ATƏT-in Minsk Qrupu həmsədrləri bölgəyə növbəti səfərlərini həyata keçirdilər. Hələ noyabrın 19-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfərinin tarixi açıqlandığı zaman, səfərin Azərbaycandan başlayacağı, həmsədrlər əvvəlcə noyabrın 26-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə və Xarici İşlər Naziri Elmar Məmmədyarov ilə görüşünün planlaşdırıldığı bildirilmişdi. Amma səfər bu dəfə bir başa Ermənistan işğalı altındakı Azərbaycan ərazilərindən başladı. Həmsədrlərin də daxil olduğu nümayədə heyəti noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfər etdi, noyabrın 22-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə getdi, noyabrın 23-də Ermənistanda oldu. Heyətin cəbhə bölgəsinə necə getdikləri barədə açıqlama verilmədi.
Noyabrın 24-də isə heyət Bakıya gəldi. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Robert Bradtke, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikdən ibarət olan nümayəndə heyəti Ermənistan (23 noyabr) və Azərbaycan (25 noyabr) paytaxtlarında prezidentlər və xarici işlər nazirləri ilə görüşlər keçirdilər.
Noyabrın 26-da isə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış etdilər. Bəyanatda danışıqlar prosesi baxımından iki məqam daha diqqətçəkici idi: səfər zamanı həmsədrlər “oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə etmişdilər” və “tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəlmişdilər”. Buradan təxminən belə bir məna çıxdı ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ehtimal olunur. Hətta prezidentlərin görüşündən belə söhbət gedirdi, ancaq bu ehtimalın hələ ki, gündəmdə olmadığı qeyd olundu.
Həmsədrlərin səfərləri daha çox keçmişdəki səfərlərin təkrarı xarakterinə malik idi. Eyni görüşlər, oxşar açıqlamalar… Sanki əsas məqsəd problemin həlli yox, danışıqların davam etdirilməsi imiş kimi, danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmasının xüsusi vurğulanması…
Amma fərqli nüanslar da yox deyildi. Həmsədrlərin səfərlərinə Zəngilan və Cəbrayıl rayonlarından başlamaları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin işğaldan azad olunma ehtimalının gündəmə gəlməsinə səbəb oldu. Əslində bu, çoxdan, hətta 1990-cı illərdəki sülh prosesi zamanından gözlənilən bir məqamdır. Hətta Türkiyə ilə Ermənistan arasındakı “protokollar” prosesində də Türkiyə tərəfi bu məqama diqqət çəkmişdi. Son dövrlərdə də Türkiyə rəsmilərinin verdikləri açıqlamalarda “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin hətta müəyyən bir hissəsini belə azad etdiyi təqdirdə” Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətində addımların atıla biləcəyi qeyd olunurdu. Amma bu çərçivədə hansı ərazilərin azad ediləcəyi, Ermənistan tərəfinin bunun qarşılığında nə əldə edəcəyi ciddi mübahisə mövzusudur. Ermənistan bunun qarşılığında Azərbaycanın keçmiş DQMV ilə onu Ermənistana birləşdirən Laçın və Kəlbəcərdən vaz keçməsini istəyir. Təbii ki, bunu da Azərbaycanın qəbul etməsi mümkün deyil.
Ümumilikdə həmsədrlərin səfərlərinin əsas məqsədinin isə daha çox prosesi nəzarətdə saxlamaq olduğu görünür. “Sülh prosesinin” bütün mərhələlərində dəyişməyən tək prinsip bu olmuşdur. Onlar bu məqsədlə gah bir, gah da digər tərəf üçün qəbul olunması çətin və çox vaxt da nə vasitəçilik missiyalarına, nə beynəlxalq hüquqa, nə tarixi faktlara, nə bölgəsəl reallıqlara uyğun olmayan təkliflər irəli sürürlər. Bu təkliflərin də əraziləri işğal edilmiş olsa da iqtisadi və hərbi qüdrətini artıran, bu səbəbdən də zamanın öz lehinə işlədiyini düşünün Azərbaycan ilə müharibənin birinci hissəsində Azərbaycan ərazilərini işğal edən və bölgəsəl hegemon hərbi gücə (Rusiyaya) arxalanan Ermənistanı ortaq məxrəcə gətirməsi çətindir.
http://gunaz.tv/?id=4&vmode=1&sID=2507&lang=1