AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Koronovirus və Ermənistan iqtisadiyyatı
16.03.2020

Hatəm Cabbarlı

 

Çinin Hubei əyalətinin paytaxtı olan Vuhanda 1 dekbar 2019-cu ildə müxtəlif xəstələrdə müəyyən səbəb olmadan inkişaf edən, müalicə və peyvəndlərə cavab verməyən xəstəliyinin müşahidə edilməsi ilə “SARS-CoV-2” olaraq adlandırılan virus kəşf edildi. İnsandan-insana yoluxan xəstəlik 2020-ci ilin yanvar ayının ortalarında daha da artdı. Qısa zamanda Avropa, Şimali Amerika, Asiya və dəgər bölgələrdə xəstəlik yayıldı. 11 Mart 2020-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edildi [1] və ölkələr öz imkanları çərçivəsində bu pandemiyaya qarşı mübarizə aparmağa başladılar. 13 martda isə Avropanın artıq koronavirus  böhranının mərkəzi olduğu bildirdi. 14 mart tarixinə qədər 150 min insanın bu vurusa yoluxduğu, ilk ölüm hadisəsinin 9 yanvarda deydə alındığı və 14 marta qədər 5798 nəfərin öldüyü təsdiqləndi. Ölü sayısının xüsusilə Avropa ölkələrində sürətlə artdığı haqqında məlumatlar verilir.

Virus qısa zamanda yayıldı və bu vaqeənin göründüyü ölkələr ciddi tədbirlər almağa başladı. Virus Cənubi Qafqaza da gəldi və ilk olaraq Gürcüstanda təsdiqləndi. Daha sonra isə Azərbaycan və Ermənistanda da virusa yoluxmuş xəstələrin olduğu bildirildi. Almaniya, Çin və ABŞ-da virusa qarşı peyvənd kəşf edildiyi xəbərləri gəlsə də, bu peyvəndlərin kütləvi müsbət nəticələri hələ təsdiqlənməyib.

Digər ölkələr kimi, Ermənistan da bu pandemiyaya qarşı mübarizəyə başladı, ilk olaraq İran, daha sonra isə Gürücüstan ilə sərhəd keçid məntəqəsi bağlandı. Bəzi hava yolu şirkətləri xəstəliyin geniş yayıldığı ölkələrə uçuşları dayandırsa da,[2] bütün bu tədbirlər pandemiyanın qarşısını almaqda yetərli olmadı. Ermənistanda 15 mart tarixində 30 nəfərin bu virusun daşıyıcısı olduğu təsdiqlənib, 56 nəfər isə təcrid rejimində saxlanılır və sayı artmaqda davam edir.[3] Ermənistanın baş naziri Nikol Paşinyanın da koronavirus daşıyıcısı ilə təmasda olduğu, ancaq analiz nəticələrinin neqativ çıxdığı bildirilir.[4] Ermənistanda epidemiyanın artmasında əsas səbəb İtalyadan gələn vətəndaşın hərarəti aşağı salan dərman qəbul edərək gömrük nəzarət məntəqəsindən keçdiyi, daha sonra isə nişan məclisində iştirak etməsi göstərilir. Hökumətin qərarı ilə Eçmiədzin şəhərində karantina elan olunub.

Ermənistanda baş nazir Paşinyanın rəhbərliyi ilə koronavirusun yayılmasının qarşısının alınması üşün koordinasiya komissiyasi qurulub və bu komissiya çərçivəsində müəyyən işlər görülür.

Ermənistandakı pandemiya sadəcə humanitar və tibb baxımından ölkəyə zərər vurmur, eyni zamanda ciddi iqtisadi problemlərə də səbəb olur. Böyük dövlətlər həm vətəndaşlarının sağlamlığını qorumaq, həm də virusa qarşı peyvəndin kəşf edilməsi üçün milyardlarla dollar pul xərcləyərkən, Ermənistan kimi kiçik dövlətlərin pandemiyaya qarşı böyük miqdarda büdcə ayırmağa maliyyə vəsaiti yoxdur və texniki imkanları olduqca məhduddur. Bütün bunlar nəticə etibarıyla ölkə iqtisadiyyatında özünü hiss etdirəcək.

