Amerika

Araz Aslanlı: “Yaxın mərhələdə NATO-da konsensus yolunun dəyişdirilməsi ehtimalı zəifdir”

Pinterest LinkedIn Tumblr

26-08-2009

Xəbər verdiyimiz kimi, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri olmuş (1977-1981) Zbiqnev Bjezinski “The New York Times” qəzetində “NATO və beynəlxalq təhlükəsizlik” adlı məqalə ilə çıxış edib. “MilAz” İnformasiya Agentliyi amerikalı politoloqun fikir və təkliflərinə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının baxış bucağını təqdim edir.
1. Bjezinski bildirir ki, NATO dünya təhlükəsizliyinin hədsiz təhdidləri ilə qarşılaşır: “Zəmanəmizin paradoksu ondan ibarətdir ki, getdikcə daha qarşılıqlı əlaqəli, qarşılıqlı asılılıqlı dünya daim güclənən xalq iğtişaşları və qiyamları ilə üz-üzə qalır. Son vaxtlar insanların siyasi baxış məcburiyyətuindən yaranan xaos təhlükəsi ilə mübarizə üçün qlobal təhlükəsizliyin təmin olunması üzrə səmərəli mexanizm mövcud deyil. Bununla yanaşı Çin və Hindistanın dramatik dirçəlişi, Yaponiyanın son 50 ildə çevik bərpa olunması vəziyyəti mürəkkəbləşdirir. Çünki bu qlobal şəkildə siyasi və iqtisadi ağırlığın şimali Atlantikadan Asiya və sakit okean regionu istiqamətində dəyişməsindən xəbər verir” deyən Bjezinski bildirir ki, qlobal qüvvənin belə yayılması “partlayış təhlükəsi” effekti verir. Onun fikrincə, belə təhlükəli şəraitlərdə NATO üzvləri üçün təxirəsalınmaz məsələ Əfqanıstanda apardığı hərbi kampaniyada siyasi cəhətdən məqbul nəticəni formalaşdırmaq, sonra isə əldə etməkdir. “Bu tapşırığı real olaraq birgə hərbi və iqtisadi səylərlə həll etmək zəruridir. Burada hərbi iştirak barədə fikir ayrılığı, Əfqanıstan və Pakistana maliyyə yardımı istiqamətində tərəddüdlər olmamalıdır. NATO nuzamnaməsinin 5-ci maddəsi əsasında belə qərarlılıq alyansın avtoritetini saxlamaq üçün vacibdir”: – deyə Bjezinski bildirir.
Araz Aslanlı: Qarşılıqlı asılılıq qloballaşmanın gətridiyi fürsətlər və risklər toplusunun digər adıdır. Amma kim kimdən nə qədər asılıdır, ya da kim hansı dırıcıdı asılılığı normal qəbul edir, mübahisə mövzusu olan budur. Digər məsələyə gəldikdə isə, onsuz da qlobal birmərkəzliliyin pozulması qaçınılmaz idi. Sadəcə bu pozulmanın ikiqütblülükləmi, yoxsa bir əsas qütbə qarşı və bir neçə “qütbcüyün” ortaya çıxması ilə mi müşaiyət olunacağı maraq doğururdu. Hazırkı prosesin ikiqütblülüklə nəticələnib nəticələnməyəcəyini indidən demək çətindir. Amma hələ ki, istiqamət ikinciyə doğru gedir. “Qütbcüklərin” ortaya çıxması isə həm də o deməkdir ki, təkqütblülük əslində ortadan qalxmır, çünki “qütbcüklər” tək qütblə rəqabət etməyə çalışarkən, bəzən öz aralarındakı rəqabət səbəbiylə tək qütbə sığınmağa məcbur olurlar.
