AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Azərbaycan və Gürcüstanın əlaqələndirilməyə ehtiyacı var - Müsahibə
29.07.2019

İyulun 14-də David Qareci/Keşikçidağ ərazisində Gürcüstan vətəndaşları və azərbaycanlı sərhədçilər arasında insidentlə bağlı video yerləşdirilib. Videoda görünür ki, bir qrup mülki şəxs iki azərbaycanlı sərhədçiyə hücum edib, onları təhqir edərək həmin ərazini tərk etməyi tələb edib. Azərbaycan XİN bunu “iki ölkə arasında qarşıdurmaya yönələn təxribat” kimi qiymətləndirib.Qeyd etmək lazımdır ki, bu, son vaxtlar həmin ərazidə baş verən ilk hadisə deyil. Aprelin əvvəllərindən başlayaraq Gürcüstan cəmiyyətində David Qareci/Keşikçidağ ətrafında ehtiraslar qızışmağa başlayıb. Bəzi siyasi, ictimai və din xadimləri Gürcüstan hökumətindən sərhəd mübahisəsinin tezliklə həllini tələb edib, onu Gürcüstanın mədəni irsinin və müqəddəs yerlərinin itirilməsində ittiham edib.Əslində iki ölkə arasında nə baş verir? Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı ASTNA-nın suallarını cavablandırıb.

***

-Araz bəy, yaxın müddətdə Azərbaycan- Gürcüstan sərhəddində Keşikçidağda ikinci dəfə insident yaranır. Sizcə, birdən birə yaxın münasibətlərdə olan bu iki ölkə arasında yaranan insidentin görünən və görünməyən səbəbləri nədir?

Описание: Araz Aslanlı -Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinə təsir edən amillər çoxdur. Bunların hamısının üzərində detallı durmaq lazım deyil. Amma müəyyən tarixi amillar var ki, onlar münasibətləri gərginləşdirmək istəyən qüvvələr tərəfindən istifadə olunmağa çalışılır. Müəyyən tarixi amillər də var ki, o tarixi amillər bizi birləşdirir. Qafqazdan kənar qüvvələr Qafqazda güclənmək, Qafqazı işğal etməkistəyəndə Qafqazdakı millətlərin, dövlətlərin taleyi, varlığı üçün təhlükə yaradanda Qafqaz millətləri bir-birinə yaxınlaşmağa başlayırlar. Bu amil yaxınlaşdırıcı amildir. Amma müəyyən dövrlər var ki, Qafqazdakı millətlər bir-biri ilə mübarizə aparmağa başlayıblar. Bunlar münasibətlərə kölgə salmaq potensialı olan, kənar qüvvələrin istifadə etmək istədiyi amillərdir. Bundan başqa xüsusən 20-ci əsrin əvvəli və 20-ci əsrin sonlarında müəyyən periodlar var ki, onlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Ayrıca ortaq dəyərlər var. Ortaq müəyyən tarixi miras var. Bir