AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Ermənistanın daxili və xarici siyasətində hansı dəyişikliklər gözlənilir? - Şərh
20.12.2018

“Parlament seçkilərindən sonra Ermənistandakı hakimiyyətin, xüsusən də icraedici orqanın yenidən formalaşması prosesi gedəcək. Texniki məsələləri də nəzərə alsaq önümüzdəki 2 ay içərisində proseslərin həm formalaşması, həm də parlamentdən təsdiqi başa çatdırılacaq. Paşinyanın hökumət proqramında nələri vəd edəcəyini bilmək üçün onun seçkidən əvvəlki mərhələdə nə etdiyinə baxmaq lazımdır”.

Bu fikirləri Azadinform-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov Ermənistanın parlament seçkilərindən sonrakı daxili və xarici siyasətini şərh edərkən deyib.

O bildirib ki, Paşinyan hakimiyyətdəki postlara müvəqqəti dövrdə yığdığı komandasının əhəmiyyətli üzvlərini yenidən təyin edə bilər: “Hesab edirəm ki, həm daxili, həm də xarici siyasətdə indiyədək işlədiyi, ən çox güvəndiyi insanları yeni hökumətə təyin edəcək. Yəni çətin periodu keçdiyi komandanı əsasən qoruyub saxlayacaq. Paşinyanın vədlərini yerinə yetirmək üçün  daxildə ciddi iqtisadi və hüquqi islahatlar keçirməyə və mühüm kadr dəyişikləri etməsinə  ehtiyacı var. Önümüzdəki dövrdə biz bunun şahidi olacağıq. Paşinyanın bu addımları daxildə müxalifətin, köhnə nomeklaturanın və ordunun etirazlarına səbəb ola bilər”. 

Ermənistanın xarici siyasətində qısa vaxta çox  kəskin dəyişikliklər gözləmirəm, - deyən politoloq qeyd edib ki, bu sahədə qarşıdakı 6 ay ərzində  müəyyən yeniliklər edə və simvolik xarakterli addımlar atıla bilər: “Burada 2 real məsələ var ki, çox əhəmiyyətlidir. Biri Qarabağ məsələsi, digəri isə Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağı. Bu müddət daxilində Ermənistanın Qarabağ məsələsində dönüş yaradacaq ciddi addımlar atacağını hesab etmirəm. Müəyyən yumşaq açıqlamalar, qarşılıqlı görüşmələr, Azərbaycan və Ermənistan rəsmilərinin müxtəlif müstəvilərdə müzakirələri ola bilər. Xarici siyasətdə çox ehtiyatlı addımlar atacaq, hətta zaman-zaman ikibaşlı addımlar da atacaq. İctimaiyyətin rəyi əsasında bu addımlarına korrektə edə bilər. Digər tərəfdən, Rusiya ilə münasibətlərdə qısa müddətdə kəskin bir dəyişiklik olacağını da gözləmirəm. Elə Paşinyanın müəyyən açıqlamaları və bəzi siyasi gedişləri də bunu deməyə əsas verir. Burada da çox ehtiyatlı hərəkət edən Ermənistan hökuməti gündəmə gələ bilər. Əvvəllər Rusiya-Ermənistan münasibətlərinin əsas konteksti ikili münasibətlər idi. Yəni ən böyük anlaşmalar, müqavilələr və əsas qərarlar iki ölkə rəsmiləri arasındakı görüşlərlə müəyyənləşdirilirdi. Lakin indi Paşinyan hökuməti bu münasibətləri daha çox müəyyən regional beynəlxalq təşkilatlar üzərindən qurmağa əhəmiyyət verə bilər. Bu çərçivədə siyasi, iqtisadi mənada Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı, hərbi mənada isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  formatlarında əməkdaşlığa üstünlük verməsi mümkündür. Bu, Ermənistana Rusiyanın istəkləri qarşısında müəyyən manevr imkanları yarada bilər”. 

N.Cəfərov əlavə edib ki, Türkiyə ilə münasibətlərdə çox məsələ Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə yaxından əlaqəli olduğu üçün burada arzuolunan açıqlamalar praktikada sürətlə atılmayacaq: “Çünki burda əsas problemlər olan Dağlıq Qarabağ məsələsi, ya da “erməni soyqırımı” ilə bağlı Ermənistanın ənənəvi mövqeyindən vaz keçməsi, ən azından ciddi mənada yumşaltmasıdır. Bu isə mövcud şərtlərdə o qədər də asan görünmür. Yəqin ki, Ermənistan öz islahatları üçün xaricdən maddi dəstək alacaq. Burada Avropa Birliyi və onun Fransa başda olmaqla müxtəlif aparıcı üzvləri ilə münasibətlərin daha da gücləndirilməsi mümkündür. Paşinyan ölkənin sosial, iqtisadi problemlərini həll etməyə çalışır. Amma o, bunu həll etmək üçün qonşu dövlətlərlə münasibətləri müharibə vəziyyətindən çıxartmalıdır, xüsusən də Azərbaycan və Türkiyə ilə”.

 

Ləman Hüseynzadə / AZADİNFORM

http://www.azadinform.az/news/a-189469.html

Populyar xəbərlər