AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Paşinyanın “Miatsum” açıqlamasının səbəbləri
03.09.2019

 

Dr. Nazim Cəfərov, Dr. Hatəm Cabbarlı

 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 2019-cu ilin 5 avqust tarixində “Pan-Erməni oyunları”nın “açılış mərasimi” keçirilib. Açılış mərasimində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın 2050-ci ilə qədər olan perspektivləri və bölgənin təhlükəsizlik mühiti ilə bir başa bağlı olan fikirlər səsləndirib. Azərbaycan və Ermənistan mətbuatında bu fikirlər müxtəlif paradiqmadan təhlil edilib. Ən çox müzakirə edilən məsələ isə Paşinyanın “Dağlıq Qarabağın Ermənistanın bir parçası olduğunu” ifadə etməsi olub. 

Paşinyanın bu açıqlaması 1980-ci illərin sonundan etibarən başlayan, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ətraf rayonların Ermənistan tərəfindən işgali ilə nəticələnən “Miatsum” (“birləşmə”) ritorikasını xatırladıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını özünə birləşdirmək istəməsi mənasına gələn “Miatsum” 1988-1991-ci illər ərzində Erməni siyasətçilərin əsas siyasi şüarı və fəaliyyət istiqaməti olub. Ancaq 1991-ci ildə SSRİ-nin dağılması prosesində və sonrasında Ermənistan rəsmiləri Qarabağ mövzunda yeni və fərqli bir siyasət həyata keçirməyə çalışıblar. Bu siyasət prosesin “Dağlıq Qarabağ” ermənilərinin öz milli müqədaratını təyin etməsi kimi xarakterzə edilməsi və müstəqilliyinin tanınması hədəfini güdüb. Həm Ermənistan ordusunun Azərbaycan torpaqlarını isğal etməsi, həm də Azərbaycanla aparılan müxtəlif formatlı uzun müzakirələr isə bu hədəfin həyata keçirilməsinin hərbi və siyasi vasitələri kimi istifadə olunub.

Yenə bu konteksdə son 30 ildə “Dağlıq Qarabağ” amili Ermənistan daxili siyasətində hakimiyyətə gəlmənin və iqtidarda qalmanın əsas siyasi vasitəsi kimi görülüb. Ermənistanın müstəqillik dövründəki hər üç prezidentinin (Levon Ter Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan) siyasi karyerasında “Dağlıq Qarabağ” amili müəyyənləşdirici rol oynayıb. Hər üç prezident “Dağlıq Qarabağ” kartından xüsusilə daxili siyasətdə xalqın dəstəyini əldə etmək üçün istifadə ediblər. Ötən 30 ildəki bu proseslər həm də Ermənistan daxili siyasətində qeyri-rəsmi formada “Qarabağ klanı” kimi xarakterizə edilən güclü bir strukturun formalaşmasına səbəb olub.

Bu proseslər fonunda xarici siyasətdə “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması kursu rəsmi olaraq önə çıxarkən, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” bəzi dövrlərdə daxili siyasətdə populist şüar və siyasi addımlarla gündəmə gəlib. Ancaq bu ziddiyətli məqam Ermənistanın daxili və təhlükəsizlik siyasətində də özünü biruzə verib. Məsələn, Ermənistan “Dağlıq Qarabağın müstəqil oldugunu” iddia etsə də özü onun “müstəqilliyini” tanınmayıb və bu istiqamətdə parlamentdə gündəmə gələn təkliflər də iqtidar tərəfindən qəbul edilməyib. Bənzər formada “Miatsumu” rəsmiləşdirmək istəyən siyasi və huquqi cəhdlər də Ermənistan hakimiyyəti tərəfindən dəstəklənməyib.

Dağlıq Qarabag məsələsinin Ermənistanda əsas mövzu olmasının ötən 30 ildə bu ölkənin həm xarici, həm də daxili siyasətində müəyyənləşdirici təsirləri olub. Bu çərçivədə xarici siyasətdə Ermənistan qonşusu Azərbaycanla  müharibə vəzyyətindədir. Azərbaycanla müharibə (və həm də “soyqırım” tezi və özünü müxtəlif formalarda göstərən ərazi iddiları) səbəbiylə Ermənistanın həm də Türkiyə ilə münasibətləri qaydasında deyil. Üstəlik Azərbaycan və Türkiyə ilə problemli münasibətlər Ermənistanı mütərəqqi dünyaya ilə bütünləşdirə və iqtisadi divident gətirə biləcək beynəlxalq layihələrdən məhrum edib. Bu üç mühüm məqam və ermənilərin son 200 ildəki tarixi təcrübəsi rəsmi İrəvanın Rusiyadan hər mənada ciddi asılılığına səbəb olub və faktiki olaraq Ermənistanın müstəqlilliyini ciddi mübahisə obyektinə çevirib.