də əhali amili var. Azərbaycanda yaşayan gürcülər, Gürcüstanda yaşayan azərbaycanlılar. Bu amillər içərisində bəlkə də ən vacibi hazırda Azərbaycan və Gürcüstanın təxminən eyni mənbədən qaynaqlanan ərazi bütövlüyü problemi yaşamasıdır. Bu hər iki dövləti bir-birinə çox yaxınlaşdırır. Bundan əlavə hər iki dövlətin birlikdə reallaşdırdığı əhəmiyyətli regional layihələr var. Bu regional layihələrin bir hissəsi qlobal xarakterli layihələrdir. Yəni bu qədər vacib məqamlara rəğmən hər iki dövlət oxşar yerlərdən təhlükə hiss edirlər. Bunları yaxınlaşdıran bu qədər vacib məqamlar varkən bu iki dövlətin öz arasında problem yaşaması birqədər süni problemə oxşayır. Keşikçidağla baş verən bu ikinci insident xarici mənbədən qaynaqlanan insidentdir. Müəyyən tarixi məqamlar ola bilər ki, onlar mübahisəyə səbəb olsun. Sərhəddin tam dəqiqləşdirilməməsindən qaynaqlanan problem potensialları ola bilər. Amma iki dövlətin varlığı ilə bağlı hiss etdiyi təhlükələr bu iki dövlətin orta və strateji hədəflərinin yanında çox kiçik görünür. Keşikçidağ məsələsi də bu qəbildəndir. Amma biz görürük ki, təəssüf ki, son dövrlər Gürcüstanda içərisində hətta siyasətçi, guya QHT, guya din xadimi, sadə vətəndaş olan müəyyən bir qrup var ki, bu məsələni xüsusi ilə qaşımağa çalışır. Bu təbii ki, belə bir görüntü yaradır ki, bu sadə məsələ deyil. Sadəcə guya Keşikçidağı ziyarət etməyə çalışan insanların arzusu, məqsədi, hədəfidir. Çünki, onlar bu ziyarət prosesini elə həyata keçirməyə çalışırlar ki, hər dəfə Azərbaycan cəmiyyətində bir qıcıq yaratmağa çalışırlar. Bu qıcığın hansısa bir sərt, aqressiv reaksiya meydana gətirməsini istəyirlər. Bunun da növbəti dalğası kimi iki ölkə arasında problemlər yaranmasını istəyirlər. Sanki istəyirlər ki, Azərbaycan buna çox sərt reaksiya versin. Bu reaksiyanın hədəfi əvvəlcə ola bilsin ki, ancaq ziyarətə gələnlər olsun, amma dalğavari effekt yaratsın. Iki dövlət və iki cəmiyyət qarşı-qarşıya gəlsin. Bu iki dövlətin qarşı-qarşıya gəlməsi həm Azərbaycanda əsas gündəm Gürcüstanla gərginlik, həm Gürcüstanda əsas gündəm Azərbaycanla gərginlik olsun. Beləcə hər iki tərəf əsas problemlərini unudub bu məsələyə yönəlsin. Iki dövlət arasında strateji xarakter daşıyan əsas məsələlərə kölgə düşsün. Və bundan üçüncü tərəflər xeyir götürsün.

