Amerika

Mübahisəli nüvə razılaşması: Uğursuzluq yoxsa qısqanclıq

Pinterest LinkedIn Tumblr

İrana edilən təzyiqlər, bu ölkəyə həyata keçirilən gözlənilən və gözlənilməz səfərlər, sanksiyalarla bağlı ilk dəfə ümumi beynəlxalq razılaşma görüntüsünün ortaya çıxması nəhayət ki, ilk nəticəsini verdi: İran zənginləşdirilmiş uranın mübadiləsinin Türkiyədə edilməsi barədə təkliflə razılaşdı.

Xatırladaq ki, bu barədə danışıqlar xüsusilə mayın 15 və 16-da sıxlaşdırıldı. Braziliyanın Prezidenti Lula Da Silva geniş nümayəndə heyəti ilə İrana səfər etdi. Onun səfəri davam edərkən Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun da İrana səfər edəcəyi və İran, Türkiyə və Braziliya xarici işlər nazirləri arasında müzakirələr aparılacağı bildirildi. Mayın 16-da axşam saatlarına doğru isə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təxirə salaraq İrana gedəcəyi, Azərbaycana buradan gedəcəyi açıqlandı. Ərdoğan İrana gedərkən verdiyi açıqlamada bildirdi ki, Braziliya ilə birlikdə İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün xeyli vaxtdır ki, səy göstərirlər və artıq bu məsələdə ortaq məxrəcə gəlinib.

Mayın 17-də səhər saatlarında isə İranın rəsmi xəbər agentliyi olan İRNA razılaşma ilə bağlı xəbər yaydı. Xarici İşlər Nazirliyinin sözcüsü Mehmanpərəstə istinadən yayılan xəbərdə bildirilir ki, zənginləşdirilmiş uranın mübadiləsi ilə bağlı Əhməd Davudoğlu, İranın Xarici İşlər Naziri Manuçehr Motakki və Braziliyanın Xarici İşlər Naziri Celso Amorum arasında Tehranda keçirilən və 18 saat davam edən görüş nəticə verib. Görüşdən sonra isə tərəflər arasında Mahmud Əhmədinejad, Rəcəb Tayyib Ərdoğan və Lula Da Silva da iştirakı ilə uranın mübadiləsi ilə bağlı saziş imzalanıb. Razılaşmaya əsasən İran 1200 kiloqram aşağı səviyyədə zənginləşdirilmiş uranı 120 kq yüksək səviyyədə zənginləşdirilmiş uranla Türkiyədə dəyişdirəcək. İran Xarici İşlər Naziri Muttaki bildirib ki, “əgər mübadilə olmazsa Türkiyə uranı İrana geri göndərəcək”. Muttaki bildirib ki, bu barədə razılaşmaya görə geri qaytarılma prosesi dərhal və qeyd-şərtsiz həyata keçirilməlidir. İranın razılaşmayla bağlı xüsusi məktubu 1 həftə içərisində Beynəlxalq Atom Enerjisi Təşkilatına (BAET) göndərəcəyi bildirilirdi. Mayın 20-də axşam saatlarında isə İranın vitseprezidenti və Atom Enerjisi Qurumunun rəhbəri Əliəkbər Salihi BAET-ə göndəriləcək məktubun artıq hazır olduğunu və ən qısa zamanda çatdırılacağını açıqladı.

Nüvə razılaşmasına münasibət birmənalı olmadı. İran prezidenti Əhmedinejad qərarı uğur kimi qiymtətləndirdi, qlobal gücləri, ölkəsinin nüvə proqramı mövzusunda müzakirələri davam etdirməyə çağırdı. Türkiyənin Xarici İşlər Naziri Davutoğlu, Türkiyənin mübadiləylə bağlı razılaşmalara tam əməl edəcəyini vurğuladı. O, bu açıqlaması ilə həm İranın 1200 kq uranın hamısını eyni vaxtda Türkiyəyə göndərməli olduğunu, həm də mübadilə baş tutmadığı təqdirdə İranın öz malını geri amlaq barədəki zəmantə tələbini nəzərdə tutub. İran ilə əlaqədar şübhələrin aradan qaldırıldığını söyləyən Davutoğlu, Türkiyənin, bütün problemlərin diplomatik üsullarla və dialoqla həll edilə biləcəyini bir daha nümayiş etdirdiyini bildirdi.

