Hərbi-təhükəsizlik

İRAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ

Pinterest LinkedIn Tumblr

 

 

İranın Cənubi Qafqaz siyasəti baxımından əhəmiyyətli istiqamətlərdən biri də İran-Gürcüstan münasibətləridir. İranın Gürcüstan ilə birbaşa sərhədə malik olmaması bu münasibətlərin İran-Azərbaycan və İran-Ermənistan münasibətlərinin kölgəsində qalmasına səbəb olsa da, İran-Gürcüstan münasibətlərinin əhəmiyyətini artıran məqamlar da az deyil.

 

Ümumilikdə Gürcüstan İran üçün Cənubi Qafqazın və hətta daha geniş mənada Qafqaz-Xəzər bölgəsinin bir parçası kimi, eyni zamanda əsas qapılarından biri kimi böyük əhəmiyyət daşıyır. Ümumi olaraq baxdıqda Qafqazın İran üçün kəsb etdiyi əhəmiyyət Gürcüstan ilə münasibətlə birbaşa təsir edən amillərdəndir. Xüsusi halda isə coğrafiyası ilə bağlı “tarixi iddialar”, sahib olduğu Müsəlman əhali, Şimali Qafqaza, Qərbə (Türkiyəyə) və Qara dənizə çıxış baxımından daşıdığı əhəmiyyət, Qərb (xüsusilə ABŞ) ilə münasibətləri, Qərbin Cənubi Qafqazda mövqeyini möhkəmləndirməsi və Orta Asiyaya keçişi baxımından oynadığı rol və s. məqamlar Gürcüstanı İran üçün maraqlı edir.

 

Gürcüstan üçün İranın əhəmiyyətini şərtləndirən başlıca amil enerji amilidir. Rusiya ilə yaşadığı problemlər və bunların enerji təhlükəsizliyinə təsiri Gürcüstanı tarixi enerji tədarükçüsü olan bu ölkəyə alternativlər tapmağa məcbur etmişdir. Bu istiqamətdə başlıca rolu Azərbaycan oynasa da Gürcüstan İranın da imkanlarından faydalanmağa çalışmışdır. Eyni zamanda İrandakı Gürcü etnik azlıq da bu ölkənin maraq dairəsindədir. İranın Azərbaycanla problemi olan ölkə vəziyyətində olması da Gürcüstanın maraqları baxımından əhəmiyyətlidir.

 

İran ilə Gürcüstan arasındakı diplomatik münasibətlər 1992-ci il mayın 15-də qurulub. İran Gürcüstanda 1993-cü ildə, Gürcüstan isə İranda 1994-cü ildə səfirlik açıb. Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində ikitərəli əməkdaşlığın başlıca istiqamətləri kimi siyasi dialoq, enerji sahəsində əməkdaşlıq (Gürcüstanın alternativ enerji təchizatçısı kimi İran ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanır), Gürcüstanın nəqliyyat infrastrukturunu çeşidləndirmək üçün nəqliyyat sahəsində əməkdaşlıq, ticarət əməkdaşlığı (Hökumətlərarası Birgə İqtisadi Komissiya fəaliyyət göstərir); elm və təhsil sahəsində əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq göstərilir.

Gürcüstandan İrana dövlət başçısı səviyyəsində ilk səfər 1993-cü ildə (dövlət başçısı Şevardnadze) baş tutub. İrandan yüksək səviyyəli ilk səfər isə (prezident Haşimi Rəfsəncani) 1994-cü ilin aprelində baş tutub. 1996-cı ildə isə Xarici İşlər Nazirləri İrakli Menaqarişvili və Əli Əkbər Vilayəti qarşılıqlı olaraq səfər ediblər. 2001-ci ildə Gürcüstan Parlamentinin sədri Zurab Jvaniya (aprel) və Gürcüstan Patriarxı II İlia (may) İrana səfər etmişdir. Həmin ilin iyununda isə İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Həsən Ruhani Gürcüstana gedib.

 

Uzun müddət qarşılıqlı səfərlərin səviyyəsi aşağı olub. Ümumilikdə isə İrandan Gürcüstana edilən səfərlər Gürcüstandan İrana edilən səfərlərlə müqayisədə azlıq təşkil edib. Maraqlıdır ki, səfərlərin sayında xüsusi artış, Gürcüstanda məhz mütləq Qərbpərəst bir hakimiyyət formalaşdırıldıqdan-Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra yaşanıb. Saakaşvili prezident seçildikdən qısa müddət sonra 6-9 iyul 2004-cü il tarixlərində İrana səfər edib. Bu tarixdən geridə qalan 12 illə müqayisədə növbəti 6 ildə təxminən 2 dəfə daha çox yüksək səviyyəli rəsmi səfər həyata keçirilmişdir.

 

İki ölkə arasında ikitərəfli təcarət dövriyyəsi Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra sürətlə artaraq 2008-ci ildə 62 milyon dolları keçsə də, 2009-cu ildən etibarən azalmağa və təxminən illik 40 milyon dollar təşkil etməyə başlamışdır. Ümumilkdə iki ölkə arasında 50-yə yaxın ikitərəfli müqavilə imzalanmışdır.

