AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Gürcüstanda siyasi böhran və Rusiya
19.08.2019

Aybəy İsayev

 

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının üzvü və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi öncə parlamentin müxalifətdən olan deputatlarının, daha sonra isə geniş kütlənin etirazlarına səbəb oldu. Etirazların səhəri günü Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa vermək məcburiyyətində qaldı. İ. Kobaxidzenin istefası “Gürcü Arzusu”nu yaranmış çətin durumdan xilas etmədi. Etirazçılar parlamentin spikeri ilə bərabər daxili işlər naziri Giorgi Qaxariyanın da istefasını və həmçinin, növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürdülər.

Etiraz dalğasının böyüyərək Gürcüstanın digər iri şəhərlərinə yayılması hakim partiyanı növbəti il kecirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı bir sıra mühüm güzəştlərə getməyə məcbur etdi. Bunlardan ən önəmlisi yeni konstitusiyaya əsasən, proporsional seçki sisteminə tam keçidi hələ 2024-cü ildə nəzərdə tutan dəyişikliyi, hakim partiyanın artıq 2020-ci il parlament seçkilərində tətbiq etməyə razılıq verməsi idi. Bu da müxalifət partiyalarının parlament seçkilərində əlavə yer qazanmaq üçün şansını artırır. Qeyd etmək lazımdır ki, qarışıq sistemin tətbiqi “Gürcü Arzusu”na son parlament seçkilərində yerlərin 75%-dən çoxunu qazanmağa imkan vermişdi.

2012-ci ildən bəri hakimiyyətdə olan “Gürcü Arzusu” öz hakimiyyətinin 7 illik dövründə bir çox səhvlərə yol verdi və bunun nəticəsi olaraq hər növbəti seçkilərdə hakim partiya səs itirərək qalib olurdu. Əgər bundan öncə “Gürcü Arzusu” partiyası 2020-ci ildə keçiriləcək seçkilərə ciddi hazırlıqlar görərək hakimiyyətdə olduğu müddət ərzində yol verdiyi səhvləri qismən də olsa düzəltməyə çalışırdısa və bununla da özünə olan etimadı yenidən geri qaytarmaq üçün az da olsa şansı var idisə, 20 iyun hadisələrindən sonra şansının daha da azaldığını müşahidə etmək olar. Bununla belə, hakim partiyanın əlində ciddi maliyyə, inzibati və digər resurslar qalmaqda davam edir ki, bu da 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin gedişatına təsir etmək üçün kifayyət qədər həlledici rol oynaya bilər.

Qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlıqlar görən müxalifət partiyaları da təbii ki, bu illər ərzində iqtidar partiyasının yol verdiyi səhvlərdən maksimum yararlanmağa çalışır və bununla da cəmiyyətdə öz mövqelərini gücləndirməyə çalışırlar. 20 iyun etirazları da məhz bu sıradan  hadisələrdən oldu. Qeyd etmək lazımdır ki, “Gürcü Arzusu”nun əsas rəqibi hesab olunan “Vahid Milli Hərəkat” partiyası müxalifətdə olduğu son illər ərzində iki dəfə ciddi daxili parçalanma yaşamış və nəticədə partiyanın mövqeləri xeyli zəifləmişdi. Hadisələrin bu cür inkişafı isə “Vahid Milli Hərəkat” partiyasına cəmiyyətdə öz mövqelərini yenidən gücləndirmək üçün münbit şərait yaratmış oldu. Bu baxımdan, hər iki partiya arasında gedən siyasi mübarizədə tərəflərin istənilən üsuldan və şəraitdən yararlanmağa çalışması gələcək parlament seçkilərinin gedişatına təsir edən amillərdəndir.

 

Rusiya amili

 

İyunun 20-də parlament önünə toplaşan narazı kütlə hakimiyyət əleyhinə şüarlarla yanaşı, Rusiya əleyhinə də müxtəlif şüarlar səsləndirdi. 2008-ci il müharibəsindən sonra iki ölkə arasında pisləşən münasibətlərin fonunda Dövlət Dumasının rəsmi nümayəndəsinin Gürcüstanın ali qanunverici orqanında spiker kürsüsündə əyləşərək çıxış etməsini paytaxt sakinləri dövlətin suverenliyinə hörmətsizlik kimi qəbul etdilər ki, bu da kütləvi etirazlarla qarşılandı.

