Amerika

Ukrayna böhranının gələcəyinə dair bəzi mülahizələr -1

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərsoy, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzi Sədr Müavini

 

Ukrayna böhranı və Rusiyanın Krımı işğalına dair diqqət mərkəzində olan bəzi suallara dair fikirlərimi oxucularla bölüşmək istəyirəm.

 

Bu sualları belə sıralamaq olar:

 

1. Ukrayna ilə Rusiya arasında “Krım müharibəsi” olacaqmı?

2. Qərb Rusiyaya qarşı mövqeyini nə qədər sərtləşdirə bilər?

3. Ukraynanın gələcək inzibati sistemi necə olacak?

4. Ukrayna NATO üzvü olacaqmı?

5. Kırmın taleyi necə olacaq?

6. Növbədə kim var?

7. Ukrayna böhranı və Krımdakı Rus işğalı Azərbaycan üçün nə ifadə edir?

 

Bu suallara bir neçə yazıda sırasıyla cavab verməyə çalışacağıq.

 

1. Ukrayna ilə Rusiya arasında “Krım müharibəsi” olacaqmı?

 

Burada nəzərə alınması ilk vacib məsələ problemin tərəflərinin belə bir müharibəyə baxışıdır. Ərazisi işgal edilən Ukraynada dövlət, siyasi, iqtisadi və hərbi baxımdan ciddi böhran içərisindədir. Bu şərtlərdə Rusiyadan bütün göstəricilər baxımından geri qalan Ukraynanın belə bir müharibəyə hazır olmadığından, müharibənin Krmı geri qaytaramayacağı kimi, Şərqi Ukraynanın itirilməsi ilə nəticələnməsi təhlükəsi də böyükdür. Üstəlik, sıravi Ukraynalını “öz slav qardaşı Rusa” qarşı müharibəyə səfərbər etmək kimi ciddi bir psikolojik əngəl də var.

 

Elə bu psixoloji amil Rusiyanın da Ukraynaya qarşı açıq bir müharibə başladan tərəf olmasına mane olmaqdadır. Ukrayna ilə açıq müharibə Rusiyanın Krımı əldə etmək üçün geniş istifadə etdiyi “Krım xalqının öz müqəddəratını təyin etmə” və “problemin əsas mənbəyinin Kiyevdəki faşistlər olduğu” kimi onsuz da beynəlxalq ictimaiyyət tərəfindən inadırıcılığı olmayan tezislərinə özü tərəfindən vurulan böyük bir zərbə olar. Bundan başqa belə bir müharibəyə başlamaq Rus imperyalizminə dair haqlı narahatçılıqları daha da gücləndirməklə yanaşı, iqtisadi baxıdan ölkədə ciddi problemlər təhlükəsi yaradar. Rusiyanın şərqi Ukraynaya dair bəzi hesablarının olması şübhə doğurmasa da, Kremlin bunun üçün oradaki daxili insan resurslardan faydalanması daha yüksək ehtimal sayılmalıdır. Bu strategiyanın artıq Xarkovda, Doneskdə və digər oxşar bölgələrdə tətbiq edilməyə başlandığının müəyyən əlamətləri aydın görünməkdədir.

 

Qərbin, Avropanın ortasında belə bir müharibəyə, yaradacağı siyasi, hərbi, iqtisadi və bəşəri risklər səbəbiylə razı olmayacağı, hətta Ukrayna bunu istəsə belə müharibədən çəkindirəcəyi təxmin edilə bilər. Siyasi baxımdan belə bir müharibə hələlik Ukrayna ilə Rusiya arasında mütləq mənada tərəf tutmayan Avropanın əsas güclərindən Almaniya, Fransa və İtaliyanın manevr imkanlarını məhdudlaşdıraraq daha kəskin mövqe müəyyənləşdirməyə məcbur edə bilər. Bu isə qeyd edilən ölkələr baxımından arzu edilən deyil.

 

Müharibə eyni zamanda enerji daşıyıcıların qiymətinin bahalaşması və Ukrayna üzərindən gələn Rus enerji resurslarının nəqlinin davam etməsi (vəya təhlükəsizliyi) baxımından çox ciddi təhlükə deməkdir. Bu isə İtaliya, İspaniya, Yunanistan və Cənubi Kiprdə yaşanan iqtisadi böhranın daha da güclənməsi ilə yanaşı, böhran prosesinə başda Almaniya və Fransa olmaq üzrə yeni üzvlərin əlavə olunması deməkdir. Müharibə iki dünya müharibəsinin darmadağın etdiyi və Bosniyadaki müharibni Amerika Birləşmiş Ştatlarının (ABŞ) yardımı ilə ancaq dayandıra bilən Avropa üçün şimal sərhəddində yeni təhlükəsizlik risklərin yaranması deməkdir.

 

Bu eyni zamanda NATO-nun Rusiyaya qarşı zəiflətdiyi təhlükə səviyyəsini yenidən yüksəltməsi deməkdir. Müharibə həm də milyonlarca Ukraynalının Avropaya köçməsi üçün qığılcım yaradarak Avropa İttifaqı üçün həlli çətin olan yeni insani problemlər deməkdir. ABŞ-ın da bu şərtlər altında müharibə ssenarsinə imkan verməyəcəyi aydındır.

 

Ancaq yenə də xüsusən də Ukrayna hakimiyyətinin, daxili ictimai rəyi nəzərə alaraq və müzakirələrdə daha güclü görünmək üçün hərbi güclərini hazır tutmağa çalışması və Rusiyanın da bənzər şəkildə davranması ilə zaman-zaman ordular arasında xırda münaqişələrin ola biləcəyi “idarə olunan gərginlik” mühitinin davam edəcəyini aydın göstərir.

 

Qısacası, şərtlər Rusiya ilə Ukrayna arasında Krım müharibəsinın olma ehtimalını ciddi şəkildə zəiflətməkdə, ancaq Azərbaycan-Ermənistan münasibətlərinə bənzər “idarə olunan hərbi gərginlik” ilə müşaiyət olunan diplomatik müzakirələrə söykənən münasibətlərin davam edəcəyini ortaya qoymaqdadır.

 

Ardı var…

 

Doç. Dr. Nazim Cəfərsoy