Hatəm Cabbarlı, siyasi elmlər doktoru
Ermənistanda 18 fevral 2013-cü ildə keçirilən prezident seçkilərinin nəticələrinin müzakirəsi bitmədən, 5 may tarixində İrəvan meri seçkilərinin keçirilməsi daxili ictimai-siyasi mühiti bir az da gərginləşdirdi. Ermənistan Mərkəzi Seçki Komisiyasının (MSK) verdiyi məlumata görə, İrəvan merinin seçilməsi üçün səs vermə hüququna malik 816.478 seçicidən 437.212 (53.55%) nəfər bu hüququndan istifadə etmişdir. 15.250 bülleten hüquqi qüvvəyə malik olmamışdır. Bu məlumata görə:
-Ermənistan Respublika Partiyası 235 512 (55,86%);
-Çiçəklənən Ermənistan Partiyası 97 189 (23,05%);
-“Salam İrəvan” Bloku (Blokun özəyini Miras Partiyası təşkil edir) 35 732 (8,47%);
-Erməni Milli Konqresi Partiyası 18 499 (4,39%);
-Daşnaqsutyun Partiyası 15 999 (3,79%);
-Qanunlar Ölkəsi Partiyası 15 733 (3,73%);
-Arakelutyun Partiyası 2 592 (0,64%)
səs toplamışdır.
Beləliklə, hakim Ermənistan Respublika Partiyasının namizədi, İrəvanın əvvəlki meri Toron Marqaryan yenidən bu vəzifəyə seçilmiş və meriyanın 65 yerlik Ağsaqqallar Şurasında üç partiya-Ermənistan Respublika Partiyası, Çiçəklənən Ermənistan və “Salam İrəvan” Bloku təmsil olunmaq hüququ qazanmışdır. Qanunvericiliyə görə digər siyasi partiyalar 6%-lik səddi keçə bilmədikləri üçün Ağsaqqallar Şurasında təmsil olunmamışdır.
Seçkilərdən əvvəlki təbliğat kampaniyasında müxalifət partiyaları öz aralarında ittifaq qrumasalar da, hakim partiyanın seçki proqramını və fəaliyyətini ciddi tənqid etmişdilər. Müxalifət partiyaları bir-birilərinin seçki proqramlarını və fəaliyyətini isə tənqid etməmişdir.
Təbliğat və təşviqat mərhələsində hakim partiya da daxil olmaqla bütün partiyaların seçkilərdə İrəvan şəhərinin sosial və kommunal problemlərindən daha çox, daxili siyasi problemləri önə çıxardığı müşahidə edilmişdir. Bu da Ermənistanda meriya institutunun hələ də formalaşmadığını göstərir. Müstəqil ekspetlər isə İrəvan şəhərinin sosial və kommunal problemlərinin ciddiyətini vurğulayırdılar. Məsələn, qanunsuz tikililər, yaşıllıq sahələrinin yox olması, içməli su təminatı ilə bağlı problem, təmizlik işlərinin yarıtmaz olması, şəhər memarlığının pozulması və bu kimi digər problemlər hələ də həll edilməmişdir.
Müxalifət partiyalarından Çiçəklənən Ermənistan partiyası, “Salam İrəvan” Bloku, Erməni Milli Konqresi Partiyası və Daşnaqsutyun Partiyası seçkiləri qazanacaqları haqda təntənəli bəyanatlar versələr də, hakim partiya ənənəvi olaraq bu vəzifəni əlində saxlaya bilmişdir.
Seçkiləri dəyərləndirən hakim partiya nümayəndələri “bəzi KİV-lərin, aktivistlərin və müxalifət siyasi partiyaların dezinformasiyalarına, təxribatlarına baxmayaraq seçkilərin gözlənildiyindən daha yaxşı baş tutduğunu” iddia etmişdir.
Seçkiklərdən sonra Erməni Milli Konqresi Partiyasının nümayəndəsi Aram Manukyan seçkilərin nəticələrinə etiraz edərək, mer seçkilərində iki ay əvvəl keçirilən prezident seçkilərindən daha çox İrəvanlının iştirak etdiyini, bunun ənənəvi vəziyyətlə əsla uyğun olmadığını bildirmiş və bu vəziyyəti “nonsens” olaraq dəyərləndirmişdir. Manukyan seçkilərdə ciddi qanun pozuntuları olduğunu, başqalarının yerinə səs verildiyini, “seçki karuseli”nin həyata keçirildiyini partiya olaraq təsbit etdiklərini bildirmişdir.
“Salam İrəvan” Bloku nümayəndəsi Ovsep Xurşudyan seçkilərin olduqca pis şəraitdə keçdiyini, ciddi qanun pozuntularının müşahidə edildiyini, “seçki karuseli”nin müşahidə edildiyini bildirərək seçki nəticələrinə etiraz etmişdir.
Çiçəklənən Ermənistan Partiyasının lideri oliqarx Qaqik Çarukyanın seçki öncəsindəki çıxışı zamanı “Çiçəklənən Ermənistan Partiyasından seçiləcək mer rüşvət almayacaqdır” şüarını səsləndirməsi Ermənistanda vəziyyətin necə olduğunu konkret şəkildə göstərmişdir. Çiçəklənən Ermənistan Partiyası seçkilərin nəticələrini dəyərləndirirkən seçki mexanizminin köklü islahatlara ehtiyacı olduğunu, seçkilərdə KİV-lərin, beynəlxalq və yerli müşahidəçilərin qanun pozuntularına şahid oluqlarını, bu qanunsuzluqların protokollaşdırılmasına baxmayaraq Mərkəzi Seçki Komisiyasının bu faktları nəzərə almadığını vurğulamışdır.
Seçkilərdən bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı Səfiri Con Heffern tvitter səhifəsində “bu gün səs verin, öz seçdiyiniz namizədlərə səs verin” deyə yazaraq seçiciləri aktiv olmağa dəvət etmişdir. Beynəlxalq ictimayiyyət və müşahidəçilər müxalifət partiyalarının təsbit etdikləri görüntülü (video çəkiliş və foto) saxtakarlıq faktlarını nəzərə almayaraq, seçkilərin normal baş tutduğunu və irəliyə doğru atılmış addım olaraq dəyərləndirdiklərini qeyd etmişdir.
Seçki təbliğat və təşviqat mərhələsində hakim partiya və müxalifət partiyaların proqramlarında geniş əks olunmasa da, müstəqil ekspertlər İrəvan meri seçkilərinin Ermənistanın daxili ictimai-siyasi həyatında mühüm yer tutduğunu, seçkiləri müxalifətin namizədinin qazanacağı təqdirdə hökumət üçün ciddi problemlər yaranacağını qeyd edirdilər.
Seçkilərdən qələbə ilə çıxan çıxan hakim Ermənistan Respublika Partiyası daxili ictimai-siyasi həyatda mövqelərini daha da gücləndirmək fürsətini əldə etmişdir. Ancaq hakim partiyanın İrəvan şəhərinin sosial, komunal problemlərinin həll etməyə maliyyə və fiziki potensialı zəifdir.