Hərbi-təhükəsizlik

Gürcüstan Abxaziyanı itirmə yolundamı?

Pinterest LinkedIn Tumblr

Arzu Tairquliyeva   
Rus imperiyası (Çar Rusiyası) dağıldıqdan sonra Rusiya Gürcüstanın müstəqilliyini Psou çayına qədər olan ərazi çərçivəsində tanımışdır. Bu faktiki olaraq Abxaziyanın da Gücüstan ərazisi kimi tanınması deməkdir. Bu mövqe 1920-cil il 7 may tarixli Rusiya-Gürcüstan müqaviləsi ilə təsdiqlənmişdir. 25 fevral 1921-cil tarixdə Gürcüstanda çevriliş olduqdan və hakimiyyətə sovetlər gəldikdən sonra, 4 mart 1921-ci ildə Abxaziyada da sovetlər hakimiyyəti ələ aldi. Müstəqillik arzusuna və cəhdlərinə baxmayaraq Abxaziyanın müstəqilliyi nə Zaqafqaziya federasiyasının, nə də SSRİ konstitusiyalarında nəzərdə tutulmamışdır. 1931-ci ildə Abxaziya Gürcüstanın tərkibində muxtar respublika statusu aldı. 31 mart 1991-ci ildə Gürcütanda, o cümlədən Abxaziyada referendum keçirildi. Abxaziyada referendumda iştirak eden 61.27 faiz seçicinin 97.73 faizi Gürcüstanın suverenliyinin lehinə, yalnız 1.47 faiz əlehinə səs verdi. Bütün Gürcüstan ərazisində referendumda iştirak edən 90.79 faiz seçicinin 99.08 faizi müstəqilliyə səs verdi. Bunun əsasında 9 aprel 1991–ci ildə Gürcüstan respublikasının müstəqilliyinin bərpası haqqında bəyannamə elan olundu. Hal-hazırda Abxaziya özünü müstəqil respublika elan etmiş, Gürcüstanın tabeçiliyində olmağı qebul etmir və tanınmamış respublika taleyi yaşayır. O biri tərəfdən Rusiyadan aldığı böyük dəstək Abxaziyaya ayaqda dayanmaq imkanı yaradır.

Rusiyanın Abxaziyaya dəstək xarakterli addımları Gürcüstanın NATO üzvü olma təkidinin daha da gücləndiyi 2008 ilində daha da çoxalmışdır. Bu çərçivədə MDB dövlətlərinin 21 fevral 2008 tarixli görüşündə 1996–cı ildən Abxaziyaya qarşı tətbiq olunan və müxtəlif dövrlərdə rəsmi Tiflisə və Suxumiyə təzyiq etmək üçün Rusiya tərəfdən istifadə edilən sanksiyanın aradan götürülməsi Gürcüstana qarşı növbəti zərbə oldu. Rusiyanın bu addımından sonra başda prezident Mixail Saakaşvili olmaqla Gürcüstan rəsmiləri Suxumiyə müsbət mesajlar göndərməyə başladı. Saakaşvilinin 28 mart  2008-ci il tarixində irəli sürdüyü yeni təkliflər paketini də Rusiyanın bu adımıyla əlaqələndirmək olar. Bu təkliflərə birgə azad iqtisadi zona yaratmaq, mərkəzi hakimiyyət orqanlarında Abxazların nümayəndəsinin olması, Abxaziya üçün vacib olan həyati məsələlərdə veto qoymaq hüququna malik olacaq vitse-prezident postunun yaradılması və vahid sərhəd-gömrük xidməti qurulması daxil idi. 29 mart tarixində Abxaziyanın “prezidenti” Serqey Baqapş bu təklifləri rədd edərək, “dünənə qədər Abxaziyaya qarşı elan olunmamış müharibə aparan və terror aktları təşkil edən şəxsin bugün özünü sülhsevər siyasətçi kimi göstərməsini anlamadığını” bildirib. 12 aprel 2008 tarixində Saakaşvili təkliflərinin ciddi olduğunu bildirmək üçün əlaqədar nazirlərlə görüşərək iqtisadi, hüquqi və s. sahələrdə bir neçə həftəyə təkliflər hazırlamağı tapşırdı. Ancaq bu təkliflərlə razılaşmayan Abxaziya tərəfi 15 aprel 2008 tarixində Gürcüstana cavab olaraq Abxaziyada digər tanınmamış respublika olan Cənubi Osetiyanın səfirliyinın açılmasına razılıq verdi. 16 aprel tarixində Rusiya XİN-ni Rusiya prezidentinin “Cənubi Osetiya və Abxaziya ilə rəsmi əlaqələrin düzəldilməsinə dair hokümətə və əlaqədar  rəsmi strukturlara müvafiq tapşırıq verdiyini” bəyan edib. Putinin tapşırığında Rusiya dövlət orqanlarının aşağıdakılar vəzifələri yerinə yetirməsi nəzərdə tutulur:
1. Abxaziya və Cənubi Osetiyanın müvafiq orqanları ilə əməkdaşlıq edilməsi,
2. İqtisadi, ticarət, elm və mədəni sahələrdə Rusiyanın regionlarının da bu əməkdaşlıq prosesində iştirakının təmini,
3. Abxaziya və Cənubi Osetiyanın fiziki şəxslərə verdiyi sənədlərin siyahısını hazırlamaq və bu sənədlərin Rusiya tərəfdən qanuni sayılması,
4. Abxaziya və Cənubi Osetiyanın qanunları çərçivəsində tanınmış hüquqi şəxslərinin Rusiya tərəfindən tanınması,
5.  Vətəndaş, ailə və cinayət işlərində Abxaziya və Cənubi Osetiyaya hüquqi yardım göstərilməsi,
6. Lazım olduğu təqdirdə Rusiya XİN-in orqanlarının Abxaziya və Cənubi Osetiyaya konsulluq xidməti göstərməsi.
Bu Rusiya tərəfindən gözlənilən bir addım idi. Gürcüstana tərəfindən xarici işlər naziri David Bakradze Rusiyanın bu addımına sərt reaksiya verərək və hələ Rusiyadan bu barədə heç bir rəsmi sənəd almadıqlarını bildirərək bu hərəkətin Gürcüstanın iki əyalətinin ilhaqı adlandıraraq, beynəlxalq hüqüqi normaların və Gürcüstanın ərazi butövlüyünün pozulması kimi qiymətləndirmişdir. Abxaziyanın “prezidenti” Baqaş isə Rusiyanın bu addımını alqışladıqlarını və ədalətin yanında olduqları üçün rəsmi Moskvaya minnətdar olduqlarını açıqlamışdır.
Beləliklə, rəsmi Tiflisin təhlükəsizlik problemini həll etmə və ərazi bütövlüyünü saxlamaq üçün təkid etdiyi NATO üzvülüyü, Rusiyanın atdığı qarşı addımlarla Gürcistanın bölünməsinə xidmət edən prosesə çevrilməkdədir.      

Arzu Tairquliyeva