Təbii ki, ABŞ təkqütblülüyü qorumağa çalışır və əksinin qlobal təhükəsizlik baxımından təhlükəli olacağını iddia edir. Bu mənada həm qlobal problemləırlə bağlı uğurlar qazanmağa çalışır. Amma mövcud və potensial rəqiblərinin ətrafında qeyri-sabit bölgələrin varlığı ikitərəfli fayda da gətirir. Həm rəqibləri üçün risklər yaradır. Eyni zamanda problemlərin bəzilərinin davam etməsi, ABŞ-ın özünə rəqib gördüyü dövlətlərin qonşuluğundaki hərbi varlığını legitimləşdirir. Ona görə də, Əfqanıstan və Pakistanla bağlı səylərin artırılması və NATO-da fikir ayrılıqlarının ortadan qaldırılması ABŞ üçün məqsəddir. Amma bu birmənalı olaraq o demək deyldir ki, bu məqsəd həm də Əfqanıstan və Pakistanda problemlərin təcili olaraq həllinə yönəlib.
2. Amerikalı politoloq qeyd etməyi vacib sayır ki, 5-ci maddə hər bir ölkəyə müstəqil qərar qəbul etmək hüququ verir: yəni ki, dövlətlər alyans üzrə müttəfiq ölkələrə hücum olarsa, vacib hesab edib-etməməsindən asılı olaraq onu müdafiə etməyə töhfə verə bilər. Həmçinin NATO-da qərarların qəbul edilməsi prosesində konsensus qaydası mövcuddur ki, bu da cavab əməliyyatlarına bir və ya iki üzv ölkənin veto qoyması imkanı yaradır. Bjezinski bilidirir ki, bu istiqamətdə problem alyans üzvlərinin 28-ə qədər artmasındna sonra daha da güclənib. Çünki NATO-nun bəzi üzv dövlətləri əcnəbi dövlətlərin təsirinə düşürlər. “Bu səbəbdən “konsensus”in daha faəl təyinatını formalaşdırmaq lazımdır, qərarlar alyansın bütün üzvləri tərəfindən deyil, böyüş çoxluq tərəfindən qəbul edilməlidir” – deyə amerikalı politoloq bildirir.
Araz Aslanlı: Bu problem istənilən ittifaqlar üçün mövcuddur. İstər böyük, istər kiçik, istər qlobal, istər regional olsun demək olar ki, bütün ittifaqlar bu ikiləm (dilemma) qarşısında qalırlar. Müttəfiqlik şərtləri necə olsun ki, effektivlik maksimum təmin olunsun. Ortaq qəraralma mexanizmi bu mənada xüsusilə hərbi ittifaqlar üçün vazkeçilməzdir. Hərbi ittifaqın mahiyyəti belədir ki, ortaq müdafiəyə inanan dövlətlər bir yerə toplanır (ortaq strateji maraqlara, ortaq təhlükələrə inanırlar, ortaq müdafiənin vazkeçilməz olduğuna inanırlar). Onlar təhlükə və təhlükəyə qarşı ortaq, yəni konsensus yoluyla qərarlar qəbul ede bilmirlərsə bu artıq ittifaqla bağlı bir problemdir.
Amma o da var ki, ABŞ NATO-nun artıq BMT-ni bir çox sahədə əvəz edəcək təşkilata çevrilməsi istiqamətində fəaliyyətlər həyata keçirir. Yəni, Soyuq Müharibənin başa çatmasından sonra NATO ilə bağlı baş verən təyişikliklər artıq ən ciddi mərhələsindədir. Söhbət sadəcə təhlükələrin nə olduğu ilə bağlı məqamlardan, ya da NATO-nun hansı problemə harda necə müdaxilə edeceyi ilə bağlı məqamlardan getmir. Özünün strategiyasının sərhədlərini aşan məqamlardan gedir. NATO əgər bu mənada yeni formalı bir təşkilata çevrilirsə, bəli bu təşkilatda konsensusla qərar almaq çox çətin olacaq. Çünkü, məsələlər də, üzvlər də həddindən artıq çox olur. Necə ki, BMT-də belədir. Qısacası klassik formalı bir hərbi ittifaqda qərarların konsensus yoluyla normaldır. Amma yeni mahiyətdəki NATO üçün bu təbii ki çətinliklər yaradacaq. Amma, yaxın mərhələdə konsensus yolunun dəyişdirilməsi ehtimalı da zəifdir. Buna həm xeyli sayda kiçik, həm də regional gücə malik NATO üzvü qarşı çıxacaqdır.
