AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Azov böhranı makro və mikro planda
07.12.2018

Bayram Əliyev

 

Beynəlxalq münasibətlər sisteminin bir aktyoru olaraq son iki yüz ildəki davranışları analiz edildiyi zaman Rusiyanın xarici siyasət məqsədlərinə çatmaq üçün daha çox sərt güc komponentlərindən istifadə etdiyi açıq şəkildə görülür. Qloballaşma ilə Qərb ölkələrində yumşaq güc siyasəti, beynəlxalq hüququn üstünlüyü və beynəlxalq institutların dəyər qazanmasının əksinə olaraq Rus strateji düşüncəsində bir sıra səbəblərdən hələ də güc tətbiqi xarici siyasət hədəflərinə çatmaq üçün ən səmərəli metod olaraq qəbul edilir. Bu səbəblərdən ən önəmlisi, Rusiya siyasi bürokratiyasının və xarici siyasət qərarvericilərinin böyük bir qisminin hələ də güc strukturlarından gəlməsidir.  

SSRİ-nin dağılmasından sonra qısa bir müddət qeyri-stabillik yaşayan Rusiyanın xarici siyasəti 90-cı illərin ikinci yarısından etibarən açıq şəkildə regional və qlobal hədəfləri ilə, qısa və uzun müddətli strategiyaları ilə yenidən müəyyənləşdirilmişdir. ABŞ liderliyindəki Qərbin təkqütblü beynəlxalq sistemin hegemonu olması təsəvvürünə qarşı, Çin ilə bərabər çoxqütblü dünya təsəvvürü bu xarici siyasət strategiyasının özəyini təşkil etmişdir. Nəzəri olaraq əsas strategiyaları müəyyənləşdirilən bu xarici siyasət konsepsiyası, 2000-ci illərdə keçmiş sovet ölkələrinin AB və NATO kimi Qərbin iki aparıcı qurumuna üzv olması ilə inteqrasiya siyasəti Moskvada “çevrələnmə” şübhəsi oyandırmış və Kremlinin xarici siyasət konsepsiyası Qərbə qarşı sərt reaksiya şəklində özünü göstərmişdir. Şübhəsiz ki, bunda Moskvanın iqtisadi olaraq da güclənməsi müəyyən rol oynamışdır. Rusiyanın qlobal güc olma iddiasının ilkin siqnalı 90-cı illərin sonlarında verilsə də, ilk dəfə 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləsi ilə dəqiq şəkildə ortaya çıxmışdır. Bu müdaxiləni Rusiyanın Suriya və Ukraynadakı vəkalət müharibələrinə cəlb olunması izləmişdir.

Bu günə qədər 10000-dən çox insanın ölümünə səbəb olan Ukrayna böhranı zaman zaman nəinki regional təhlükəsizliyi, beynəlxalq münasibətlər sisteminin özünü də təhdid etməkdədir. Noyabrın 25-də Azov dənizində (2003-cü ildə tərəflər arasında əldə edilən razılaşmaya görə Azov dənizini iki ölkə də istifadə etmək hüququna malikdir. Krımın ilhaqından sonra Kerç boğazı tamamilə Rusiyanın nəzarətinə keçmişdir.) Ukrayna donanmasına aid 3 gəminin Kerç boğazından keçərkən Rus dəniz donanmasına aid gəmilər tərəfindən mühasirəyə alınması, ukraynalı hərbçilərin əsir götürülməsi və sonrakı proseslər əslində Kremlinin 2000-ci illərin əvvəllərindən tətbiq etdiyi strategiyanın bir nəticəsi kimi görülə bilər.

