Amerika

Londondakı Lavrov-Klinton görüşündən “İrana məsaj” çıxdı

Pinterest LinkedIn Tumblr

Beynəlxalq Əfqanıstan konfransında iştirak etmək üçün Londonda olan ABŞ Xarici İşlər Naziri Hilari Klinton Rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib. İki nazir arasındakı görüşdə Rus-Amerikan münasibətləri və beynəlxalq problemlər müzakirə edilib. Görüşdən sonra Rusiyanın xarici işlər naziri müzakirələr barədə açıqlamalar verib. Lavrov ilk olaraq yeni Strateji Silahlar Müqaviləsinə dair müzakirələrin bir neçə həftə ərzində başa çatacağını bildirib. O, iqtisadi münasibətlərə dair müzakirələrdə  Amerikan quş ətinin ölkəsinə ixracının yenidən gündəmə gəldiyini açıqlayıb və lazımı prosseduraya əməl edilməsi halında bu prosesin təkrar başlaya biləcəyini istisna etməyib. Nazir iki ölkə arasındakı əməkdaşlığın hüquqi bazasının hazırlanmasında Prezident Komissiyasının müsbət rolunu xüsusi vurğulayıb.

Lavrov-Klinton görüşündə beynəlxalq problemlər də gündəmə gəlib. Bu problemlərdən ilki Əfqanıstan olub. Lavrov görüşdən sonra Rusiyanın Əfqanıstan problemində mühüm rol oynadığını, bu çərçivədə ölkə təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələrə tranzit olma misyasını davam etdirdiyini və ölkəsinin daxili təhlükəsizlik və mülki qurumlarının kadrlarının hazırlanmasında, infrastruktur və iqtisadi lahiyətlərdə fəal rol aldığını vurğulayıb. Problemin həllində Şanxay Əməkdaşlıq Təşkilatının rolunu da qeyd edən Rus nazir Rusiyanın Əfqan hökumətinə kömək məqsədi ilə iki vəya coxtərəfli əməkdaşlığa maraqlı olduqlarını açıqlayıb.                                    

Görüşdə Qarabağ və Yaxın Şərq problemləri də  gündəmə gəlib. Hər iki nazir bu problemlərin həlli yolunda yeni addımların atılmasını istədiklərini bildiriblər. Klinton-Lavrov görüşündə İran məsələsi də müzakirə edilib. Tərəflər  Tehranın “Altılığın” təklifinə müsbət cavab verməsi üçün cəhdlərə davam edəcəklərini, ancaq əbədiyyən gözləmək niyətində olmadıqlarını bildiriblər. İranın mənfi mövqeyindən narahat olduqlarını qeyd edən Lavrov görüşdən sonrakı açıqlamasında məsələnin BMT TŞ-da yenidən gündəmə  gələ biləcəyini vurğulayıb. ABŞ və Rusiyanın strateji maraqlarının nə dərəcədə üst-üstə düşdüyünə dair sualların cavabları birmənalı deyil. Bu çərçivədə iki nazirin müzakirə etdikləri mövzularda tam ortaq mövqe nümayiş etdirmələri onsuz da gözlənilmir. Amma, nəticəsi hər ikisi üçün eyni zamanda problem təşkil edə biləcək proseslərə yaxın münasibət gözləniləndir. İranın nüvə problemi də məhz bu çərçivədə qiymətləndirilir.

Araz Aslanlı