Ermənistan KİV-ri hökumətin komissiya yaratmasına baxmayaraq pandemiyaya qarşı mübarizədə yetərsiz qaldığı və vahid mübarizə strategiyasının olmadığını yazırlar. Ermənistanda yaşanan xaosun sadəcə humanitar və iqtisadi deyil, siyasi nəticələrinin də ola biləcəyini vurğulayan xəbər agentlikləri cari ilin aprel ayının 4-nə təyin edilən Konstitusiya islahatı referendumunun təxirə salınmadığından narahatlıqlarını bildirir və hökumətin hələ də bu barədə qərar verməməsi ilə ittiham edirlər. Hər nə qədər Paşinyan referendumun təxirə salınacağını bildirsə də,[5] hələlik bu barədə hökumətin qərarı yoxdur və ən çox tənqid edilən məsələlərdən biri də budur. Eyni zamanda hökumətə müxalif siyasi partiyalar da bu məsələ ilə bağli hökumətin yanaşmasını tənqid edir və rəsmi açıqlama vermələrini tələb edirlər.  

Ermənistanda xəstəxanalar dolu olduğundan turistik bölgədə yerləşən Çaxkadzor şəhərindəki “Golden Palas” oteli də karantin mərkəzi kimi istifadə edilir ki, bu da hökuməti tənqid etməsə əsas verən başqa bir səbəbdir.

KİV-dən belə məlum olur ki, hökumət sosial şəbəkələrdə verilən xaotik məlumatlara nəzarət etməkdə də yetərsiz qalıb.[6] Bunu da hökumətin mütəmadi olaraq ictimaiyyətə rəsmi və doğru məlumatlar verməməsi ilə izah edirlər.

Hökumətin virusa qarşı fəaliyyətindən narazı olan və rəsmi rəqəmlərə inanmayan vətəndaşlar ehtiyaclarından daha çox ərazq məhsulları alaraq marketləri tamamilə boşaldırlar.

Pandemiyanın mümükn iqtisadi nəticələrini analiz edən mütəxəssislər Ermənistanın idxaldan asılı ölkə olmasının ölkənin zəif nöqtəsi olduğunu, Gürcüstan ilə sərhəddin uzun zaman bağlı qalmasının onsuz da ciddi problemlərin olduğu iqtisadiyyata zərə verəcəyini və bahalaşmaya səbəb olacağını bildirirlər.  

Verilən xəbərlərdə Ermənistanın müharibə şəraitində olduğu, müharibənin hər an başlama ehtimalının olduğunu və belə təhlükəli şəraitdə koronavirus pandemiyasının ciddi bir sınaq dövrü kimi qarşıda durduğu ifadə edilir.  

Yuxarıda deyd edilən məsələlərlə birlikdə ən çox müzakirə edilən məsələ hökumətin aprel ayının 4-də keçiriləcək Konstitusiya islahatı haqqında referandumu təxirə salmamasıdır. Hökumət hələlik bu barədə qəti qərar verməsə də, bu tarixə qədər pandemiya səngiməsə, referendum təxirə salına bilər. Əks təqdirdə həm referendumda iştirak olduqca aşağı olar və müxalifər xalqın sağlamlığının siyasi ambisiyalara qurban verildiyini iddia edərək hökumətə təzyiq edə bilər.

Ümumiyyətlə, Ermənistan bu pandemiyaya qarşı mübarizə aparmağa hazır deyil, koordinasiya məsələlərində ciddi problemlər var, alınan tədbirlər yetərli deyil, səhiyyənin maddi-texniki bazası geniş miqyasda karantin tədbirlərini almağa imkan vermir, ölkənin tək beynəlxalq nəqliyyat dəhlizinin bağlanması bahalaşmaya səbəb ola bilər. Bu kimi səbəblər hökuməti narahat edən ciddi problemlərdəndir.

 


[1]ВОЗ объявила о пандемии коронавируса в мире, http://www.panarmenian.net/rus/news/278872/, 11 марта 2020.

[2]Ryanair приостанавливает полеты в Италию с 13 марта, http://www.panarmenian.net/rus/news/278831/, 10 марта 2020.

[3]В Армении 2 новых случая коронавируса, http://www.panarmenian.net/rus/news/279047/,16 марта 2020.

[4]Тест армянского премьера на коронавирус показал отрицательный результат, http://www.panarmenian.­net/rus/news/279048/, 16 марта 2020.

[5]Пашинян: Примем соответствующие решения, если референдум и эпидемиологическая ситуация войдут в противоречие друг с другом, http://www.panarmenian.net/rus/news/279045/, 15 марта 2020.

[6]Короновирус в Армении: Чего ожидать?, https://www.tert.am/ru/news/2020/03/02/corona/3225169, 02.03. 20

Populyar xəbərlər