İsrail isə razılaşmaya ilk reaksiyasında “prosesləri uzatmağa çalışan İranın Türkiyəni və Braziliyanı aldatdığını” iddia edib. Adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir İsrail rəsmisi İsrail Radiosuna açıqlamasında bildirib ki, İran keçmişdə də ona qarşı yönəlmiş təzyiqləri azaltmaq və daha yüksək səviyyəli ambarqo riskindən sığortalanmaq üçün bənzər üsullara müraciət etmişdi.

İranın daxilində razılaşma ilə bağlı mövqelər hələ ki, müsbətdir. İRNA-nın mövzu ilə bağlı başqa bir xəbərində müzakirələrin gedişi barədə xəbər böyük uğur və İran üçün böyük qələbə kimi təqdim olunub. Bu gün İranda qəzetlər dərc olunmadığınıdan digər KİV-in münasibətləri hələ aydın deyil. Amma, İrandan xaricdə yayınlanan və sol təmayüllü müxalifəti təmsil edən Peyknet adlı sayt razılaşmanı xəyanət kimi qiymətləndirib.

Türk KİV-i xəbəri manşetdən verib. Sonrakı günlərdə də mövzu Türk KİV-də öz xüsusi aktuallığını qoruyub. Maraqlıdır ki, ilk gün CNN, CNBC və digər ABŞ KİV-ində, eyni zamanda Rusiya KİV-ində isə bu barədə xəbər daha alt sıralarda yer alıb. Sonrakı günlərdə isə bu mövzuya fəqrli dərəcədə xüsusi yer ayrılmayıb və əsasən tənqid olunub.

Hazırkı nəticə müəyyən dərəcədə gözlənilən, bəziləri üçün isə gözlənilməz oldu. Əslində iddialar görə ABŞ bu prosesdən o qədər də ümidli deyildi. Təsadüfi deyil ki, Vaşinqton Post qəzetinin 15 may tarixli nömrəsində dərc olunan baş məqalədə, Türkiyənin prezidenti Abdulah Gülün və Braziliyanın prezidenti Lulanın vasitəçilik səylərinin “mənasız” olduğu və nəticə verməyəcəyi iddia edilirdi

Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer isə www.project-syndicate.org saytında dərc olunan məqaləsində daxili siyasətdə səhiyyə reformunu həyata keçirərək uğur qazanan, xarici siyasətdə isə aldığı sülh mükafatına layiq olduğunu sübut etməyə çalışan Obamanın İran problemini həll etmçək üçün çoxtərəfli ortaqlıqla nəticə əldə etməyə məcbur olduğunu iddia etmişdi. Yoşka Fişer problemin digər tərəfində “nə edəcəyi bəlli olmayan Netenyahunun olduğunu” da vurğulayaraq, dünyanın İranın nüvə proqramı ilə bağlı konkret nəticə əldə etməli olduğuna işarə edirdi.

Razılaşmanı yüksək qiymətləndirən Ərdoğan sonrakı günmlərdə həyata keçirdiyi bütün səfərlərində (Azərbaycan, Gürcüstan, İspaniya) və telefon danışıqlarında, (Putin, Obama, İlham Əliyevə və s.) razılaşmaya dəstək təmin etməyə çalışdı. Ərdoğan mayın 22-də isə 26 ölkənin liderinə İranın nüvə proqramı ilə bağlı məktub göndərdi. Azərbaycan və hətta ABŞ-ın sadiq müttəfiqi Gürcüstan razılaşmanı dəstəklədi. Belə ki, prezident Mixail Saakaşvili ABŞ və İsrailn narazılqla qarşıladığı İran-Türkiyə-Braziliya razılamasını “diplomatik qələbə” və “bölgənin küçük dövlətləri üçün xilas yolu” kimi xarakterziə etdi. O, 18 Mayda Batumidə Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə bu razılamada Türkiyənin rolunun “tarixə düşəcək diplomatik qəhramanlıq” kimi xarakterizə etdi.

Amma, xüsusilə ABŞ başda olmaqla 6-ların mövqeyi hələ ki, əks istiqamətdədir. Xüsusilə, ABŞ Xarici İşlər Naziri Hilari Klintonun razılaşmadan bir gün sonra verdiyi açıqlamalar, ABŞ-ın regiona növbəti hərbi gəmilərini göndərməsi və sanksiyalarla bağlı qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etməsi bu ölkənin mövqeyinin fərqli olduğunu göstərir. 6-lara daxil olan digər ölkələr isə ABŞ-ın mövqeyini dəstəkləyən açıqlamalar verir ya da tam münasibət bildirməməyə üstünlük verir. Bunun müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, 6-lar İranın indiyə q       ədərki taktikası ilə hərəkət etməyə çalışır. Başqa yollarla kiçik güzəştlər əldə edilir, ama bunun qarşılığında geri addım atılmır, əksinə yeni sanksiyalar gündəmə gətirlir, təzyiqlər də artırılır ki, İranın nüvə proqramı 5-6 il öncəki mərhələyə qaytarılsın.

