Avropa

Avropa Birliyinin Cənubi Qafqaz Siyasəti – Ergin İmayil

Pinterest LinkedIn Tumblr

Avropa Birliyi və ya vahid Avropa ilə bağlı düşüncələrin təməli tarixə Kant, Duma, Napolyon kimi böyük şəxsiyyətlərlə qoyuldu. Bu düşüncə naminə Napolyon Avropanı qanlı savaş meydanına çevirsə sə bu yöndə tutarlı ve qalıcı bir nəaliyyət əldə edə bilmədi. Çörçill, Briad, Spinelli kimi şəxsiyyətlər bu birliyin şəkillənməsinə, Jean Monnet və Schuman isə Avropa Komur və Polad anlasmasını imzalamaqla bu birliyin təməl daşını qoymuş oldular. Avropa Atom Enerji Topluluğu, Avropa Müdafiə Topluluğu, Avropa Iqtisadi Topluluqlarının qurulması ile bu birlik siyasi qurum olaraq öz tesdiqini tapmış oldu. Qurulduğu tarixdən Soyuq Muharibənin bitməsini əhatə edən dövr ərzində Avropa Birliyi çox böyük nəaliyyətlər əldə etməsə də bir birlik olaraq öz mövcudiyyətinin qorunub saxlanmasına nail oldu. SSRİ-nin çöküb tarixe qarışması ilə və birqütblü dünyanın ikiqütblü dünyanı əvəzləməsi Avropa Birliyi üçün beynəlxalq məkanda yeni səhifə açdı. Soyuq Muharibənin bitməsi ilə qurulduğu coğrafiya içində sıxışıb qalmış Avropa Birliyinin sərhədlərini şərqə doğru genişləndirməsi üçün artıq bir maneə qalmamışdı.
Ümumiyyətlə XXI əsrdə genişlənmə və yayılma Avropa Birliyinin strategiyasının ana xəttini təşkil etmişdir. Birliyin strategiyasının ana xəttini təşkil edən genişlənmədə Cənubi Qafqaza xüsusi əhəmiyyət verilmisdir. Cənubi Qafqaz, Qara Dənizin simal – şərqində yerləşən Taman yarımadasından Xəzər dənizinin qərbindəki Abşeron yarmadasına qədər olan bir ərazini əhatə edir. Cənubi Qafqaza beynəlxalq aləmdə önəm qazandıran ən əsas amil onun coğrafi mövqeyidir. Dahi dövlət və hərb adamı Napolyonun bu fikrinə haqq verməmək ədalətsizlik olardı. “Dövlətlərin siyasəti onların coğrafiyasındadır.” Cənubi Qafqazın Avropadan Asiyaya keçid  dəhlizi rolunu oynamasi, Şərqlə Qərbin birləşdiyi nöqtədə yerləşməsi və eyni zamanda yerləşdiyi coğrafiyanın təbii zənginliyi bu regionu Avropa Birliyinin nəzər nöqtəsinə çevirir.
