Hərbi-təhükəsizlik

Türkiyə-Azərbaycan İqtisadi Münasibətləri

Pinterest LinkedIn Tumblr

“Ekspert” jurnalı – dekabr 2009

Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Münasibətlər, həm ictimaiyyətlər arasında, həm də dövlət rəsmiləri və siyasətçilər tərəfindən daha çox “bir millət, iki dövlət” şüarı ilə xarakterizə edilir. Bu, münasiətlərin təməlində tarixi, mədəni, milli, dini, ictimai və digər bu cür səbəblərin yer almasından qaynaqlanır. Ancaq müasir beynelxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri üçün “strateji ortaq” ifadəsi daha uyğun gəlir.

Tarixi kökləri olan və indiyə qədərki dövrdə müxtəlif mərhələlərdən keçən münasibətlər, 20-ci əsrin sonlarında Azərbaycanın müstəqilliyinə yenidən qovuşmasıyla birlikdə yenidən yüksəlişə keçmişdir. İki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç çübhəsiz ki, iqtisadi əlaqələrdir.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytının Türkiyə ilə münasibətlər hissəsində, “Azərbaycanın xarici siyasətində yeri” başlığı altındakı qeydlərdə iqtisadi münasibətlər xüsusi şəkilə vurğulanmışdır: “Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dövlət və hökumət xadimlərinin, iqtisadi məsələlər üzrə aidiyyətli qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların iclasları davamlı şəkildə keçirilməkdədir.” Amma, hələ ki, pratktikada bu istiqamətdə xüsusi addımlar diqqət çəkmir. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytının Azərbaycan ilə münasibətlər hissəsindəiqtisadi əlaqələrə digəırlərindən fərqli xüsusi vurğu hiss olunmur.

Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və daşımaçılıq layihələri təşkil edir.

Azərbaycan ilə Türkiyə arasında müstəqilliyindən etibarən müxtəlif sahələri ehtiva edən və eyni zamanda iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin hüquqi bazaısını meydana gətirən təxminən 150 müxtəlif sənəd imzalanmış, ancaq bu razılaşmaların əhəmiyyətli bir qisiminə müxtəlif səbəblərlə hələ də işləklik qazandırılmamıştır. İqtisadi münasibətlərin hüquqi bazasının təməlini 1 noyabr 1992-ci il tarixli (Ankarada imzalanan bu sənədlərin imzalanma tarixi Azərbaycan mənbələrində 2 noyabr kimi göstərilir) ticari-iqtisadi əməkdaşlıq haqqında saziş təşkil etmişdir. Həmin gün ümumilkdə Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif istiqamətlərini tənzimləyən 13 sənəd, o cümlədən kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında protokol, avtomobil daşımaları haqqında saziş və kredit müqaviləsi də imzalanmışdı. 1994-cü il fevralın 9-da isə növbəti vacib sənədlər imzalanmışdır. Bunlar arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş və gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında saziş xüsusi əhəmiyyət daşımışdır. Ancaq Azərbaycan tərəfinin elə həmin təsdiq etdiyi bu sənədlər Türkiyə tərəfində sırasıyla 1996-cı və 1997-ci ildə təsdiq olunmuş və 1 yanvar 1998-ci il tarixdən qüvvəyə minmişdir.