Rəsmi Moskvadan bu asılılığın fonunda Rusiya-Gürcistan münasibətlərinində müharibə ilə də nəticələn daimi gərginlik, rəsmi Tiflisin Qərb yönümlü xarici siyasəti ilə yanaşı Azərbaycan və Türkiyə ilə yaxın əməkdaşlıq qurması və son olaraq bəzi dövrlərdə qeyri-rəsmi formada da olsa gündəmə gələn “Cavahetiya amili” Ermənistanın Gurcüstanla da münasibətlərinin inkişaf etməsinə mane olub. Rəsmi İrəvanın xarici siyasətdə qonşusu İranla münasibətlərini inkişaf etdirməsi isə rəsmi Tehranın özünün Qərb dünyası ilə yaşadığı ciddi problemlər səbəbiylə Ermənistanın dünya açılması üçün yetərsiz qalıb. Ermənistan guclü lobbi amilin\ə baxmayaraq, başda Qərb dünyası olmaq üzrə digər xarici ölkələrlə münasibətləri də yuxarda qeyd etdiyimiz bölgədəki münasibətlərin fonunda geri planda qalıb.

Dağlıq Qarabağ məsələsinin Ermənistan daxili siyasətindəki təsirləri isə özünü 3 əsas istiqamətdə göstərir. Əvvəla, Dağlıq Qarabağa görə müharibə aparmaq və Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi ehtiyaclarını 28 il boyunca qarşılamaq ölkə büdcəsi üçün çox ciddi problem təşkil edir. Təbii sərvətləri olmayan, istehsal və ticarət imkanları məhdud, regiondakı rentabelli mühüm beynəlxalq layihələrdən kənarda qalan Ermənistan üçün bu amillər ciddi sosial-iqtisadi problemlərin əsas səbəblərindən biri olub.

İkinci olaraq, Ermənistanın hakim dairələri Dağlıq Qarabağ məsələsini erməni xalqının mövcud sosial-iqtisadi problemlərini ikinci plana atmaq üçün uyğun populist vasitə kimi istifadə ediblər. Bu da Ermənistanda sosial-iqtisadi vəziyyəti əhalinin çoxu aktiv iş gücü olan təxminən 30 faizlik hissəsinin xaricə köçməsini təşviq edib və beləliklə vəziyyəti demoqarfik böhran yaradacaq qədər ağırlaşdırıb.

Üçüncü olaraq, Ermənistandakı hakim dairələr Qarabağ amili üzərindən bir yandan “xarici düşmən” obrazını yaradarkən, digər tərəfdən ölkədə oligarx, korrupsiyalaşmış və avtoritar bir sistem qurublar. Mərkəzində “Qarabağ klanı” kimi xaraktrizə edilən zümrənin olduğu bu iqtidar təbəqəsi sadəcə Dağlıq Qarabağa dair mövcud radikal yanaşmaya alternativ  düşüncənin ortaya çıxmasına mane olmaqla qalmayıb, həm də Ermənistan cəmiyyətində demokratik düşüncə və dəyərlərin inkişafına ciddi şəkildə mane olub. Ermənistan daxilindəki bu sosial-iqtisadi və siyasi vəziyyət xalqın və erməni müxafətinin etirazları nə demokratikiliyi şübhəli olan seçkilərdə, nə də bəzi hallarda küçələrdə özünü göstərən və hakimiyyətin sərt tədbirləri ilə qarşılaşan xalq etirazlarında öz həllini tapa bilib.

