Amerika

KONSTRUKTİVİST PERSPEKTİVDƏN XARİCİ SİYASƏT VƏ KİMLİK *

Pinterest LinkedIn Tumblr

Rafiq Rüstəmli
Ankara Universitetinin Doktorantı
[email protected]
1.        Sosial reallığın inşa edilməsi və ya konstruktivizm nədir?
Beynəlxalq Münasibətlərin sosial elm sahəsi kimi meydana gəlməsindən başlayaraq günümüzə qədər müxtəlif dövrlərdə bu sahəni nəzəri baxımdan inkişaf etdirmə cəhdləri davam etmişdir.** Beynəlxalq Münasibətlərlə məşğul olan tədqiqatçıların ortaq görüşlərinə görə bu sahənin intellektual tarixində dörd nəzəri debat yaşanmış və hər bir debat meydana gəldiyi dövrə öz möhrünü vuraraq elmi sahə daxilindəki çalışma həyəcanını daha da artırmış və onun inkişaf prosesinə mühüm töhfələr vermişdir. Bu məqalənin  əsas nəzəri xəttini təşkil edən Konstruktivizm, dördüncü debat çərçivəsində ortaya çıxaraq Neorealizm və Neoliberalizm kimi ənənəvi nəzəriyyələrə qarşı öz arqumentləri ilə meydan oxuyan və intellektual kökləri tənqidi düşüncə tərzinə əsaslanan yanaşmadır. Əsas mövzuya keçmədən Konstruktivist yanaşmanın tarixi inkişaf prosesi haqqında qısa məlumat vermək məqsədə uyğun olardı.    
Əsas ilham qaynağı baxımından sosiologiyadan bəslənən Konstruktivizm, ən geniş mənada ontoloji baxımdan sosial reallığın inşa edilməsinə və epistemoloji olaraq bilginin sosial inşası problematikasına təmərküz etməkdədir. Konstruktivizmin birbaşa tərcüməsi də “inşa edilmə” deməkdir. Konstruktivizmin ən əsas xüsusiyyəti onun təbiət və sosial dünyanı bir-birindən ayırması ilə əlaqədardır. Konstruktivizmə görə, misal üçün, hər hansı bir təbiət elmində müxtəlif şəkillərdə əsas xüsusiyyətləri və qarşılıqlı təsir formaları dəyişməyən gerçək maddələr və enerji üzərində hər hansı bir sınaq təcrübəsi aparmaq mümkündür. Halbuki sosial dünyadakı reallıqlar fərqlidir. Dəyişməz fenomenlərlə bərabər elə fenomenlər də vardır ki, yalnız biz onlara funksionallıq qazandıranda və ya məna yükləyəndə mövcud ola bilirlər. Misal üçün pul, hər hansı kağız və ya metal parçasıdır. Ancaq biz ona məna yüklədiyimiz üçün fenomenə çevrilmişdir. Sosial reallıq dedikdə insan həyatını ifadə edən mədəniyyətlər, ictimai subyektlər arası qarşılıqlı təsir formaları, siyasi sistemlər, sosial quruluşlar başa düşülməkdədir. Konstruktivist yanaşmaya görə bütün bunlar insan qurğularıdır, insan tərəfindən inşa edilən fenomenlərdir. Bundan başqa Konstruktivist yanaşma iddia edir ki, dünyanı biz qururuq, mədəniyyətləri biz yaradırıq. Daha sonra isə yaratdığımız bu mədəniyyətlər tərəfindən proqramlanaraq qurduğumuz dünyanı təbii olaraq qəbul edirik. Digər tərəfdən Konstruktivizmə görə, cəmiyyətlər içində doğulduqları sosial reallıqları yenidən istehsal etmə təmayülü göstərirlər. Bu proses ümumilikdə din, ənənə, fəlsəfə, mədəniyyət və tədricən dəyişən digər düşüncə sistemləri vasitəsiylə daha da intensivləşməkdədir.  Qısacası, Konstruktivist yanaşma tərzi sosial reallığı əsas insan keyfiyyətinin təbii bir nəticəsi olaraq qəbul etmir. Əksinə, Konstruktivizmə görə, sosial reallıq insanın seçim və inanclarına əsasən formalaşmaqdadır.
