Xatırladaq ki, iki ölkə arasında Türkiyə Cumhuriyəti dövründəki münasibətlər adətən xoş olmayan xarakterə malik olub. Hatay problemi (Türkiyənin Hatay vilayətinə Suriyanın ərazi iddiası irəli sürməsi), sərhəddi keçən çaylar, konkret olarak Dəclə, Fərat və Asi çayları ilə bağlı iki ölkə arasında anlaşmazlıqlar və xüsusilə Suriyanın PKK terror təşkilatına verdiyi dəstəyə görə bu iki ölkə arasında münasibətlər uzun müddət gərgin olub. Yeri gəlmişkən hər üç istiqamət üzrə gərginliklər xüsusilə Hafiz Əsədin 1970-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən sonra daha yaşanmağa başlamışdır. Xüsusilə 1990-cı illərin sonlarında PKK terroru amilinə görə münasibətlər müharibə həddinə yaxınlaşmışdır. Türkiyə özünün Suriya ilə olan sərhəddinə qoşunlarını cəmləşdirməyə başladıqdan və Suriyaya qarşı açıq mesajlar verdikdən sonra Suriya hakimiyyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanı ölkədən çıxarmışdır.
Oğul Bəşər Əsədin hakimiyyəti illərində Türkiyə-Suriya münasibətləri tarixinin ən yaxşı dövrünü yaşadı. Əvvəlcə Türkiyə prezidenti Əhməd Necdət Sezer Hafiz Əsədin dəfn mərasimində iştirak etdi. Daha sonra Bəşər Əsəd hakimiyyətə gəldikdən dərhal sonra uzun illər atasının müavini olmuş və hakimiyyətin atadan oğula keçişi prosesində də rol oynamış Əbdülhəlim Həddamı Türkiyəyə göndərdi. Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakmiyyəti illəri isə münasibətlərin sürətlə inkişaf etdiyi dövr oldu. Ən yüksək səviyyədə qarşılıqlı səfərlər, imzalanan müqavilələr sanki bütün problemləri unutdurmuşdu. Artıq Ərdoğan ilə Əsəd bir-birlərini “qardaş” adlandırır, ikitərəfli görüşlərdə çox səmimi görüntülər nümayiş etdirirdilər. Hətta Suriya ilə İsrail arasındakı problemlərin həllində Türkiyənin vasitəçiliyi gündəmə gəlmişdi ki, Suriyanın bu addımı Türkiyənin mövqeyini qısqanan Fransa və digər ölkələri “qəzəbləndirmişdi.” Bütün bunlar həm də o vaxt baş verirdi ki, Türkiyə “qonşularla sıfır problem” axtarışında idi.
İkitərəfli münasibətlərdə problemlər “Ərəb baharı” ilə başladı. Belə demək mümkündürsə, “Ərəb baharı” Türkiyə-Suriya münasibətlərindəki baharı sona çatdırdı. Belə ki, Suriya daxilində başlayan ictimai-siyasi proseslərlə bağlı Türkiyə ilə Suriya hakimiyyətləri arasında fikir ayrılıqları yarandı. Türkiyə Qərbin Bəşər Əsədə qarşı tənqidlərini uzun müddət dəstəkləmədən Əsədi islahatlara çağırdı. Ancaq Türkiyənin bu çağırışları hər dəfə Əsədin kütlələrə qarşı daha da çox zor tətbiq etməsi ilə davam etdi. Türkiyənin mövqeyində kiçik dəyişikliklər və Əsəd hakimiyyətinə qaşrı kiçik tənqidlər bu ölkədə xeyli sərt qarşılandı. Və nəhayət körpülər yandırıldı: Ərdoğan hakimiyyəti Əsədi öz xalqının qanını tökən və dərhal hakimiyyətdən getməli olan rejim, Əsəd hakimiyyəti isə AK Parti hökumətini qonşusunun daxili işlərinə müdaxilə edən, Suriyadakı üsyançılara yardım edən “pis qonşu” kimi xarakterizə etməyə başladı. 2012-ci ilin martında Türkiyə Suriyadakı səfirliyini də bağladı.
AKP hökuməti, xüsusilə Baş Nazir Ərdoğan və Xarici İşlər Naziri Əhməd Davudoğlu artıq uzun müddətdir ki, Əsəd rejiminin başa çatması üçün əllərindən gələni edirlər. Türkiyədə və Türkiyənin iştirakı ilə müxtəlif ölkələrdə Əsəd əleyhdarı tədbirlər təşkil olunur. Əsəd rejiminə demək olar ki, artıq hər gün “artıq bəsdir, yığış get” xarakterli müraciətlər edilir. Suriya müxalifətinə dəstək üçün müəyyən addımlar atılır (bunlar daha çox, texniki və maddi xarakterlidir, amma bəzi iddialara görə hərbi xarakter də var). Amma Əsəd rejimi hələ ki, yerindədir. Türkiyə baxımından bu azmış kimi bir də iyunun 22-də Türk hərbi təyyarəsinin Suriya tərəfindən vurulması baş verdi. Əslində buna qədər bir neçə dəfə Türkiyə Suriyanı özü üçün təhlükəsizlik problemi kimi dəyərləndirmişdi. Belə ki, PKK terroru yenidən fəallaşmış və bu çərçivədə xüsusilə Suriyalı Kürdlərin rolunun artdığı (hətta yeni terror aksiyalarının Suriyanın istəyi/iştirakı ilə reallaşdırıldığı) qeyd olunmuşdu. Suriya ordusu bir neçə dəfə Türkiyənin Suriya ilə sərhədyanı ərazisində məskunlaşmış Suriyalı qaçqınlara atəş açmışdı, hətta yaralananlar arasında Türkiyə vətəndaşı polislər olduğu da qeyd olunmuşdu. İndi isə bir başa Türk hərbi təyyarəsi Suriya tərəfindən vurulmuşdu.
