Avropa

Putinin 3-cü prezidentliyi dövründə Rusiya xarici siyasətində gözlənilənlər

Pinterest LinkedIn Tumblr

2012-ci ildə Putinin 3-cü dəfə prezident kürsüsünə oturması Rusiya xarici siyasətinin  gələcəyinə dair gözləntilərin daha da aktuallıq qazanmasına səbəb oldu. Heç şübhəsiz 16-cı əsrdən etibarən  dünya siyasətinin mühüm aktyorlarından birinə çevrilən və xüsusilə  də soyuq müharibə dövründə ABŞ-la birlikdə iki süper gücdən biri olması rəsmi Moskvanın xarici siyasət kursuna bu marağı şərtləndirən mühüm tarixi səbəblərdən sayıla bilər. Rusiyanın  mövqeyi “tarixin ən böyük və ən sürətli geosiyasi geri çəkilməsi”nə uğradığı 1990-cı illərdə belə beynəlxalq siyasətin ən mühüm mövzuları arasında yer almışdır. 2000-ci illərdə isə ölkə  siyasətində gözlənilməz şəkildə ortaya çıxan Vladimir Putinin 8 illik (2000-2008) prezidentliyi və 4 illik (2008-2012) baş nazirliyi dövründə həyata keçirdiyi cox istiqamətli islahatlar Rusiyanın nəinki parçalanaraq SSRİ-nin taleyini yaşamasına mane oldu, həm də rəsmi Moskvanın qlobal siyasətdəki itirilən nüfüzünun bərpasına imkan verdi.  

Ümumilikdə “Putin  islahatlarının” əsas  strateji məqsədləri müasir beynəlxalq sistemdǝ güçlü vǝ böyük dövlǝt olmaq üçün lazımi iqdisadi, siyasi, hǝrbi vǝ ideloji transformasiyasını hǝyata keçirmǝk; vaxtından ǝvvǝl, yəni öz iqtisadi, siyasi, hǝrbi vǝ ideloji transformasiyasını hǝyata keçirmǝdǝn ABŞ-la birbaşa qarşı-qarşıya gǝlmǝmǝ taktikasına üstünlük vermǝk; ancaq o bir yandan bu müddǝt ǝrzindǝ ABŞ-ın beynǝlxalq sistemdǝ öz üstünlüğünü tam tǝmin etmǝsinǝ imkan vermǝmǝk vǝ bu mǝqsǝdlǝ çoxqütblü sistemin qurulmasınına tǝkan verǝn prosseslǝrin inkişafını sürǝtlǝndirmǝk şəklində xarakterizə edilə bilər. Putin hakimiyyətinin xarici siyasətdə ABŞ, NATO və Avropa ilə münasibətləri bu strategiya çərçivəsində Qərblə vaxtından əvvəl sərt rəqabətə girməmə niyətinin tətbiqi ikən, başda Çin, Hindistan olmaq üzrə Asiyalı güclərlə əməkdaşlığı və başta Yaxın Şərq olma üzrə müxtəlif regonlardakı fəallğı ABŞ-ın təkqütblü sistem qurmasına mane olma niyətini mühüm misalları kimi qiymətləndirilə bilər.

Bu baxımdan Rusiya tarixinə  sözün həqiqi mənasında damğa vuran Vladimir Putinin növbəti 6 il içərisində, xüsusən xarici siyasətdə nələrə əhəmiyyət verəcəyi  həm qlobal, həm regional miqyasda, həm də Azərbaycan baxımından mühüm əhəmiyyət daşımaqdadır. Putin üçüncü dövründə həyata keçirmək istədiyi xarici siyasətin ümumi konturları isə artıq bir neçə mənbədə ortaya qoyulmuştur. İlk olaraq, Putin yeni dövrdəki xarici siyasət anlayışını 27 fevral 2012-ci il tarixində “Moskovksiy Komsomolets” qəzetində nəşr olunan Rusiya və Dəyişən Dünya adlı  məqaləsində açıqlamışdır. Dünyada təhlükəsizliyin Rusiyasız təmin edilə bilməyəcəyini ifadə edən Putin Rus xarici siyasətinin məqsədinin ölkənin siyasi mövqeyi, tarixi rolu və inkişafına uyğun strateji hədəflər reallaşdırmaq olduğunu vurğulamışdır. Rusiya lideri  qlobal sistemdə beynəlxalq hüquqa əməl edilməsi zərurətini qeyd etmiş, ABŞ və NATO-nu bəzi hallarda buna zidd davranmaqda və sözdə insani məqsədlərlə dövlət suverenliklərini pozmaqda günahlandırmışdır. Bu vəziyyətə son vermək üçün BMT və onun Təhlükəsizlik Şurasının fəal rol almasını təklif edən Putin, məqaləsində ümumi mənada Ərəb Baharının müsbət olduğunu, ancaq  zaman keçdikcə bu prosesin Rus mənfəətlərinə zərər verdiyindən narahatçılığını vurqulamışdır. Suriya mövzusunda Çinlə əməkdaşlığa davam edəcəklərini ifadə edən Putin, Asiya-Pasifik bölgəsinin artan əhəmiyyəti və ortaq qlobal prioritetlər çərçivəsində Pekin və Yeni Delhi ilə əməkdaşlığı dərinləşdirəcəyi mesajını vermişdir. Xarici siyasətdə iqdisadi amilin rolunu xüsusi qeyd edən Putin, ABŞ-ın NATO-nun genişlətmək və raket əleyhinə müdafiə sistemi qurma cəhdlərinə Rusiyanın cavab verəcəyini, AB-nin güclü və sabitlik içində olmasını və xüsusilə enerji sahəsində bu aktyorla əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini vurğulamışdır. Xaricdəki soydaşlara dəstəyin güclənərək davam edəcəyinin vurğulandığı yazıda Rusiyada xaricdən maliyələşdirilən QHT-lərin siyasi sistemi dəyişməsində rol almalarına icazə verilməyəcəyi qeyd edilmişdir. Rusiya lideri, İranın nüvə proqramına malik olma haqqının qəbul edilməsini və bu problemin müzakirələr yoluyla həll edilməsini təklif etmiş, İsrail-Fələstin probleminin həllində fəal iştirak etmək istədiklərini, Şimali Koreyanın nüvə ölkə olmasını istəmədiklərini  və Əfqanıstan ilə beynəlxalq terrorizm mövzusunda da narahatçlığını  vurğulamışdır.

