Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM)
http://mediaforum.az/articles.php?article_id=20100325021236627&page=06&lang=az&eu=0
Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-ın təkqütblü dünya qurmaq təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı ilə yeni güclər olmaq yolunda irəliləməsi, Yaponiyanın rol axtarışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazanıb. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRİ-nin dağılması nəticəsində fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri daim xüsusi diqqət cəlb edib.
Tarixən bölgədə rəqabət içində olan Rusiya və İranın bugünkü şərtlərdə daha çox əməkdaşlıq edən və hətta strateji xarakterli əlaqələr quran iki ölkə olduğu müşahidə edilir. Bunun əsas səbəbi hər iki ölkənin yeni dünya sisteminə baxışının ümumi strateji xəttə sahib olmasıdır. Hər iki ölkənin beynəlxalq sistemin yaxın və orta gələcəyiylə bağlı əsas məqsədi ABŞ-ın öz hegemonyasında qurmaq istədiyi təkqütblü sistemin əleyhinə çıxmaq və bunun əvəzinə çox qütblü sistemin qurulmasına çalışmaqdır.
Mövcud şərtlərdə Rusiya üçün İranın əhəmiyyətini artıran müxtəlif amillər var. Əvvala, İran ABŞ-ı “böyük şeytan” kimi görür, onun dünyada və xüsusilə də Yaxın Şərqdə hegomonya qurma siyasətinə açıqca və həm də radikal şəkildə qarşı çıxır. İkincisi, ABŞ-ın kürəsəl hakimiyyətinin vacib taktik hədəfləri olan enerji amili və İslam dünyası baxımından da İran əhəmiyyətli rola sahibdir. Rusiya İranı beynəlxalq sistemdə getdikcə güclənən din faktorunun fonunda ABŞ-a qarşı İslam dünyasındakı potensial strateji müttəfiqlərindən biri kimi görür. Bu çərçivədə xüsusilə də Şiə məzhəbinin ən əhəmiyyətli dövləti və Yaxın Şərqdəki bölgə güclərdən biri kimi İranın rolu çox vacibdir. Bundan başqa həm isbatlanmış qaz ehtiyatları, həm də neft ehtiyatları baxımından ikinci yerdə olması da İranın Rusiya üçün önəmini artırır. İranın dünya enerji ehtiyatlarının təxminən % 70-75-nin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgəsinin ikisiylə birdən həmsərhəd dövlət olması onun strateji önemini Rusiya üçün daha da artırmaqdadır.
İran üçün Rusiyanın önəmini artıran amilləri isə rəsmi Tehranın mevcud beynəlxalq sistemdəki vəziyyəti ortaya qoymaqdadir. Belə ki, İran hal-hazırda dünyadakı tək fövqəldövlət olan ABŞ-a düşmənçilik mövqeyindədir və mövcud şərtlər baxımından da yaxın gələcəkdə vəziyyətin dəyişməsi ehtimalı zəifdir. Bu baxımdan mövcud beynəlxalq sistemdə İranın güclü strateji münasibətlər qura biləcəyi ölkələrə ehtiyacı var. Rusiya isə bunun üçün ən önəmli ölkələrdən biridir. Əvvala, Rusiya BMT Təhlükəsizlik Şurasının veto hüququna malik ölkəsi kimi İran üçün əhəmiyyətlidir. İkincisi, İran rejiminin öz strateji təhlükəsizliyinin təmini üçün vacib saydığı nüvə proqramını davam etdirmə siyasətində Rusiya əvəzedilməz tərəfdaşdır. Üçüncüsü, İrana qarşı bir Xristian qütbləşməsinin qarşısının alınması baxımından pravoslav Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir. Dördüncüsü, İran üçün elə enerji amili baxımından da böyük enerji ehtiyatlarına malik olan və Putinlə bərabər bir “enerji süper gücü” olmağa başlayan Rusiya ilə ümumi strateji xətt ABŞ-ın hegemonyasına qarşı vacib şərtdir.
