AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Paşinyan hökumətinin iqtisadi islahat proqramı varmı?
06.02.2019, Hatəm CABBARLI

Son günlərdə Ermənistan mediasında müzakirə edilən əsas mövzulardan biri də, Nikol Paşinyan hökumətinin 10 aylıq iqtisadi siyasəti və hansı nəticələrin əldə edilməsidir. Bir çox  KİV-də bu məsələ ilə bağlı təhlillər dərc edilir, müxtəlif sosial qrupların məsələyə münasibətinə aydınlıq gətirilir. Bu təhlil və xəbərlərə diqqət yetirdikdə Paşinyan hökumətinin iqtisadi siyasətinin əsasən ciddi nəticəsinin olmadığı və tənqid edildiyi müşahidə edilir.

"Məxməri inqilab"ın eyforiyası ermənilər üçün uzun çəkdi. Doğrudur, Paşinyan 2018-ci ilin may ayında baş nazir təyin edildi, amma növbədənkənar parlament seçkiləri keçirərək, qanunverici orqan üzərində nəzarəti təmin etmə prosesi həmin ilin dekabr ayının 9-na qədər davam etdi. 

Nikol Paşinyan sehrbaz deyil və əlində sehrli çubuğu yoxdur. Yəni on aylıq hökumətin fəaliyyəti Ermənistanın qarşılaşdığı iqtisadi və sosial problemlərin həll edilməsinə və uğurlu nəticə verməsinə imkan vermir.  Adətən yeni qurulan hökumətlər ilk 100 gündə hesabat verir və yaxud müstəqil mətbuat orqanları onun 100 günlük fəaliyyətini dəyərləndirir. Paşinyanın 100 günlük müddəti qeyri-müəyyən şəraitdə, ona müxalif olan siyasi qüvvələri zərəsizləşdirməklə ötüb keçdi.

Paşinyan hökumətinin əlində sehrli çubuğu yoxdur, amma son on aylıq hakimiyyəti zamanı həyata keçirdiyi iqtisadi siyasətinə diqqət etdikdə, ümumiyyətlə, hökumətin sanballı fəaliyyət proqramı və ciddi iqtisadi-siyasəti islahat planlarını görmək mümkün deyil.

Paşinyan hökumətinin ilk gördüyü iş nazirliklərin və dövlət komitələrinin sayını azaltması və son günlərdə bəzi dövlət müəssisələrində kütləvi ixtisarlar aparmasıdır. İrəvan Dövlət Universitetindən 450 alim ixtisara düşərək işsizlər ordusuna qoşulub. Əlbəttə, dövlətlərin iqtisadi siyasətində məmurların və dövlət qulluqçularının ixtisara salınması halına rast gəlinir. Amma Ermənistan kimi kiçik, sənayesi, kənd təsərrüfatı inkişaf etməyən bir ölkədə ixtisara düşənlərin iş tapması olduqca çətindir. Sözssüz ki, işsiz qalan insanlar eyni zamanda ölkədən köçənlərin sayını artırır, miqrasiya prosesini tətikləyir.

Son on ayda Ermənistanda dövlət əhəmiyyətli yeni iş yerləri açılmayıb, əksinə bəzi özəl şirkətlər ya işçilərini ixtisara salıb ya da ümumiyyətlə ölkəni tərk edərək özəl sərmayə üçün uyğun şərtlər təklif edən ölkələrə köçüblər.

Paşınyan hökumətinin qarşısında duran problemləri qısaca belə şərh etmək olar:

Hökumətin fəaliyyət proqramı Ermənistan reallığını əks erdirmir. Büdcədən ayırmalar azdır. Yeni sənaye sahələrinin açılması və fəaliyyətinə uyğun iqtisadi şərait yoxdur.

Ermənistanın dağ-mədən sənayesi istisna olmaqla ölkədə istehsal edilən mallar beynəlxalq standartlara cavab vermədiyi üçün dünya bazarında rəqabət edə bilmir. Ölkənin dağ-mədən sənayesi son məhsulu deyil, xammalı satır ki, bu da iqtisadi baxımdan rentabelli deyil.

Ermənistan silahlanmağa əhəmiyyət verir və silahlanmağa ayırdığı vəsait ümumdaxili məhsul üzrə dəyərləndiriləndə Avropada ilk yerdədir.

Beynəlxalq ticarət üçün nəqliyyat problemi son 28 ildir həll edilməyib və qısa zamanda da həll edilmə ehtimalı olduqca zəifdir. Peşəkar kadrlar ölkəni tərk etməyə davam edir.

Hökumət hansı təşəbbüslə çıxış edir?

Paşinyan hökuməti hələlik əvvəlki iqtidar zamanı qeyri-qanuni yollarla zənginləşən iş adamları və oliqarxların əllərindən maliyyə vəsaitlərinin bir qismini almaq istəyir. Diaspora ermənilərinin ölkəyə sərmayə qoymalarına şərait yaratmağa çalışır. Avropa dövlətlərindən və böyük bank təşkilatlarından uyğun şərtlərdə kreditlər almaq istəyir. Ölkənin iqtisadi qanunvericiliyinin xaricdən sərmayə qoyulmasına münbit şərait yaratdığını təbliğ edir. Enerji qiymətlərini azaltmaq üçün müxtəlif fikirlər irəli sürür.

Yuxarıda qeyd edilənlər onu göstərir ki, on aydır fəaliyyət göstərən Paşinyan hökuməti ölkə daxilində siyasi mövqelərini gücləndirsə də, bunu iqtisadi inkişaf göstəriciləri ilə dəstəkləyə bilmir. Erməni xalqı hökumətin siyasi sabitliyindən məmnun ola bilər, amma bir gün hökumətdən mütləq sosial-iqtisadi problemlərin həll edilməsi haqqında hesabat da istəyəcəkdir.

Populyar xəbərlər