İyunun 22-də Malatyadan qalxan RF-4E Phantom tipli təyyarədən əvvəlcə xəbər alına bilməmişdi. Ən azı rəsmi versiya və kütləvi informasiya vasitələrində gedən məlumatlar bu istiqamətdə idi. Bir neçə saat sonra isə təyyarənin Suriya tərəfindən vurulduğuna dair məlumat əvvəlcə bu ölkəyə yaxın Livandaki Hizbullaha aid bir televiziya kanalında səsləndirildi. Daha sonra isə Suriya rəsmi şəkildə Türk təyyarəsinin Suriya sərhəddini pozduğunu və Suriya tərəfindən vurulduğunu açıqladı.
Hadisənin necə və niyə baş verdiyinə dair versiyalar həddindən artıq çoxdur. Təyyarənin kəşfiyyat apardığını və Suriya ərazisində uçduğunu, yanında bir də İsrail təyyarəsinin olduğunu, beynəlxalq hava sahəsində vurulduğunu, Rusiya tərəfindən (ya da Rusiyanın iştirakilə vurulduğunu) və s. iddia edənlər var. Hətta necə vurulduğuna dair fikirlər də fərqlidir. Amma nəticə dəyişmir, Türk təyyarəsi qonşu Suriya tərəfindən hava sərhəddini pozduğu iddiası ilə vurulub.
Türkiyə Suriyanın bu addımını “düşmanlıq” kimi qiymətləndirib və atılacaq cavab addımlarının Suriya xalqını yox, xalqdan qopmuş Əsəd rejimini hədəf almasına xüsusi diqqət yetirəcəyini açıqlayıb. Türkiyənin addımlarının nələr olacağı hələ dəqiq deyil. Türk rəsmiləri hər cür cavab addımı hüququnu özlərində saxladıqlarını elan edirlər. Hətta mövzu NATO-nun iclasında da (4-cü maddə çərçivəsində) müzakirə edildi. Hamı Türkiyəni təmkinli davranmağa dəvət edir. Amma ABŞ və Qərb dövlətləri həm də Suriyanı sərt şəkildə qınayaraq və bəzən də hədələyərək (“Əsəd rejimi bunun cavabını verəcək”), Rusiya və İran isə sanki adi bir şey olmuşcasına. Türkiyə İranın mövqeyinə demək olar ki, elə də ciddi reaksiya vermir, Rusiyanın mövqeyindən isə müəyyən dərəcədə narahatdır. Baş Nazir Ərdoğan Rusiyanı “Suriyanın ağzı ilə danışmaqla” ittiham etdi. Baxmayaraq ki, məsələ həm Davudoğlu ilə Lavrov, həm də Əroğan ilə Putin arasında telefon danışıqlarında müzakirə edilib.
Ən çox maraq doğuran məsələlərdən biri Türkiyənin Suriyanın bu addımına reaksiyasının nə olacağı idi. Türkiyə hələ ki, özünü təmkinli aparır. Düzdür, Suriya ilə sərhəddə hərbi qüvvə cəmləşdirilir və Ərdoğan bəyan edib ki, artıq Suriyanın hər kiçik qanunsuzluğuna (o bildirib ki, Suriya dəfələrlə Türkiyənin hava sərhəddini pozub, amma bu cür hallarda heç də təyyarələri vurmaq lazım gəlmir, çünkü bunlar ola biləcək ballardır; amma bundan sonra belə olmayacaq) çox sərt və hərbi xarakterli reaksiya veriləcək. Amma hər halda çoxları bu qədər sıxışmış, həm öz xalqı ilə vuruşan, həm də beynəlxalq aləmdən sərt hücumlara məruz qalan Əsəd rejiminin son dövrlərdə bəzən dünyaya belə meydan oxuyan Türkiyənin hərbi təyyarəsini vurmasına cavabın daha sərt və daha konkret olmasını gözləyirdi. Ən azı təyyarəni vuran zenit batareyaların dərhal darmadağın edilməsi gözlənilirmiş/arzulanırmış. Amma bunun bir müharibəyə səbəb olacağı və beləliklə Əsəd rejiminin ömrünün uzanmasına səbəb ola biləcəyi risqi də mövcuddur (digər tərəfdən, Rusiyanın bu prosesə müdaxiləsi ehtimalından da danışılır). Təbii ki, tam əksi də baş verə bilərdi. Bəziləri sürətli və konkret cavabın verilməməsini təyyarə vurularkən Ərdoğanın ölkədə olmaması ilə əlaqələndirirlər. Ama bu məsələ özü də bir tənqid mövzusudur.
Beləliklə, Türkiyə Suriya məsələsində arzuladığından çox uzaqda qalıb. Əsəd rejimini təcili başa çatdırmağa çalışan Türkiyə indi öz təyyarəsini də qurban verib və rejimin bu addımının cavabını belə tam verə bilmir. Ancaq “Mavi Mərmərə” təcrübəsi göstərir ki, Türkiyə hissi addımlarını uzunmüddətli strategiyaya dayandıraraq addımlar atır. Bu dəfə də yəqin ki, oxşar addımlara şahid olacayıq.
http://gunaz.tv/?id=4&sID=2377&lang=1