Hazırda Fransada gündəmi kifayət qədər rüsvayçı bir xəbər məşğul edir. Bir neçə həftə əvvəl satirik “Kanar Anşene”(Canard Enchainé) qəzeti Fransa Xarici İşlər Naziri Mişel Aliot Marinin (Michel Alliot-Marie) 2010-cu ilin dekabr ayında Tunisdə keçirdiyi tətillə bağlı maraqlı və ifşaedici məlumat yaydı. Fransanın əsas müxalifət partiyası Sosyalist Partiyanın deputatı Pyer Moskoviçi (Pierre Moscovici) xəbər ilə bağlı kəskin bir bəyanat verdi: “Artıq xanım Mari Fransanı dünyada təmsil edə bilməz, o etibarlılığını itirmiş, özünü diktator və diktatura tərəfdaşlarının yaxını kimi göstərmişdir.”
Tunisdə inqilabdan əvvəlki dövrə ait ifşaedici xəbərdə xanım Aliot Marinin tətilə Tunisli böyük iş adamı Əziz Milədin jet təyyarəsilə pulsuz getdiyi bildirilir. Əlbəttə, qəribə olan, bir aviaşirkətin sahibinin belə adi bir jest etməsi deyil, həmin şəxsin kimliyi və ümumiyyətlə şirkət mülkiyyətidir. Əziz Miləd Tunis daha sonra inqilabla hakimiyyətədən uzaqlaşdırılan prezidenti Ben Alinin kürəkəni Bilhəsən Trabelsinin yaxın dostudur. Elə Milədin aviaşirkətinin ciddi bir hissəsi də Bilhəsən Trabelsiyə aiddir. Ben Alinin siyasi fəaliyyətlərində müxtəlif şəkillərdə iştirak etmiş və bu səbəbdən də inqilab sonrasında klanın digər üzvləri kimi Isveçrədəki hesabları dondurulmuş Əziz Miləd, öz “qonağı” ilə tətildəykən iş münasibəti də yaratmışdır. Bu iddia adi çəkilən satirik jurnalın faktlarla ifşa etdiyi bir digər məlumat kimi diqqəti cəlb edən məqamdır. 90 yaş üzərində valideynlərini də özü ilə aparmış olan xanım Nazir, valideynlərinin adına “Ikram Daşınmaz Əmlak Cəmiyyəti”nin 350 000 avroluq səhmini alaraq Əziz Milədlə şəriklik münasibəti yaratmışdır. Bu xəbər ölkə mediasında ciddi şəkildə əsk səda doğrub və qızğın polemikaya səbəb olub. Sosyalist deputat Pyer Moskoviçi bir televiziya proqramında “O, artıq Fransa diplomatiyasını idarə edə bilməz” deyib. Eyni partiyanın baş katibi Martin Obri (Martine Aubry) “təcili ölçü götürülməsini” tələb edib. Sosyalist partiyanın liderlərindən olan Jan Mark Ayro (Jean Marc Ayrault) isə “xanım Nazirin artıq bu hökumətdə yeri yoxdur və istefa verməlidir” deyib. Hakim Xalq Hərəkatı Birliyi partiyasının mövqeyi isə müxtəlif və ehtiyatlıdır: “İş münasibəti xanım Nazirin deyil, onun valideynlərinindir, Madam Aliot-Mari ilə heç bir əlaqəsi yoxdur”.
Xarci işlər nazirinin səfərinə həsr olunmuş yazılar və bəyanatlar fransız mediasının baş səhifəsində yer almağa davam edir. Hadisəni ortaya çıxaran “Kanar Anşene” son günlərdə yeni bir iddianı da gündəmə gətirib. Qəzet Baş nazir Fransua Fiyonun (François Fillon) da 2008-ci ildə Hüsnü Mübarəkin dəvətlisi olaraq Misirdə tətildə olduğunu xatırladıb. Bu xəbərlər yaxınlaşan seçkilər baxımından iqtidar partiyası üçün ciddi nüfuz itkisi və müxalifət üçün isə effektli “kozır” rolunu oynaya bilər. Təsadüfi deyil ki, yaxın günlərdə Prezident Sarkozi müşavirədə öz nazirlərinə tətillərini Fransada keçirmələrini məsləhət görüb və bütün növ xarici dəvətləri onunla müzakirə etmələrini tapşırıb.