Sosiologiyadan “borc alınmış” yanaşmalarla Konsturktivizmin Beynəlxalq Münasibətlər elminə adaptasiya edilməsinə ilk dəfə 1980-ci illərin ikinci yarısında rast gəlirik. Həmin illər Beynəlxalq Münasibətlərin inkişafı baxımından ciddi bir dönüş mərhələsi idi. Tənqidi düşüncə tərzinin əhatə etdiyi yanaşmalar (Tənqidi Nəzəriyyə (bax: Critical Theory), Gramşiçi Tənqidi Nəzəriyyə, postmodernizm, feminizm və postkolonialist diskurs kimi) çərçivəsində Beynəlxalq Münasibətlər nəzəriyyəsinə uyğunlaşdırılan Konstruktivizm, bir tərəfdən bu sahənin hakim paradiqması olan Realizm və Liberalizm ilə onun pozitivist metodologiyasını ciddi şəkildə tənqid etmiş, digər tərəfdən də yeni bir Beynəlxalq Münasibətlər dünyagörüşü yaratma təşəbbüsünə önəmli töhvələr vermişdir.Beynəlxalq Münasibətlər tədqiqatlarında özlərini Konstruktivist, yanaşmalarını isə Konstruktivizm olaraq ifadə edən ilk nümunəyə Nicholas Onuf’un 1989-cu ildə yazdığı “Worlds of Our Making” adlı əsərində rast gəlirik. Daha sonra bu ənənənin John G. Ruggie, David Dessler, Alexander Wendt, Jeffrey Checkel, Ted Hopf, Emannuel Adler, Martha Finnemore və Peter J. Katzenstein kimi tədqiqatçılarla genişləndirildiyini görürük. Onu da xüsusi ilə qeyd etməliyik ki, Konstruktivist məktəbin heç bir nümayəndəsi Konstruktivizmin yüksək (böyük) nəzəriyyə (bax: Grand Theory) olduğunu iddia etmir. Ona görə də bu cərəyanı yanaşma (bax: approach) olaraq tərif etməklə kifayətlənirlər. Konstruktivizmin öndə gələn nümyəndələrindən J.G. Ruggie bu durumu izah edərkən Konstruktivizmin, misal üçün,  Beynəlxalq Münasibətlərin güc tarazlığı nəzəriyyəsinə bənzəmədiyini bildirir. O, Konstruktivizmin pozitivist və amil (bax: agent) mərkəzli rasionalizm ilə struktur mərkəzli postmodernizm arasında “orta yol” olduğunu ifadə edir.  Aralarında epistemoloji ve metodoloji baxımdan müəyyən fərqlər olmaqla yanaşı (məs: neo-klasik konstruktivizm, naturalistik konstruktivizm və ya postmodernist konstruktivizm kimi), Konstruktivist yanaşmanın ortaq şəkildə qəbul edilmiş aşağıdakı üç ontoloji təklifi irəli sürdüyünü demək mümkündür:
a)                     Normativ və ya mənəvi (bax: ideational) strukturlar, maddi strukturlardan üstündürlər. Məna, məna sistemləri aktorların öz maddi əhatə dairələrini necə qavradıqlarını şərtləndirir. İnstitutlaşmış məna və anlam sistemləri sosial kimlikləri müəyyənləşdirir. Digər tərəfdən sosial kimliklər aktorların maraqlarını və fəaliyyətlərini, onların seçim formulasiyalarını təyin edən amilə çevrilir. Bütün bunlar isə subyektlər arası qaşılıqlı təsir formasında baş verir.
b)                    Neorealist və neoliberallara görə, maraq və seçim formulasiyaları sistematik qarşılıqlı təsirdən əvvəl aktyordan müstəqil olaraq təyin edilir. Konstruktivist baxımdan isə, rasionalistlərin (bax: neorealist, neoliberal) görmədiyi beynəlxalq fenomenlər (norma, kimlik, mədəniyyət və s.) geniş şəkildə izah edilərsə, maraqların və seçim formulasiyalarının, dolayısıyla fəaliyyətlərin necə formalaşdığını açıq şəkildə müşahidə etmək mümkün olacaqdır.
c)                     Amil (bax: agent) və struktur davamlı olaraq qarşılıqlı təsir prosesindədirlər. Başqa ifadə ilə desək, amil və struktur subyektlər arası qarşılıqlı sosial təsir prosesinin həm-təsisçisidirlər (bax: co-constitutive). Strukturlar aktorun məna və kimliyini, eyni zamanda müvafiq iqtisadi, siyasi və mədəni davranışlarını təyin etməkdədir. Strukturların təyinedici gücünün daha çox ön plana çıxarılması ilə yanaşı, Konstruktivistlər, strukturların sosial amillərin biliyə əsaslanan praktikalarından müstəqil olmadığını irəli sürürlər. Anthony Giddens və digər strukturalistlərə istinad edən Konstruktivistlərə görə, sosial strukturlar, zaman və məkana bağlı adiləşmiş və fiziki praktikalardan başqa bir şey deyildir.
