-nin bərpa olunması riski kimi də, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün “sehrli çubuq” kimi də rol oynaması ehtimalı zəifdir.

Azərbaycan qlobal siyasət baxımından çox önəmli bir güc deyil. Amma müstəqil siyasət yeritməyə çalışan Azərbaycanın KTMT-yə üzv olması Rusiya üçün psixoloji uğur olacaqdır. Bu məqam Azərbaycan ilə xüsusilə enerji siyasətindəki müttəfiqləri olan Qərb dövlətləri arasındakı münasibətlərə kölgə sala bilər.

Azərbaycan Qoşulmama Hərəkatına qoşularaq hərbi bloklardan uzaq durmağa meylli olduğunu nümayiş etdirmişdir. Amma Azərbaycan son illərdə Rusiya ilə münasibətlərə də ciddi önəm verir və Ermənistanın təmsil edildiyi müxtəlif strukturlarda bu dövlətin imkanlarını məhdudlaşdırmaqda maraqlıdır. Bu baxımdan hazırkı mərhələdə Azərbaycanın KTMT-yə tam üzvlüyündən çox müşahidəçi statusuyla bu qurumun toplantılarında iştirakı və qurumla əməkdaşlığı daha real görünür.

 

Populyar xəbərlər