AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Ermənistanın “sülh” bəyanatları və silahlanma yarışı
26.02.2020

 

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) 2020-ci il fevral ayında açıqlanan dünya dövlətlərinin silahlanma indeksinə görə  Ermənistan silahlanma yarışında dünyada üçüncü yerdədir.[1] Hesabatda Ermənistanın silahlanma yarışında 3-cü yerdə olmasının səbəbinin Dağlıq Qarabağ münaqişəsi olduğu göstərilib. Ermənistanın silahlanmasının əsl səbəbi son 30 ildə militarist siyasət həyata keçirməsidir.

Məruzədə birinci yerdə İsrail, ikinci yerdə Sinqapur, üçüncü yerdə Ermənistan, daha sonra isə Kipr, Cənubi Koreya, Rusiya, Yunanıstan, İordaniya, Belorus və Azərbaycanın olduğu qeyd edilir. Daha əvvəlki hesabatda Azərbaycan 12-ci yerdə olsa da, bu hesabatda 10-cu yerə yüksəldiyi görünür.

 Mərkəz silahlanma indeksini əsasən üç göstərici ilə hesablayır: birincisi, hərbi xərclərin ÜDM-yə nisbəti, ikincisi, əhalinin sayına görə adambaşına tank hesabı, üçüncüsü, əhalinin ümumi sayına görə hərbiçələrin sayı.

Bonn Beynəlxalq Konversiya Mərkəzinin hesabatına görə, Ermənistanın hərbi xərcləri ÜDM-nin 6.4 faizinə bərabərdir. Beləliklə, Ermənistan digər sosial xərclərlə müqayisədə silahlanmaya daha çox maliyyə vəsaiti ayıran ölkələr sırasında üçüncü yerdə bərqərar olub.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın hərbi büdcəsi 2010-cu ildə 402,8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472,[2] 2015-ci ildə 450, 2016-cı ildə 430, 2017-ci ildə 518,[3] 2018-ci ildə 623,[4] 2019-cu ildə 647 milyon dollar[5] olub. Ermənistan müstəqilliyini elan etdikdən sonra 2018-ci ildən etibarən hərbi büdcəsi ilk dəfə 600 milyon dolları aşıb.

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra militarist siyasət həyata keçirməsi, silahlanmaya xüsusi əhəmiyyət verməsi ilə digər post-sovet ölkələrindən seçilir. 1988-ci ildən etibarən qeyri-qanuni olaraq silahlanan Ermənistan, müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı çox ciddi sosial-iqtisadi problemlərə baxmayaraq silahlanmaya davam edir. Bu, Ermənistanın region dövlətlərinə yönəlik xarici və təhlükəsizlik siyasəti, xüsusilə də Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Müxtar Vilayətində yaşayan ermənilərin separatçılıq fəaliyyətini dəstəkləməsi və daha sonra istiqamətləndirməsi ilə birbaşa bağlı olub.

Müstəqilliyini elan etdikdən sonra ölkə vətəndaşlarının bir hissəsinin sosial-iqtisadi və Dağlıq Qarabağ probleminə görə xaricə köçmələrinə baxmayaraq, Ermənistan dövrün iqtisadi reallıqlarına görə hərəkət etməyib, ölkə əhalisinin sosial-iqtisadi problemlərini qalıcı olaraq həll etməkdənsə, silahlanma yarışına başlayaraq Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal edib.

Ermənistan silahlanma yarışında dünyada üçüncü yerdə olmasına baxmayaraq müxtəlif beynəlxalq tribunalardan özünü sülhsevər bir ölkə kimi tanıtmağa çalışır. Xüsusilə Azərbaycan ərazilərinin işğal edilməsi məsələsini bölgədə yaşayan ermənilərin separatçılıq fəaliyyətini beynəlxalq hüququn xalqların öz müqəddaratını təyin etmə prinsipi ilə pərdələməyə çalışır. Ermənistan Dağlıq Qarabağ münaqişəsində özünün iştirakını inkar etməyə çalışsa da, hərbi mükəlləfiyyətli Ermənistan vətəndaşlarının Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində hərbi xidmət keçməsi, Ermənistan ordusunun bir hissəsinin bu bölgədə yerləşməsi, qondarma “DQR”-ə öz büdcəsindən maliyyə vəsaiti ayırması kimi hallar bu işğalın arxasında birbaşa Ermənistanın olduğunu təsdiqləyir.   

Ermənistan hökuməti silahlanma ilə siyasi və ideoloji məqsədlərinə çatacağını düşünür, amma Ermənistanın hərbi büdcəsindən müqayisə edilməz dərəcədə çox hərbi büdcəsi olan, dünyada söz haqqına sahib olan dövlətlər belə hərbi yolla hər istədiklərini əldə edə bilmirlər. Ermənistanın hökumətinin və kilsənin keçmişi və gələcəyin düzgün dəyərləndirməməsi, erməni xalqını psixoloji olaraq şikəst ərsəyə gətirməsi, əfsanəvi iddialarla gələcəklərinin bulandırılması davam etdikcə Ermənistan bölgədə militarist siyasətinə davam edəcək.  Bu siyasətə davam edəcəkləri təqdirdə isə bölgə dövlətləri arasında yaşanan iqtisadi və siyasi inteqrasiya prosseslərindən kənarda qalmağa məhkumdur.

 

 

 


[1]BICC: Армения - в тройке самых милитаризованных стран мира http://www.panarmenian.net/rus/­news/278139/, 20 февраля 2020.

[2]“Объем расходов на оборонные цели в Армении в 2014 году составит около 200 млрд. драмов – президент”, http://arka.am/ru/news/economy/obem_raskhodov_na_oboronnye_tseli_v_armenii_v_2­014_god­u_sostavit_okolo_200_mlrd_dramov_prezident/, 05.12.2014.

[3]Леонид Нерсисян, “Почему Армения кардинально увеличивает военный бюджет?” https://regnum.ru/­news/polit/2328639.html, 30.09.2017.

[4]“Военный бюджет Армении вырастет на 25% и впервые превысит $600 млн”, http://www.panarmenian.­net/rus/news/260634/, 29.09.2018.

[5]“Военный бюджет Армении на 2019 год увеличился”, https://rus.azatutyun.am/a/29519718.html, 01. 10.2018

Populyar xəbərlər