Qeyd edək ki, Madam Aliot-Mari Fransadan romanların kütləvi şəkildə öz ölkələrinə göndərilməsinin fransız demokratiya dəyərlərinə yaraşmadığını səbəb göstərərək istefa verən sağçı hökumətin sol mövqeli naziri Bernar Kuşnerdən (Bernard Kouchner) sonra bu posta təyin edilmişdi. Fransada yenədə demokratiya imici bəhs mövzusudur, ancaq bu səfər əsas səbəbkarı isə Nazir Mişel Aliot Maridir. Məsələnin mediatikləşməsi və prosesin uzun müddət gündəmdə qalması xanım Nazir və partiyası üçün mənfi nəticə verə bilər.
Daxildə “Tunis imtahanı” ilə qarşılaşan Fransa hökumətinin Tunisdə və Misirdəki hadisələrə də nisbətən mülayim və ehtiyalı reaksiya verdiyi müşahidə edilmişdir. Tunis hadisələri zamanı rəsmi Paris sadəcə 10 yanvarda, yəni proseslərin sonuna yaxın “şiddətdən narahatiq və təmkinə çağırırıq, daha çoxu daxili işlərə qarışma sayılardı” şəklində oldu. Nazir Mişel Aliot Maridir “Parisien” qəzetinə verdiyi müsahibədə hadisələrlə bağlı rəsmi mövqeyi səsləndirərkən “Biz ölkələrlə münasibətlərimizdə 3 beynəlxalq prinsipi tətbiq edirik: Hökumətin beynəlxalq tanınmışlığı, daxili işlərə qarışmama, demokratiya və azadlığa səsləmə. Misirdəki nümayişlərdən narahat, şiddətdən gileyliyik, təmkinə və dialoqa çağırırıq…”.
Prezident Sarkozinin Almaniya Federal Kansleri Merkellə və İngiltərə Baş naziri Devid Kameronla birlikdə yaydığı Misirlə bağlı bəyanatda da bənzər mülayimlik vardı: “Misir prezidenti Mübarəkin siyasi, sosial və iqtisadi islahatlar həyata keçirməsi çox mühümdür”. 300 nəfərin ölümündə günahkar olan Hüsnü Mübarəkə islahat çağışı ən yaxşı halda “mülayim” mövqedir. Umumilikdə, Şimali Afrika inqilablarında Qərb dövlətlərinin mülayim mövqeyi əlbəttə ki, uzun müddətdən bəri məlum diktatorlarla qurulmuş əlaqələri, mənafe örtüşməsi və bu ölkələrdə təməlçi islam alternativi kimi amillərlə izah oluna bilər. Qərb ölkələri nə qədər demokratiyadan tərəf olsalar da, milli məsələlər xarici siyasətdə hələ də həlledici amildir. Ancaq, bu cür yanaşma tərzi, demokratiya nöqteyi-nəzərindən Qərb dövlətlərinin nüfuzuna xələl gətirir. Bununla belə, bu yanaşmaların milli mənafe ilə açıqlanması hələ də başa düşüləndir. Ancaq, bu kimi yanaşmalarda şəxsi amillər də rol oynaya, daha doğrusu oynamaya bilərmi sualının ağıllara gəlməsi də qaçınılmaz olur. Demokratik proseslər və insan hüqularının əsas olduğu hadisələrə ən yüksək diqqət göstərməli olan bir Nazirliyin rəhbərinin, devrilməkdə olan diktatorun ailə dostu ilə iş və şəxsi münasibətlərə sahib olaraq dəvətlisi kimi ziyarət etməsi zamanlama baxımından da çox ciddi bir yalnış idi. Beləliklə nu addım demokratiyanın beklərindən sayılan bir ölkəyə ağır bir imic ləkəsi gətirdi.