AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Rusiyanın Belarusda hansı alternativləri var?
19.08.2020

Dr. Nazim Cəfərsoy

 

Belarusda prezident seçkiləri ciddi bir siyasi böhrana çevrilib. Bu böhranın necə nəticlənəcəyi həm də Rusiyanın prosesə dair mövqeyi ilə yaxından əlaqəlidir.

Rusiyanın Belarus məsələsindəki mövqeyi ilə bağlı 5 fərqli ehtimal irəli sürmək mümkündür:

1. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində və ya Lukaşenkonun dəvəti ilə Belarusdakı müxalifətə qarşı hərbi güc tətbiq etmək: Mətbuatda gedən məlumatlardan belə məlum olur ki, həm Putinin, həm də Lukaşenkonun ətrafında bu variantın həyata keçirilməsində maraqlı olanlar var. Ancaq bir qardaşı Ukrayna xalqı ilə Kırım və Donbas səbəbiylə faktiki müharibə vəziyətində olan Rusiyanın digər qardaşı Belarus xalqı ilə eyni vəziyyətə düşməsi növbəti strateji məğlubiyyət olar. Üstəlik Rus hərbçilərinin Minskdə Belarus xalqını Lukaşenko üçün döyməsi və ya öldürməsi bu mərhələdə tam tərs nəticələr yarada bilər. Etirazların yayılma dərəcəsini nəzərə alsaq Kremlin buna getmə ehtimalı zəif görünür.

2. Rusiya zəifləmiş Lukasenkodan istifadə edər: Kreml Belarusdakı böhranı həll etmək üçün Belarusda ciddi nüfuzu olan emissarlarını vasitəçi kimi təklif edə bilər. Bu vasitəçilər siyasi dialoqla problemin həlli yolunu aça bilərlər. Beləcə bir yandan Belarus xalqı və müxalifəti arasında öz mövqeyini gücləndirər, digər tərəfdən Lukaşenkodan ciddi güzəştlər qoparar. Kreml bunu edə bilər mi? Doğrusu Rusiya indiyə qədər belə bir böhranın həllində bənzər metod tətbiq etməyib, ancaq bu etməyəcəyi mənasına da gəlmir. Bunu özünə zərər verə bilməyəcək bir Avropa ölkəsi ilə birlikdə belə edə bilər. Çox zəif bir ehtimaldır, ancaq bəzən böhranlar "öz həll yollarını" ortaya çıxarır və tərəfləri bunu qəbul etməyə məcbur edir.

3. Lukaşenkoya Ermənistanda Sarkisyana davrandığı kimi davranmaq: Hakimiyyət dəyişikliyinə imkan vermək, ancaq əlindəki muxtəlif imkanlarla Belarusda yeni hakimiyyətin öz strateji maraqlarına zidd hərəkət etməsinə fürsət verməmək. Rusiyanin Belarusdakı siyasi, iqtisadi və mədəni imkanları buna fürsət verir, ancaq Avropanın çox yaxınlığındakı yüksək mədəni səviyyəyə malik bir ölkənin Baltik ölkələri bənzəri bir prosesə doğru irəliləməsi riski yetərincə yüksəkdir.

4. Belarusa Gürcüstan kimi davranmaq: Yeni bir seçki keçirilməsinə mane olmamaq, öz layihəsi olan bir namizədin hakimiyyətə gəlməsi üçün çalışmaq (yəni, “Belarus İvanişvilisi” yaratmaq). Gürcüstandan çox daha yüksək xalq simpatiyasının olduğu Belarusda Rusiyanın bunu etmə imkanları və uğur qazanması ehtimalı yüksəkdir.

5. Belarusa Ukrayna kimi davranmaq: Bu çərçivədə ölkənin bir hissəsini işğal etmək və ya Rusiya ilə birləşmək istəyən bölücü qrupları ortaya çıxarmaq və dəstəkləmək. Belarus daxili siyasətində Rusiyaya ən sərf etməyən namizədin qazanmasına mane olmağa çalışmaq. Bu isə olduqca maliyyətli bir seçim olar.

Rusiyanın bu 5 variantdan hansı edəcəyini demək çətindir. Bu qərara təsir edə biləcək 3 mühüm amil var:

a) Belarusdaki siyasi proseslərin necə inkişaf edəcəyi. Putin Lukaşenkonu təbrik etdi və dəstəyini bildirdi, ancaq, hələlik bu sadəcə sözdür. Hadisələr daha da böyüsə və Lukaşenkonun qalması mümkünsüz olsa Kremlindən "Belarus xalqının iradəsinə hörmət edirik" açıqlaması gələ bilər. Rusiyanın özündə daxili siyasi vəziyyətin getdikcə gərginləşməsi və artıq Belarus müxalifətinə dəstək xarakterli aksiyaların gündəmə gəlməsi Kreml üçün vəziyyəti daha da həssaslaşdırır. 

b) Rusiyada Putindən sonrakı dövrə dair mübarizə qızışır və keçmiş sovet coğrafiyası bu mübarizədə mühüm bir xarici siyasət mövzusudur. Keçmiş sovet coğrafiyasında yeni bir "Pax Russia" yaratmaq üçün sanki belə bir məqam da var: Keçmiş SSRİ-ni “diriltmək” istəyənlərlə müasir dünyaya uyğun inteqrasiya modelleri təklif edənlər arasında güclənən bir rəqabət var. İndiyə qədər Kreml bu iki yanaşmanı sintezləyib istifadə edirdi. Hazirda bununla bağlı sanki bir haçalanma var. Bu haçalanma sadəcə Belarus məsələsində deyil, sanki Azərbaycana dair Kremlinin mövqeyində də müşahidə olunur.

c) ABŞ-Çin rəqabətindən Rusiyanın necə faydalanacağı mühüm bir başqa məqamdır. Kremlin bu prosesdəki ən mühüm öncəliklərindən biri keçmiş sovet coğrafiyasında daha geniş hərəkət imkanlarına malik olmaqdır. ABŞ və Çin Rusiyanı öz tərəfinə çəkmək üçün Kremlə bəzi məsələlərdə güzəştə gedə bilərlər ki, bu konteksdə Belarus bunlardan biri ola bilər...

 

Populyar xəbərlər