Avropa Birliyinin SSRİ-dən ayrılan dövlətlərlə dolayısı ilə Cənubi Qafqaz dövlətləri ilə (Azərbaycan, Gürcüstan, Ermənistan) əlaqələri ilk illərdə AB ilə SSRİ-nin 1989-da imzaladığı Ticarət və Əməkdalıq Anlaşması əsasında qurulmuşdur. 31 Yanvar 1992-ci ildə AB-nin Azərbaycan, Ermənistan və Gürcüstanın musteqilliyini tanıması ilə əlaqələr yeni şəkil almışdır. Ümumiyyətlə, araşdırmalara əsasən AB ilə Cənubi Qafqaz ölkələri arasında əlaqələri 4 dövrə ayırmaq olar;  1991-1996; 1996-2001; 2001-2003; 2003-…;
31 Yanvar 1992-ci ildə AB-nin  Cənubi Qafqazda qurulan yeni dövlətlərin müstəqilliyini tanımasına baxmayaraq AB bu dövlətlərlə daha sıx əlaqələrin qurulmasında maraqlı deyildi. Nəzərə alaq ki, Sovetlər Birliyinin çöküşündən sonra müstəqilliyini qazanmış yeni dövlətlər içində baş verən etnik çalxantılar, dövlət çevrilişləri Cənubi Qafqazı qeyri-sabit region olaraq xarakterizə edirdi. AB-nin bu dövrlər ərzində Cənubi Qafqaza dair izlədiyi bir növ “qarışmama” siyasəti beynəlxalq siyasət arenasında AB-nin Rusiyanın regiondakı üstünlüyünü qəbul etməsi kimi dəyərləndirildi. Hər halda AB-nin bu addımı onun Rusiyanın regiona daha yaxından bələd olması ilə və Cənubi Qafqazdakı bu qeyri sabitliyin region dövlətləri üzərində böyük təsir imkanına malik olan Rusiya tərəfindən bərqərar edilməsinə hesablanmış siyasi addım olaraq düşünməyə imkan yaradır. Regionda baş verən proseslərə qarışmamaq siyasəti yürütməsinə baxmayaraq yeni yaranmış Cənubi Qafqaz dövlətlərinin müstəqilliyinin qorunub saxlanmasının da AB üçün böyük önəmi vardır. Bu məqsədlə AB-nin  Cənubi Qafqaz dövlətlərinə dair “keçid ölkəsi” anlayışı çərçivəsində region dövlətlərinə sosialist sistemdən demokratik və bazar iqtisadiyyatına keçidlərini gerçəkləşdirmələri üçün texniki və malliyə yardımları göstərilmişdir. Bu yardımların göstərilməsi üçün xüsusi proqramlar hazırlanmışdır ki, bu proqramlardan görəcəyi işlərin və büdcəsinin genişliyinə görə 1990-ci ildə Roma Zirvəsində yaradılması qərara alınmış TACIS (Technical Assistance to the Commonwalth of Independent States – Müstəqil Dövlətlər Birliyinə texniki yardım proqramı) Proqramıdır. TACIS Proqramının üç əsas məqsədi vardır;
Bazar iqtisadiyyatına və demokratik cəmiyyətə keçidə və formalaşmasına yardım göstərmək.
Dünya iqtisadiyyatına və əsas olaraq Avropa Birliyinə uzv ölkələrin iqtisadiyyatına uyğunlasmasına yardım göstərmək.
Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri arasında ortaqlıq və ikitərəfli əlaqələrin inkişaf etdriliməsi.
TACIS Proqramı çərçivəsində AB-nin Cənubi Qafqaz ölkələrinin strateji maraqlarının xeyrinə iki daha dinamik və əhəmiyyətli proqramlar vardır. Bunlar TRACECA (Transport Corridor Europe –Caucasus-Asia) və INOGATE (Interstate Oil and Gas Transport to Europe) Proqramlarıdır. TRACECA Proqramı həm Cənubi Qafqaz, həm Orta Asiya, həm də Avropa Birliyi ölkələri üçün olduqca əhəmiyyətli bir proqramdır. Bu proqram haqqında ilkin fikir daha 1993-cü ildə Brüsseldə Avropa Komissiyasının təklifi ilə ortaya cıxmışdır. Bu proqram çox böyük tarixə malik qədim İpək Yolunun yenidən canlandırılması kimi qəbul olunur. TRACECA Avropadan Asiyanın içərilərinə qədər uzanıb Qara dənizi, Qafqazı və Orta Asiyanı da əhatə edən uzun bir dəhlizin yaradılmasını nəzərdə tutur. TRACECA Proqramının nəzərdə tutduğu bu dəhliz Qara dəniz, Orta Asiya və Cənubi Qafqaz dövlətlərinə öz mallarını – xüsusilə də neft, qaz resurslarını dünyaya və xüsusilə də Avropaya ixrac etməsini daha da asanlaşdıracaqdır. Bu dəhliz eyni zamanda Avropa üçün də böyük əhəmiyyət daşımaqdadır. Çünki Avropa Birliyi Rus qazını istehlakdan bir nov asılı vəziyyətdədir. Bu dəhliz vasitəsi ilə Orta Asiya, ( Qazaxıstan nefti və Türkmənistan qazı) Xəzər neft və qazının Avropaya ötürülməsi daha asanlaşacaq və bu, Avropanın Rusiyadan asılılığını əhəmiyyətli şəkildə azaldacaqdır. Bütün bunlarla bərabər dəhliz vasitəsi ilə Avropanın uzaq Şərq bazarlarına cıxış əldə etməsi üçün Rusiyadan asılılığı ortadan qalxacaq və hemçinin Rusiyanın region üzərindəki təsir imkanları da əsaslı şekildə azalacaqdır.