3. Bjezinski məqaləsində hesab edir ki, Alyans Rusiya Federasiyası ilə münasibətlərin qurulması üzrə geosiyasi uzunmüddətli, əsalandırılmış strateji hədəflərini müəyyən etməlidir. Onun fikrincə, Rusiya düşmən deyil, amma o əvvəlkitək NATO-ya düşmənçiliklə yanaşır. Bu səbəbdən NATO-nun oryentirləri iki strateji hədəflə müəyyən olunmalıdır: Avropada təhlükəsizliyi Rusiyanın Avroatlantik cəmiyyətlə daha sıx əməkdaşlığa cəlb edilməsi və həmçinin Rusiya ilə münasibətləri daha miqyaslı qlobal təhlükəsizlik şəbəkəsi çərçivəsində qurmaq yolu ilə. Bunlar Rusiyanın mövcud imperiya ambisiyalarıın sönməsinə dəlalət edəcək.
Araz Aslanlı: Əgər Rusiyada əvvəlki xətt, Yeltsin hakimiyyəti olsaydı bəlkə bu taktika effekt verə bilərdi. Amma, indiki hakimiyyətlə bunun baş tutması zəif ehtimaldır. Rusiya həm enerji qiymətləri rekord həddə çatanda, həm də qlobal böhran baş verən və enerji qiymətləri xeyli aşağı düşdüyü bir vaxtda qlobal strategiyası ilə bağlı dəyişiklər etmədi. Nəinki etmədi, hətta daha ciddi addımlar atdı. Təbbi ki, bu ABŞ üçün arzu və hətta konkret hədəf ola bilər. Amma, Rusiya Federasiyasındakı indiki strateji xətt çox güman ki, ABŞ-ın yüksək dərəcəli dominantlığındakı NATO-nun dünya hegemoniyasını qəbul etməyəcək və təbii ki öz imperial arzularını reallaşdırmaq istəyərkən, həm də ABŞ-ın onu çevrələməyə çalışdığı şüarlarından istifadə edəcək.
4. Bjezinski təklif edir ki, Rusiya ilə münasibətlərdə ilk müsbət addım NATO və Kremlin yaratdığı, öz sıralarında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirən Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı (KTMT) arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında razılaşma ola bilər. Moskvanın çoxdan nail olmaq istədiyi bu güzəştin qarşılığında irəliyə şərt sürmək olar: bu razılaşma yalnız o zaman işləyəcək ki, NATO və KTMT-yə üzv olmayan dövlətlərə birinci və ya ikinci təşkilata daxil olmaq hzququq təsdiq olunsun.
Araz Aslanlı: Qısa müdətdə olmasa da, orta mərhələdə NATO ilə KTMT arasında bu cür müqavilə bağlana bilər. Amma, bu təşkilatların mövcud varlıq səbəblərinin kökündə əsasən dominant dövlətlərin zidd maraqları durursa, təşkilatlar arasında səmimi xoş münasibətlərdən danışmaq çətindir. Ortaq qlobal təhlükə kimi göstərilən məsələlərin də çox vaxt bu iki qurumun dominant dövlətlərindən biri tərəfindən digərinə qarşı vasitə kimi istifadə olunması strateji maraqların hələdə tam əks nöqtələrdə olduğunu, beləliklə, səmimi ortaqlığın yaxın və orta mərhələdə zəif ehtimal olduğunu göstərir.
“MilAz” İnformasiya Agentliyi

Araz Aslanlı