İkitərəfli iqtisadi əlaqələr baxımından əhəmiyyətli bir qurum olan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ilk toplantısı 25 fevral 1997-ci il tarixdə baş tutmuşdur. Müxtəlif səbəblərə görə ikinci iclas uzun müddət reallaşdırıla bilməmişdir. 29 mart 2001-ci il tarixdə reallaşdırılan ikinci iclas qarşılıqlı ittihamlarla olduqca gərgin havada keçmişdir. Üçüncü iclas isə 12-14 aprel 2005-ci tarixlərdə Türkiyədə baş tutmuşdur. İclasda, 13 apreldə imzalanmış olan uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq haqqında sazişə uyğun olaraq hazırlanması qərarlaşdırılan İcra Planının ən qısa müddətdə tamamlanaraq, qüvvəyə minməsi barəsində razılılıq əldə olunmuşdur. Azərbaycan-Türkiyə hökumətlərarası müştərək iqtisadi komissiyasının 4-cü iclası 2006-cı il iyulun 27-28-də Bakıda,  5-ci iclası 2008-ci il aprelin 11-də İstanbulda keçirilmişdir. Bütünlükdə bu iclaslarda vacib əməkdaşlıq istiqamətləri ilə yanaşı, problemlər də vurğulanmış, eyni zamanda yaxın mərhələlərdə addımlar atılması tələb olunan sahələr hər iki tərəfdən açıqca qeyd olunmuşdur. Bunlar arasında, ortaq ticarət palatasının qurulması, Azərbaycanın Türk tərəfinə viza tətbiqinin asanlarşdırılması,  Türk yük maşınlarının daşımalarıyla bağlı problemlərin həlli, yenilənə bilər alternativ enerji qaynaqlarıyla (günəş, külək, biokütle və hidrolik enerji) bağlı, Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkətinə bağlı TPIC ilə ARDNŞ (SOCAR) arasında çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, Azərbaycan-Türkiyə biznes forumunun fəaliyyətinin daha da canlandırılması təşəbbüsləri xüsusi diqqət çəkmişdir. Bu arada, Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri vaxtı, 2007 noyabrın 6-da iki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı imzalanmışdır. Məqsəd, iqtisadi əlaqələrdəki problemi sahələri mümkün qədər azaltmaq və ortaq inkişaf perspektivlərini gücləndirmək olmuşdur. Yuxarıda qeyd olunanlarla yanaşı iki ölkə arasında maliyyə-kredit, sosial müdafiə, müxtəlif sahələr üzrə kadr hazırlığı, kənd təsərrüfatının müxtəlif istiamətləri üzrə, beynəlxalq iqtisadi təşkilatlara üzvlüklə bağlı yardım kimi sahələrdə sənədlər imzalanmış və icra olunmaqdadır.

Xatırladaq ki, iki ölkə arasındakı iqtisadi münasibətlərdə əsas diqqəti enerji sahəsindəki əməkdaşlıq cəlb edir. Türkiyə ilə Azərbaycan Azəri-Çıraq-Günəşli yataqları üzrə imzalanan müqavilədə iştirak etməklə yanaşı, Şahdəniz layihəsində 9%, Kürdaşı layihəsində 5% və Alov layihəsində 10% hissəyə malikdir.  Türk özəl neft şirkəti Petoil də Murovdağ neft sahəsində ARDNŞ ilə 50% ortaqlıq əsasında AzerNeft şirkətini qurmuşdur.

Qlobal əhəmiyyət daşıyan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum Cənub Qafqaz Təbii Qaz Boru Xətti layihələri çərçivəsində çoxtərəfli əməkdaşlıq uğurla davam edir. Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma təşəbbüsləriylə əlaqədar olaraq müəyyən qədər zəifləsə də, Azərbaycan ilə Türkiyənin NABUKKO layihəsində əməkdaşlığı da nəzərdə tutulur. İki ölkə  qlobal iqtisadi önəmə də sahibolan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlı əməkdaşlığı da davam etdirirlər. Eyni zamanda hökümətlərarası komissiyanın 4-cü iclasında İran vasitəsiylə dəmiryolu əlaqəsinin imkanlarından istifadə edilməsi də gündəmə gəlmişdir.

Müstəqilliyiə qovuşmasından etibarən Azərbaycanda Türk sərmayəsinin, son illərdə isə Türkiyədə Azərbaycan sərmayəsinin rolu ciddi olmuşdur. Türkiyə Azərbaycanda qeyri-enerji sektorundakı ən böyük yatırımçıdır ki, bu iqtisadiyyatı enerji sektoruna xeyli dərəcədə bağımlı olan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Türk şirkətlərinin Azərbaycanda neft və qeyri-neft sektoruna qoyduğu investisiyaların ümumi həcmi 5.5 milyard dollardan çoxdur. 2001-2007-ci illərdə isə sadəcə qeyri-neft sektoruna 532 milyon dollar sərmayə qoyulub.

Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. 2008-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard 433 milyon dollar olub. Bunun 807 milyon dolları Türkiyədən idxalın, 626 milyon dolları isə bu ölkəyə ixracın payına düşür. Azərbaycan Türkiyədən 2350 adda məhsul idxal edib, Türkiyəyə isə 138 adda məhsul göndərir. Müqayisə üçün qeyd edək ki, Türkiyə ilə Qazaxıstan bir başa sərhəddə malik olmadıqları halda bu iki ölkə arasındakı ticarət həcmi 2008-ci il üçün 3.2 milyard dollar təşkil etmişdir və Türkiyə- Qazaxıstan hökümətlərarası komissiyasının bu il noyabrın 17-də Astanada keçirilən iclasında Türkiyənin dövlət naziri  Faruk Çelik rəqəmin kiçik olmasından şikayət etmişdir.

Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərdə 1990-cı illərin sonralında və 2000-ci illərin başlarında problemi mövzular daha çox diqqət çəkmişdir. Xüsusilə də, “Türk sərmayədarların İran və Rusiyalı həmkarları ilə müqayisədə mənfi şərtlərdə işlədiyi iddiası” tez-tez gündəmə gəlmişdir. Mövzunun 17 Sentyabr 2001-ci il tarixdə Bakıda  səfərdə  olan  Türkiyənin Prezidenti Əhməd Necdət Sezər tərəfindən Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşdə mətbuatın qarşısında dilə gətirilməsi, tərəflər arasında qısa müddətli gərginliyə səbəb olmuşdur. Bu problem, eyni zamanda Türkiyənin Azərbaycan ilə olan ticarətinin həcminin və Azərbaycandakı Türk sərmayələrinin həcminin aşağı səviyyədə olması mövzuları 2003-cü ilin yanvarında Bakıda səfərdə olan Rəcəb Tayyib Ərdoğan tərəfindən də qeyd olunmuşdur. Çünkü doğurdan da böyük Türk şirkətlərinni Azərbaycana sərmayə qoymamçası daim diqqət çəkmişdir. Hətta, 13 oktyabr 2002-ci il tarixdə, İqtisadi Əməkdaşlıq Təşkilatının iclası üçün İstanbula gedən Heydər Əliyev, oktyabrın 15-də burada Türkiyəli işadamlarıyla görüşmərkən onları Bakıya dəvət etmiş və “problemlərini həll edəcəyini” bildirmişdir. Noyabrın 11-də isə  Türkiyənin məşhur işadamları Sakıp Sabancı, Bülent Eczacıbaşı, Nihat Koçyiğit və digərlərindən etibarən nümayəndə heyəti Bakıya gəlmiş və prezident tərəfindən də qəbul edilmişdir. Amma sonrakı dövrdə böyük işadamlarının Azərbaycana sərmayə qoymaları istiqamətində ciddi addımlar atılmamışdır. Bunun ən vacib səbəblərindən biri Azərbaycan iqtisadiyyatı ilə bağlı Tütk işadamlarının bəzi narahatçılıqlarının davam etməsidir.

Nəticə kimi qeyd etmək olar ki, Azərbaycanın mövcud şətrləri (müstəqiliyinə yeni qovuşması, ərazilərinin Ermənistan işğalı altında qalması və s.) və Azərbaycan-Türkiyə əlaqələrinin xarakteri (tarixi, mədəni, milli, dini bağların ön planda olması) münasibətlərin siyasi, hərbi, mədəni istiqamətlərinin daha çox diqqət mərkəzində qalmasına səbəb olmuşdur. Beynəlxalq münasibətlər sistemində ağırlığı getdikcə artan iqtisadi amil Azərbaycan-Türkiyə münasibətlərinin nəinki aparıcı sahəsini təşkil etməmiş, bir sıra məqamlarda problemi sahə kimi diqqət çəkmişdir. Azərbaycan-Türkiyə iqtisadi münasibətləri digər sahələrlə müqayisədə potensialının xeyli altındadır. Amma yuxarıda qeyd olunan qeyri-neft sektorunda yüksək səviyyəli iştirak kimi müsbət məqamlar da mövcuddur.