TACIS Proqramı çərçivəsində maliyyələşdirilən digər bir önəmli proqram olan INOGATE Proqramı daha spesifik bir yöndə olub, neft və qazın daşınmasının inkişaf etdirilməsi, modernləşdirilməsi və eyni zamanda alternativ neft və qaz mənbələrinin müəyyən edilməsi və s. yöndə çalışır. INOGATE Proqramı Qafqaz regionuna xüsusi ilə Xəzər hövzəsindəki  enerji qaynaqlarına cox böyük önəm verir. Azərbaycan neftinin Avropaya çatdırılması məqsədini daşıyan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərləri, Qazax neftinin ötürülməsini gerçəkləşdirəcək Tengiz-Novorosisk və Türkmən qazının beynəlxalq bazarlara daşınmasını əsas alan Trans-Xəzər Qaz Boru xətti lahiyələri bu önəmin göstəriciləridir. Avropa Birliyinin bu proqramların həyata keçirilməsi və onların maliyyələşdirilməsi haqqındakı qərarlarının gələcəkdə Avropa Birliyi ölkələrinin artacaq enreji tələblərini qarşılamaq, enerji istehlakı yönündə Rusiyadan asılılığa son vermək məqsədləri üçün hesablanmış addımlar olduğunu qeyd etsək yanılmarıq.
Avropa Birliyinin beşinci genişlənmə dalğasının ardından region ölkələri ilə daha sıx əməkdaşlıq məqsədi ilə “Daha Geniş Avropa – Yeni Qonşuluq Siyasəti” adlı yeni strategiya yaradıldı. 2004-cü ildə Avropa Parlamenti tərəfindən təsdiqlənən bu strategiyanın Cənubi Qafqaz ölkələrinə də şamil edilməsinə Avropa Birliyinin bir o qədər də maraq göstərmədiyi açıq aşkar ortada idi. Çünki Avropa Birliyinin qənaətincə  “Yeni Qonşuluq Siyasəti”ni Cənubi Qafqaz dövlətlərinə şamil etmək vaxtından əvvəl atılmış addım olardı. Halbuki, 2003-cü ildə Gürcüstanda gerçəkləşən Qızılgül inqilabı Avropa Birliyinin Cənubi Qafqaza dair baxışlarında köklü dəyişikliklərə yol açdı və Cənubi Qafqaz dövlətləri üçün Avropa Birliyinə doğru gedən yolda bir yaşıl işıq yandı. Gürcüstanda baş verən dəyişikliklər (sonradan gözləndiyindən az müvəffəqiyyət qazandı) Avropada Cənubi Qafqazın demokratikləşə biləcəyinə dair yeni ümidlər oyatdı. Bu ümidlərin işığında Avropa Komissiyası 2004-cü ilin mayında dərc etdiyi Avropa Qonşuluq Siyasəti Strateji Sənədiylə Cənubi Qafqaz dövlətlərini də YQS –nə daxil etdi. Yaxın Qonşuluq Siyasətinin AB üzvlüyünü məqsəd olaraq ortaya qoyduğunu nəzərə alsaq, YQS-nə aid edilən ölkələrdə, Birliyin maddi və texniki dəstəyi ilə qonsu ölkələrin demokratik cəmiyyətə və bazar iqtisadiyyatına keçişine yardım göstərməkdir. Bu məqsədlə Yaxın Qonşuluq siyasətinin şamil edildiyi ölkələrdə reformların ediləcəyi sahələrin müəyyənləşdirilməsi üçün  Fəaliyyet Planı hazırlanaraq hər üç Cənubi Qafqaz dövlətlərinə təqdim olundu. 