-Bir çox ekspertlər bunu Gürcüstan daxilindəki rusiyameylli qüvvələrin, bəziləri birbaşa Rusiyanın, bəziləri isə Ermənistanın təxribatı adlandırır. Sizcə, bu insidentdə üçüncü tərəfin barmağı varmı?

-Bu məsələnin arxasında kimlər var, onu dəqiqliklə deyə bilmirik. Ortada konkret dəlil yoxdur. Gürcüstanda bu məsələ ilə bağlı konkret cinayət işi açılsaydı, hüquqi prosedur aparılsaydı, hansı xarici dövlətin kəşfiyyat orqanları burda kimləri necə yönəldir onu daha aydın şəkildə ortaya çıxarmaq olardı. Amma təəssüf ki, hələ biz Gürcüstanda bu istiqamətdə çoxaçıq dəqiq və qərarlı bir bir mövqe görmürük. Müəyyən mövqe görürük. Amma bu hələ dəqiq və açıq deyil. Amma heç şübhə yoxdur ki, Gürcüstan Azərbaycan münasibətlərinin hazırki xarakterindən bir çox başqa dövlətlər narahatdır. Ən azı qonşularımızın üçü narahatdır. Onlar maraqlıdır ki, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər pisləşsin. Ona görə hansısa formada onların bu prosesdə iştirakını təxmin edə bilərik. Konkret olaraq isə Ermənistanın bu məsələdə ən arzulu dövlət olduğunu qeyd edə bilərik. Ən çox Ermənistan arzu edir ki, Azərbaycan Gürcüstanla da problem yaşasın. Bunun bir neçə səbəbi var. Əvvəla Ermənistanın həm Gürcüstana ərazi iddiası var, həm Azərbaycana. Gürcüstana ərazi iddiasını Azərbaycanla müqayisədə nisbətən yumşaq tonda həyata keçirir. Müxtəlif dini, ideoloji, milli, təxribatlar şəklində həyata keçirir. Həm də istəyir ki, Gürcüstan Azərbaycanla da problem yaşasın ki, Ermənistan Gürcüstana qarşı hansısa bir hərəkət etmək istədikdə Gürcüstan indikindən də zəif olsun. Eyni zamanda istəyir ki, Azərbaycan da Gürcüstanla problem yaşasın ki, Azərbaycan resurslarını Ermənistanla münaqişənin həllinə yönəltməsin. Necə ki, Gürcüstan həm cənub, həm şimal tərəfdə problem yaşasın, Ermənistan üçün daha arzuolunan rəqib vəziyyətinə düşsün, eləcə də Azərbaycan da sadəcə Qarabağ problemi ilə deyil, eyni zamanda Gürcüstanla problemə yönəlsin, resurslarını parçalasın. Ermənistanın bir başqa məqsədi də var. Gürcüstanla yaşanan problem Azərbaycanın həyata keçirdiyi böyük regional layihələrə də təsir edəcək. Yəni Azərbaycan resurslarını sadəcə iki cəbhəyə yönəltmiş olmayacaq, həm də resurs itkisinə məruz qalacaq. Həm diplomatik baxımdan, həm iqtisadi baxımdan, həm hərbi baxımdan, həm demokratik baxımdan, mövcud resurslarını artırmaq yerinə, azaltmaq riski ilə qarşılaşacaq. Ona görə Gürcüstan- Azərbaycan münasibətlərinin pisləşməsini ən çox istəyən Ermənistandır. Rusiya Federasiyası da, İran da bu münasibətlərin müsbət halını arzulamır. Regiondakı enerji layihələrinin, nəqliyyat layihələrinin inkişafını, Azərbaycanın regionda güclənməsini, Gürcüstanın Qərblə münasibətlərinin inkişafını arzulamayan dövlətlərindən biri İrandır. Bu mənzərə fonunda Rusiya da Azərbaycanın Gürcüstanla münasibətlərinin normal olmasını istəmir. İran üçün qeyd etdiyim faktorlar Rusiya üçün də keçərlidir. Əlavə olaraq Rusiya Gürcüstanla birbaşa problem yaşayır. Gürcüstan cəmiyyəti və resursları sadəcə Rusiyaya fokuslanmasın, həm də Azərbaycana fokuslansın deyə bunu arzulaya bilər. Amma istər Rusiya mənşəli olsun, istər İran, istər Ermənistan fərqi yoxdur. Bu provakasiyanın kökü harda olur olsun, Gürcüstan daxilində bunun həyata keçirilməsi Gürcüstandakı rusiyameylli qüvvələrin və Gürcüstandakı ermənilərin bu məsələdə istifadə olunduqları aşkardır. Biz bunu daha öncə başqa formalarda, başqa tarixlərdə görmüşük. Gürcüstanda yaşayan ermənilər vasitəsi ilə Gürcüstan- Azərbaycan münasibətlərinə qarşı provakasiyalar yaratmaq istəyir. Təəsüflə qeyd etməliyəm ki, Gürcüstanda erməni əsillilər vasitəsi ilə Gürcüstanın milli maraqlarına, konkret olaraq Gürcüstan-Azərbaycan münasibətlərinə qarşı bu cür provakasiyaların həyata keçirildiyini görürük.

-Əgər təxribatdırsa, bu insidenti yaratmaqla məqsəd nədir? Və niyə Gürcüstan hakimiyyəti bu provakasiyanın böyüməsinə şərait yaradır?

