Hərbi-təhükəsizlik

Qəzzədə baş verənlər: səbəblər və nəticələr

Pinterest LinkedIn Tumblr

 

 

Qəzzə zolağında baş verən son hadisələr bir daha həm bölgə dövlətlərinin, həm də  dünyanın diqqətini özünə cəlb etdi. Əvvəla onu qeyd edək ki, bu yazı məsələyə dini, milli, ideoloji ya da hansısa fərqli bir maraqlardan baxışı əks etdirmək məqsədi ilə yazılmayıb. Çünkü bunların hər biri məsələyə fərqli yanaşmanı tələb edir, bu və ya digər dərəcədə obyektivlikdən uzaqlaşmaya səbəb olur. Aydın məsələdir ki, sırf insani prizmadan (sadəcə bir insan kimi) baxıldığı zaman Qəzzədə baş verənlərin ən vacib istiqaməti sadə, günahsız insanların öl(dürül)məsidir. Ona görə problemin dərhal həlli, ya da ən azı atəşkəsin dərhal təmini ilə bağlı təşəbbüslər müsbət qəbul olunmalıdır. Bunun xaricində istər dini prizmadan[1], istər milli-etnik kimliyi ön planda tutaraq[2], istər ideoloji prizmadan[3], istər kapitalist məntiqlə[4] baxılsın, hər baxış mütləq hansısa vacib bir məqamı gözardı edir.

 

Mövzu ilə bağlı yazıla biləcəklər həddindən artıq dərəcədə çoxdur. Məsələnin tarixinə, Yaxın Şərqdə ümumilikdə baş verənlərə, Ərəblərin və hətta Fələstinlilərin öz aralarındakı problemlərə, kürəsəl (qlobal) siyasətin (oyunun) ədalətsizliyinin bölgəyə əks olunmalarına ayrı-ayrılıqda geniş münasibət bildirmək mümkündür. Amma biz burada daha çox məsələnin aktual istiqamətlərinə  toxunmağa çalışacağıq.

 

Noyabrın ikinci həftəsində Fələstindəki qruplar və İsrail qarşılıqlı olaraq bir-birlərinə hava zərbələri endirməyə başladılar. Hər dəfə olduğu kimi bu dəfə də Fələstinli qrupların zərbələri İsrail tərəfdə az sayda insanın yaralanmasına, İsrailin zərbələri isə Fələstin tərəfdə çox sayda insanın ölməsinə və yaralanmasına səbəb oldu. Beynəlxalq təşkilatlar proseslərdən narahatlıqlarını ifadə edərkən prosesləri daha da gərginləşdirən bir hadisə baş verdi: Həmasın hərbi qanadı olan İzzəddin əl Qəssam Briqadasının rəhbəri Əhməd əl Cəbəri İsrailin onun maşınına təşkil etdiyi hücum nəticəsində öldürüldü. Beləliklə, tərəflər bir-birlərinə daha ağır zərbələr endirməyə başladılar. İsrail noyabrın 14-dən etibarən Qəzzə zolağında “Bulud sütunu” əməliyyatının həyata keçirilməsinə başladı.

 

Dərhal Türkiyə, Misir, ABŞ, Rusiya, AB, ayrı-ayrılıqda müxtəlif Avropa dövlətləri, İran və digərləri məsələyə münasibət bildirdilər. Türkiyə, Misir və İran sərt formada İsraili, ABŞ isə eyni tonda Həması günahlandırdı. Avropa dövlətləri  və AB rəsmiləri isə daha çox tərəfləri atəşkəsə çağırmaqla yanaşı Həması İsrailə atdığı raketlərə görə tənqid etdilər. Bir yandan atəşkəs əldə olunması üçün səylər davam edərkən, İsrailin Qəzzə zolağında quru əməliyyatına başlayacağı iddiası da gündəmə gətirildi. Noyabrın 19-da İsrail Fələstin tərəfinə raket atma hallarına son qoyulması üçün tarix verdi: Əgər 20 noyabrda Fələstindən İsrailə raket atışları dayandırılmasa təxminən 40 min nəfərlik hərbi qüvvə və zirehli texnika ilə Qəzzə zolağına daxil olacağını elan etdi. Bu ehtimal, İsraili müdafiə edən dövlət və beynəlxalq təşkilatlar tərəfindən də narahatlıqla qarşılandı.

