Avropa

Ukraynadakı parlament seçkiləri nə vəd edir?

Pinterest LinkedIn Tumblr

Ukraynada 30 Sentyabr 2007-ci il tarixində növbədənkənar parlament seçkiləri keçirildi. Müstəqillikdən sonrakı sayca beşinci (əvvəlkilər 1994, 1998, 2002, 2006) seçki, ölkədəki siyasi güclər arasında 2000-ci illərin başından etibarən gərginləşən, 2002-də parlament və 2004-dəki prezident seçkiləri prosesinin meydana gətirdiyi “narıncı inqilabla” yeni bir mərhələyə keçən və 2006 parlament seçkiləri ilə də durulmayan hakimiyyət mübarizəsinin yaratdığı siyasi böhrandan çıxış yolu kimi görülməkdəydi.
Seçki anketləri ölkə tarixində ilk növbədənkənar parlament seçkiləri olan bu seçkilərdə 3 faizlik səddi keçərək Ali Radada təmsil oluna biləcək siyasi güclər kimi Regionlar Partiyası (RP), Yuliya Timoşenkonun Bloku (YTB), Bizim Ukrayna-Xalq Özünümüdafiəsi Bloku (BUXÖB), Ukrayna Komunist Partiyası (UKP), Ukrayna Sosialist Partiyası (USP) və Litvinin Blokunu (LB) göstərmişdi. Bu siyasi təşkilatlar seçki kampaniyalarında əsas olaraq iqtisadi və sosial məsələlərə önəm verən siyasi xətt izlədilər. Baş nazir Viktor Yanukoviçin lideri olduğu RP ölkənin stabil iqtisadi inkışafını təmin etmək, keçmiş baş nazir və “narıncı inqilabın” liderlərindən Yuliya Timoşenkonun YTB-si sürətli və adil bir inkişaf hədəfi üçün sıçrayış etmək, prezident Yuşenkonun lideri olduğu BUXÖB `güclü dövlət, tək xalq, tək rəsmi dil, tək pravoslav kilsəsi və tək millət` hədəfi yolunda `Xalq üçün siyasət` anlayışını həyata keçirmək vədləri verdi. Oleksandr Morozun lideri olduğu USP seçkilərdə yerli idarəetmə orqanlarının səlahiyyətlərini artıracağını, Rada sədri Oleksandr Litvinin bloku qayda- qanun və sabitlik yaradacağını, Pyotr Simonenkonun UKP-si isə prezidentlik inistutunun ləğvini vurğuladı. Seçki kampaniyasının ən diqqət cəlb edən xüsusiyyəti isə siyasi mübarizədəki ən populyar mövzuların başında qələn rus dilinin statusu, Rusiya ilə münasibətlər və NATO üzvlüyü mövzularının əvvəlki seçki kampaniyaları ilə müqayisədə çox az istifadə edilməsiydi. Bu çərçivədə əvvəlki prezident və parlament seçkiləriylə müqayisədə son parlament seçkilərində ABŞ, Rusiya və Avropa İttifaqı kimi aktyorların nisbətən sakit mövqe tutduğu, daha çox kölgədə qalmağa çalışdıqları müşahidə edilmişdir.
Seçkilər nəticəsində RP 34,37 %, YTB 30,71 %, BUXÖB 14,15 %, UKP 5,39 %, LB 3,96 % səs topladılar. USP isə aldığı 2,86 faizlə gözlənilənin əksinə 3 faiz səddini keçə bilmədi. Seçkilərin nəticələrinə görə RP gözlənildiyi kimi ölkənin Donetsk, Dnepropetrovsk, Xarkov (Ukraynca- Xarkiv), Odessa kimi böyük sənaye şəhərlərinin və Rus əhalinin çoxluğu təşkil etdiyi Kırımı da əhatə edən şərq bölgəsində, YTB isə bütün qərb bölgəsində və başda paytaxt Kiyevin olduğu orta bölgəsində birinci partiya oldu. Bu faizlərə görə 450 nəfərlik parlamentdə RP 175, YTB 156, BUXÖB 72, UKP 27, LB 20 millət vəkilli yeri almışdır. Timoşenko və Yuşenkonun siyasi təşkilatlarının hökümət təşkil etmək üçün koalisiya qurması nəticəsində parlamentdəki iqtidar (228 millət vəkili)-müxalifət (202 millət vəkili) tarazlığı 51 %/45 % nisbətində oldu. 20 millət vəkilinə malik LB-nin isə orta yolu seçərək vəziyyətə uyğun olaraq iqtidar və müxalifətlə bazarlıq edəcəyi düşünülməkdədir.