2. Konstruktivist Xarici Siyasətdə Kimlik Faktorunun Yeri
Realist və liberal nəzəriyyələrin təklif etdiyi ənənəvi analiz səviyyələrindən (bax: fərd, dövlət və sistem) fərqli olaraq Konstruktivizm, daha çox subyektlərarası (bax: intersubjective) analiz səviyyəsindən bəhs etməkdədir. Bu çərçivədə konstruktivist təhlilləri realist və ya liberal xarici siyasət analizlərindən fərqləndirən ən mühüm xüsusiyyət, Konstruktivizmin adı keçən məktəblərin müdafiə etdiyi mənfəət artırıcı (bax: utility-maximizing) homo economicus anlayışına qarşı irəli sürdüyü tənqidlərdir. Həmin məktəblərin iddialarına görə idealar, normalar və aktorların kimlikləri sadəcə onların maraqlarını legitimləşdirmək üçün istifadə edilir. Konstruktivistlərə görə isə, aktorların davranış və fəaliyyətləri kimlik  kimi dəyər əsaslı faktorlar tərəfindən istiqamətləndirilir. Bu baxımdan da Konstruktivistlərin sosial-mədəni ünsürlərin müstəqil təsirə malik olduqları iddiası realist və liberal məktəblərin homo economicus anlayışına uyğun gəlmir. Sözügedən məktəblərin  homo economicus anlayışı Konstruktivizmdə  homo sociologicus konsepti ilə əvəz olunur. Nəticə etibarı ilə desək, Konstruktivist yanaşmaya görə aktorlar, xarici siyasətdə öz qərarlarını subyektiv faktorlara, öz tarixi-mədəni təcrübələrinə və institutsional keçmişlərinə əsaslanan kimliklərinə müvafiq olaraq alırlar. Konstruktivist ontologiyaya görə dövlətin maraqları “yalnız özünü düşünən”, “eqoist”, rasional aktorlar tərəfindən “kəşf edilən” bir anlayış deyildir.  Maraqlar, qarşılıqlı sosial təsir prosesi nəticəsində, digər bir ifadəylə desək, subyektlər arası səviyyədə inşa edilməkdədir. Ancaq burada sözügedən sosial qarşılıqlı təsir (bax: subyektlərarası interaksiya) fərdi idrak psixologiyası səviyyəsinə endirilməməlidir. Habermasçı ifadəylə desək, burada dəyər əsaslı faktorlar, o cümlədən kimlik çərçivəsində inşa edilən “kommunikativ maraq” anlayışı ön plana çıxır. Yəni rasional nəzəriyyələrdə olduğu kimi maraq anlayışı   a priori  və düşüncə sistemindən müstəqil deyildir. Görüldüyü kimi, Konstruktivist yanaşma subyektin maraqlarının təyin edilməsində kimliyə əvəzsiz rol verir. O zaman istər istəməz “Dövlətin kimliyi nədir?”, “Dövlət kimliyinin xarici siyasət üzərindəki təsirləri nələrdir?” sualları ilə qarşılaşırıq. Konstruktivizmin verdiyi ən qısa tərifə görə, kimlik, bir dövlətin və ya millətin tarixi və siyasi proseslər içində meydana gələn inşa etiketi olaraq başa düşülməlidir. Kimlik  “başqasıyla” (bax:otherness) münasibətlər nəticəsində dizayn edilməkdə və formalaşdırılmaqda, tədricən müəyyən modifikasiyalara məruz qalmaqdadır.
