AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
Putinin son açıqlaması, Rusiya-Ermənistan müttəfiqliyi və müharibənin gələcəyi
07.10.2020
Araz Aslanlı

RF prezidenti Vladimir Putinin "Rossiya" telekanalına 7 oktyabr 2020-ci il tarixli müsahibəsi bu ölkənin Azərbaycanın Ermənistanı sülhə məcbur etmə əməliyyatı ilə bağlı ən ciddi münasibəti hesab oluna bilər. Putinin açıqlamasını qısaca belə şərh etmək mümkündür:
 
1. Putinin Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ" ifadələrini ayrı-ayrılıqda işlətməsi diqqətsizlik deyilsə mesaj kimi dəyərləndirilə bilər. Düzdür, ifadələr ölkə kimi deyil, ərazi kimi işlədilib. Amma bütün hallarda bu məqama xüsusi həsasslıqla yanaşılmalıdır. Burada ilk ağla gələn versiyalardan biri RF-nin "tanıma" alətindən təzyiq kimi istifadə etmə ehtimalıdır. Amma bu barədə Azərbaycan RF ilə müqayisədə çox rahat olmalıdır. Vaxtı ilə deyildiyi kimi: "evi şüşədən olanlar başqalarınnı pəncərəsinə daş atmamalıdır!"
 
2. Putin Rusiyanın Ermənistan ilə KTMT çərçivəsində müttəfiqliyini xüsusi vurğulayıb və bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəlikləri olduğunu xatırladıb. Amma dərhal da əlavə edib ki, hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır. Beləliklə həm Ermənistan cəmiyyətinə mesaj verib ki, Rusiyanın sizi satdığını düşünməyin, həm də Azərbaycan tərəfinə mesaj verib ki, Ermənistana doğru hərbi xarakterli addım atmayın. Burada üç nüans nisbətən daha önəmlidir: 
Birincisi, Ermənistandan Azərbaycana birbaşa hava zərbələrinin endirildiyi nöqtələrin Azərbaycan tərəfindən legitim hədəf kimi elan edilməsi (yəni, zərurət görüləndə vurula bilər). 
İkincisi, Devlet Bahçelinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında quru əlaqəsinin təmin edilməsi ilə bağlı bəyanatı.
Üçüncüsü isə Ermənistanın hələ 2020-ci ilin iyul ayında Azərbaycanın böyük şəhərlərini vurmaqla bağlı hədələrinə Azərbaycan mediasında çıxan Naxçıvandan İrəvana zərbə endirmək imkanları ilə bağlı xəbərlər.
 
3. Putin Rusiyanın müqavilə öhdəliklərini daim yerinə yetirdiyini, hal-hazırda buna davam etdiyini və gələcəkdə də davam edəcəyini bildirib. Xüsusi vurğulayıb ki, Ermənistan baş naziri ilə daim təmasdadır və onlarda Rusiyanın müttəfiqliyini keyfiyyətli şəkildə yerinə yetirməsi ilə bağlı hər hansı bir sual yoxdur.
Bu məqam da, Ermənistan cəmiyyətinin və Rusiyadakı ermənilərin etirazlarına cavab və Azərbaycan tərəfinə müəyyən mesaj kimi dəyərləndirilə bilər. Putinin də qeyd etdiyi kimi "Rusiyanın müttəfiqliyini keyfiyyətli şəkildə yerinə yetirməsi" müharibə öncəsi daşınan hərbi yüklərin miqdarından bəlli idi və müharibənin gedişatından da qismən hiss olunur. Eyni zamanda bu münasibət Azərbaycanda RF-nin münaqişədəki rolunun müsbətə doğru dəyişməsi ilə bağlı sevinmək istəyənlərin bir qədər səbrli olmalı olduqlarını xatırladır.
 
4. Putin müharibənin yaxın vaxtda dayanmasını gözləmədiklərini də bildirib. Bu ifadə ən az digərləri qədər hər iki tərəfə verilmiş ciddi mesajdlr. Təxminən deyir ki, biz dayanmasını istəmədikcə davam edər və biz hələ ki, istəmirik.
 
Putinin açıqlamaları və RF-nin mövqeyi bütün hallarda regionda gedən istənilən proses baxımından çox əhəmiyyətlidir. Amma əvvəla RF artıq regionda tək deyil, ən azı Türkiyə və yeri gəldikdə İran da var (ki, müharibənin davam etməsi ən çox onu narahat edir). İkincisi Azərbaycanın öz məqsədləri, strategiyaları və bunları reallaşdırmaq üçün əvvəlki dövrlərlə müqayisədə çox daha artıq imkanları var. Üçüncüsü isə çox az da olsa Ermənistanın RF-nin mütləq diqtəsi altında olmadan hərəkət etmək imkanı var.
 
Bu səbəbdən RF çox arzulasa da prosesin gedişatını və nəticəsini təkbaşına müəyyən etmək imkanına malik deyil. Bundan sonrakı mərhələdə Rusiya-Ermənistan müttəfiqliyinin regiondakı əsas nəticələri və ümumiyyətlə münaqişənin taleyi baxımından Putin-Paşinyan dialoqu deyil, Putin-Əliyev-Erdoğan (Çavuşoğlu-Lavrov-Bayramov) və Əliyev-Erdoğan dialoqları əhəmiyyətli olacaq.
 
Populyar xəbərlər