Yeni dövrdə Rusiya xarici siyasətinə dair ikinci mühüm mənbə prezident Putinin 7 maydakı and içmə mərasimindən sonra imzaladığı Rusiya Xarici İşlər Nazirliyinə ölkənin  yeni xarici siyasət  doktrinanın hazırlanmasına dair  fərmanıdır.  Fərmanda  artıq Rus xarici siyasətinin əsas strateji hədəfi halına gələn çox qütblü qlobal sistem` və BM-in sistemdəki mərkəzi yeri vurğuları xüsusi yer tutmaqda, həmçinin G-8, G-20, BRİK və Şanghay Əməkdaşlıq Təşkilatı da mühüm önəm verilən strukturlar kimi qeyd edilməkdədir.  Fərmanda ABŞ, AB və Asiya bölgəsinə dair Putinin yuxarıda qeyd etdiyimiz məqaləsindəki mövqeyi təkrarlanmış və MDB coğrafyasının öncəlikli yeri xüsusi olaraq qeyd edilmişdir.

Putinin üçüncü dəfəki prezidentliyi dövründə tətbiq edəcəyi xarici siyasətə dair bir digər iddia Rus mətbuatında gündəmə gəlib. Belə ki, Rusiyanın nüfuzlu qəzetlərindən “Komersant” 14 dekabr 2012-ci il tarixli sayısında Kremlin yeni xarici siyasət konsepsityasının konturlarına dair yazı yayımlayıb. Yazıda prezident Vladimir Putinin 7 maydakı qərarı ilə 2012-ci ilin sonuna qədər hazırlanması nəzərdə turulan yeni konsepsiyanın lahiyəsinin hazırlandığı iddia edilib və  bu sənədə  istinadən  Rusiyanın yeni dövrdəki xarici siyasət kursunun əsas istiqamətləri açıqlanıb.

“Kommersant” yeni konsepsiya lahiyəsində Putinin 2012-ci ilin fevralındakı “Rusiya və dəyişən dünya” məqaləsinin əsas tezislərinin daha da inkişaf etdirildiyini bildirib. Qəzetin iddiasına görə, doktrinada mövcud beynəlxalq sistemin “qeyri-sabit” və “öncədən təxmin ediləməyən” olduğu qeyd edilməkdə, bu vəziyyətin səbəbləri kimi qlobal iqdisadi böhran, Qərbin “Ərəb Baharı”nda olduğu kimi başqa ölkələrin daxili işlərinə qarışması, BMT-nin mövqeyinin sarsıdılması, sərhəd aşırı çağırış və təhdidlərinin güclənməsi və son olaraq da beynəlxalq münasibətlərin ideolojiləşməsi tendensiyasının güclənməsi vurğulanıb. Konsepsiya lahiyəsində bu çərçivədə Rusiya xarici siyasətinin əsas məqsədləri qlobal böhrandan çıxılmasına yardım etmək, ölkələrin daxili siyasətinə xarici müdaxiləyə mane olmaq və BMT-nin beynəlxalq sistemdəki alternativsizliyini təmin etmək şəklində  xarakterizə edilməkdədir. Konsepsiya bu məqsədləri həyata keçirmək üçün Rusiyanın “yumşaq gücünə” xüsusi önəm verilməsinin vacibliyini də vurğulamaqdadır.

“Kommersant”dakı yazının xüsusilə diqqəti cəlb edən məqamı Kremlin regional öncəlikləridir. Konsepsiya lahiyəsində Rusiya xarici siyasətinin  birinci öncəlikli bölgəsinin postsovet məkanı və bu bölgədəki inteqrasiya qurumları olduğu xüsusi qeyd edilməkdədir. Yazıda sonrakı öncəliklər kimi Avropa Birliyi, ABŞ, Çin və Hindistan kimi ölkələr göstərilməkdədir. Doktrin lahiyəsində Asiya bölgəsinə xüsusi önəm veriləcəyinin güclü işarələri var.

Ümimilikdə mənbələr önümüzdəki dövrdə Rusiya xarici siyasət kursunda nisbətən sərt  və qərarlı üslub məniməsələnəcəyinin işarələrini verməkdədir. Bu xarici siyasət konsepsiyası anlayışı eyni zamanda önümüzdəki dövrdə Kremlin xüsusilə  keçmiş sovet məkanındakı fəallıq və təzyiqlərinin artacağından xəbər verir.

Dr. Nazim Cəfərsoy