Amerika

ABŞ-la hərbi sahədə əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi üçün vacibdirmi?

Pinterest LinkedIn Tumblr

http://www.ayna.az/2011-01-29/sulh/5016-amerika-terefdashliq-nato
ABŞ-la hərbi sahədə əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi üçün vacibdirmi?
Şənbə, 29.01.2011
Azərbaycanla ABŞ arasında fevralın 7-nə təyin olunmuş təhlükəsizlik məsələləri üzrə növbəti məsləhətləşmələr təxirə salınıb. Xatırladaq ki, ötən ilin may ayında da iki ölkə arasında keçirilməli olan hərbi təlimlər ləğv olunmuşdu. İki ölkə arasındakı münasibətlərdə nə baş verir? ABŞ-la hərbi sahədə əməkdaşlıq Azərbaycanın milli təhlükəsizliyi üçün vacibdirmi? “SNT” bu sualı bir sıra şəxslərə ünvanlayıb.
Araz Aslanlı: Əslində Azərbaycan üçün ABŞ-la münasibətlərin digər tərəfləri kimi hərbi əməkdaşlıq da strateji əhəmiyyətə malikdir. Bu həm ABŞ-ın qlobal mövqeyindən, həm də Azərbaycanın mövqeyindən və ehtiyaclarından qaynaqlanır. Amma bəzi məqamlar Azərbaycanın müəyyən ləngimələrinə səbəb olur ki, bunlar arasında ABŞ-ın həm Qarabağ problemi ilə bağlı mövqeyi, həm Türkiyə-Ermənistan sərhədləri ilə bağlı mövqeyi, həm də son illərdə Azərbaycanda təsiri nisbətən daha çox hiss olunan antiqərb küləyi rol oynayır (bura müəyyən dərəcədə demokratiya amilinin rolunu da əlavə etmək olar).
Azərbaycanın son addımları ABŞ-ın Azərbaycanın maraqları ilə bağlı birbaşa mövqeyi ilə yanaşı, qlobal və regional mənzərədən də qaynaqlanır. ABŞ sanki SSRİ-nin dağılmasından sonra əldə etdiyi mövqeyi və 2001-ci il 11 sentyabr hadisələrindən sonra götürdüyü sürətini müəyyən dərəcədə itirir. Özünü “regionun tarixi sahibi” hesab edən Rusiyanın müəyyən dərəcədə güclənməsi fonunda Şimali Koreyanın meydan oxuması, İraqda və Əfqanıstanda yaranmış vəziyyət, İranla bağlı prosesin sanki ABŞ-a rəğmən uzanması, regiondakı sadiq müttəfiqi Türkiyənin belə ABŞ-dan daha müstəqil və bəzən də onunla ziddiyyət təşkil edən siyasət aparması bunun göstəricilərindəndir.
Azərbaycan üçün digər amillərlə yanaşı, bu da qərarvermə prosesi baxımından əhəmiyyətlidir. Amma yenə də Azərbaycanın son addımları daha çox taktiki xarakter daşıyır və Azərbaycanın strateji maraqlarının (daxili və xarici siyasət baxımından) ABŞ tərəfindən nə dərəcədə nəzərə alındığından əmin olmağa çalışır. Əgər bu barədə tərəddüdlər artsa, Azərbaycanın bu istiqamətdəki siyasətində strateji xarakterli addımlar gözlənəcək. Bu ehtimal isə elə də yüksək deyil.

Araz Aslanlı