Rusiya, dövlətlərin güc əsaslı təsnifatına görə qlobal güc iddiaları olan bir dövlətdir. Bu gün beynəlxalq siyasətdə hərbi gücünə və geniş coğrafiyadakı təsir imkanlarının genişliyinə, eyni zamanda sistemdən narazı dövlətlərlə ittifaq qurma və mobilizasiyasını təmin etmə bacarığına görə Qərbə meydan oxuya bilən Rusiyanın iqtisadi gücü və yumşaq güc potensialı onun qlobal güc olmasına mane olur. Rəqabətə davam gətirə biləcək hərbi gücə sahib Kremlin Qərblə maraqlarının toqquşduğu istənilən regionda sahib olduğu ən güclü vasitədən- öz sərt güc rıçaqlarından istifadə etməyə meyllidir. Bu mənada Ukrayna Rusiya ilə Qərbin maraqlarının toqquşduğu bir ölkə kimi Moskvanın hərbi gücünü sınadığı bir meydandır. Beləliklə, Kerç böhranı geniş çərçivədə Rusiya və Qərb arasındaki rəqabətin səbəb olduğu bir hadisədir.

Son illərdə Rusiyanın hərbi gücünün beynəlxalq indekslərdə artdığı müşahidə olunmaqdadır. Digər tərəfdən böyük miqyaslı hərbi təlimlərin keçirilməsi də intensivləşmişdir. 2008-ci ildəki Gürcüstan böhranı bir çox qaranlıq nöqtəyə aydınlıq gətirmiş, Rusiyanı daha da cəsarətləndirmişdir. Belə ki, Qərb Rusiya ilə açıq şəkildə hərbi toqquşma ehtimallarından qaçmışdır. Bu gün Ukraynada baş verən hadisələr Qərbin Rusiyanı tədrici olaraq, sanksiyalarla, iqtisadi olaraq zəiflətmə və keçmiş post-Sovet ölkələrini mümkün qədər inteqrasiya etmək strategiyasının nəticəsi olaraq ortaya çıxmışdır. Nəticə olaraq Qərb post-Sovet ölkələri toplumları nəzdində reputasiyasını müəyyən qədər itirmişdir. Digər tərəfdən, Qərbin öz içində gedən siyasi proseslər və son zamanlar güclənən siyasi dinamiklər- AB içində parçalanma meylləri, Breksit, NATO-nun ABŞ siyasi qərarvericiləri tərəfindən önəmsiz görülməsi və Avropanın hərbi təhlükəsizliyinin sual altında olması kimi-  Rusiyanın xarici siyasətdə manevr imkanlarını artırır, güc tətbiqini asanlaşdırır.

Mikro planda isə, böhranın ortaya çıxmasının səbəbi kimi bir neçə ehtimal mövcuddur. Ancaq hadisədən sonra tərəflərin bir-birini ittiham etməsi, Rus rəsmilərinin ölkədə nüfuzu aşağı düşən Ukrayna prezidenti Poroşenkonun ölkədə hərbi vəziyyət elan edərək prezident seçkilərini təxirə salmaq məqsədi ilə provokasiya yaratdığı iddiasını ortaya atması, digər tərəfdən Poroşenkonun Rusiyanı provokasiya yaratmaqda ittiham edərək, Rus ordusunun böyük miqyaslı bir işğalı həyata keçirmək üçün sərhədyanı bölgələrdə hazır vəziyyətə gətirildiyi ilə əlaqədar əlində informasiya olduğunu irəli sürməsi və bu kimi qarşılıqlı ittihamlar yalnız açıq qaynaqlardan istifadə edərək obyektiv bir nəticəyə gəlməyi çətinləşdirir. Ancaq bu günlərdə iqtisadi problemlərdən ötrü ölkədəki nüfuzu aşağı düşən Putinin belə bir provokasiyaya gedərək Rus toplumunda “Rusiyanın milli maraqlarını nəyin bahasına olursa olsun qoruyan bir lider” imicini yenidən canlandırması ssenarisi də mümkündür. Belə ki, Krımın ilhaq edilməsindən sonra Putinin populyarlığı ölkədə kəskin artaraq 80 % olmuşdu. Böhranın səbəbi nə olursa olsun yaxın gələcəkdə həm beynəlxalq sistem, həm də regional güc balansının dəyişməsi kontekstində bir sıra nəticələri olacaqdır.

