Avropa

RUSİYA ƏRƏB BAHARINA NECƏ BAXIR?-1

Pinterest LinkedIn Tumblr

 

Tarixi olaraq böyük dövlətlərin sıx rəqabətinə səhnə olan Yaxın Şərq bölgəsi daima  beynəlxalq gündəmi məşğul etmişdir. Xüsusiylə son 50 ildə bir “barıt çəlləyinə” bənzəyən bölgənin beynəlxalq siyasətdə bu qədər aktual olmasında Ərəb-İsrail məsələsinin xüsusi yeri olub. Ancaq son vaxtlarda bu bölgə xüsusilə İrana müdaxilə və Ərəb Baharı prosesi səbəbiylə böyük aktorların diqqət və marağını cəlb etməyə davam edir. Bununla əlaqədar olaraq qlobal sistemin əhəmiyyətli aktorlarından olan Rusiyanın regiona olan marağı və aktivliyi də özünü göstərməktədir. Xüsusiylə  də “Ərəb Baharı” çərçivəsində bölgədə baş verənlər isə ümumilikdə Rusiyanın Yaxın Şərq siyasətinə və bölgə ölkələrindəki hakimiyət dəyişikliklərinə dair mövqeyinə və bunun formalaşmasına dair amillərə marağın artmasına səbəb olmuşdur.

 

Rusiyanın Yaxın Şərq siyasəti 

Əslində Rusiyanın bölgəyə marağını hələ Osmanlı və  İranda qurulan Qacar dövlətləri ilə mübarizə tarixinə qədər uzatmaq olar. 19-cu əsrdə Rusiya çarlığı ilə Böyük Britaniya arasında Əfqanıstan uğrunda aparılan  və “Böyük oyun” adlanan rəqabətin də bu tarixdə xüsusi yeri var.  Bölgə bolşevik inqilabından sonra da SSRİ-nin diqqət mərkəzindən kənarda qalmayıb. Ümumilikdə, SSRİ-nin 1919-1945-ci illərdə bu region ilə bağlı siyasətini Türkiyə, İran və Əfqanıstanla inkişaf etdirilən əlaqələrin qorunması şəklində xarakterizə etmək olar.

SSRİ-nin Yaxın Şərqə olan marağının Stalin dövründə xüsusi əhəmiyyət daşımağa başladığını söyləmək mümkündür.SSRİ-nin Yaxın Şərq regionunda təsiredici bir güc olma cəhdi Stalin`in İkinci dünya müharibəsindən sonra  artan imperial istəkləri çərçivəsində ortaya çıxmışdır. Bu çərçivədə Yaxın Şərq tarixinin son əlli ili içərisində xüsusilə Soyuq müharibə bitənə qədər regiondakı beynəlxalq mübarizənin əsas aktorları ABŞ və SSRİ olmuşdur.

 

Sovet rəhbərliyi 1945-1953-cü illərdə bölgədəki fəaliyyətini Türkiyə və İrandan torpaq əldə etmək, Liviyanı BMT vasitəçiliyi ilə öz mandatı altına alma şəklində reallaşdırmağa çalışmışdır. Stalin İsrail dövlətinin elanını dəstəkləyərək İngiltərənin bölgədəki fəaliyyətini zəiflətmək və İsrail vasitəsilə bölgəyə müdaxilə edə bilmək niyyətində olmuşdur. Lakin SSRİ-nin Yaxın Şərqdəki bu siyasəti, bölgənin Sovet strategiyasında hələ də ikinci yerdə dayanması və ABŞ-ın Sovet təsiretmə cəhdlərinə qarşı çıxışı ilə müvəffəqiyyətsizliyə uğramışdır.

 

Sonrakı Sovet rəhbərləri Nikita Xruşev-Leonid Brejnev dövründə (1952-1982) Yaxın Şərq Sovet strategiyasında daha əhəmiyyətli bir yerə sahib olmuş və Sovet nüfüz sahələrinin ən əhəmiyyətlilərindən və ABŞ ilə mühüm mübarizə bölgələrindən biri kimi  qiymətləndirilmişdir. Lakin Stalindən fərqli olaraq bu dövrdə Sovet siyasətində əsas yeri Ərəb dövlətləri təşkil etmiş, rəsmi Moskva Ərəb-İsrail münaqişəsindən isə bölgəyə müdaxilə edə bilmək üçün ən yaxşı vasitəçi olaraq istifadə edilmişdir. Bu dövrdə Sovet İttifaqının İsraillə olan diplomatik əlaqələri kəsilmiş, İsrailə qarşı barışmaz bir mövqe sərgiləyən Ərəb dövlətlərinə böyük hərbi və iqtisadi yardımlar edilmişdir.