Paytaxt Tiflisdə baş verənləri Kreml “rusafobiya” adlandırdı və prezident Vladimir Putin Rusiya vətəndaşlarının “təhlükəsizliyi” üçün rus avia şirkətlərinin Gürcüstana birbaşa uçuşlarını qadağan edən fərman imzaladı. Halbuki, etirazçıların aksiya zamanı səsləndirdiyi şuarlar Rusiya vətəndaşlarına qarşı deyil, Rusiya hökümətinin işğalçılıq siyasətini davam etdirməsinə qarşı yönəlmişdi.

Əslində isə, Rusiya Gürcüstana birbaşa uçuşları qadağan etməklə bir neçə məqsəd güdürdü: 1) Gürcüstanın turizmdən əldə etdiyi gəlirlərə zərbə vurmaq və bununla da Gürcüstanı cəzalandırmaq;  2) Rus turistlərini başqa bir istiqamətə işğal olunmuş Krıma yönləndirmək və bununla da Krımda turizmin inkişafını dəstəkləmək; 3) Gürcüstana hər il səyahət edən 1 milyondan artıq rus turisti Gürcüstandakı qayda-qanun və demokratik dəyişikliklərlə yaxıından tanış olmaq imkanına malik olurlar və belə bir sistemin digər post-sovet dövlətlərində də qurula bilmsəinin mümkünlüyünü əyani şəkildə görürlər. Bu da əlbəttə, Rusiya kimi avtoritar rejimli dövlətdə daxili stabilliyin pozulmasına gətirib çıxara bilər.

Gürcüstanın Rusiya ilə münasibətləri 2003-cü ildə Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra və Qərblə inteqrasiyanı sürətləndirməyə çalışdığı dövrdən daha da pisləşdi. 2008-ci il avqust müharibəsindən sonra Kremlin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması isə iki ölkə arasında rəsmi münasibətlərə son qoymuş oldu. Hazırda, Rusiya Gürcüstan torpaqlarının 20%-ni işğal altında saxlamaqda davam edir.

Bununla belə, 2012-ci ildə hakimiyyətə gəldiyi vaxtdan etibarən “Gürcü Arzusu” Rusiya ilə münasibətləri və xüsusən də iqtisadi əlaqələrin yenidən bərpa olunması istiqamətində işlər apardı. 2013-cü ildə Moskva gürcü ixrac mallarına (şərab və mineral sular daxil olmaqla) 2006-cı ildən qüvvədə olan embarqonu götürdü. Nəticədə, Gürcüstanın Rusiyaya ixrac etdiyi malların ümumi faiz göstəricisi 2012-ci ildə 2%-dən, 2018-ci ildə 13%-ə qədər yüksələ bildi. Bu da Rusiyanı yenidən Gürcüstanın ən böyük ticarət tərəfdaşlarında birinə çevirdi.

Bundan əlavə, Rusiyadan Gürcüstana gələn turistlərin sayında da hər il artım müşahidə olunur. Təkcə 2018-ci ildə Rusiyadan 1 milyon 405 min turist gəlmişdir ki, bu da ölkə iqtisadiyyatına 700 milyon ??? gəlir gətirmişdir. Ümumiyyətlə, 2018-ci ildə Rusiyadan təxminən 1,6 milyard dollar vəsait daxil olmuşdur ki, bu da Gürcüstanın ümumi daxili məhsulunun 10%-ni təşkil edir. Hazırda Rusiyanın Gürcüstana qarşı istifadə etdiyi əsas üsullardan biri iqtisadi təzyiqdir ki, Rusiya bu amildən maksimum yararlanmağa çalışır.

