AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Koronavirus və İsrail daxili siyasəti
26.03.2020

 

Novruzəli Yusubzadə

2019-cu ilin dekbarında Çində yaranan yeni növ koronavirus qloballaşan dünyanın şərtlərinə uyğun olaraq, tez bir zamanda İsrailə də gəlib çıxdı. İsrail dövləti virusa qarşı ciddi tədbirlər görsə də, ölkədə ümumi 2666 nəfərin yoluxma halı qeydə alınıb. Kütləvi şəkildə yayılmış epidemiyalar, fəlakətlər və yaxud maliyyə böhranları əksər hallarda ölkə daxilində ya ifrat sağçılıq meyilini gücləndirir ya da sosial dövlət modelinin düşünülməsini bir daha gündəmə gətirir.

Hələ martın 2-də, sayca 3-cü dəfə seçkilərdə üstünlüyü ələ alan Likud partiyasının rəhbəri Benyamin Netanyahu haqqında başladılmış korrupsiya işinə görə hökuməti qura bilmədi. İsrail Knessetində hökumət qurmaq üçün yetərsay 61 müəyyən edildiyi halda, sağ blok sadəcə 58 vəkilə malik olduğu üçün məclisdə üstünlüyü ələ keçirə bilmədi. Sol blok rəhbəri Benni Qantz da 39 millət vəkili ilə lazımi səsləri toplaya bilmədiyi üçün hökumətin təşkili prosesi mümkün olmadı.

İsrail Knessetinə seçkilərdə hər bir partiya üçün 3.25 faizlik səddin qoyulması, əslində zaman-zaman səslərin bölünməsinə və hökumətin təşkili üçün problemlərə gətirib çıxarıb. Bu qədər əks düşüncəli tərəflərin koalisiyalı hökumət qurması ehtimalı virusun İsrailin daxilində sürətlə yayılmasına qədər mümkün görünməsə də, hazırkı vəziyyətdə milli təhlükəsizlik hər iki tərəfin qatı tələblərini yumşaltması və qarışıq hökuməti yaratmalarını labüd edir.

Mavi və Ağ partiya sədri Benni Qantz, fələstinliləri təmsil edən Birləşmiş Ərəb Siyahısı (Balad) partiyası ilə birlikdə lazım olan 61 səsi toplaya bilsə də, ərəb partiyasının 2 deputatı sol ideologiyanı dəstəkləmədiyi üçün yenə də yetərsay mümkün deyil.

Hər iki tərəf də, bu mübarizədə bir tərəfin tək üstünlüyü qazana bilməyəcəyini açıq şəkildə anladığı üçün, yerinə yetirilməsi mümkünsüz tələblər irəli sürmüşdülər. Sol blok, Netanyahunun koronavirusdan sui-istifadə edərək, 17 martda baş tutmalı olan “korrupsiya işini” təxirə salması və ultra-sağ mövqe tutaraq (ərəb əsilli İsrail vətəndaşlarının virusu yaydığını irəli sürərək) Netanyahunun iştirakı olmayan bir hökumətdə koalisiyaya razı olacaqlarını, eyni zamanda bu hökumətdə Xarici İşlər, Daxili İşlər və Ədliyyə Nazirlikləri kimi postları tələb etdiklərini bildirmişdilər.

Sağ blok lideri, Netanyahu isə Ədliyyə Nazirliyinin itirilməsinin onun həbsinə səbəb olacağını anlayaraq, şərtlərdən imtina etmişdir. İsrail siyasi aydınları və ziyalılarından 600 insanın Netanyahuya məktub yazaraq, ərəb əsilli vətəndaşlara qarşı daha yumşaq siyasət xətti seçməsini istəməsi ilə Netanyahunun nitqlərində dəyişiklik hiss edilməyə başladı.

Koronavirusa qarşı bir çox inkişaf etmiş ölkələrin maliyyə fondları yaratması və ya öz ÜDM-nin müəyyən faizini ayırmaları, İsrail ictimai rəyində də koalisiyalı hökumət formalaşması tələbini artırdı. Sol blok, öz şərtlərində yumşalmaya gedərək, Netanyahunun qalacağı tədbirdə ya 6 aydan bir dəyişilən növbəli hökumət ya da 4 il müddətli növbəli hökumət haqda düşündülər.

Netanyahu isə boş durmayaraq, Sol blokun önəmli siyasətçilərindən biri sayılan Yair Lapidlə razılaşaraq, Kahol Lavan partiyasının səslərinin bir qismini almağı düşünür. Belə olduğu halda, Sol blok içəridən parçalana bilər. Qantz bütün bunların onun əleyhinə olacağı üçün yeni hökumətdə Xarici İşlər Naziri postuna sahib olması müqabilində koalisiyaya razı olduğunu açıqlayıb. Mövcud vəziyyətdə Likud partiyasının və onun tərəfdarlarının köməyi ilə hökumət qurulacağı və Knesset Spikeri, Ədliyyə və Daxili İşlər Nazirliyi kimi postların Likud partiyasında, təkcə Xarici İşlər Nazirliyi postunun Qantza verilməsi və bir neçə ərəb millət vəkilinin də parlamentdə təmsil olunmasının ortaq qərar olduğu görünməkdədir.

Pandemiyanın ölkə daxilində daha sərt qərarlar qəbul olunmasına gətirəcəyi üçün, Likud partiyası növbəti dəfə hökumətə liderlik edərək, artan sağ meyllərini doğru dəyərləndirə bilər. Sol blok isə parçalanmamaq üçün bir çox tələblərindən imtina edərək, növbəti seçkilərə qədər ikinci ən önəmli post olan XİN-i əllərində saxlayaraq, prosesləri yaxından izləməyə çalışacaq. Buna görə də, İsrail Xarici və Daxili siyasətlərində fərqli və yaxud bir-birinin davamı olmayan addımlar, anlaşılmazlıqların ola biləcəyi də istisna edilmir.

 

 

  1. https://aawsat.com/turkish/home/article/2190641/%E2%80%8Bisrailli-600-se%C3%A7kin-isimden-netanyahu%E2%80%99ya-araplara-olan-tutumunu-d%C3%BCzelt?fbclid=IwAR0JjA6AoGpyV6jBfPJu3bqwnVYhxe9lamvInTTbQw6uImfguMel83jmfks
  2. https://www.aa.com.tr/tr/analiz/israildeki-siyasi-cikmazda-yeni-formul-karantina-hukumeti/1772904?fbclid=IwAR3-_WIy3DRaONB5aB_1ejoolY6G7Ngvvrpfm7LzX1AjAzxFlzW7sr6JugA
  3. https://www.jpost.com/Israel-News/Politics-And-Diplomacy/Likud-Blue-and-White-negotiations-intensifying-622426
  4. https://www.timesofisrael.com/liveblog-march-26-2020/
  5. https://www.haaretz.com/israel-news/.premium-kahol-lavan-on-verge-of-split-as-gantz-submits-his-name-for-knesset-speaker-1.8713168?utm_source=Push_Notification&utm_medium=web_push&utm_campaign=General
Populyar xəbərlər