-Bu təxribatın əsas məqsədi Gürcüstan və Azərbaycanı mümkün qədər bir-birindən uzaqlaşdırmaq, onların birgə reallaşdırdığı və reallaşdırmağa çalışdığı regional layihələrə kölgə salmaq, onların davamlılığına problem çıxarmaq, hər ikisinin mövcud problemlərini həll etməyə mane olmaq, diqqətlərini mövcud problemlərindən yayındırmaq, yeni problem əlavə etmək, hər ikisinin reallaşdırmaq istədiyi layihələrə maneə törətməkdir. Amma bunun qarşısında Gürcüstan hakimiyyətinin davranışı da problemli məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, Gürcüstan hakimiyyəti ya regional layihələri düzgün qiymətləndirmir, ya da hansısa daxili siyasi maraqlar naminə Azərbaycanla Gürcüstan arasında müəyyən problemlər yaranmasını arzulayır. Ya bilərək, ya da bilməyərək digər qüvvələrdən qaynaqlanan prosesin tərəfinə çevrilib. Çünki Gürcüstan hakimiyyəti qabaqlayıcı tədbirlər almalı olduğu təqdirdə bunu etmir. Bunun əvəzinə bu cür provakasiyalara şərait yaradacaq bəyanatlar səsləndirir. Gürcüstən vətəndaşları sərhəddi pozub Azərbaycan sərhədçilərinə hücum edəndə Gürcüstan hakimiyyəti görməli olduğu konkret tədbirləri görmür. Bu isə elə bir arzuolunmaz nəticəyə gətirib çıxara bilər ki, bundan nə Gürcüstan hakimiyyəti, nə gürcü xalqı, nə o provakasiyanın parçası olan qruplar qazanclı çıxar. Ola bilsin qısa müddət üçün qazanclı çıxarlar. Məsələn, Gürcüstan parlamentində hansısa siyasi qüvvə daha çox yer qazana bilər. Ya Rusiya ilə əməkdaşlığı arzulayan qüvvələr Rusiya ilə hansısa əməkdaşlıq əldə edə bilər. Qısa müddətdə qazanclar əldə oluna bilər. Amma Gürcüstanın taleyi, varlığı, təhlükəsizliyi baxımından daha arzuolunmaz mənzərə ortaya çıxa bilər. Azərbaycan üçün də bu proses çox xoş nəticələr yaratmaz.

-Son insidentdə Azərbaycan əsgərlərinin davranışını bir çoxları təqdir etdi ki, provakasiyaya uymayıb, qan axmasına imkan verməyiblər. Amma bir çoxları da Azərbaycan əsgərinə qarşı edilən hərəkəti dövlət adına kimi təhqir kimi qəbul etdilər. Sizcə, bu kimi məsələlərdəAzərbaycan dövləti necə davranmalıdır?

-Doğrudur, əsgərin silahını təhvil verib, qorumalı olduğu ərazini qoyub geri çəkilməsi xoş bir görüntü deyil. Xüsusən Azərbaycan kimi ərazi bütövlüyü problemi yaşayan və sərhədlərini qorumaq üçün daha diqqətli, daha cəsarətli addım atmalı olan bir dövlətin əsgəri konkret situasiyada bu cür davranmalı deyildi. Amma o hara məlumat verib, ona kim hansı təlimatı verib, bunu bilmirik. Konkret burdakı hal sadə sərhəd pozma halı deyil. Bu böyük bir provakasiyanın bir parçasıdır. Və bunu belə götürəndə burda artıq əsgərin davranışını deyil, bütün situasiyanı dəyərləndirməliyik. Ehtimal edirəm ki, hansısa üst səviyyədə qərar olunub ki, konkret situasiyada bu provakasiyaya gedilməsin. Əgər əsgər orada onun əlindən silahı almağa çalışan provakatora qarşı atəş açsaydı, hansısa gürcü vətəndaşı və ya din xadimi həyatını itirsəydi, Azərbaycanla Gürcüstan arasındakı növbəti baş verəcək hadisələri təxmin etmək olardı. Hesab edirəm ki, Azərbaycan dövləti provakasiyaya getmədiyini göstərərək həm Gürcüstan hakimiyyətinə, həm Gürcüstan-Azərbaycan və üçtərəfli, dördtərəfli, iqtisadi layihələr həyata keçirən dövlətlərə, təhlükəsizlik maraqlarımızı qorumağa birgə çalışdığımız başqa dövlətlərə göstərdi ki, mən ümumi maraqlar naminə provakasiyalardan uzaq durmağı bacarıram. Hətta daxildəki kəskin tənqidlərə baxmayaraq. Amma bu uzaq durmaq maraqlardan imtina deyil. Azərbaycan ordusu, dövləti, Xarici İşlər nazirliyi, Sərhəd Qoşunları, əsgərləri, hətta sadə vətəndaşları da ümumi maraqlar naminə müəyyən güzəştlərə gedir. Amma bunun da bir sərhəddi var. Bu sərhəd Gürcüstan tərəfindən, digər dövlətlər tərəfindən, Gürcüstanda həm dövlət, həm sadə vətəndaş, həm din xadimi, həm siyasi partiya, lideri, deputatı tərəfindən hörmət olunmalı olan sərhəddir. Bu sərhəd odur ki, Azərbaycan dövləti görsə ki, Gürcüstan Azərbaycanın ümumi maraqlar naminə provakasiyaya getməməsindən istifadə edir, onda daha konkret addımlar atılmalıdır. Azərbaycan mübahisəli ərazilərlə bağlı məsələləri gündəmə gətirmək, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasını, sosial vəziyyətlərindəki çatışmazlıqarı, dövlət qurumlarında təmsillə bağlı yaşadıqları problemləri gündəmə gətirmir. Ümumi maraqlar naminə etmir. Gürcüstan tərəfi də Azərbaycanın atdığı bu addımları düzgün qiymətləndirməlidir. Daha adekvat addımlar atmalıdır.