Rusiyanın Gürcüstana təsir mexanizmilərindən biri də Gürcüstanda yaşayan etnik azlıqlardan gələcəkdə separatist hərəkatların başlanması üçün istifadə etmək üçün kifayyət qədər imkanlarının olmasıdır. Bu baxımdan Cavaxetia bölgəsi potensial təhlükədir. 2013-cü ildən başlayaraq Rusiyanın Cavaxetia bölgəsində Rusiya pasportları paylaması bu ərazinin gələcəkdə yeni bir Abxaziya və Cənubi Osetiyaya çevrilməsinə şərait yarada bilər.

Gürcüstanda yaşayan milli azlıqların sayına görə birinci yerdə dayanan azərbaycanlılar arasında da separatist hərəkatların başlanması Rusiya üçün arzu olunandır. Belə bir ssenarinin inkişafı Gürcüstanı tamamilə zəiflədib parçalanma təhlükəsi ilə üz-üzə qoyardı ki, bu da Rusiyanın Gürcüstan üzərində təsirini artırmış olardı. Bölgədə yeganə balanslaşdırılmış və praqmatik siyasət yürüdən Azərbaycan üçün də hadisələrin bu istiqamətdə inkişafı yolverilməzdir, baxmayaraq ki, Rusiya Azərbaycanı müxtəlif yollarla buna təhrik etməyə çalışır. Azərbaycan üçün hazırda Azərbaycan-Gürcüstan strateji ortaqlığı daha önəmlidir ki, hər iki tərəf bundan ancaq fayda əldə edir.

Bu ilin may və iyul aylarında Azərbaycanla Gürcüstan sərhəd xəttində yerləşən Keşikçidağ (David Qareci) məbədində baş verən hadisəni də iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat hesab etmək olar ki, bu da bölgədə Rusiyanın maraqlarına tamamilə uyğundur. 20 ildən artıqdır ki, Gürcüstan və Azərbaycan arasında bölüşdürülməmiş olaraq qalan bu mübahisəli ərazi bölgədə iki strateji tərəfdaşı qarşı-qarşıya qoymaq üçün istifadə edilməyə çalışılır. Belə ki, Gürcüstanı tamamilə zəiflətmək üçün yeni münaqişə ocağının yaranması Rusiyanın Gürcüstana təsir etmək imkanlarını bir az da artırmış olar.

 

Nəticə

 

İqtidarda olduğu müddətdə “Gürcü Arzusu” bir çox səhvlərə yol verdi ki, 20 iyun tarixində baş verən hadisələri bu səhvlərin kulminasiya nöqtəsi hesab etmək olar və bununla da hakim partiya öz imicinə ciddi zərbə vurmuş oldu. Həmin gün Gürcüstanın müasir tarixinə “Qavrilov gecəsi” kimi daxil oldu. Parlament önünə toplaşan minlərlə etirazçıların tələbləri qarşısında hakimiyyət bir sıra mühüm güzəştlərə getməyə məcbur oldu. Gözlənilmədən baş verən siyasi böhran bir daha təsdiq etdi ki, Gürcüstanda güclü vətəndaş cəmiyyəti mövcuddur və hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq onlar xalqla hesablaşmalıdırlar. Digər halda bu hakimiyyətdə olan partiya üçün daha ağır nəticələrlə tamamlana bilər.

“Gürcü Arzusu”nun Rusiya ilə münasibətləri normallaşdırmaq siyasətinin  son hadisələrlə iflasa uğraması hakim partiyanı olduqca çətin duruma saldı. Belə ki, Rusiya ilə münasibətlərin yaxşılaşması paralel olaraq Rusiya ilə daha sıx inteqrasiya üçün xalqın dəstəyinin artmasına səbəb olmadı. Həmçinin, Rusiya ilə iqtisadi əlaqələrin artması Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllində də irəliləyişə səbəb olmadı. Son hadisələr göstərdi ki, Rusiya mövcud münaqişələrin həllində maraqlı deyil, əksinə bura yenilərinin də əlavə olunmasını arzu edir. Gürcüstanda baş verən siyasi böhran bölgədə yeni fəlakətlərə yol aça bilər və ümumilikdə Qafqazda sülhün və sabitliyin zəmanətinə təhlükədir.

 

Populyar xəbərlər