 

Xüsusilə Misirin və Türkiyənin atəşkəsin dərhal əldə olunmasıyla bağlı səyləri artdı (Həmin günlərdə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Misirə əvvəlcədən planlaşdırılmış səfərəni həyata keçirdi və bu səfər əsasən Qəzzə mövzusuna həsr olundu). ABŞ-ın da prosesə qoşulmasıyla (ABŞ Xarici İşlər Naziri Hilari Klinton bölgəyə səfər etdi və özü şəxsən atəşkəsin əldə olunması prosesinə qoşuldu) atəşkəs razılaşması əldə edildi. Noyabrın 21-i saat 21.00-da qüvvəyə minən atəşkəsə qədər İsrail qurudan, havadan və dənizdən 1350 hücum həyata keçirdi, 765 binanı bombaladı. Fələstin tərəfdən 37-i uşaq olmaqla 175 nəfər öldü, 1399 nəfər isə yaralandı. Həmas da İsrailə doğru 1000-ə yaxın raket atdı. Nəticədə 8 İsrailli öldü, 10-a yaxını isə yaralandı. Noyabrın 21-də gündüz saatlarında Tel-Əvivdə bir avtobusun partladılması nəticəsində isə 22 İsrailli yaralandı. 

 

Qəzzədə son baş verənlərin səbəb və nəticələri haqqında kifayət qədər geniş yazmaq olar. Burada mümkün qədər daha vacib hesab etdiyimiz məqamlara toxunmağa çalışacağıq. Ehtimalardan biri odur ki, İsrail prosesin öz nəzarətində hərbiləşməsini təmin edərək noyabrın sonunda BMT-də Fələstinlə bağlı keçiriləcək səsvermənin təxirə salınmasına nail olmağa çalışırmış[5]. Ancaq xüsusilə Türkiyə və Misirin həddindən artıq fəal və ardıcıl mövqeyi onun planlarını dəyişdirməyə məcbur etdi.

 

Digər bir iddiaya görə, İsrailin bu addımı əslində İrana hərbi müdaxilə ilə yaxından əlaqəli idi. İsrail bu əməliyyatla həm İrana hərbi müdaxilə senarisini bir növ sınaqdan keçirdi, bu variantda Həməsdən gələ biləcək cavab zərbələrini və özünün “Dəmir qübbə” kimi adlandırılan hava müdafiə sistemini sınaqdan keçirərək necə uğurlu olduğunu gördü. Digər yandan isə Həmasın İranla birlikdə İsrailə qarşı yönələ biləcək gücünü zəiflətdi: həm Həması Misir və Türkiyənin təsir dairəsinə doğru yönləndirərək; həm də Həmasın əlindəki texniki imkanların xeyli azalmasına nail olaraq İrana mümkün bir hərbi müdaxilədə Fələstin cəbhəsində özünü təminat altına almağa çalışdı. Belə ki, son əməliyyatlar zamanı Həmas minə yaxın raketini İsrailə atdı, Həmasın hərbi mənada insan və texniki imkanlarına ağır zərbələr endirildi. Bundan sonrakı mərhələdə Həmasa yeni silahların verilməsi isə həm də atəşkəs müqaviləsindəki şərtlərə görə daha çətin olacaq.

 

Bunlardan əlavə olaraq İsrail, Obamanın növbəti hakimiyyəti dövrü üçün ABŞ-ın İsraillə bağlı siyasətinin əsas xəttinin müəyyən olunmasına xeyli dərəcədə nail oldu. Həm proses boyunca ABŞ İsrailə tam dəstək verdi. Həm İsrail öz hava müdafiə sisteminin gücləndirilməsi üçün ABŞ-dan 600 milyon dollarlıq dəstək barədə söz aldı. Həm də BMT-dəki səsvermə prosesilə bağlı ABŞ ilə Türkiyə başda olmaqla Fələstinin tanınmasını istəyən dövlətlər arasında kəskin fikir ayrılıqlarının ortaya çıxmasını təmin etdi. Netanyahu isə Həmasın bu qədər hava zərbələrinin sadəcə beş İsrail vətəndaşının ölümünə səbəb olmasıyla seçkiöncəsi mövqeyini gücləndirdi.  