Konstruktivist yanaşmanın təklifləri istiqamətində hərəkət etsək, bir dövlətin kimliyi ilə onun xarici siyasətdəki maraqları, davranışları, eləcə də izlədiyi siyasət arasında aşağıdakı münasibətlər sistemini izah etmək mümkündür. Konstruktivizmə görə, bir dövlətin kimliyi, milli və beynəlxalq olmaq surətilə iki istiqamətdə formalaşır, eyni zamanda sözügedən hər istiqamət zamanın zəruri dinamiklarına uyğun olaraq təkamül edir. Dövlət kimliyinin milli tərəfi əsasən ölkə səviyyəsində mövcud olan sosial-mədəni dəyərləri və əsas siyasi rejim meyarlarını əhatə edir. Kimliyin beynəlxalq tərəfi isə, bir dövlətin milli səviyyədə hakim ictimai və siyasi görüşlərinə əsaslanan xarici siyasət perspektivi ilə beynəlxalq arenada müxtəlif sosial dairələrlə münasibətdə olduğu qarşılıqlı təsir prosesini və bu proses nəticəsində kimliyinə əks olunan yeni xüsusiyyətləri əhatə edir. Onu da vurğulamaq lazımdır ki, həm milli, həm də beynəlxalq səviyyədə kimlik baxımından meydana gələn dəyişikliklər bir-birindən müstəqil şəkildə deyil, interaktiv formada bir-birini bəsləyərək dövlət kimliyinin, dolayısıyla da dövlət maraqlarının yenidən formalaşdırılmasında əhəmiyyətli rol oynamaqdadırlar.
Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Konstruktivist yanaşma baxımından kimlik, dövlətlərin milli maraq məqsədilə yeritdiyi siyasətdə ikinci dərəcəli strateji köməkçi vasitə və asılılıq xüsusiyyəti olan dəyişkən deyil, əksinə, dövlət maraqlarının formalaşmasında birbaşa rol alan elementdir. Soyuq Müharibə dövründəki ikiqütblü dünya mühitində mövcud olan iki əsas ideoloji üst kimlik,  həmin dövrün başa çatması ilə öz yerini müxtəlif təməllərə əsaslanan alt kollektiv kimliklərə (məsələn, dini, etnik və s.) vermək məcburiyyətində qalmışdır. Bununla yanaşı, qloballaşma çərçivəsində regional və qlobal səviyyədəki inteqrasiya meylləri artarkən, buna paralel olaraq yeni alt kimliklərin meydana gəlməsi nəticəsində bir çox milli dövlətlər parçalanma təhlükəsiylə üzləşmişdirlər. Ənənəvi rasionalist nəzəriyyələr (bax: realist, liberal) bu və bu kimi kimlik böhranlarından irəli gələn yeni tendensiyalara qarşı hazırlıqsız olduqlarını nümayiş etdirdilər. Təbii ki, bu istiqamətdə baş verən proseslər Konstruktivizmin Beynəlxalq Münasibətlər nəzəriyyəsi daxilindəki mövqeyini gücləndirmişdir. *Bu məqalə, 2004-cü ildə Ankara Universiteti Siyasi Elmlər Fakultəsinin elmi heyətindən Dossent Doktor İlhan Uzgelin rəhbərliyi altında yazılan “İran’da  İslam, Kimlik ve Dış Politika: Konstrüktivist Bir İnceleme” mövzulu magistratura dissertasiyam əsasında yazılmışdır.  **
Bu yazıda beynəlxalq münasibətlər termini, elm sahəsi kimi göstərildiyində böyük hərflə, ümumi sosial münasibətlərin hər hansı bir sahəsi kimi göstərildiyində isə kiçik hərflə yazılmışdır.
Seçilmiş mənbələr:
Checkel, Jeffrey, “The Constructivist Turn in International Relations Theory,” World Politics 50/2 (January 1998), s. 324–348  Dessler, David, “What’s at Stake in the Agent-Structure Debate”, International Organization, 43/3 (1989), s. 441-473Hopf, Ted, “The Promise of Constructivism in International Relations Theory,” International Security 23/1, (Summer 1998), s.171-200.Guzzini, Stefano, “A Reconstruction of Constructivism in International Relations”, European Journal of International Relations,Vol. 6/2; (2000), s. 147–182.Kratochwil, Friedrich, Rules, Norms, and Decisions, ,
Cambridge
University Press,
Cambridge, 1989Ruggie, John G. , Constructing the Global Polity: Essays on International Institutionalization, Routledge,
London, 1998Walt, Stephen M., “International Relations: One World, Many Theories”, <http://www.findarticles.com/cf_0/m1181/n110/20492564/print.jhtml>.Wendt, Alexander, Social Theory of International Politics,
Cambridge
University Press,
Cambridge, 1999 Wendt, Alexander, “On Constitution and Causation in International Relations”, Review of International Studies 24/5 (December 1998), s.101-117.Wendt, Alexander, “The Agent-Structure Problem in International Relations Theory”, International Organization, 41/3 (1987), s.335-350

Dr. Rafiq Rüstemli