Ötən seçkilərlə müqayisədə Ukraynadakı Azərbaycanlılar son parlament seçkilərində fəallıq gostərdilər. Bu seçki prosesində 5 azərbaycanlı namizəd (YTB-1, BUXÖV-2, LB-1, Aqrar Ukrayna-1) millət vəkili seçilmək üçun mübarizə apardı. Bu mübarizə nəticəsində YTB-nin 109-cu sıradan namizədi Oleq Babayev millət vəkili seçilmişdir. Bundan başqa YTB-BUXÖV koalisiyasının qurulması və Ukrayna qanunlarına görə, nazir postuna təyın olunan millət vəkıllərinin yerinə eyni partiyanın seçki namizədləri siyahısındakı novbəti namizədin gəlməsi şərt olduğu üçün BUXÖV-un 76-cı sıradan namizədi Eduard Zeynalov da millət vəkili olmuşdur. Daha əvvəlki seçkilərdə Ukrayna parlamentində nümayəndəsi olmayan Azərbaycanlıların son seçkilərdə 2 millət vəkili yeri qazanması bu sahədə ilk addım kimi önəmli uğur sayıla bilər. Ancaq diqqəti çəkən bir məqam da iqtidarda olduğu dövrdə tez-tez Azərbaycanla yaxşı münasibətlər tərəfdarı olan və parlamentdə ən böyük müxalif fraksiyaya malik Yanukoviçin RP-si və yenə müxalif UKP-nin seçki siyahılarında heç Azərbaycanlı olmamasıdır. Yeni parlamentdə RP (94-cü sıradan nazmizəd Nver Mxitaryan) və YTB-dən (106-ci sıradan namizəd Qaregin Arutyunov)  seçilmiş 2 Erməni millət vəkili də var. Son seçimlərlə Ukraynadaki Kırım Tatarlarınının lideri Mustafa Cemiloğlu (27-ci sıra) da BUXÖV-dan, məşhur iş adamı Rinat Əhmədov (7-ci sıra) və Ravil Safiulin (40-cı sıra) RP-dən millət vəkili seçildi.
YTB və BUXÖB tərəfindən Yuliya Timoşenkonun qurduğu “narıncı koalisiya” höküməti 18 Dekabrda Ali Radada keçirilən səsvermədə lazım olan 226 səsi toplayaraq vəzifələrinin icrasına başlamışdir. 25 nəfərdən ibarət hökümətdə 8 post YTB-yə, 6-sı BUXÖB üzvlərinə və 11-ni isə bu iki partiyaya yaxın bitərəflərə verilmişdir. Hökümətdə əsas iqtisadi və sosial postlara Timoşenko tərəfdarlarının təyin olunmuş, prezident Yuşenkonun isə güc nazirlikləri ve xarici siyasət sahəsində nəzarəti əlində tutmuşdur.
Yeni hökümətin gündəliyindəki ən aktual daxili məsələlər ölkənin iqtisadi inkişafı və xalqın sosial-iqtisadi problemlərini müəyyən ölçüdə həll edilməsi və siyasi sistemin strurukturuna yenidən baxılması olacaqdır. 2010-cu ildə Ukraynada prezident seçkilərinin keşiriləcəyi nəzərə alınanda, bu yarışın əsas namizədlərindən olması gözlənilən prezident Yuşenko və baş nazir Timoşenkonun seçilmə ehtimallarını gücləndirmək üçün xalqın sosial-iqtisadi problemlərini həll etmə yolunda siyasət izləyəcəkləri gözlənilir. Bu iki liderin rəqib olmaları isə zaman-zaman sosial-iqtisadi sferadakı problemlər mövzusunda bir-birlərini günahlandırmalarına və münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Münasibətlərdəki bir başqa münaqişə mənbəyi isə Yuşenkonun prezident səlahiyyətlərinin artırılması tələbi ola bilər. Xatırlanacağı kimi daha Yuşenko 2005-ci ildə prezident seçilmədən əvvəl prezident Leonid Kuçmadan narazı “narıncılar” Ukaynanın prezident respublikasından parlament respublikasına keçişinə imkan verən konistututsiya değişiklikləri etmişdilər. Yuşenko isə prezıdent seçildikdən və xüsusilə də “narıncıların” 2006-cı il parlament seçkilərindən sonra hökümətin Yanukoviçin qurmasına razılıq vermə məcburiyyətində qalmalarından sonra yenidən prezident səlahiyyətlərinin artırılması tələbini gündəmə gətirmışdir. Bu tələb Ukraynada prezidentlə parlament arasında siyasi böhrana gətirib çıxararaq növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb olmuşdur. Timoşenko başlanğıcda Yuşenkonun bu tələbinə həvəssiz yanaşması və əlindəki hökümət səlahiyyətləri vasitəsilə xalqın bəzi problemlərini həll edərək rəğbət qazanmaq üçün vaxt udmaya çalışması gözlənilməkdədir. Prezident seckilərini yaxınlaşdıqca Timoşenkonun Yuşenkonun bu tələbinə müsbət yanaşmaya başlayacağı düşünülməkdədir. Əvvəla, Timoşenkonun bu mövqeyi ona yaxın siyasi qüvvə olan BUXÖV-un seçicilərinin və qərarsızların rəğbətini qazana biləcək konstruktiv lider kimi tanınmasına imkan verərək prezident seçilmə şansını artıra bilər. İkinci olaraq, prezident inistutunun gücləndirilməsi prezidentlik üçün güclü namizədlərdən sayılan Timoşenkonun gələcəkdəki mənafelərinə uyğundur. 