Son razılaşmaya müsbət yanaşılmamasının belə strateji məqsədləri ola bilər. Amma, bu eyni zamanda xüsusilə eyni rolu oynamağa çalışan, ancaq müvəffəq ola bilməyən Fransa və Rusiyanın qısqanc mövqeyindən və İsrailin Türkiyə ilə münasibətlərinin indiki səviyyəsindən də qaynaqlanır: Türkiyə çox yox, sadəcə 6 ay əvvəl ABŞ, Fransa və Rusiyanın israrla olmasını istədiyi bir məqamın həyata keçməsini təmin etdi. Eyni gündə, mayın 21-də İngiltərədə yayınlanan Fayneyşıl Tayms və Fransada yayınlanan Le Mond qəzetlərinin mövzu ilə əlaqədar təhqiredici karikaturalar və geniş məqalələr dərc etməsi də təsadüfi deyil. Hər iki karikaturada və məqalələrdə məntiqli etirazdan çox qısqanclığın izləri görünür.

Şübhələr üçün ciddi əsaslar da yox deyil. İranın indiyə qədərki xətti, dəfələrlə verdiyi sözlərin üstündə durmaması, kiçik oyunlarla prosesi xeyli irəlilətməsi və s. amillər 6-ları bu razılaşmaya inamsız yanaşmağa sövq etmiş ola bilər. Amma, eyni zamanda mütləq nəzərə alınmalıdır ki, son razılaşma bundan sonrakı mərhələdə nahsı nəticələr meydana gətirəcəyindən asılı olmayaraq İranın nüvə proqramı ilə bağlı yaranmış problem ətrafında ən ciddi razılaşmadır və bu eyni zamanda Türkiyə diplomatiyasının ciddi uğurudur. Ola bilsin ki, razılaşma həyata keçməsin, amma o da mümkündür ki bu razılaşma problemin dinc yolla həllində ilk mərhələni təşkil etsin.

Bir daha qeyd edək ki, hazırkı nəticə, sadəcə razılaşmadır. Düzdür, bu razılaşma özü də ciddi bir nəticədir. Amma, daha vacibi onun həyata keçirilmə prosesi olacaqdır. İran prosesin gedişində mövqeyində yeni dəyişikliklər edə bilər. Eyni zamanda ABŞ başda olmaqla Qərb yeni şübhələr və iddialar ortaya qoya bilər. Orta və uzun mərhələ üçün prosesin artıq nəticələndiyini gözləmək doğru olmaz və yeni sürprizlərin ortaya çıxması daha realdır. Amma yaxın mərhələ üçün İrana hərbi müdaxilə imkanları zəifləmişdir. Beynəlxalq ictimaiyyətin mövqeyində bir qədər dəyişiklik olacaqdır. Əhmədinejad hakimiyyəti növbəti sürprizə imza atmasa, ABŞ-a müttəfiqlik etmək istəyən ölkələr öz daxillərində ciddi etirazlarla üzləşəcəklər.

Xatırladaq ki, Türkiyə, vaxtiylə hakimiyyəti tərk etməsi üçün Səddam Hüseyinə də son xəbərtdarlığı çatdıran ölkə olmuşdu. Ancaq, Türkiyə tərəfi Səddam Hüseyni hakimiyyətini tərk etməyəcəyi təqdirdə onun və ölkəsinin başına gələ biləcəklər barədə inandıra bilmədi Bunun Türkiyəyə bağlı olmayan səbəbləri oldu. Başqa bir regional güc, (hansı ki, o güc bəlkə də İraqın işğalında və bu günkü beynəlxalq mənzərənin ortaya çıxmasında maraqlı idi) Səddam Hüseyni əksinə inandırmışdı. Mənzərə isə ortadadır. İndi isə Türkiuyə növbəti qonşusunun hərbi müdaxilə ilə qarşı-qarşıya qalmasını istəmir. Məhz bu amil də nəzərə alınmalıdır və Türkiyənin İrana nələri anlatdığına bir də bu prizmadan baxılmalıdır.

Araz Aslanlı