2006-cı ildə Yaxın Şərqdə baş verən və dünyanın da diqqətini ən çox çəkən mövzulardan biri İsrailin Livana hücumu oldu. İsrail əsgərlərinin dəniz kənarındakı 2 fələstinlini öldürməsinə (sonradan hadisənin səhvən baş verdiyi qeyd edildi) etiraz əlaməti olaraq Hizbullah, iyulun 12-də 2 İsrail əsgərini qaçırdığını açıqladı. İyunun 25-də bir israilli əsgərin fələstinlilər tərəfindən qaçırılmasından sonra bu dəfə Livan sərhəddindən hücum etdikləri qeyd edilən silahlıların 2 əsgəri daha qaçırması, İsrailin sərt etirazına səbəb oldu. İsrail tankları Livan sərhəddini keçdi. İsrail Qüvvələri qurudan, havandan və dənizdən açılan atəşlərlə Livandakı binaları, körpüləri, sənaye müassisələrini vurdu. Hizbullah silahlıları, buna roket hücumları ilə cavab vermişdir. İsrail, məsuliyyətin Livan hökümətində olduğunu irəli sürmüş, fəqət Livan höküməti iki İsrailli əsgərin qaçırılması ilə əlaqədar günahkar olduqlarına dair iddiaları rədd etmişdir. Hizbullah nümayəndələri qaçırılan əsgərlərin azad edilməsinin şərti kimi, İsrail həbsxanalarındakı bəzi Fələstinli məhbusların azad edilməsini tələb etmişlər. İsrail isə xüsusilə iyulun 15-dən başlayaraq daha güclü şəkildə Livan-Suriya sərhəddindəki bəzi məntəqələri, bölgədəki yolları və körpüləri partlatmışdır. İsrail ordusu “Haqlı mükafat” adı verdikləri əməliyyat çərçivəsində iyulun 15-də ilk dəfə Beyrutdakı Şiə məhəllələrini, Hizbullah lideri Nasrallahın iqamətganını atəşə tutmuşdur. Hizbullah silahlıları isə Livanın dəniz sərhəddindən 16 km uzaqlıqdakı bir İsrail gəmisini vurmuşdur.
İsrail Ordusunun Baş Qərargah Rəisi Dan Halutz əməliyyatın Livan xalqına qarşı deyil “xərcəng xəstəliyi kimi buraya yerləşmiş Hizbullaha qarşı olduğunu” və Hizbullah lideri Nasrallahı da öldürəcəklərini bəyan etmişdir. İyulun 26-da BMT-nin Livanın cənubundakı Hiyam bölgəsindəki müşahidə mərkəzi İsrail ordusu tərəfindən vurulmuş və nəticədə dörd nəfər ölmüşdür. İsrail ordusu iyulun axırına qədər Livanın içərisinə doğru irəliləmiş və Hizbullah silahlıları ilə İsrail ordusunun əsgərləri arasında sərt döyüşlər baş vermişdir.
İyulun 30-da İsrail, Livanın cənubundakı Kana kəndində Hizbullahın qərargahı olduğunu iddia etdiyi bir evi bombalamış, fəqət sonradan binada çoxluğunu qadınların və uşaqların təşkil etdiyi mülki adamların olduğu ortaya çıxmışdı. Bombalamadan sonra dağılmış binanın altından 37-si uşaq 60 nəfərin cəsədi çıxarılmışdı. Dünya telekanalları bu hadisəni birinci xəbər kimi verdilər. İsrail isə binada mülki adamların olduğunu bilmədiklərini açıqladı. Bu bombalamadan sonra ABŞ-ın istəyi ilə İsrailin 48 saatlıq atəşkəs elan etdiyi açıqlandı. Ancaq bu atəşkəs sadəcə 7 saat çəkdi və İsrailin hərbi əməliyyatları davam etdi. Uzun və gərgin müzakirələrdən sonra avqustun 11-də nəhayət BMT Təhlükəsizlik Şurası problemlə bağlı 1701 sayılı qərar aldı. Avqustun 12-də Hizbullah silahlıları İsrail hərbi ver-talyotunu vurdu və həmin gün İsrail ordusu biri qadın 24 əsgərini itirdi. Avqustun 14-də isə tərəflər qərarda nəzərdə tutulan atəşkəsi qəbul etdiklərini açıqladılar. İsrail öz ordusunu geri çəkəcəyini açıqladı. Hizbullah, qələbə çaldığını elan etdi və bunu böyük bir mitinqlə qeyd etdi. Sentyabrın 30-da Livandakı axırıncı İsrail əsgəri də bu ölkəni tərk etdi. Beləcə yüzlərlə adamın ölümünə səbəb olan münaqişə qismən də olsa dayandırıldı.