Bütün bu strateji mənzərə içində Rusiya və İranın ABŞ hegemoniyasına qarşı çıxmaq məqsədi çərçivəsində Orta Asiya, Qafqaz və Yaxın Şərq kimi bölgələrdəki yaxın və orta perspektivdəki maraqlarının ümumi mənada üst-üstə düşdüyünü demək mümkündür. Ancaq, bütün önəmli motivlərinə baxmayaraq Rusiya-İran münasibətlərinin hərtərəfli strateji ittifaq səviyyəsinə çatmadığını, hələlik müxtəlif mühüm strateji çalarları daşıyan taktiki ittifaq səviyyəsində olduğunu demək daha doğru olar.
Elə bu strateji çərçivə içində Rusiya və İran münasibətlərində nüvə əməkdaşlığı, enerji amili və hərbi sahədəki əməkdaşlıq prosesi xüsusilə diqqəti cəlb edir. İki ölkə arasında bu sahədəki əməkdaşlıq Rusiyanın İranın nüvə proqramının bir parçası olan Buşer (və ya Buşəhər) AES inşası və işə salınmasında fəal rol alması ilə səciyyələnməkdədir. İki ölkə arasında nüvə əməkdaşlığının əsası 22 yanvar 1989-cu il tarixdə İran ilə SSRİ arasında imzalanan iqtisadi, ticari, texnologiya ve elm sahəsində əməkdaşlıq müqaviləsi və 1992-ci il tarixli Rusiya-İran nüvə əməkdaşlığı müqaviləsi vasitəsiylə qoyulub. Rusiyanın Buşer AES tikintisində iştirakı prosesi rəsmən 1995-ci ildə başlasa da, 2006-cı ilin martında Buşer AES-in inşasına dair dəyəri təxminən 1 milyard ABŞ dolları olan müqavilə ilə həlledici mərhələyə keçib. Aradan keçən illər ərzində Rusiya-İran nüvə əməkdaşlığının ABŞ-ın təzyiqi ilə müxtəlif gecikmələrə məruz qalması Buşer AES-in fəaliyyətə keçmə tarixinin də bir neçə dəfə təxirə salınmasına səbəb olub. Son açıqlamlara görə, AES-in 2010-cu il içində işə salınacağı bildirilib.
Rusiya və İranın dünya enerji bazarındaki yerləri tərəflərin bu sahədəki əməkdaşlığına strateji önəm qazandırmaqdadır. Belə ki, ümumilikdə dünya qaz ehtiyatlarının təxminən 46, neft ehtiyatlarının isə təxminən 20 faizi Rusiya və İran ərazisindədir. Rusiya dünya təbii qaz bazarında təxminən 30 faizlə (müxtəlif sənədlərdə bu rəqəm 25-32 faiz arasında dəyişməkdədir) birinci, İran isə 16 faizlə ikinci yerdədir. Bundan başqa, Rusiyanın MDB və bəzi Yaxın Şərq ölkələri ilə imzaladğı uzunmüddətli enerji müqavilələri bu ikilinin qaz sektorundaki önəminin əvəzediməz olduğunu ortaya qoyur. Hər iki ölkənin Qaz İxrac Edən Ölkələr Forumunda (GECT) fəal rol almaları da diqqəti cəlb edir. Yenə Rusiya dünya neft ehtiyatlarının təxminən 8 faizinə (müxtəlif sənədlərdə bu rəqəm 6-12 fazi arasında dəyişməkdədir), İran isə 12 faizinə malikdir. Bundan başqa günlük neft istehsalına dair illik statistikalara görə, Rusiya Səudiyyə Ərəbistanından sonra ikinci, İran isə dördüncü yerdədir. Rusiya MDB məkanında neft ehtiyalarına nəzarət edilməsindəki fəallığı və AB üçün çox mühüm enerji satıcısı xarakteri ilə də diqqəti cəlb etməkdədir. İran isə Venesuelayla birlikdə OPEC-in ABŞ əleydarı kurs götürməsində fəal rol oynamaqdadır. Hər iki ölkənin enerji sahəsindəki qlobal əməkdaşlıq imkanları ilə yanaşı ikitərəfli münasibətlərində də enerjinin önəm qazanmağa başladığı müşahidə edilir. Belə ki, Qazprom şirkətinin İrandaki enerji lahiyələrinə 750 milyon dolar sərmayə qoyduğu məlumdur. Bu məlumat və mülahizələr işığında iki ölkə arasında xüsusiylə enerji sahəsində əməkdaşlığın dünya enerji bazarını sarsıdıcı gücdə strateji inkişaf imkanlarına malik olduğunu demək mümkündür.