Ancaq 2018-ci ilin aprel ayında Ermənistanda başlayan xalq etirazları gedişatı və nəticəsi baxımından digərlərindən fərqlənib. Ermənistan iqtidarının etirazçılara qarşı sərt tədbirlərə baş vurmaqdan imtina etdiyi və Rusiyanın xeyli passiv qaldığı proses ermənilər baxımından uğurla nəticələnib və baş nazir Serj Sarqsyan istefa edib. Etirazçıların lideri olan Nikol Paşinyan xalqın parlamentə təzyiqi ilə yeni baş nazir seçilib. Muxalifət üçün uğurla nəticələnən bu prosesin diqqəti cəlb edən məqamlarından biri də uzun illər boyunca Ermənistan daxili siyasətində əsas hakimiyyətə gəlmə vasitəsi olan “Qarabağ amilinin” etirazçıların əsas tələbləri arasında yer almamasıydı. Hətta etirazçıların uğuru bir çox şərhlərdə “Qarabağ klanına qarşı qalibiyyət və bu klanının hakimiyətdəki təsirini qırma olaraq” xarakterizə edilib. Yeni baş nazir Paşinyanın həm fərdi, həm də siyasi karyera baxımından Qarabağ mövzusuna əvvəlki liderlərlə müqayisədə daha uzaq olması da bu yanaşmanı gücləndirən məqamlardan idi. Bənzər yanaşmanın 2018-ci ilin dekabr ayındakı parlament seçkilərində də Paşinyan tərəfindən ümumən davam etdirildiyi müşahidə edilib.

Digər tərəfdən, bu yönüylə Qarabağ məsələsi Paşinyan üçün müxalifətin istifadə etdiyi “Axilles dabanı” idi. Bu vasitənin müxalifət tərəfindən istifadə edilməsi son 30 ildə radikal yanaşmayla şərtləndirilən xalq nəzdində Paşinyan hakimiyyəti üçün ciddi risqləri də daşıyıb.

Baş nazir olduğu təxminən il yarımlıq müddət və parlamentdə üstünlüyü ələ aldığı 9 ay müddətində Paşinyanın Qarabağla baglı mövqeyi əsasən atdığı populist açıqlama və həmlələrlə yadda qalıb. Diqqəti cəlb edən məqam Paşinyanın Dağlıq Qarabağa dair bu mövqeyinin daha tez-tez və getdikcə daha radikal formada özünü göstərməsidir. Maraqlı olan mühüm bir digər məqam isə Ermənistanın əvvəllki liderləri hakimiyyətə gəlirkən Dağlıq Qarabağ mövzusunda daha radikal mövqe ortaya qoyarkən, iqtidarları müddətincə müqayisəli olaraq getdikcə daha yumuşaq mövqe göstərmişlərdir. Halbuki Baş nazir Paşinyan isə son il yarım ərzində mövqeyini daha da sərtləşdirən siyasətci profili ortaya qoyur. Xankəndindəki “Qarabağ Ermənistandır. Vəssalam!” açıqlaması da bu qəbildən olan açıqlamadır. Yenə bu çərçivədə Paşinyanın “Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı yolla Dağlıq Qarabağın da Azərbaycanın tərkibindən çıxdığı” bəyanatının da bənzər radikallaşma cəhdlərinin davam edə biləcəyi kimi xarakterizə etmək olar.   

Fikrimizcə Paşinyanın 5 avqustda harada çıxış etməsi, tədbirin adı,  məsaj verilən kütlələr və çıxışın ümumi konteksi nəzərə alındığında Paşinyanın  “Miatsum” açıqlaması 4 əsas məqam üzərindən şərh edilə bilər:

Bunlardan birincisi, Ermənistan daxili siyasətindəki mövcud vəziyyətdir. Bu çərçivədə Paşinyanın açıqlamasını şərtləndirən üç məqam diqqəti cəlb edir:

  • xalq
  • müxalifət
  • təhlükəsizlik burokratiyası (ordu, kəşfiyyat  və hüquq-mühafizə orqanları)