-Gürcüstan tərəfi düşünmür ki, Azərbaycanla münasibətləri korlana bilər? Və yaxud Gürcüstanın Azərbaycanla münasibətləri korlansa nələr baş verə bilər?

-Azərbaycan Gürcüstan hakimiyyətindən qaynaqlanmayan, kənar mənbələri olan provakasiyalara qarşı diqqətli, Gürcüstan hakimiyyəti ilə koordinasiyalı addımlar atmalıdır. Və Gürcüstan özü qabaqlayıcı tədbirlər görə bilmirsə, bunu hüquqi cəhətdən və ya de-fakto etiraf etməlidir. Onda Azərbaycan hansısa qabaqlayıcı addımlar atmalıdır ki, bu cür provakasiyalar olmasın. Azərbaycanın görməli olduğu iş ilk növbədə bu cür provakasiyaların qarşısını almasına çalışmaqdır. Provakasiyaların qarşısına aqressiv münasibətlə çıxmamalıdır. Yeri gələndə o da olar. Çünki dövlətin sərhəddi bu cür pozulacaqsa, daha aqressiv cavablar da verilə bilər. Amma ilk növbədə qabaqlayıcı addımların atılmasıdır.

Gürcüstan -Azərbaycan münasibətləri sadəcə iki dövlət üçün yox, ümumiyyətlə region üçün uğurlarla nəticələnmiş münasibətlərdir. Bu münasibətlər Qafqazı sülh məkanına çevirə biləcək münasibətlərdir. Qafqazdan kənar bəzi dövlətlərin planları var ki, burda əməkdaşlıq yox, münaqişə məkanı olsun. Münaqişə məkanı olanda Qafqaza müdaxilə imkanları artır. Qafqaz dövlətlərinin həmin ölkələrdən asılılığı artır və.s. Qafqaz ölkələrinin reallaşdırdığı müəyyən layihələr var ki, onların maraqları ilə üst-üstə düşmür. Onlar arzulayırlar ki, o layihələr də reallaşmasın. Amma Qafqaz sülh və əməkdaşlıq məkanı olanda bu Qafqazdakı digər münaqişələrin həllinədə töhfə verə bilər. Yəni Qafqazda digər münaqişə alovlananda bu digər münaqişələrin həllinə imkan verməyəcək. Amma sülh və əməkdaşlıq məkanı olduqda hətta digər regionlardakı problemlərin həllinə də töhfə verə bilər. Avropanın enerji təhlükəsizliyi məsələsinə, Şərq-Qərb ticarəti baxımından, Şimal-Cənub ticarəti baxımından əməkdaşlıqlara imkan yaradır. Buna görə də Azərbaycan və Gürcüstan rəsmiləri dialoqu artırmalıdırlar. Bundan əlavə Azərbaycan-gürcüstan əməkdaşlığının tərəfdaşı olan Şərqdəki və Qərbdəki bəzi dövlətlər də bu prosesə qoşulub töhfə verməlidirlər. Bu prosesdə Azərbaycan cavab addımları atmaq məcburiyyətində qala bilər. Amma bir daha deyirəm. Ən vacibi qabaqlayıcı addımlardır.

 

26 iyul 2019 http://www.turan.az/wap/2019/7/free/Interview/az/82630.htm

Populyar xəbərlər