Hərbi-təhükəsizlik

Əhmədinejad Ləricanidən revanşı aldı

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı 

İranda növbəti prezident seçkisinə təxminən 4 ay qaldığı bir zamanda daxili siyasi gərginlik də artır. Uzun müddətdən bu yana mövcud olan ictimai-siyasi gərginliyə, getdikcə sərtləşən sanksiyaların da təsiri ilə iqtisadi, 2009-cu ildəki prezident seçkisi prosesinin də təsiri ilə siyasi gərginliklər əlavə olunub. İş o yerə çatıb ki, artıq mövcud siyasi sistemin əsas dayanağı və əsas bayramı olan 1979-cu il inqilabının ildönümü də bu gərginliyi azalda biməyib. Cəmiyyətlə mövcud rejim arasındakı gərginliklər bir yana qalsın, rejimin öz daxilindəki gərginliklər də 1979-cu il inqilabının bu ilki ildönümündə əsas gündəm mövzusuna çevrilib.

 

Fevralın əvvəlində parlamentin iclasında prezident Mahmud Əhmədinejadla parlamentin sədri Əli Ləricani arasında qarşıdurma baş vermişdi. Belə ki, İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əbdülrza Şeyxülislaminin  impiçment məsələsinin parlamentdəki müzakirəsi vaxtı Ləricani ikinci dəfə çıxış etmək istəyən Əhmədinejada söz verməyib, “gülə-gülə, buranı tərk edin!” deyərək Əhmədinejadı mədəni şəkildə parlamentdən qovmuşdu. Eyni iclasda Əhmədinejad ilk çıxışında bir videoyazını da parlamentdə nümayiş etdirərək Ləricani qardaşlarını korrupsiyada ittiham etmişdi. Buna cavab verən Ləricani isə Əhmədinejadı “mafiya üzvü kimi hərəkət etməkdə”, “qeyri-əxlaqi davranmaqda”, “dövlətə sui-qəsd etməkdə” günahlandırmışdı. 

 

Bu hadisədən dərhal sonra isə Əhmədinejad Misirə səfərə getməyə hazırlaşarkən onun komandasının əsas adamlarından biri, Sosial Təminat Qurumunun sədri vəzifəsini icra edən Murtazavi həbs olundu. Xatırladaq ki, Murtazavi 2009-cu ildəki prezident seçkilərindən sonra Kəhrizək həbsxanasında məhkumlara işgəncə verilməsində və 4 məhkumun ölməsində ittiham olunurdu. Onun prokurorluqdakı (İran məhkəmə sisteminə Əli Ləricaninin qardaşı Sadiq Amoli Ləricani rəhbərlik edir) vəzifəsindən azad olunduqdan sonra Əhmədinejad tərəfindən başqa bir vəzifəyə təyin olunması Ləricanilər tərəfindən etirazla qarşılanmışdı. Əhmədinejad Misirə gedərkən mətbuata verdiyi açıqlamada Murtazavinin həbsini qınamış və İranın ədliyyə sistemini “bir ailəyə işlədiyini” (söhbət Ləricani ailəsindən gedir) iddia etmişdi.

 

Əhmədinejad tərəfdarlarının Ləricaniyə cavabı birbaşa inqilabın ildönümü mərasimlərində verildi. Fevralın 10-da Qumdakı mərasimdə çıxış etmək istəyən parlamentin sədri Əli Ləricaniyə Əhmədinejadın şəkillərini və üzərində “Yaşasın bahar” sözləri yazılmış plakatları gəzdirən etirazçılar “Bizə bəsirətsiz sədr lazım deyil”, “Ləricani, bəsirət, bəsirət”, “Bəsirətsiz elita xalqımıza başıaşağılıq gətirir” və digər şüarları səsləndirərək Ləricaninin çıxışına mane oldular. Ləricani çıxışını davam etdirməyə çalışdığı üçün Əhmədinejadın tərəfdarları tribunaya yaxınlaşmağa cəhd göstərdilər və Ləricaninin üstünə ayaqqabı, daş, möhür, yumurta atdılar. Ləricani çıxışını dayandıraraq mühafizəçilərinin müşayiəti ilə səhnəni tərk etdi. Beləliklə, Əhmədinejad Ləricanidən parlamentdəki son hadisənin də revanşını almış oldu. Amma bu hadisə eyni zamanda “xüsusi sehirli əl” tərəfindən dayandırılmadığı təqdirdə daxili siyasi gərginliyin daha da artacağını göstərdi.

 

Araz Aslanlı