İkitərəfli iqtisadi münasibətlərdə ardıcıllıın aşağı olması diqqət çəkir. Sanki ciddi strategiya əksikliyi mövcuddur. Son illərdə imzalanan və uzunmüddətli iqtisadi əməkdaşlığı nəzərdə tutan sənədlərin bu boşluğu nə dərəcədə dolduracağı tam aydın deyil. Çünkü hələ də, iki ölkə arasında qlobal və regional əhəmiyyətli layihələrdə əməkdaşlıq daha uğurla gedir. Amma sırf ikitərəfli xarakter daşıyan məsələlərdə problemlər daha çox diqqət çəkir. Bu da iqtisadi münaibətlərin xarakteri ilə əlaqədar şübhələr yaradır (sanki uğurlu istiqamətlər, böyük güclərin istəyi ilə baş tutan istiqamətlərdir) .

Son illərdə Türkiyəyə qoyulan Azərbaycan sərmayəsindəki artıç da xüsusi diqqət çəkən məqamlardandır. Bu sərmayə qoyuluşlarının xüsusilə böyük kapital tələb edən sektorlarda (gəmiçilik – Palmali, neft –ARDŞ-in Petkimi alması) həyata keçirilməsi iqtisadi münasibətlərin strateji xarakterini ön plana çıxarır.

Azərbaycanda və Türkiyədə işadamlarının birləşdiyi təşkilatların (TÜSİAB, ATİB, Türkiyədə Azərbaycanlı İşadamları Dərnəyi) fəaliyyətlərini artırmaları və iqtisadi fəaliyyətərlə yanaşı, elmi-tədqiqat, sosial və mədəni sahələrə də diqqət ayırmaları ümumən ikitərəfli münasibətlərə fayda verir.

Digər yandan viza və daşımaçılıqla bağlı problemlərin Azərbaycan tərəfində davam etməsi, iri Türk holdiqlərinin Azərbaycanda iqtisadi varlıqlarının aşağı səviyyədə qalması mənfi nüanslar kimi diqqət çəkir. Azərbaycan-Türkiyə münasibətlərinin daha da sağıam təməllər üzərində inkişaf etməsi üçün iqtisadi sahələrdəki əksiklilərin aradan qaldırılması, ikitərəfli böyük (sadəcə çoxtərəfli yox) layihələrin də həyata keçirilməsi və çoxşaxıliliyin təmini zəruridir.

Türkiyə – Azərbaycan İkitərəfli Ticarət Həcmi (Milyon $)

   Türkiyənin Azərbaycana İxracatı Türkiyənin Ümumi İxracatı İçindəki Pay (%) Azərbaycanın İdxalatı İçindəki Pay (%) Azərbaycanın  Türkiyəyə  İxracatı Türkiyənin Ümumiİdxalatı İçindəki Pay (%) Azərbaycanın Ümumi İxracatı İçindəki Pay (%)  Həcm  Balans
1997 319,7 1,22 40,18 58,3 0,11 7,14 378,0 261,4
1998 327,2 1,21 30,36 50,3 0,11 8,30 377,5 276,9
1999 248,1 0,93 23,94 44,0 0,11 4,74 292,1 204,1
2000 230,3 0,84 19,62 95,6 0,18 5,48 326,3 133,1
2001 225,2 0,70 15,23 78,1 0,19 3,38 303,3 147,1
2002 231,4 0,64 13,63 64,6 0,13 2,98 296,0 166,8
2003 315,4 0,66 11,99 122,6 0,19 4,73 438,0 192,8
2004 401,2 0,57 11,19 135,4 0,13 3,62 536,6 265,8
2005 528,1 0,72 12,72 272,2 0,23 3,56 800,3 255,9
2006 695,2 0,80 13,10 340,5 0,27 2,62 1.035,7 354,7
2007 1.047,4 0,98 17,16 329,8 0,19 1,70 1.377,3 717,6
2008  1.666,1 1,26 23,14   925,6 0,46 1,94

Araz Aslanlı