 

Son illərdə ikitərəfli münasibətlərdə enerji əməkdaşlığı, Gürcüstanın İran üçün Qara dənizə çıxış baxımından oynaya biləcəyi rol və xüsusilə viza müqaviləsi daha çox diqqət çəkmişdir. Qeyd edək ki, Gürcüstanla İran arasında viza rejiminin ləğvi haqqında saziş 2010-cu ilin noyabrın 3-də Tbilisidə imzalanıb. Nə Gürcüstanın, nə də İranın müttəfiqləri tərəfindən birmənalı qarşılanmayan saziş Gürcüstana rəsmi səfər edən İran xarici işlər naziri Manuçöhr Mottaki və Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze arasında imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Manuçöhr Mottaki bildirib ki, “viza rejiminin tətbiqi iki ölkə vətəndaşlarına maneəsiz şəkildə gedib-gəlmək imkanı yaradacaq. Gələcəkdə bu, turistlərin sayının artmasına, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə yardım edəcək”. Vizasız gediş-gəliş rejimi 2011-ci il yanvarın 26-da qüvvəyə minmişdir. Sazişə əsasən İran vətəndaşları Gürcüstanda, Gürcüstan vətəndaşları isə İranda 45 gün vizasız qala biləcəklər.

 

Yeri gəlmişkən İranın digər ölkələrlə olduğu kimi Gürcüstanla münasibətlərində də qarşı tərəfin üçüncü ölkələrlə münasibətrləri önəm daşımışdır. İran ümumi olaraq Qərbin Gürcüstanda möhkəmlənməsinə, xüsusilə də ABŞ-ın bu ölkədəki hərbi mövcudluğuna qarşı çıxmış, regiondakı problemlərin həlli üçün regiondankənar dövlətlərin burdan kənarlaşdırılmasının vacibliyini və region dövlətlərinin öz aralarında ittifaq qurmaları  ideyasını irəli sürmüşdür. Amma maraqlıdır ki, İran Qərblə daha yaxşı münasibətlərə sahib olan, NATO-ya girməyə rəsmi və çox açıq şəkildə cəhd edən, bu səbəbdən hətta Rusiyanın hücumları timsalında ərazi bütövlüyünü itirən və varlığıyla bağlı risklər yaşayan Gürcüstana göstərmədiyi sərt reaksiyanı, Gürcüstanla müqayisədə xeyli ehtiyatlı davranan və rəsmi olaraq “balanslaşdırılmış xarici siyasət kursu” yürütdüyünü açıqlayan Azərbaycana göstərmişdir. Bu həm də İranın xarici siyasətindəki “prinsipiallığın və səmimiyyətin” nümunələrindən biri kimi qiymətləndirilir.

 

İran və çox güman ki, həm də Gürcüstan üçün də çox maraqlı olan istiqamətlərdən biri də İranın təklif etdiyi Ərəb körfəzi ilə Qara dənizi İran-Ermənistan-Gürcüstan marşrutu ilə birləşdirilməsi ideyasıdır. İran buna paralel olaraq öz təbii ehtiyatlarını Ermənistan-Gürcüstan xətti ilə dünya bazarlarına çıxarmaq barədə də düşünür. Amma hər iki ideya, Qərbin və onun mövqeyinə yaxın dərəcədə Rusiyanın açıq və gizli maneələri səbəbindən reallaşmır.

 

İran-Gürcüstan münasibətlərində Abxaziya və Cənubi Osetiya problemləri də xüsusi yer tutmuşdur. Bu iki problem ətrafında gərginliyin artması və müharibəyə çevrilməsi İranı çox narahat etmişdir. Çünkü İran bir yandan ərazi bütövlüyü prinsipinin pozulmasının ənənəyə çevrilməsindən narahat olmuşdur, digər yandan isə Rusya-Gürcüstan müharibəsi ABŞ-a hərbi mövcudiyyətini Qara dənizdə nümayiş etdirmə imkanı vermiş və Gürcüstanı ABŞ ilə hərbi əməkdaşlığa daha çox məcbur etmişdir. Avqust hadisələrindən dərhal sonra Əhmədinejad proseslərdə Saakaşvilini günahlandırsa da, qısa müddət sonra 2008-ci il sentyabrın 17-də Gürcüstana səfər edən İranın xarici işlər naziri Mənuçehr Müttəki də bir yandan bu məqamlara diqqət çəkməyə, digər yandan isə Rusiya ilə münasibətlərinə kölgə salmamağa çalışmışdı.

 

Ümumilkdə İran-Gürcüstan münasibətlərini İran xarici siyasətində digər bölgəsəl qonşularla müqayisədə daha az yer tutan münasibətlər kimi xarakterizə etmək mümkündür. Amma bu iki ölkənin malik olduğu təbii ehtiyatlar və coğrafi imkanlar, eyni zamanda xarici siyasətlərinin xarakterləri münasibətləri hər iki ölkə üçün əhəmiyyətli edir.

 

 

Araz Aslanlı