İki ölkə arasında ikitərəfli strateji münasibələrin ən vacib sahələrindən biri olan hərbi sahədəki əməkdaşlıq əsasən Rusiyanın İrana silah satmasından ibarətdir. Rusiya silah sataraq həm İranın hərbi baxımdan güclənməsinə təkan verməkdə, həm də böyük iqtisadi qazanc əldə etməkdədir. Təxminlərə görə, İran Rusiyanın Çin və Hindistandan sonra üçüncü önəmli silah alıcısıdır. İran üçün isə Rusiya ən vacib silah satıcısı hesab edilməkdədir. Bu əməkdaşlıq prosesində Rusiya İrana əsasən zirehli texnika, hərbi təyyarə və hava müdafiə sistemləri satmaqdadır. Son zamanlarda bu sahədəki əməkdaşlığın əsas mövzusu isə Rusiyanın İrana S-300 raket kompleksi satması məsələsidir. Rusiyanın 2007-ci ildə İrana 20 ədəd S-300 raket kompleksi satmaq için razılaşdığı bilinməkdədir. İlk başda Rusiyalı rəsmilər tərəfindən inkar edilən bu xəbər daha sonra təsdiqlənsə də, komplekslərin İrana verilməsi müxtəlif səbəblər göstələrərək təxirə salınmaqdadır. Bu təxirəsalma prosesində ABŞ və İsrail amilinin təsirli olduğu təxmin edilməkdədir. Belə ki, hərbi ekspertlər S-300 raketlərinin ən təkmilləşdirilmiş versiyalarının düşmən təyyarələrini 27 km hündürlükdə və 150 km məsafədə vura bildiyinə diqqəti cəlb edirlər. Hər biri eyni anda 6 hərbi təyyarəni hədəfə götürmə imkanına malik olan bu raket komplekslərinin İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə gücləndirəcəyi, bu çərçivədə İranı ABŞ və İsrailin qəfil zərbələrindən qorunmasında mühüm faydalar verəcəyi qeyd edilməkdədir. Elə bunu diqqətə alan rəsmi Vaşinqton və Təl-Əviv Rusiyanı bu fikrindən daşındırmaq üçün Moskva ilə müzakirələr aparırlar. Rusiya isə bu prossesi xüsusən ABŞ-dan bəzi güzəşlər almaq üçün istifadə etməyə çalışır.
Əslində Rusiya və İran arasında silah ticarəti həmişə ABŞ (və İsrail) tərəfindən etirazla qarşılanmış və dayandırılmağa çalışılmışdır. Bu çərçivədəki ən uğurlu təşəbbüs 1995-ci ildə həyata keçmişdir. 1995-ci ilin 30 iyununda Rusiya Baş naziri Viktor Çernomirdin ilə ABŞ Vitse-prezdenti Al Qor arasında imzalan müqaviləyə görə, Rusiya 31 dekabr 1999-cu il tarixdən etibarən İrana silah satmayacaqdı. Rusiya prezdenti Boris Yeltsinin İrana adi silahların satışını məhdudlaştıran bu müqaviləni Çeçenistan savaşında və 1996-da ikinci dəfə prezdent seçilmək üçün ABŞ-ın dəstəyini almaq motivləri ilə dəstəklədiyi təxmin edilməkdədir. Ancaq Putin hakimiyyəti ilə birlikdə Rusiya-İran hərbi əməkdaşlığı geniş vüsət almışdır. Bu çərçivədə Çernomirdin-Al Gor müqaviləsi 2000-ci ilin noyabrında Putin iqtidarı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir və İranla silah müqavilələrinin qalan 1,6 milyardliq hissəsi və yerinə yetirilməmiş digər şərtləri həyata keçirilməyə başlanmış və yeni müqavilələrlə davam etdirilmişdir.