2005-ci ildə Cənubi Qafqaz dövlətlərinə təqdim olunan Fəaliyyet Planı 2006-ci ildə hər üç dövlət tərəfindən qəbul edildi. 5 il müddətinə müəyyənləşdirilmiş Fəaliyyet Planının ən əsas məqsədləri; gözəl idarəetmə, demokratiya, insan hüquqları, enerji və təhlükəsizlikdir.  Artıq 2006-cı ildən etibarən Cənubi Qafqaz ölkələri “keçid ölkəsi” olmaqdan cıxaraq “zəif dövlət” anlayışı ilə əvəzləndi. Hər nə qədər Fəaliyyet Planında dövlətlərin inkişafı, insan hüquqları, demokratik cəmiyyətin qurulması kimi adil məqsədlər ortaya goyulsa da bəzən ədalət prinsiplərini pozan bir başa Avropa Birliyinin özü olur. Diqqəti çəkmək istədiyim məqam Fəaliyyət Planında Cənubi Qafqazdakı münaqişələrə Avropa Birliyinin ikili münasibətilə bağlıdır. Belə ki, Gürcüstana dair olan Fəaliyyət Planında Abxaziya və Cənubi Osestiya probləmlərinə AB-nin münasibəti, münaqişənin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini göstərir. Halbuki Cənubi Qafqazda ən önəmli dövlət olan Azərbaycana dair olan Fəaliyyet Planında regionun ən mürəkkəb münaqişəsi sayılan Dağlıq Qarabağla bağlı anlaşılmaz və qarışıq ifadələrə yer verilmişdir. Daha dəqiq desək Azerbaycanın Fəaliyyət Planında BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qərarlarını dəstəklədiyi göstərilsə də Ermənistanın Fəaliyyət Planında Minsk Qrupunun xalqların öz müqəddəratını təyin etmə haqqı olduğu vurğulanmışdır. Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı garışıq ifadələrin dəyişdirilərək, ərazi bütövlüyünün vurğulanması tələbi əvvəlcə Avropa Birliyi tərəfindən qəbul olunmasa da tərəflər arasında çətin müzakirələrdən sonra Azərbaycan tərəfinin tələbi yerinə yetirilmişdir.
Günümüzdə AB və Cənubi Qafqaz əlaqələri olduqca mühüm bir önəm daşımaqdadır. Çünki Cənubi Qafqazın getdikcə artan önəmi və həmçinin Cənubi Qafqaz dövlətlərinin Avropaya inteqrasiyada maraqlı olmaları bu iki regionu bir birinden ayrılmaz bir butunə çevirməkdədir. Avropa Birliyi Şərqə çıxış əldə etməkdə Rusiyadan asılı olmamaq üçün Cənubi Qafqazdan bir vasite kimi istifadə etmək niyyətindədir. Cənubi Qafqaz dövlətləri özəlliklə Gürcüstan və Azərbaycan Rusiya orbitindən çıxmaq, Qərbə dolayısı ilə Avropa Birliyinə sürətlə inteqrasiya etmək və bərabərhüquqlu AB üzvü olmaq niyyətindədirlər. Ümumiyyətlə Avropa Birliyinə gedən yol çətin olsa da sonu uğurlu nəticələr vəd edən yoldur. Əsas olan Cənubi Qafqaz dövlətləri özəlliklə Azərbaycan bu yolda öz mədəniyyətlərini və milli kimliklərini itirməməli, əksinə öz qədim mədəni irsi ilə Avropa Birliyinə yeni çalarlar gətirməlidir.

Ergün İmayil Doğu