Mövcud reallıqlarda Paşinyan hakimiyyəti üçün xalq faktoru hakimiyyətinin davamı üçün ən mühüm amildir. Paşinyan  xalq dəstəyini ölkədəki ağır sosial-iqtisadi problemləri həll etmək və korrusiyalaşmış avtoritar sistemi dəyişdirmək vədləri ilə alıb. İstər parlament seçkilərini qazandıqdan sonrakı doqquz ayı, istərsə də baş nazi olduğu il yarım nəzərə alındığında bu müddətdə Paşinyanın verdiyi vədləri həyata keçirməsi praktik olaraq mümkün deyildi. Üstəlik Paşinyan və komandası Ermənistanın problemli siyasi, inzibati və iqtisadi sistemini yetərincə islah edə bilməyib və bu da vədləri gələcəkdə də yerinə yetirilməsi ehtimalına dair də ciddi şübhələr yaranmaqdadır. Müxtəlif obyektiv reallıqlara baxmayaraq bu şərtərlərdə ötən zaman Paşinyan hakimiyyətinin xalq dəstəyinin azalmasına xidmət etməkdədir. Bu da Paşinyanın ən mühüm silahı olan xalq dəstəyini itirməmək üçün günümüzdəki ən aktual siyasət vasitəsi olan populizmə yönəltməkdədir. Ermənistan reallığında bu popilist mövzuların başında isə “Qarabağ amili” gəlməkdədir.

Dağlıq Qarabağ üzərindən populist çıxışlar etmək Paşinyana sadəcə xalq arasında erməni milliyətçiliyi vasitəsiylə dəstəyini qoruma imkanı deyil, həm də aktiv daxili  siyasi güçlər arasında da manevra imkanı verir. Beləcə, Paşinyan bir yandan əsas müxalif güc olan Koçaryan liderliyindəki muxaliflərin əlindəki əsas silahı zəiflətməkdə, digər yandan içində erməni radikal milliyətçisi daşnakların da oldugu digər siyasi aktyorlardan siyasi dəstək alma imkanı qazanmaqdadır. Bundan əlavə, Paşinyan həm də yetərincə nüfüz edə bilmədiyi erməni ordusu və təhlükəsizlik orqanlarının Qarabağ probleminə görə ona qarşı sui-qəsd vəya hərbi çevriliş kimi riskləri də daşıyan şübhə və etirazlarını da azaltma imkanı əldə edir.   

“Miatsum” açıqlamasının ikincisi məqsədi Paşinyanın erməni diasporundan dəstək almaq istəyidir. Diaspor Paşinyana vəd etdiyi islahatlar üçün iqtisadi, texniki, kadr təmini və xarici siyasi dəstək amilləri baxımından strateji önəmə malikdir. Üstəlik erməni disaporunun Ermənistan daxili siyasətinə ciddi təsir imkanları var. Ancaq ötən il yarım ərzində Paşinyanın erməni diasporasından lazımı dəstəyi ala bilmədiyi müşahidə edilir. Hətda müqayisəli baxsaq  Paşinyanı son 30 il ərzində “disapordan ən az dəstək alan Ermənistan lideri” kimi də xarakterizə etmək olar. Hazırda mövcud erməni diasporunu birləşdirə bilən iki mühum məsələ var: Soyqırım və Miatsum. Bu konteksdə 5 avqust tarixli açıqlaması Paşinyana dispaorun “Miatsum” həssasiyyəti üzərindən dəstəyini qazanma imkanı verməkdədir.

Paşinyanın açıqlamasının üçüncü məqsədi Dağlıq Qarabağdakı yerli ermənilər arasında dəstəyini gücləndirməkdir. Son 30 il ərzində Qarabağ erməniləri faktiki olaraq Ermənistanın siyasi ideya, lider, komanda və milli öncəliklərinin, daxili və xarici siyasətinin müəyyənləşdirilməsində ən əhəmiyyətli rolu oynayıblar. Paşinyan indi Ermənistanda Qarabağ ermənilərinin bu rolunu zəiflətmək və son 30 ildəki ənənəni dəyişdirici bir proses həyata keçirmək istəyir. Başnazir və komandası bu prosesdə Qarabağ klanınının Ermənistan ayağını siyasi mənada zəiflədib. Ancaq prosesin uğurla davam etməsi həm də Paşinyanın Dağlıq Qarabağdakı mövcud qondarma “yerli rəhbərliyi” də öz nəzarəti altına almasından birbaşa asılıdır.

