Aprelin 17-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Səfər çərçivəsində İstanbulda Lavrov və Türkiyəli həmkarı Əhməd Davudoğlu əvvəlcə təkbətək görüş keçirib, daha sonra isə Türkiyə-Rusiya Ortaq Strateji Planlama Qrupunun üçüncü iclasında iştirak ediblər. İki nazirin rəhbərliyi altında keçirilən bu iclasın əsas məqsədi bu ilin ikinci yarısında Türkiyədə keçirilməsi nəzərdə tutulan Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının 4-cü iclasına hazırlıqdır.
Səfərdən sonra iki ölkə nazirləri ortaq bəyanata imza atıblar və jürnalistlərin suallarına cavab veriblər. Həm bəyanat, həm də nazirlərin mətbuat konfransında verdikləri açıqlamalardan tərəflər arasında iki tərəfli və beynəlxalq gündəmin əsas mövzularının müzakirə edildiyi aydın olur. Tərəflər Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər, habelə siyasi dialoqun davam etdirilməsi, ticarət həcminin 100 milyard dollara çatdırılması, mədəni münasibətlərin güclədirilərək davam etdirilməsi barəsində iradələrini bir daha bəyan ediblər. Davudoğlu-Lavrov görüşündə Yaxın Şərq və Şimalı Afrika, Asiya-Sakit okeanı, Balkanlar, Cənubi Qafqaz, Orta Asya, Qara dəniz və İranın nüvə proqramı kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Lavrovun İstanbula səfəri son dövrlərdə iki ölkə arasındakı münasibətlərdə yaranan problemlərin həlli və münasibətlərin gələcəyi baxımından mühüm bir işarə sayıla bilər. Xatırladaq ki, iki ölkə arasında xüsusən Suriya məsələsinə yanaşmada ciddi fərqlər var və bu məsələ münasibətlərdə qarşılqılı ittihamlara və müəyyən qərginliklərə səbəb olub. Bundan əlavə Malatyaya radar sisteminin qurulması və Türkiyəyə Patriot raket sistemlərinin gətirilməsi də Kremlin müəyyən narazılıqlarına səbəb olmuşub.
Türkiyə üçün isə Rusiyanın MDB məkanında öz nüfüzünu getdikcə gücləndirmək məqsədilə yeni inteqrasiya modellərini tətbiq etməsi arzu edilən deyil. Bu baxımdan Türkiyə-Rusiya Ortaq Strateji Planlama Qrupunun növbəti icalsında aparılan müzakirələrdə və qəbul edilən bəyanatda hər iki tərəfin bir-birinə doğru addım atması, müəyyən məsələlərdə fərqli mövqeyə baxmayaraq əməkdaşlığın davam etdirilməsi mesajını verməsi maraqlıdır. Görünür məhz bu səbəbdən beynəlxalq əhəmiyyətli problemlərin, Suriya məsələsində olduğu kimi, ikitərəfli münasibətlərə də zərər verməsini önləmək üçün tərəflərin tez-tez bir araya gələrək mövqelərinə dair fikir mübadiləsi aparmaları qərarlaşdırılıb. Fikir mübadiləsi və müzakirə spektrinin ənənəvi mövzularla yanaşı, Asiya, Balkanlar, İranın nüvə proqramı kimi mövzuları da əhətə edəcək şəkildə genişlənməsi də mühüm bir məqam sayıla bilər.