Ukraynanın xarici siyasəti və Azərbaycan  
Ukraynada 2010-cu ildə keçiriləcək prezident seçkiləri amili ölkə xarici siyasəti üzərində də öz təsirini göstərəcəkdir. Yuıenkonun 2005-ci ildə prezident seçilməsindən sonra olkədə hakimiyyətə gələn “narıncılar” koalisiyası Rusiya ilə açıq gərginlik hesabına Qərblə yaxınlaşma siyasəti apardı. Bu siyasətin Rusiya ilə enerji böhranına səbəb olması və Mart 2006-dakı parlament seçkilərinin Rusiya ilə daha yaxın münasibətlər qurulmasını istəyən Yanukoviç hökümətinin qurulmasıyla nəticələnməsi kimi amilər prezident Yuşenkonun daha ehtiyatlı kurs izləməsinə səbəb olmuşdur. Yeni kursun əsasını Ukarynanın strateji istiqamətinin Qərb yönümlü inkişafina davam etmək, ancaq bu siyasəti Rusiyanın sərt reaksiyasına səbəb olmayacaq şəkildə həyata keçirmək təşkil edir. Bu çərçivədə Ukrayna, bir yandan Rusiyanın o qədər də mənfi yanaşmadığı AB uzvlüyü məsələsini tez-tez gundəmə gətirərkən, o bir yandan NATO uzvlüyü məsələsində yavaş davranmaya çalışmışdır. Ukrayna sistemə görə, prezidentin hökümət icindəki xarici işlər nazirini (və müdafiə nazirini) birbaşa təyin etmə hüququna malik olması Yuşenkonun xaricdə ABŞ-Rusiya, daxildə isə Timoşenko ilə Yanukoviç arasında mavera etmə imkanı vermişdir.  
Yuşenkonun həm daha əvvəlki təcrübəni, həm də Rusiya ilə yeni enerji böhranının prezident seçkiləri ərəfəsində seçicilər nəzdində onun imicinə vura biləcəyi zərəri nəzərə alaraq ehtiyatlı xarici siyasət kursunu davam etdirəcəyi gözləniləndir. Burada Rusiya ilə gərginlik siyasəti izləyən Gürcistan prezidenti Saakaşvilinin bir əvvəlki prezident seçkiləriylə müqayisədə 5 Yanvar 2008-dəki seçkilərdə aldığı aşağı nəticəni yada salmaq faydalı olar. Bu kurs Yuşenkoya “Rusiya tərəfdarı” Yanukoviçlə “Qərb tərəfdarı” imicinə malik Timoşenko arasında ölkəni gərginlik şəraitinə aparma və hətta bölünmə risklərinə qarşı kompromis variantı olma imkanı verir. Yenə oxşar şəkildə baş nazir Timoşenkonun da ölkə xarici siyasətinin mçvcud kursunu deyişdirmə təşəbbüsündə olmayacağı və bunu istəsə belə edə bilməyəcəyi düşünülə bilər. Əvvəla, Timoşenkonun ölkə xarici siyasətində Qərblə daha sürətli yaxınlaşma siyasəti (məsələn, NATO üzvülüyü) istiqamətində dəyişiklik üçün təşəbbüs etməsi daha gözləniləndir. Ancaq bu kurs Rusiya ilə enerji böhranını da gündəmə gətirəcək gərginliklərə səbəb ola bilər. Mövcud şərtlərdə yaşana biləcək Rusiya-Ukrayna gərginliyindən hər iki olkənin zərər görməsi mübahisəsizdir. Xüsusilə Ukrayna baxımından 2010 öncəsi belə bir böhran ölkədə iqtisadi vəziyyəti çətinləşdirərək Timoşenkonun prezident olma şansını daha da azalda bilər. Bundan başqa, Ukraynadakı siyasi sistemə görə baş nazir kimi Timoşenkonun xarici siyasətin müəyyənləşdirilməsi prosesinə təsiri çox məhduddur. Bu amillər çərçivəsində Timoşenkonun mövcud xarici siyasət kursuna çox az təsir edə biləcək tezislərini daha çox prezident seçkiləri yaxınlaşdıqca eşidə biləcəyik.
Mövcud şərtlərdə Ukraynanın xarici siyasət kursunun en azından 2009 sonuna qədər davam edəcəyi gözləniləndir. Bu da Ukraynanın Azərbaycanla istər ikili, istərsə də beynəlxalq təşkilatlar (BMT və GUAM) səviyyəsində münasibətlərini daha da sürətlənən bir templə davam edəcəyi mənasını daşımaqdadır. Bu əməkdaşlıq prosesi özünü GUAM-ın bölgədə daha da fəallaşması, bu çərçivədə GUAM sülhməramlılarının yaradılması işinin tamamlanması, Azərbaycan müdafiə sənayesinin inkişafında Ukraynanın artan rolu, enerji mənbəyi və enerji tranzit ölkəsi kimi Azərbaycanla konkret lahiyələr həyata keçirmək istiqamətində bu ölkənin səylərini artırması şəklində göstərə bilər.  

Araz Aslanlı