Qarabağda Bako Saakyanın rəhbərlik etdiyi bu qondarma struktur Paşinyan üçün Ermənistan  müxalifətiylə ona qarşı açıq əməkdaşlığa gedən, əlində hərbi gücü olan, xarici və baş nazirin o qədər də isti münasibətlərinin olmadığı bir güclə (Rusiya) ilə ciddi əməkdaşlıq perspektivi olan, baş nazirin İrəvanda qarşı çıxdığı korrupsiyalaşmış və avtoritar idarə etmənin bir numunəsidr. Bu isə Paşinyan üçün həm daxili, həm də xarici siyasətdə ciddi problem deməkdir. Yenə bu mənada Pasinyan dünya erməniləri arasında inandırıcılığının olması üçün də Dağlıq Qarabağdakı ermənilər üzərində nəzarəti təmin etməsi zəruridir. Eləcə də Azərbaycanla müzakirələrdə də Qarabağdakı ermənilərin Paşinyanın siyasi kursuna uygun hərəkət etməsi vacibdir. Ötən il yarım göstərdi ki, Paşinyanın mövcud qondarma rəhbərliklə bunları etməsi mümkün görünmür. Bu konteksdə Paşinyanın Dağlıq Qarabağda öz dəstəyini artırmasına və özünə hər mənada  sərf edən komandaya ehtiyacı var. Paşinyanın populist “Miatsum” vurğusu çıxışın yeri, tədbirin adı, məsaj verilən kütlələr və çıxışın ümumi konteksi nəzərə alındığında qondarma “DQR-dakı növbəti rəhbərlik dəyişimi” öncəsi  yerli ermənilərin inamını qazanma və dəstəyini alma, öz namizədinə yer açma  cəhdi kimi də xarakterizə edilə bilər.

Paşinyanın “Miatsum” açıqlamasının sonuncu məqsədi Azərbaycanla müzakirələrdə mövqeyini gücləndirmək istəyidir. Mövcud şərtlərdə Paşinyan ağır iqtisadi problemlərlə yanaşı, erməni siyasi və hərbi elitasının əhəmiyyətli dərəcədə Ermənistanlı-Qarabağlı formasında cəbhələşdiyi, siyasi rəhbərliyi ilə ordu arasında qarşılıqlı inamsızlığın olduğu və iqtidarın tam mənasında sistemə hakim olmadığı bir dövlətin baş naziridir. Bu şərtlərdə Paşinyanın daxili problemlərini həll etmək və Azərbaycanla müzakirələrdə rəsmi İrəvan üçün daha əlverişsiz şərtlərdə davam etməməsi üçün zamana ehtiyacı var. Erməni baş nazir  bu məqsədlə daha əvvəl Qarabağ ermənilərinin müzakirələrdə tərəf kimi iştirakını təklif etdi. Azərbaycan tərəfindən qəbul edilməyəcəyi aydın olan və Minsk qrupu həmsədr dövlətlərinin də etiraz etdiyi bu təklif  Paşinyana həm daxili siyasətdə, həm də Azərbaycanla müzakirələrdə müəyyən zaman qazandırdı.

Bu konteksdə Paşinyanın “Miatsum” açıqlaması rəsmi Bakı ilə müzakirələrdə növbəti zaman qazanma cəhdi kimi xarakterizə edilə bilər. Üstəlik bu açıqlama Paşinyana Azərbaycanla diplomatik müzakirələrə yenidən yüksək iddialarla başlama, ya da ən azından erməni xalqına belə bir populist görüntü vermə imkanı təmin etməkdədir. Bundan başqa, Paşinyanın “Miatsum” açıqlaması tam nəzarət edə bilmədiyi Xankəndindəki qondarma rejimin və Ermənistan ordusunun Qarabağda ərazi itkisi ilə nəticələnə biləcək yeni bir “4 günlük müharibəyə” növnbəti motiv gətirib çıxartma və bunun siyasi maliyətini mövcud hakimiyyətə yükləmə cəhdinə mane olmaq arzusu kimi də xarakterizə edilə bilər. Xatırladaq ki, Paşinyan daha əvvəl belə bir ehtimalın ola biləcəyini bəyan edib.

Ümumiləşdirəcək olsaq, Paşinyanın 5 avqust 2019 tarixli “Miatsum” açıqlamasını yuxarıda geniş izah etdiyimiz daxili və xarci siyasət motivləri, doğrudan və dolaylı təsirləri olabiləcək və yeni açıqlamlarla davamının gəlməsi ehtimalı da olan bir yanaşma kimi qiymətləndirmək mümkündür.         

Populyar xəbərlər