AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Ermənistan KTMT və NATO arasında
13.03.2019

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşib. Ermənistan bu günə qədər də təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və təşkilata üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi Ermənistanın ümid etdiyi qədər yüksək olmayıb, Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə hərbi əməkdaşlığının kölgəsində qalıb.

Azərbaycan KTMT-yə üzv olan Belarusdan müasir silahlar ala bilsə də, Ermənistanın buna maliyyə gücü imkan vermir. Son illərdə Azərbaycan başda Rusiya olmaq üzərə KTMT-yə üzv olan dövlətlərlə digər dövlətlərlə də hərbi-siyasi əməkdaşlığını genişləndirir. Bu əməkdaşlığın səviyyəsinin Ermənistanın eyni təşkilata üzv olduğu dövlətlərlə əməkdaşlığı müqayisə edildiyində daha geniş sahələri əhatə etdiyini müşahidə etmək mümkündür.

Ermənistan bununla belə NATO ilə də əməkdaşlıq imkanlarından faydalanmağa can atır. Ermənistan 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Əməkdaşlıq proqramında iştirak edir. NATO region ölkələri ilə əməkdaşlıq layihələrində daha çox hərbi təlim, yuksək texnologiyaların tətbiq edilməsi, ingilis dilinin öyrədilməsi, fövqəladə hallarda mülki əməliyyatların planlanlaşdırılması məsələlərinə əhəmiyyət verir. 2003-cü ilin iyun ayında Ermənistanda ilk dəfə olaraq Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində hərbi təlim təşkil edilib. Təlimdə 19 ölkədən 400 hərbçi və Rusiya ordusundan bir qrup nümayəndə iştirak etmişdir. Ermənistan 2006-cı il 12-25 may tarixində Almanya və Bosniyada NATO-nun təşkil etdiyi ‘Cooperative Best Effort 2006’ və Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində 13 sentyabr 2006-cı ildə Gürcüstanda keçirilən rabitə proqramlarının idarə edilməsi -“e-PRİME”- təlimində iştirak etmişdir. Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində 12-28 iyul 2006-cı il tarixində Ermənistanda 12 ölkədən 250 nümayəndənin iştirak etdiyi “Qurtarıcı-2006” təlimi həyata keçirilib. Ermənistan və NATO arasında əməkdaşlıq proqramı çərçivəsində 1995-ci ildə 25, 2004-cü ildə isə 115 layihənin həyata keçirildiyi diqqətə alınarsa, xüsusilə də, 2000-ci illərin əvvəllərindən etibarən iki tərəfli münasibətlərin daha da inkişaf etdiyini söyləmək mümkündür.

11 mart 2019-cu ildə Ermənistanda NATO həftəsi başlayıb və ayın 15-nə qədər davam edəcək. Bu çərçivədə NATO Baş Katibi Ceyms Apparaturay da Ermənistana səfər edib, Prezident Armen Sarkisyan və Müdafiə naziri David Tanoyan ilə görüşüb. Bu görüşlərdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, bölgə təhlükəsizliyi məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Bölgə təhlükəsizliyi məsələsinə toxunan Apparaturay Şimali Atlantika Alyansının Qafqaz bölgəsində sülhün qorunub saxlanmasında maraqlı olduğunu və Dağlıq Qarabağ probleminin müharibə ilə həll yolunun olmadığını bildirib. Ermənistan mətbuatı Apparaturayın bu bəyanatının bu günlərdə Azərbaycan ordusu tərəfindən davam edən genişmiqyaslı hərbi təlimlərlə eyni vaxta düşməsini, Azərbaycana təzyiq və xəbərdarlıq kimi dəyərləndirirlər. Baş Katib Apparaturay “Dağlıq Qarabağ probleminin müharibə ilə həll yolunun olmadığını bildirdiyində” işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistanın və qondarma rejimin Təhlükəsizlik Şuralarının ortaq iclası keçirilib. Apparaturay və təmsil etdiyi təhlükəsizlik təşkilatı Qafqazda sülhün qorunub saxlanılmasında həqiqətən bu qədər maraqlıdırlarsa, əvvəlcə Ermənistan və qondarma rejimin işğal edilmiş Azərbaycan torpaqlarında təşkil etdikləri bu görüşün bölgə təhlükəsizliyini təhdid edən bir davranış kimi dəyərləndirməsi lazım idi.

Əksinə, Apparaturay o qədər açıq bir şəkildə işğalçı dövlətin yanında olduğunu bildirir ki, “Ermənistanı NATO-nun sabit və güvənilir partnyoru” olaraq gördüyünü ifadə edir.

Apparaturay və NATO-nun “sabit və güvənilir partnyoru” olaraq gördükləri Ermənistan isə 18-29 mart 2019-cu ildə Gürcüstanda məşq və qiymətləndirmə mərkəzində keçiriləcək “NATO-Gürcüstan 2019 təlimində” iştirakdan imtina edib.

Göründüyü kimi Ermənistanın xarici siyasətində, eləcə də təhlükəsizlik siyasətindəki qeyri-sabit xətt davam edir. Digər tərəfdən təəssüf ki, NATO rəsmiləri Ermənistanın beynəlxalq hüquqa və əməkdaşlıq ruhuna uyğun gəlməyən mövqeyi qarşısında bu ölkəyə qarşı adektav mövqe nümayiş etdirmilər.

Populyar xəbərlər