Lakin xüsusən Obama ilə birlikdə rəsmi Vaşinqtonun Rusiya ilə münasibətlərə “yeni bir başlanğıc” həyat keçirməsi və bu çərçivədə bu ölkə ilə geniş miqyaslı müzakirə və əməkdaşlıq yolunu seçməsi ABŞ-Rusiya-İran üçbucağında mühüm tendensiyaları gündəmə gətirməkdədir. Ümumilikdə 2009-cu ilin martındakı Lavrov-Rays və apreldə Londonda, iyunda isə Moskvadakı Medvedev-Obama müzakirələri Rusiya ilə ABŞ arasında geniş miyaslı bu bazarlıq prosesinin başladığnı göstərməkdədir. Bu bazarlıq prosesində strateji silahlarının məhdudlaşırdılması, İran, Əfqanıstan, Cənubi Qafqaz və Ukrayna məsələlərinin əsas razılaşma çərçivəsini meydana gətirdiyi müşahidə edilir. Hazırkı proseslər iki ölkənin Əfqanıstan, Gürcüstan məsələsi və Ukrayna mövzusunda müəyyən razılaşma əldə etdiklərini, İran və nüvə silahları məsələsinə dair müzakirələrin isə hələ də davam etdini göstərir. Rusiyanın İranın nüvə məsələsi və S-300 mövzusunda verdiyi ikibaşlı məsajlar da bu bazarlıqın davam etdiyinin işarəsidir. Rusiya bu manevrləri ilə həm ABŞ-dan, həm də İrandan yeni güzəştlər qoparmağa çalışır. Əgər bu bazarlıqlar müsbət nəticələnsə, o zaman Rusiya həm nüvə proqramı, həm də S-300 silahlarının verilməsi məsələsində İranın əleyhinə qərarlar ala bilər.
Rusiya bu prosesdəki mövqeyi ilə öz maraqlarına xidmət edən müxtəlif əlavə faydalar da əldə edir. Əvvəla, ABŞ-İran münasiblərinin daimi gərginlik içində olması Rusiyaya ABŞ-la müxtəlif iki tərərfli vəya beynəlxalq problemlərin müzakirəsində manevr etmək üçün əlavə imkan verir. İkincisi, ABŞ-İran münasibətlərinin daimi gərginlik içində olması enerji qiymətlərinin yüksəlməsinə səbəb olur və Rusiyaya (elə İrana da) əlavə gəlir əldə etmə imkanı verir.
Mövcud şərtlər altında Rusiyanın ABŞ-ın “ya mən ya da İran” şəklində qəti mövqe tələb etməsi şərti xaricində indiki ikili siyasətini davam etdirəcəyi gözləniləndir. ABŞ-ın mövcud daxili və beynəlxalq şərtlər altında Rusiyaya belə qəti şərt qoyma ehtimalı isə zəifdir. Hatta ABŞ-ın Rusiyaya belə bir şərt qoyması variantında belə Rusiyanin İrana müdaxilədə tərəfsiz qalma mövqeyini seçəcəyi və bu mövqeyi də ABŞ-a mümkün olan ən baha (siyasi, iqtisadi və ideoloji) qiymətə satmağa çalışacağı təxmin edilməkdədir. Rusiyanın rəsmi Vashinqtonun İrana müdaxilə variantında isə ABŞ-ın burada Əfqanıstan və İraqdakına bənzər problemlərlə üzləşməsini arzu edəcəyi ehtimal edilir.
Avropa