 

İsrail bütövlükdə proses boyunca atdığı taktiki gedişlər və Qərb mətbuatında dərc etdirdiyi məqalələrlə Türkiyənin bölgədə güclənən mövqeyinin qarşısında artıq Misir amilinin mövcud olduğunu önə çəkməyə çalışdı. Bununla da aralarındakı problemlərə görə Türkiyəyə zərər verməyə azacıq da olsa nail oldu. Əvəzində Türkiyə Fələstinin BMT-də müvəqqəti dövlət statusuyla tanınması prosesindəki rolunu ön plana çıxararaq və buna Qəzzədə atəşkəsin əldə olunması prosesindəki rolunu da əlavə edərək əslində mövqeyinin zəifləmədiyini, əksinə daha da gücləndiyini nümayiş etdirməyə çalışdı.

 

Öz növbəsində Həmas da atəşkəsin İsrailin istədiyindən daha tez və Həmasın istədiyi şəkildə əldə olunduğunu irəli sürərək atəşkəs anlaşmasını bayram kimi qeyd etdi və beləcə İsrailin hərbi müdaxiləsi zamanı verdiyi itkilərə baxmayaraq Fələstindaxili mövqeyini də gücləndirmiş oldu.

 

Beləliklə, bəlkə Fələstin münaqişəsi başladıqdan sonra ilk dəfə bu qədər çox siyasi tərəfin qazanclı çıxdığı bir proses yaşanmış oldu. Amma təbii ki, öldürülən və yaralanan yüzlərlə günahsız insanı və Fələstin probleminin hələ də həllsiz qalmasını nəzərə almaq şərti ilə…


[1]Dini kimliyi on planda tutaraq yanaşıldıqda; hər kəs oz dini inancına gorə baxa bilər. Müsəlmanlar üçün “din qardaşlarının başına gətirilən müsibətlər” onları ən azı narahat edir; amma digər dinlərin nümayəndələri bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri üçün müəyyən dərəcədə narahatedici, bəziləri üçün birbaşa məqsəddir.

[2]Dini amilləri bir kənara qoyaraq sadəcə milli-etnik kimliklə baxıldığı zaman bəzi insanlar bunun Ərəblərlə-Yəhudilər arasındakı bir məsələ oldugunu və məsələn Azərbaycan Türkləri olaraq bizim də başımıza da çox bəlalar gətirildiyini, əgər yanacaqsaq elə oz dərdlərimizə yanmalı olduğumuzu düşünürlər.

[3]İstər klassik mənada sağçı və ya solçu ideologiyayla, istər liberal baxışla, ya da fərqli bir ideologiyayla baxılsın, sionizmi çıxmaq şərtiylə heç bir ideoloji baxış bu hadisələrə müsbət baxa bilməz və məntiqlə qınanmalıdır.

[4]Maddi mənfəətləri ön planda tutaraq; burada artıq maddi maraqlar hər şeydən önə keçir. Bu halda əməkdaşlıq edilən işadamının, ya da şirkətin etnik və ya dini kimliyi məsələyə baxışı önəmli olur. Bunun xaricində Qəzzədə baş verənlərin kürəsəl və bölgəsəl (qlobal və regional) iqtisadi proseslərə təsirindən yola cıxılaraq da mövqe müəyyənləşdirilə bilər. Amma bütün hallarda mövqeyin müəyyənləşməsi iqtisadi maraqlarla bağlıdır.

[5]Dünya ictimaiyətinə göstərərməyə çalışırmış ki, İsrailin varlığı Fələstin və onun müdafiəçiləri tərəfindən qəbul olunmadan, İsrailin təhlükəsizliyi tam təmin olunmadan Fələstinin müvəqqəti dövlət statusuyla da olsa tanınması problemin həlli baxımından zərərlidir

 

 

http://gunaz.tv/?id=4&vmode=1&sID=2502&lang=1 

Araz Aslanlı