İlkin olaraq bu provokasiyadan sonra Kremlindən Krımda əlavə S-400 raketdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı açıqlama verilmişdir. Bu yeni S-400 qurğusu ilə Rusiyanın Krımda yerləşdirdiyi bu tip raketdən müdafiə sistemlərinin sayı 4-ə çatacaq. Bir S-400 qurğusunun eyni zamanda 300 təyyarə, dron və digər raketləri təxminən 400 km məsafəyə qədər izləmək potensialı olduğunu nəzərə alsaq, Rusiyanın Krımda və Qara dənizdə öz təsirini daha da gücləndirmiş olacağını ehtimal edə bilərik.

Rusiya Qara dəniz donanması Krım yarımadası ətrafında cəmlənmişdir və 2014-cü ildən bəri ciddi şəkildə yenilənmişdir. Bu baxımdan- eyni zamanda Krımın ilhaqı faktına görə- Rusiyanın Qara dənizdəki təsiri əvvəlkinə nəzərən dəfələrlə güclənmişdir. Rusiyanın Qara dəniz hövzəsində güclənməyə çalışması- bölgədə Türkiyə ilə bərabər Rumıniya və Bulqarıstan kimi NATO ölkələrinin də olmasını nəzərə alsaq- NATO-Rusiya münaqişə riskini artıracağı və Qara dəniz bölgəsi təhlükəsizliyinə təhdid təşkil edəcəyi təxmin edilir.

Yuxarıda da qeyd edildiyi kimi bu məsələnin, eləcə də Ukrayna böhranının ümumilikdə iki ölkə münasibəti ilə bərabər, daha çox Rusiyanın qlobal səviyyədə güc iddiaları və beynəlxalq sistem içindəki proseslərlə əlaqəsi vardır. Bu mənada Rusiya güc boşluğunu dəyərləndirərək, Suriyada olduğu kimi, Qərbin nüfuzunu azaldaraq və öz nüfuz dairəsini genişləndirərək, bununla da region dövlətlərini yenidən öz təsiri altına alaraq yenidən qlobal hegemon olma hədəfini gerçəkləşdirməyi planlaşdırır. Bu böhrandan sonra Qərbin reaksiyasından asılı olaraq Rusiyanın bu hədəfə bir addım da yaxınlaşacağı gözlənilə bilər.

Digər tərəfdən, Rusiyanın Ukrayna ilə gərginliyin artmasının onsuz da kövrək olan Ankara-Moskva münasibətlərinə necə təsir edəcəyi bir digər maraqlı məqamdır. Türkiyə ilə Rusiya siyasi və təhlükəsizlik məsələlərində fərqli təsəvvürə malik olsalar da, bu iki rəqib arasında enerji üzərindən inkişaf etdirilən bir strateji ortaqlıq vardır. Bununla yanaşı, Türkiyə hər platformda Ukraynanın ərazi bütovlüyü, Krım məsələsi kimi mövzularda Kiyevi dəstəklədiyini bəyan edir. Rusiya-Ukrayna arasındaki gərginliyin artmasının bir nəticəsi olaraq Türkiyə-Rusiya əlaqələrinin zərər görməsi ehtimalı var.

Nəticə olaraq, hər bir böhrandan sonra Rusiyanın regional təsirinin artdığını və qərbin reputasiyasının aşağı düşdüyünü nəzərə alaraq Rusiyanın Krım yarımadası üzərindən Qara dənizdə təsirini daha da gücləndirəcəyini söyləmək mümkündür. Makro planda isə, beynəlxalq münasibətlər sistemində Rusiyanın zəif iqtisadiyyatı və yumşaq güc rıçaqlarının olmaması onun yeni bir alternativ qlobal güc kimi ortaya çıxmasını mümkünsüz etsə də, Kremlin bu böhrandan güclü çıxmaqla ABŞ-ın təsirini öz maraq dairəsində olan coğrafiyada azaldaraq, 1997-ci ildə Çin ilə bərabər irəli sürülmüş “çoxqütblü dünya” diskursunun tətbiqini tapmasına kömək edəcəkdir.