 

Gorbaçov dövründə Sovetlərin Yaxın Şərq siyasəti köklü bir dəyişiklik göstərmiş, bölgədə Sovet strategiyası köhnə əhəmiyyətini itirmiş, ABŞ-la rəqabətdən imtina edilmiş, İsraillə əlaqələr yaxşılaşmış, bölgədə Ərəb-İsrail anlaşmazlığında balanslı bir mövqe sərgilənməyə çalışılmışdır.

1991-ci ildən sonra isə Yaxın Şərq bölgəsi ilə bağlı seçimlərində ciddi dəyişiklik yaşanmış, Rusiyanın Yaxın Şərq siyasətində əsas prioritet Türkiyə və İran olmuş, Ərəb-İsrail münaqişəsi üçüncü sıraya enmişdir. Kozırevin xarici işlər nazirliyinin ilk ili olan 1992-ci ildə, Rusiyanın Yaxın Şərq siyasəti tamamilə ABŞ-ın bölgədəki siyasi kursunu  dəstəkləmək olmuş, 1993-cü ildən etibarən daha ciddi bir siyasət izlənilməyə çalışılsa da, İran nümunəsi xaricində çox müvəffəqiyyətli olmamışdır. Primakovun 1996-cı ildə xarici işlər naziri olması da vəziyyətdə çox ciddi dəyişiklik yarada bilməmiş, Rusiya yalnız Ərəb-İsrail münaqişə bölgəsi ilə bağlı rolunu artırmağa səy göstərmişdir.

 

İlk Putin dövrü ilə (1999-2008) birlikdə Rusiyanın Yaxın Şərq bölgəsinə marağı ciddi şəkildə güclənmişdir. Bu maraq üç təməldə strateji, iqtisadi və Rus daxili siyasəti faktorlarının təsiri ilə formalaşmışdır. Strateji mənada, Yaxın Şərq yenidən formalaşma prosesində olan qlobal sistemin əsas rəqabət sahəsi ikən, iqtisadi mənada isə, xüsusilə də enerji faktoru Rusiya üçün bölgənin əhəmiyyətini artırmışdır. Həmçinin daxili siyasət baxımından Rusiyanın böyük dövlət ənənəsinə edilən vurğu içərisində xalqın duyğularına xitab etmə və dəstəyini qazanmaq üçün ABŞ-a meydan oxuma və bu çərçivədə Yaxın Şərqin yeri xüsusi bir əhəmiyyət kəsb edir. Həmçinin Putin dövründə Rusiyanın Yaxın Şərq siyasəti əsas etibarilə İran, İraq və Suriya oxu üzərində cəmləşmişdir. Putin dövründə Rusiyanın Yaxın Şərq siyasətində ən əhəmiyyətli fərqlilik İsraillə münasibətlərdə yaşanmış və Çeçenistan müharibəsində İsrailin Rusiyanı dəstəkləməsi əlaqələrin inkişafına təsir göstərən yeni bir faktor olaraq önə çıxmışdır. Ancaq İranla və Suriya ilə nüvə proqramı və silah alış-verişi sahəsində əlaqələrin ikişaf etdirilməsi zaman-zaman Rusiya-İsrail əlaqələrində çətinliklər yaratmışdır.

 

Yaxın Şərqin Rusiya üçün artan əhəmiyyəti Dmitri Medvedev dövründə də (2008-2012) bənzər şəkildə davam etmişdir. Əsasən Medvedev rəhbərliyi Putin dövrünün Yaxın Şərq siyasətini davam etdirmişdir. Xüsusilə İranın nüvə proqramında gedərək artan gərginlik və Ərəb Baharı prosesi Moskvanın bölgədəki maraq və aktivliyini gücləndirmişdir. Belə ki, Rusiyanın BMT’də ikitərəfli əlaqələr çərçivəsində İran nüvə proqramına dair danışıqlarda oynadığı rol və Ərəb Baharı prosesinə təsir göstərən Suriya yönümlü mövqeyi buna sübut ola bilər.

 

 

http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2475-RUSIYA-EREB-BAHARINA-NECE-BAXIR-1.html/inner/1

 

Dr. Nazim Cəfərsoy